Akademik Tədqiqat və MəqalələrMəqalələr

Ömər Faiqin “Molla Nəsrəddin” Dünyası. 2-ci Hissə.

By April 9, 2020 No Comments

Professor Şamil Qurbanovun kitabı əsasında “Ömər Faiq Nemanzadə”, Baki, Gençlik 1992

“Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” və “Erməni və müsəlman övrətləri” felyetonlarının müəlliflik problemi. Ömər Faiqin yaradıcılığında qadın azadlığı mövzusu. Sabirin lirik qəhrəmanı Ömər Faiq.

Mollanəsrəddinçilər içərisində gələcəyə böyük ümidlərlə, nikbin nəzərlərlə baxanlardan biri Ömər Faiq idi. Təsadüfi deyildir ki, o, həm “Molla Nəsrəddin”də, həm də bütün başqa dövri mətbuatda ən çox “Ümidvar” imzası ilə çıxış etmiş, ümidlərinin həyata keçəcəyinə inanmışdır. Bu inamla da o, dövri mətbuatda otuz ildən çox qələm çalmış,Müsəlman aləmində, xüsusən Qafqaz türkləri içərisində gördüyü ictimai bəlalara, zülm və istibdada, mürtəce dini və milli adət və ənənələrə qarşı mübarizə aparmış, həyatını təhklükə qarşısında qoysa da mübarizəsindən dönməmişdir.

Ömər Faiqin qələmindən çıxan yazıların diqqəti cəlb etməyəni, yazmaq xətrinə yazılanı, yaxud müasirlərinin bəzisi kimi “çəridə doldurmaq üçün” qələmə alınanı  demək olar ki, yoxdur. Bu yazılıarın hamısı vacib, hamısı lazımlı, mübariz ruhlu materiallardır. Onların içərisində problem xarakterli yazılar, köhnəliyini və fanatizmini “zənbur evinə  çöp uzadan” milli dirçəlişdə  dönüş  nöqtəsi hesab olunan, geniş diksusiyaya çevrilən yazılar daha çoxdur. Təəssüf ki, nə müəllifin öz sağlığında, nə də öləndən sonra onlar sistemləşdirilməmiş və əsil sahibi müəyyənləşdirilməmişdir. Hamısı ümumiyyətlə molla nəsrəddinçilərə məxsus hesab edilmişdir ki, bu da müəyyən anlaşılmazlığa və haqsızlığa gətirib çıxarmışdır. Tale elə gətirmişdir ki, onun yazılarına bələd olan müasirlərinin sağlığlında da Ömər Faiqin əsərləri nə toplanmış, nə də çap olunmuşdur. Sovet hakimiyyəti illərində onun özünün əlində böyük imkan və ixtiyar olsa da, buna əhəmiyyət verməmişdir. Ədalət indi tələb edir ki, hər kəsin haqqını müəyyənləşdirib özünə qaytarasan.

İndi tam inamla demək olar ki, jurnalın 1907-ci ildə, ən çox tüğyan etdiyi dövrdə çap olunmuş “Zarafat”, “Erməni və müsəlman övrətləri” “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” və s. kimi çox əhəmiyyətli və XX əsrin əvvəllərində geniş ictimai rəy yaratmış və milli oyanışda böyük rol oynamış yazılar Ömər Faiqindir. Bunun sübutu üçün dəlilllər axtarmağa, güman etməyə, baş sındırmağa ehtiyac yoxdur. Əvvəla, yazılarım ruhu, publisistik manerası, dili və üslubu əsl sahibini özü çağırır. Ikincisi, molla nəsrəddinşünaslar nəzərə almalıdılar ki, jurnalın birinci nömrəsində cəmi iki imza vardır: “Molla Nəsrəddin” və “Lağlağı”. Əgər jurnalı da ilk günlər cəmi ikicə nəfər hazırlayıb çıxarırdısa, deməli, imzalardan biri Cəlil Məmmədquluzadənin, biri də Nemanzadənin olmalıdır. Bu başqa cür də mümkün deyil, hər şeydən əvvəl ona görə ki, “Molla Nəsrəddin”ə qədər publisistik yaradıcılıqda Ömər Faiq daha çox “stajlıı” və daha çox məhsuldar idi. O, jurnala kamil, yetişmiş, nüfuzlu və cəsarətli bir publisist kimi gəlmişdir. Daha doğrusu, jurnal belə bir kamil jurnalistin varlığı ilə meydana çıxmışdır. 1903-1904 –cü illərdə “Şərqi-Rus”un əməkdaşlarından heç biri qəzeti Ömər Faiq qədər geniş və açıq mübarizə meydanına çevirməmişdir. Qəzetdə onun qədər məhsuldar və tutarlı çıxış edən də yox idi. Bunu aydın təsəvvür etmək üçün qəzetdə Ömər Faiqin açıq imza ilə dərc olunmuş məqalələrini ancaq sərlövhələrinə nəzər salmaq kifayətdir. “Dərdimiz və dərmanımız”, “Dilimiz və imlamız”, “Dünya möminlər üçün zindandır”, “Nə üçün haqqımızı istəmiriz”, “Günah kimdə?”, “Biz də vaxta görə çalışaq”, “Qəbirdən xortlayan adam”, “Mədəniyyətmi, səfahətmi?” və s və i.a. Özü də bu materialların hər biri iri formatda çıxan qəzetin az qala bir səhifəsini tuturdu. Məsələlərin qoyuluşuna, deyiliş tərzinə gəldikdə isə demək lazımdır ki, onların hamısı çox böyük cəsarət və hünər sahibinin qələm məhsulları olub milli dərdlərdən açıq və kəskin danışmağın ilk numunələri idi. Sonuncu məqalədə o, belə bir misal gətirərək deyirdi:

“Dinəndə yandım dilim, dinməyəndə dil yandl,

Nə dərdi gizlədə bildim, nə aşikar eylədim.”

Deməklə iş aşmaz. Biz elm və mərifət təhsili ilə hüsn-əxlaq sahibi olacağımız yerə fəsad və əxlaqsızlığa bais olub öz qəbrimizi öz əlimizlə qazırıq.”

Bir neçə il sonra bu fikrə onu da əlavə edirdi ki, “ehtiyacı qanmamaq öz-özünü öldürməkdir. Ehtiyacı qanıb da danışmamaq ən böyük xəyanətdir. (Açıq Söz, 15 dekabr, 1915)

Məsələ burasındadır ki, Ömər Faiq bütün yaradıcılığı boyu, bütün şüurlu həyatı ərzində heç vaxt belə xəyanətə yol verməmişdir. Müasirləri onun ötkün qələminə, cəsarətinə bələd idilər. 1916-cı il yanvarın 20-də “İqbal” qəzetində dərc olunmuş “Ömər Faiq Əfəndi” adlı kiçik bir yazıda deyilirdi: “Oxucularımız Ömər Faiq Əfəndi Nemanzadə cənablarının kim olduğunu bilirlər. Faiq Əfəndi ….daha əvvəl “Şərqi-Rus”da nəşr elədiyi ötkün məqalələri ilə təməyyüz etmiş dəyərli mühərrirlərimizdən və hərarətli camaat xadimlərimizdəndir. O, daha böyük şöhrəti, daha dəyərli və faydalı xidməti məşhur “Molla Nəsrəddin” məcmuəsi zamanında keçmişdir.” Müasirləri onu da qeyd edirlər ki, 1906-1907 – ci illərdə o, inqilabi ideyalar uğrunda özünü böyük təhlükələrə atırdı. (“Qruziya” qəzeti, 16 mart, 1919).

Sabirin lirik qəhrəmanı Ömər Faiq

Bura onu da əlavə etsək ki, böyük Sabirimizin şerləri ilə (bir neçə şer) o, poeziyamızda lirik qəhrəmana da çevrilmişdir, onda Ömər Faiqin adicə publisist yox, əfsanəvi bir şəxsiyyət olduğunu sübut etməyə ehtiyac qalmaz. Şübhəsiz ki, belə əfsanəvi cəsarətə və hazırlığa malik olan Ömər Faiq kimi bir adam “Molla Nəsrəddin”in ilk nömrəsinin  hazırlanmasında və sonrakı fəaliyyətində təkcə makina çarxını hərləməklə məhdudlaşmazdı.

Cəlil Məmmədquluzadənin xatirələrinin “Jurnalı necə çıxartdıq?” hissəsini 1936-cı ildə “İnqilab və mədəniyyət” jurnalında oxuyan Ömər Faiq jurnalın birinci nömrəsindən söhbət gedən, xüsusən “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” fikri şərh olunan yerdə öz xətti ilə yazmışdır: “mənim öz məqaləmdir.” (Bax: Azərbaycan EA əlyazmalar institutu, Arx 2, siyahı 1, sax, vah 18.). Bu etirafın üstündən sükutla keçmək və özünü görməzliyə qoymaq tədqiqatçı üçün tarixi həqiqəti təhrif etmək deməkdir.

Jurnalın birinci nömrəsində iki gizli imza ilə üç material getmişdir: “Tiflis 7 aprel”, “Dəllək” və “Lisan bəlası”. Qalanları teleqramlar, atalar sözü, bilməli xəbərlər və karikaturalardır. İmzalı yazıların üçü də Cəlil Məmmədquluzadənin əsərlərinə salınmışdır. O birilər də nəzəri və tarixi ədəbiyyatda onun adı ilə şərh olunur, ilk haqsızlıq buradan başlayır. Bizcə, Cəlil Məmmədquluzadənin bu cür “qayğıya” ehtiyacı yoxdur. Ömər Faiq üçün isə haqsızlıqlıqdır. Bu haqsızlıq sonrakı nömrələrdə dərc olunan materiallara da aiddir.

Onu da demək lazımdır ki, sonralar jurnal əsl fəaliyyət axarına düşəndə imzalar da, yazı-üslub müxtəlifliyi də çoxalmış, amma ilk imza axıra qədər saxlanmışdır. Onların ikisindən də məslək dostlarının hər ikisi (Ən çox Ömər Faiq) istifadə etmişdir. Belə bir etirafı da nəzərdən qaçırmaq olmaz ki, jurnala və mollanəsrəddinçilərə yaxın olan R.Nəcəfov 1936-cı il xatirələrində göstərirdi ki, “Ömər Faiq 1911-ci ilə kimi “Lağlağı”, “Mozalan” və “Heyran” imzaları ilə çap olunurdu. 13, 14 və 15-ci ildə “Lağlağı” imzası ilə gedən məqalələr bu sətirləri yazanındır. (“Inqilab və mədəniyyət, 1936, No 4-5)

Ömər Faiq kimi ciddi və diqqətli adam bu cümlələrin ancaq 1911-in üstündən xətt çəkib kəbara çıxartmış və 1912 rəqəmini yazmışdır. İmzalara toxunulmamışdır. Deməli, o, R.Nəcəfovun həmin fikri ilə razılaşmışdır.

Bu məqamda belə bir maraqlı faktı qeyd etmək yerinə düşərdi.  Ömər Faiq xatirələrində yazır ki, ““Molla Nəsrəddin”də “Dərdimənd” imzaları ilə (1907, No 19, 20, 23) “Zövci-axər” və “Hicab məsələsi” başlıqları ilə məqalələr yazıb qadın azadlığını iddia və tələb etdiyimdən ötrü Tiflisin axundları və ağsaqqal köhnəpərəstləri məni 1907-ci ildə iyun ayında ağzına qədər dolu olan Şah Abbas məscidində şəri məhkəməyə çağırıb elmi istintaq ilə məhkum etmək istədilər”.

Belə bir əhvalat həqiqətən olmuş və Ömər Faiq həmin “şəri məhkəmə”də fanatikləri ifşa edib camaatı öz fikrinin həqiqiliyinə inandıra bilmişdir. Lakin məscid hadisəsi iyun ayında yox, mayın 23-də, yənin materialın çapından 4 gün sonra baş vermişdir. Jurnalın arxivini vərəqləyəndə aydın olur ki, məqalələrdən ancaq birincisi, yəni zövci-axər məsələsindən bəhs edən “Xortdana məktub” felyetonu “Dərdimənd” imzası ilə, qalan “Hicəb məsələsi və cavabımız”, “Bir neçə günlüyə” (zövci axər məsələsi) və s. yazılar “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur. Deməli, Ömər Faiqin müxtəlif imzaları içərisində “Molla Nəsrəddin” də vardır və olmaya da bilməzdi.

Jurnal ilk 6 ildə onun geniş fəaliyyət meydanına çevrilmişdir. Bu illərdə Ömər Faiqin qələmi kəskinləşmiş, həvəsi artmış, bütün bu və hər cür geriliyə, cahilliyə, milli qapalılığa, mənfi adət və ənənələrə qarşı atəş açmağa başlamışdır. “Molla Nəsrdəddin”ə qədər onun müxtəlif mətbuat orqanlarındakı on illik zəngin publisistik fəaliyyəti, Şəkidə və Şamaxıda əldə etdiyi müəlliflik təcrübəsi buna geniş imkan verirdi. Doğudur, jurnala qədər o, çap üçün başqalarından asılı idi, buna görə də çox sıxıntılar, məhdudiyyətlər görmüş, acılar dadmışdır. Azad, sərbəst, özünəməxsus mətbuat orqanını necə böyük bir ehtirasla arzuladığını, “Molla Nəsrəddin”in ilk addımlarından nə qədər sevindiyini, onun üzərində necə əsdiyini xatirəlrədən və başqa mənbələrdən hiss etmək çətin deyildir. “Hələ arzularımın mində birini yazmamışdım” deyən Ömər Faiq böyük həvəslə işə girişmiş və onun bu arzularının çoxu “Molla Nəsrəddin” səhifələrində müxtəlif formalarda, karikatura və felyetonlarda öz əksini tapa bilmişdir.

 Jurnal lap ilk nömrələrindən məhz Ömər Faiqin sayəsində elə bir milli oyanış yarada bilmişdir ki, onun səsinin həqiqiliyinə, açdığı yolun əbədilyinə heç kəsdə şübhə yeri qalmamışdır. Bunu Ömər Faiq də hiss edir və sevinirdi. 1907-ci ildə jurnal qaragüruhçuların və şeyxülislamın bilavasitə göstərişi ilə bağlandıqda Ömər Faiq millətin kökünə endirilən və “sapı bizdən olan baltaları”, “maarif ağacımızı içindən yeyən öz qurdlarımızı” kəskin şəkildə ifşa edir və onu da böyük ümidlə bildirirdi ki, “Bu az maarifimizlə də olsa, içimizdə bir çox molla nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar…Molla Nəsrəddinin meydana gətirən fikirlər bağlanmayacaq. (“İrşad” 13 iyun, 1907)

Bu kəskin iradd da nikbin əhval-ruhiyyə də jurnalın “sahibi-ixtiyarından” birinin cidi işi haqqında çox şey deyir. Buna görə də əgər biz jurnalı iki nəfərin hazırlayıb ərsəfə gətirdiyini və o iki nəfərdən birinin Ömər Faiq olduğunu etiraf etdikcə, onu da etiraf etməliyik ki, jurnalın əsas materiallarını yazanlardan biri də məhz Ömər Faiq idi. Çox təəssüf ki, məlum səbəblər üzündən indiyə qədər Ömər Faiqin başqa fəaliyyət sahələri kimi, “Molla Nəsrəddin”dəki işi də kölgədə qalmışdır. Onun felyetonlarının çoxu və “xidmətlərinin bir qismi dostu Cəlil Məmmədquluzadənin adına yazılmışdır.” (Ə.Mirəhmədov).

Yuxarıda haqqında danışılan və bizi daha çox maraqlandıran “Erməni və müsəlman övrətləri” və Qafqaz Şeyxülislamına iki dənə məktub” felyetonu da bu qəbildəndir. Bunların hər ikisi mühüm tarixi əhəmiyyətə malikdir və hər ikisi C.Məmmədquluzadənin çap olunmuş bütün əsərlərinə salınmış, onun adına yazılmışdır. Lakin hər iki felyetonun müəllifi Ömər Faiqdir.

Biz yuxarıda dedik ki, bunların Ömər Faiqə aid olduğunu sübut üçün dəlil gətirməyə ehtiyac yoxdur. Amma bu sahədə indiyə qədər bizim ədəbi ictimaiyyətin fkri sabitləşdiyindən həmin fikrin əksini sübut etmək üçün dəlilsiz keçinmək mümkün olmayacaqdır. Burada bir qədər tarixi təfsilata lüzum vardır. Bu təfsilatın şərhi və onunla bağlı hadisələrin izahı felyetonların əsl müəllifini aydınlaşdıracaqdır.

Əvvəlcə onu da demək lazımdır ki, hər iki yazı qadın azadlığını, qadınların maariflənməsi haqqındadır. Bu məsələ Mirzə Cəlildə də, Ömər Faiqdə də mühüm əhəmiyyət kəsb edir. “Molla Nəsrəddin”də isə qırmızı bir xətt kimi keçir. (1910-cu ildən etibarən jurnalın hər nömrəsinin titul səhifəsində çox məharətlə çəkilmiş mənalı bir lövhəyə – köhnəpərəst kişi tərəfindən döyülən azad qadın şəklinə baxmaq kifayətdir).

Qadın azadlığı məsələsi XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın bütün mütərəqqi qüvvələrinin məşğul olduğu əsas problem, fəaliyyətlərinin çıxış nöqtəsi idi.

Bu Azərbaycan mühiti üçün daha xarakterik olduğundan bizim ziyalılar da ona bu baxımdan yanaşırdılar.

Cəlil Məmmədquluzadə hələ 1924-cü ildə “Köhnə dərdim” adlı məqaləsində etiraf edirdi ki, “bütün ömrümdə vurduğum qələmin çox hissəsi şərq qadın məsələsi üstündə vurulub.” Ömər Faiq isə xatirələrində yazır: “Qadın hüquqsuzluğunu ictimai nöqsanlarımızın ən böyüyü hesab edərək istər “Şərqi-Rus” istərsə də bundan üç il sonra nəşr edilən “Molla Nəsrəddin”də bu barədə uzun-uzadı bəhs etməyi bir vəzifə bildim.”

Şübhəsiz ki, əməl dostlarının hər ikisi bu məsələdə haqlı idi və bu barədə “Molla Nəsrəddin”nə çap olunubsa, onda ikisinin eyni dərəcədə haqqı vardır. Bəs nə üçün biz yuxarıda adı çəkilən felyetonların hər ikisini Ömər Faiqə aid edirik?

Bunun səbəbləri və sübutları çoxdur. Əvvəla, onu nəzərə almaq lazımdır ki, Ömər Faiqin publisistikasında qaldırılan ictimai-siyasi və milli problemlər daha çox idi. Amma o da ən mühüm vəzifəni qadın azadlığı uğrunda apardığı mübarizədə görürdü. Çünki o, bu məsələnin içərisində idi və hər addımda onun dəhşətli mənzərəsi ilə rastlaşırdı. O, hələ keçən əsrin axırlarında Şəkidəki müəllimlik dövrünü xatırlayaraq yazırdı: “…burada da qadının hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər…Bunlar üçün nə bir məktəb, nə də bir cəmiyyət vardı. Qadınların həyatları ancaq yüksək divarlarla çevrələnmiş həyətlər içərisində keçirdi. Meydançalarda, bağlarda, küçələrdə, hətta məscidlərdə də belə görünməzlərdi. Şirin bir söz olmaq üzrə “Cənnət qadınların ayaqları altındadır” buyuran şəriətmədar, döyülüb söyüldüyündən ötrü ərindən boşanmaq istəyən qadına şəri ruxsət verməklə onu və cənnətini ərinin ayaqlarının altına, cəhənnəmin dibinə buraxdığını ya öküzlüyündən heç anlamırdı və ya bilə-bilə ikiüzlülük, şeytanlıq edirdi. Bu halda hansı cənnət qadınların ayaqları altındadır, bilmirəm.”

Bu mənzərəni gözləri ilə görən və onun dəhşətini hiss edən Ömər Faiq onu da bildirirdi ki, qadına olan vəhşi münasibətə qadınların özləri də “uşaqcasına alışmış, onları bir din əmri, bir ənənə, bir adət, bir üsul sanmış” bir növ talelərinə boyun əymişlər, buna görə müəllifin fikrincə, onların birdən-birə dəyişdirilməsi, aradan çıxarılması çətin məsələdir, amma aradan çıxarılmalıdır. Necə? Bunu Ömər Faiq hələ o zaman belə başa düşürdü: “Qadınlar onlara qarşı edilən zülmləri,onların başına gətirilən bəlaları dini bir məqəddamat (qəzavü-qədər, alın yazısı) hesab etdikcə çəkdikləri əzab-əziyyətlərdən heç vaxt qurtula bilməzlər. Və bu qurtuluşu da özgələrdən – kişilərdən yox, ancaq özlərindən gözləməlidilər. Bu da ancaq ictimai bir inqilab və ümumi maarif sayəsində ola bilər.”

Ömər Faiq fikrini davam edir: “Təkrar edirəm ki, qadınlar əl ayaqlarını bağlayıb özlərini satqın bir mal və mətah mənziləsinə endirən bu kimi hökmləri, din və mövhumat zəncirlərini qırıb xilas olmalarını özgələrdən yox, yalnız özlərindən gözləməlidirlər. Öz insani haqlarını özləri düşünməzlərsə, onları əldə etməyə çalışmazlarsa, hətta vuruşmazlarsa, özlərinin köməyinə o qədər də bel bağlamamalıdırlar. Cansız bir cismin hərəkəti üçün xaricdən bir qüvvət lazım olduğu kimi, canlı bir cismin – bir kütlənin hərəkəti üçün də daxili qüvvətə ehtiyac vardır. Yən bir kütlənin köhnədən bəri kökləşib qalan yaramaz alətləri, ənənələri, ruhani, siyasi istibdad zəncirlərini qırmaq, öz müqəddəratlarını ələ almaq üçün öz daxili qüvvəsini sərf etməlidir. Bu, bütün millətlər, kütlələr, insanlar üçün birdir. İstər firəng, istər həbəş, istər kişi, istər qadın olsun.”

O belə bir qəti fikirdə idi ki, “qadınlar öz boyunlarına vurulan hər cür haqsızlıqları öz hərəkətləri ilə – öz elm və mübarizələri ilə dağıtmağa çalışmazlarsa, çəkdikləri zülm və haqsızlıqlardan heç vaxt qurtula bilməyəcəklər. Ancaq mən köhnədən bəri istərdim ki, bu hərəkət bir az tez, bir az sıçrayışlı olsun. Buna görə də “Molla Nəsrəddin”də çəkdiyim zəhmətlərin böyük bir hissəsini (kursiv bizimdir – Ş.Q) bu xüsusa sərf etdim.”

“Zəhmətlərin böyük hissəsi” yuxarıda adları çəkilən məqalə və felyetonlara, birinci növbədə müsəlman dünyasında ciddi iğtişaş oyadan “Erməni və müsəlman övrətləri” felyetonunda da hiss olunur. Burada Azərbaycan mühitində ilk dəfə olaraq belə bir mühüm məsələyə toxunmuşdur: şəriət müsəlman qadınına çadrasız gəzməyə və təhsil almağa icazə verirmi? Felyetonda deyilir: “Üz açmaq xilafi-şəriət deyil. Çünki Quranda biz üz açmağı qadağan və haram edən bir ayə və işarə görmürük.”

“Qayırma hədislərlə bizim işimiz yoxdur” deyən müəllif dini mənbələrə əsaslanaraq sübut edirdi ki, “Nə Quranda, nə də dini mənbələrin heç birində göstərilmir ki, qadınların üzü açıq gəzmələrinə şəriət icazə vermir”.  Müəllif sübut etməyə çalışırdı ki, qadınları qapamaq, üzünü açmağa imkan verməmək onun ləyaqətini alçaldır, mənliyini tapdalayır. Ən vacibi isə onu insani hüquqlardan məhrum edir və ictimai fəaliyyətindən yayındırır.

Müəllif qabaqcadan bilirdi ki, bu məsələ üstündə ona ciddi hücumlar ediləcək, üstünə çirkab atılacaq. Hətta o, müsəlman qadınlarını pozğunluğa çəkməkdə ittiham olunacağını da təsəvvürünə gətirirdi. Buna görə də gələcək hücumu dəf etmək üçün açıqca yazırdı. “Özgələr ilə işim yoxdur, qonşularımız erməni övrətləri gözlərimizin qabağındadır. Bunlar üzüaçıq, dolanırlar. Heç bir insan əhli deyə bilməz ki, erməni övrətləri özgə kişilər ilə aşinalıq qatırlar.”

Müəllifin fikrincə, “Yer üzündə” bəni-noi-bəşər bir cür yaranıb. İnsan dünyaya gələndən sonra başlayır tərbiyə tapmağa və nə cür tərbiyə tapır, axırda elə də olur. Hər millətin içində pis övrətlər var, həmçinin müsəlman içində. Müsəlman içinə tapılan fahişə övrətlər dörd divar içində çarşab altında böyüyüblər”.

Deməli, əsrlərlə hökm sürüb gələn və ənənə halına çevrilən çarşab, hicab məsələsi namus qoruyucusu deyildir, qadın üçün həbsxanadır. M.F.Axundovun təbirincə desək, hicab ayəsi ilə “peyğəmbər bəşəriyyətin yarısını təşkil edən qadın tayfasını əsrlər uzunu davam edən ədəbi məhbəsə atmış oldu.”

Bundan təxminən yarım əsr sonra Ömər Faiq yazırdı : “Övrətlərimizin nədir günahı ki… biçarələri qatmışıq dustaqxanalara və onları özümüzə qul, kəniz, aşnaz, fəhlə və oyun-oyuncaq eləmişik?”

Ömər Faiq başqa bir məqaləsində göstərirdi ki, “Qadınlar bir millətin ayinəsi isə, kişilər də o ayinəni vücuda gətirən ustalardır. Ustalar ayinələrə nə çeşid obkinə vurub meydana gətirirlərsə, ayinələr də o çeşi göstərirlər. (“Açıq söz”, 11 may 1916). Daha sonra qaına olan vəhşi münasibəti qeyd edərkən kişilərə üz tutub deyirdi: “Biz özümüz nəyik və hansı bağların çiçəyiyik? Biz övrətlərimizi dama qatırıq, amma özümüz mütrüb məclisinə keçib mütrübləri qucaqlayırıq?

“Erməni və müsəlman övlərtləri”nin əsas mahiyyəti bu idi və müəllif belə biabırçı vəziyyətdən hələlik yeganə çıxış yolunu qadınların maariflənddirilməsində görürdü. Bununla da o, ümüdvar olduğunu bildirirdi ki, qadınlar bu yolla gələcəkdə öz talelerini özləri həll edə bilərlər.

Yuxarıda deyildiyi kimi, bu məqalələr o zaman bütün müsəlman aləmində ciddi narahatlıq doğurdu. Jurnala hər tərəfdən hücumlar başladı, lənət və föhş yağdırıldı və bu, uzun müddət davam etdi. Qadın azadlığı məsələsinin tərəfdarları da, əleyharları da çoxaldı. Onlar düşmən cəbhələrə bölünüb məsələni az qala ölüm-dirim səviyyəsinə qaldırdılar. Elə bir vəziyyət yaranmışdır ki, bu məsələdən söhbət düşəndə tərəflərdən heç kəs soyuqqanlılıqla danışa bilmirdi. Xüsusən mühafizəkar qüvvələr bütün oldu və soyuq silahlarını işə salır, bu məsələni qaldıran və müdafiə edənlərə atəş yağdırdılar. S.Ağamalıoğlu yazırdı ki, “bizdə qadının vəziyyəti haqqında söhbət gedəndə ortodoksalistlər epileptiklər kimi özlərindən çıxır, az qala qıc olmaq vəziyyətinə gəlirlər; elə bil bu saat onların ən çox sevdikləri çadranı ləğv etmək haqqında fərman veriləcəkdir. (“Zakafkazye” qəzeti, 10 fevral 1912).

E.Sultanov isə mühafizəkar din xadimlərinin daha bir inadkarlığından bəhs edərək onların dediyi aşağıdakı sözləri xatırlayırdı: “Əgər Məhəmməd peyğəmbərin özü dirilib gəlsə və qadınların çadradan azad olmasını, hətta onlara bəzi azalıqlar verilməsini tələb etsə belə, biz bu məsələdə peyğəmbərin özünə də qulaq asmayacağıq (“Novosti Zakafkzaya” qəzeti, 1 yanvar, 1909)

Felyetonun müsəlman aləmində oyatdığı rəy  belə idi. Onun çapından dərhal sonra 1907-ci il mayın 23-də Tiflisdəki Şah Abbas məscidində molla Mirbağır Mirheydərzadə qaragüruhçuları toplayıb “Molla Nəsrəddin”i şəri məhkəməyə çəkdi. Belə halda hətta yazının müəllifi başqası olsa da, jurnala cavabdeh olan redaktor getməli idi, necə ki, 1907-ci ilin sentyabr ayında “Molla Nəsrəddin”də dərc olunan “Fatı” adlı satirik şerdəki ehyamların guya İrəvan qubernatoruna aid edildiyi güman olunduğu üçün C.Məmmədquluzadə şəxsən İrəvana istintaqa çağırılmışdır. Yaxud 1914-cü ilin mart ayında din xadimlərinin fitvası ilə tiflis dairə məhkəməsi redaktorların hər ikisini ( o zaman Qəmküsar da jurnalda redaktor idi) məsuliyyətə cəlb etmiş, uzun məhkəmə prosesindən, protestdən və təkrar məhkəmə qurğusundan sonra hərəsinə 200 manat cərimə kəsilmişdir.

Amma qadın məsələsi ilə əlaqədar şəri məhkəməyə ancaq Ömər Faiq getmiş, həyatını ciddi təhlükə qarşısında qoysa da, sübut etmişdir ki, şəriət qadınların maariflənməsini qadağan etmir.

Həmin hadisənin şahidi olan və məsciddə bilavsitə iştirak edən Hüseyn Minasazov Tiflis mollasının fitvasından bəhs edərək yazırdı: “Molla çıxışının sonunda “Molla Nəsrəddin” i dinin düşməni adlandırdı, bu cür yazılara yol verməməyə və camaatı jurnalı baykot etməyə çağırdı.

H.Minasazov onu da qeyd edirdi ki, Ömər Faiq cavab üçün minbərə yaxınlaşanda Mirbağır Mirheydərzadə onu məsciddən qovmağa cəhd göstərdi və dedi ki, “onu bir dəqiqə də olsa müqəddəs kürsüyə yaxın qoymaq olmaz.” Həmidə xanım isə göstərir ki, “bir neçə nəfər silahlı cavan maarifçi mollanəsrəddinçiyə tərəfdar çıxıb camaatı sakitləşdirmiş və Faiq Əfəndinin nitqinə qulaq asmağa məcbur etmişdi.

Faiq əfəndinin nitqi isə nəinki cavanlara, hətta onu baykot etməyə gələnlərə də o qədər təsir edir ki, onlar “Molla Nəsrəddin”i yox, xalqı cəhalətdə saxlamağa çalışan mollaların özünü baykot etmək istəyirlər (“Zakavkazye” qəzeti, 26 may 1907)

Beləliklə, ilk açıq müdafiəni görən “Molla Nəsrəddin” dövrünün mütərəqqi qüvvələrinə arxalanaraq öz mövqeyini qəti şəkildə müdafiə edir və bir addım da olsa kənara çəkilmirdi. 1907-ci il 2 iyun tarixli nömrəsindəki kiçik bir qeydində göstərirdi ki, “hicab məsələsinə dair “İrşad” və “Tazə həyat” qəzetlərində bizə lazım biməna etirazların axırlarını gözləməməyimizə görə biz hamısına birdən öz cavabımızı gələn nömrədə vəd edirik.”

Lakin din xadimlərinin və qadın azadlığı düşmənlərinin fitvası ilə hökümət jurnalı iki həftə dayandırdı, vəd olunan növbəti nömrə isə ancaq iyunun 25-də çıxa bildi. Həmin növbəti 23-cü nömrədə Ömər Faiqin iki məqaləsi – “Hicab məsələsi və cavabımız” və “Zövci-axər məsələsi” (hər ikisi “Molla Nəsrəddin” imzası ilə) çap olunmuşdur. Bunların hər ikisi felyeton adlansa da, heç biri xalis felyeton deyildir. Onlar rəqibi susdurmaq üçün yazılmış elmi əsərlərdir. Çox güman ki, Tiflis məscidindəki şəri məhkəmədki çıxışı da bu ruhda olmuşdur. Hər iki məqalə dəlilli, sübutlu və geniş əhatəlidir. Həmin nömrədə bunlardan başqa oxu materialı yoxdur. Özü də ikinci yazı belə başlayır: “Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər”məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəba söyləyəcək. Amma indi nə görürük?” Müəllifin işarə elədiyi 19 və 20-ci nömrələrdə dərc olunan yazıların biri “Dərdimənd” imzası ilə çap olunmuş, digəri isə “İdarədən” adı ilə imzasız getmişdir. “Dərdimənd” imzası ancaq Ömər Faiqə məxsusdur. Bunu özü də xatirələrində qeyd edir. Qaldı ki, toxunulan məsələnin sonrakı aqibəti və “Molla Nəsrəddin” jurnalının tutduğu dəsti-xətti, deməliyik ki, bu vuruş inqilaba qədər davam etsə də, jurnal yuxarıda deyildiyi kimi, öz mövqeyindən kənara çəkilməmişdir. Jurnal 1907-ci il 29 iyul tarixli 28-ci nömrəsində yazırdı: “Hicab məsələsi barəsində idarəmizə çox kağızlar göndərib soruşurlar ki, övrət məsələsi bəs harada qald və nə yerdə tamam oldu? Cavabımız: biz həmin məsələni başlayanda da demişik və indi də deyirik ki, qızlarımızı gərək oxudaq, qızlarımızı gərək oxudaq və yenə qızlarımızı gərək oxudaq. Hicab məsələsi barəsində bundan artıq cavabımız yoxdur.”

Amma din xadimləri sakitləşmirdilər. Həqiqət naminə onu da demək lazımdır ki, onların içərisində də mollanəsrəddinçilərə rəğbət göstərən var idi. Lakin onlar hələlik səslərini çıxarmır, məsələni dəlilli-sübutlu şərhinə girişmirdilər. Belə bir vəziyyətdə nufuzlu din xadimlərinin yeni ideyanı müdafiə və şərh etməsinə ehtiyac var idi. Lakin onlardan hələ səs çıxmırdı.

Bu məsələ arada sakitləşsə də 1910-cu ildə birdən-birə ehtiraslar yenə coşdu. Şamaxı məscid rəhbərlərindən Əbdülxaliq əfəndi və İbrahimxəlil əfəndi 1910-cu ildə “Səda” qəzetinin 222 və 223-cü nömrələrində qəzəbli şəkildə çıxış edərək yazırdılar. “Necə ki, bu vaxta qədər “Molla Nəsrəddin” jurnalında və qeyri cəridlərdə bu xüsusdə olan mübahisələr bundan ötrüdür ki, bizim unaslar dəxi sair Avropa unasları kimi hüriyyət qazanıb, yaxşı zinyətli libaslar geyinib duxi-odekalon istemal etməklə faytonlara minib, üz və əlləri və bəlkə də döşləri açıq olmaqla teatrlara, bulvarlara gəzməyə gedib, xahiş etdikləri naməhrəmlər ilə görüşüb danışsınlar.”

 “Molla Nəsrəddin” jurnalının daimi tənqid və ifşa hədəfi olan bu axundların belə cahil və mürtəce mövqeyindən sonra nüfuzlu bir din xadiminin meydana çıxmasına ciddi ehtiyac yarandı. O zaman qabaqcıl ziyalılar arasında geniş hörmət və nüfuz sahibi olan Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov “Səda” qəzetinin 1911-ci il yanvar nömrələrində (No 10, 11, 12, 13) Şamaxının din rəhbərlərinə ətraflı, tutarlı cavab verdi və “Molla Nəsrəddin”in qadın azadlığı haqqındakı çıxışını müdafiə edərək göstərdi ki, şəriət qadınların əl və üzlərinin açmasını və maariflənməsini qadağan etmir.

Bu mollanəsrəddinçilər üçün, birinci növbədə Ömər Faiq üçün böyük qələbə idi. Çünki indiyənə qədər heç bir din xadimi qaragürühçuların qarşısına çıxmağa cəsarət etmirdi. Yalnız bundan sonra Ömər Faiq “jurnalın 1911-ci il yanvarın 25-də çıxan 4-cü nömrəsində “Təşəkkür” adlı məqalə yazıb “bu çətin məsələyə nəhayət verdiyinə görə” müftiyə öz minnətdarlığını bildirmişdir.

Ömər Faiq məsələnin əhəmiyyətini nəzərə alıb ümumi sərlövləyə bir “ciddi” sözünü də əlavə etmişdir ki, müəllifin sözləri ikəmənalı çıxmasın. Orada deyilirdi: “İndiki islam üləması arasında günazəli, şəkli bəhslərdən biri də hicab məsələsidir.

Bu eylə əhəmiyyətli bir məsələdir ki, həyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun təhti təsirində bulunmuş və əlan da bulanmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtarmasını hər sahibi-maarif kimi mən də arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “təsəttur”un şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Səda”nın 10,11, 12, 13-cü nömrələrində alimanə nəşriyyatı ilə “təsəttur”un şəri olmadığını, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şəri dəlillər ilə isbat və bəyan edib bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyyəmiz naminə ərzi-təşəkkür edirəm”.

Yazının altında bircə imza var: “Ömər Faiq Nemanzadə”. Bu da xarakterikdir. Çünki “Molla Nəsrəddin”də açıq imza çox nadir hallarda verilirdi (bütün fəaliyyəti ərzində bir neçə belə imza getmişdir.)

Əgər mollanəsrəddinçilərdən heç kəs yox, məhz təkcə Ömər Faiq qaldırılan məsələni müdafiə üçün müftiyə təşəkkür edirsə, deməli, yazılar ona məxsusdur. Əks təqdirdə təşəkkürü redaktor edərdi, yaxud “Molla Nəsrəddin” imzası ilə olardı. Necə ki, “Fatı” şeri ilə əlaqədar İrəvana istintaqa çağırılan C.Məmmədquluzadə qayıdandan sonra “İdarədən” adlı şərhini “Cəlil Məmmədquluzadə” imzası ilə vermişdir. Halbuki “İdarədən” başlıqlı yazılara əksər halda imza qoyulmurdu.

“Erməni və müsəlman övrətləri” felyetonunun Ömər Faiqə aid olduğunu bildirən digər daha mühüm dəlil M.Ə.Sabirlə bağlıdır.

1911-ci ilə qədər heç bir mətbuat orqanında, heç bir yazılı mənbə və xatirələrdə konkret olaraq həmin felyetonda qaldırılan ciddi və mühüm məsələnin təşəbbüskarının adı çəkilməmişdir. 1907-ci ilin iyun ayından 1911-ci ilin yanvarına qədər qadın azadlığının tərəfdarları ilə əleyhdarları arasında kəskin fikir ixtilafı davam etsə də, tərəflərdən heç kəs öz mövqeyindən kənara çıxmamışdır. Lakin jurnalın əməkdaşları da, ona yaxın olanlar da, fanatizmin eyni odunda qovrulanlar da gelyetonun şəxsən kimə məxsus olduğunu bilirdilər. Şübhəsiz ki, bunu mollanəsrəddinçilərlə çiyin-çiyinə vuruşan, onların ən sevimli şairi Sabir də bilirdi. Belə olmasa idi, o, Hüseyn əfəndi Qayıbovun çıxışından dərhal sonra, həmin ilin yanvar ayında “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi “Ay can…” adlı şeirini yazmazdı. Qayıbov kimi nüfuzlu bir din xadiminin nəhayət mətbuatda çıxış edib mollanəsrəddinçilərə bəraət qazandırmasına sevinərək yazdığı həmin şerində Sabir bircə nəfərin adını çəkir ki, o da Nemanzadədir:

Müftinin rəyi ilə kəşfi-vucuhi-nisvan

Şərdə caynə imiş, hökm ediyormuş Quran;
Müslimə övrətə baxmaqda da yoxmuş hörmət,
Övrətin əl üzü övrət ki, deyilmiş, ay can!..

Pəs yazıq zadeyi Neman* nə deyirdi, əcəba?
Ya ona lən edən oğlan nə deyirdi, əcəba?
Həzərati-üləmadə pəs o cünbüş nə idi?..
O zaman cümlə müsəlman nə deyirdi, əcəba?

“Pəs yazıq zadeyi Neman nə deyirdi əcaba?”. Məsələ də məhz burasındadır ki, yazıq zadeyi-Neman hələ 1907-ci ildə “Erməni və müsəlman övrətləri”, “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub”, “Hicab məsələsi və cavabımız” felyetonlarında da (hər üçü “Molla Nəsrəddin” imzası ilə dərc olunmuşdur) deyirdi ki, Quran ayələrinin heç birində qaldırılan “üz qapamağına dair bir tük qədər də işarə yoxdur.”

Sonuncu felyetonda oxuyuruq: “Mən Molla Nəsrəddin keçən nömrədə yazdım ki, filan ayeyi-gəriməyə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyini xoşlayıram.”

“Mən yazdım ki…” sözləri bizə çox şey desə də (çünki “Hicab məsələsi və cavabımız” felyetonunun Ömər Faiq tərəfindən yazıllması şübhəsizdir) həmin yazıda aşağıdakı sözlərə də diqqət yetirmək lazımdır. “Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa hicab yoxdur. Bu söz mən Molla Nəsrəddin barəsində sırf böhtandır. Mən demişəm və genə deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “örvət”dir, arvadın övrət yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır.”

Sabir də məhz “yazıq zadeyi-Nemanın” dörd il əvvəl dediklərini yada salıb yazırdı: “Övrətin əl-üzü övrət ki, deyilmiş, ay can…!”

Onu da qeyd edək ki, Ömər Faiq qadınların maariflənməsi məsələsini hələ keçən əsrin axırlarında qaldırmış və köhnəpərəstlərlə ciddi ixtilafı da onda baş vermişdir. O, Türkiyədən doğma vətənə qayıdandan sonar məclislərdə, məscidlərdə mollalalarla tez-tez qarşılaşır, özünün dediyi kimi mübahisələr hər dəfə ciddi “ağız qovğası” ilə nəticələnirdi. Xatirələrində oxuyuruq: “Mübahisələrimiz ən adi, ən sadə məsələlər üzərində idi: müsəlman qızlarına yazı öyrətmək lazımmı?”

Ömər Faiq müəllimlik işlərində də “Şərqi-Rus”Dakı yazılarında da bu məsələni nəzərdən qaçırmır, ona ya eyhamla toxunur, ya da elmdən, maarifdən danışanda və onun millət üçün “ölüm-dirim” məsələsi olduğunu deyəndə heç vaxt xalqı cinslərə bölüb, kişilər üçün xüsusi imtiyaz yaratmaq istəmirdi. Onun üçün millət kişili-qadınlı vahid bir varlıq idi.

“Molla Nəsrəddin”in özü də qadın azadlığı məsələsini birdən-birə, yəni ilk dəfə 1907-ci ilin mayında başlamamışdır. Əvvəllər bu məsələyə arada üstüörtülü və ya yumoristik şəkildə toxunulurdu ki, bu da gələcəkdə baş verəcək böyük partlayışın müəyyən hazırlıq işləri idi.

Belə ki, “Erməni və müsəlman övrətləri” felyetonunun çapından bir il əvvəl 1906-cı ul oktyabrın 20-də Ömər Faiq jurnalda “Xanpəri bacı” imzası ilə yazırdı: “Görürəm  ki, bəzi laməzhəb müsəlmanlar istəyirlər qızlarını məktəbə göndərsinlər.  Məhz onların bəlasıdır ki, dünya və aləm bir-birinə dəyib: heç bir fikrinə gətiribsənmi ki, Rusiyada nə səbəbə bu qədər nahaq qan tökülür? Niyə Qafqazda erməni-müsəlman davaşı düşdü, niyə Şamaxıda zəlzələ oldu, niyə Tehranda ixtişaş başladı, niyə Bakıda müsəlmanlar bir-birini boğurlar? Bilirsənmi bu işlərin səbəbi nədir?”

Jurnal avam Xanpərinin dili ilə bilirirdi ki, guya bu işlərin hamısının səbəbi qızlarımızın məktəblərdə başı açıq gezərək rus və erməni qızlarla oxumasıdır.

Beləliklə, “Erməni və müsəlman övrətləri” felyetonunun çapı ilə əlaqədar olaraq mühafizəkar qüvvəllərin azğınlaşmasından, jurnalın ünvanına hər tərəfdən lənət və föhş yağdırılmasından, ciddi məsələnin  “ağız qovğasından” çıxıb şəri məhkəməyə verilməsindən sonra Ömər Faiq “Hicab məsələsi və cavabımız” adlı geniş şərhini, daha doğrusu, müxtəlif və mötəbər mənbələrə əsaslanan dəlilli-sübutlu cavabını dərc etdi. Şəri məhkəmə onun elmi, məntiqi dəlilləri qarşısında gücsüz və köməksiz göründü. Fikirlərinin doğruluğuna əmin olan Ömər Faiq məqalənin axırında cəsarətlə yazırdı: “Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsünüz, nə qədər böyük müctəhidlər və üləmalar üzaçmağın caiz olmadığını yazırlar. Biz də məsələni ixtilaflı bilib üzaçmağın caiz olmadığını yazdıq. Hətta bu xüsusda da Qurani-Kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qurdların sözünə aldanırsız. Camaat, şükür Allah, öz fikriniz, mühakiməniz var. Görürsünüz, nə qədər böyük müctəhidlər üzacmağı ixtifalı bir məsələ bilirlər. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar və size qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.Həmd olsun, özünüz görürsünüz: kimdədir şəriətini bilməyib kor-koranə əl ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib camaatı aldadıb ələ salanlar” (“Molla Nəsrəddin”, 25 iyun, 1907, No 23).

Bütün bunlar bizə haqq verir deyək ki, həmin yazılar Ömər Faiqin qələmindən çıxmışdır. Bunları onun əlindən alıb C.Məmmədquluzadənin adına çıxmaq hər iki əməl və məslək dostunun ruhuna hörmətsizlik olardı.

Ardı Var. 3-cü hissə.