XIX-XX əsrlərin kəsiyində Qafqazın müsəlman cəmiyyəti praktiki olaraq bilavasitə siyasi həyatdan uzaq idi. Ziyalılar yerlərdə müsəlman icmalarına rəhbərliyi öz öhdəsinə götürməyə çalışırdı. Bütün bunlar kütlələrin onların ideyalarını alqışladığından deyil, daha çox bu vəzifəni öz üzərinə götürəcək başqa qrupların olmadığından irəli gəlirdi. Başqa heç bir ictimai qrup öz sıralarından seçkilərə namizəd irəli sürməyə, nümayişlər təşkil etməyə, ərizələrlə müraciət etməyə qadir deyildi. Bununla belə, əhalinin həqiqi fəal dəstəyinə də malik deyildilər. Kütlələr arasında faktiki olaraq Rusiya dövlətində baş verən dəyişikliklərə qarşı süstlük və etinasızlıq hökm sürürdü və təfəkkürün bu səviyyəsi ziyalıların təlaşına səbəb olurdu.
Qafqaz XX-ci əsrin astanasında
Rusiya imperiyasının hərbi-feodal mahiyyəti regionun bütün sosial-iqtisadi və mədəni həyatına güclü təsir göstərdi. Rusiyanın müsəlman əhalisi ilə bağlı Cənubi Qafqazdakı müstəmləkəçi siyasəti, şübhəsiz ki, mövcud olan sosial statuslar sistemini dəyişdirərək, ənənəvi yerli müsəlman hökumətlərinin rolunu əhəmiyyətli dərəcədə kiçiltdi. Eyni zamanda hakimiyyət regionda inzibati effektivlik siyasətinin xəfiyyələri kimi istifadə oluna biləcək mövcud institutları (təsisatları) dəstəkləməyə çalışırdı.
Bununla belə, regionda iki – Rusiya ilə ona tabe olan Gürcüstanın təmsil etdiyi xristian və ənənəvi islam mədəniyyətlərinin olması yeni quruluşun sağ qalma və mədəni uyğunlaşma problemlərinin keşiyində duran təhsilli, savadlı bəylərinin meydana çıxmasına yol açdı.
Yeni imperiyanın bərabər hüquqlu vətəndaşları olmaq zərurəti yerli ziyalı təbəqələrini yeni, yad mədəniyyətin ayrı-ayrı elementlərini mənimsəməyə təhrik edirdi.
Bu vəziyyət yeni iqtibasların praktiki həyatda özünəməxsus dünyagörüşü və dini əsaslarla qarşılaşdırılma problemi ilə müşayiət olunmaqla, xalqın bənzərsizliyi ilə dəyərlərini məhv etməyəcək istiqamətlər axtarıb seçmək məcburiyyətində qalan ziyalı təbəqəsinin törəməsinə səbəb olmuşdur.
Cəmiyyətin təhsilli hissəsi özünün aid olmadığı ümumxristianlıq aləmində Avropanın liberal dəyərləri ilə Rusiyanın sabit təhkimçilik mütləqiyyəti arasında aşkar və aydın fərq qoyurdu. Bu təbəqə, bir tərəfdən, öz xalqının geriliyinə, digər tərəfdən isə Rusiyanın “sivilizasiyanın yayılması iddialarına” realistik, tənqidi baxış formalaşdırmağa çalışırdı. Onlar müasir ideya və dəyərlərin mənimsənilməsi prosesində ətraf aləmin dini yox, sosial-psixoloji meyarlara görə təbəqələşməsini təklif edirdi.
Qafqazdakı türk xalqlarının imkanlarını və ictimai qaydaların reallığını çox yaxşı bilirdilər və anlıyırdılar. Bu dövr Qafqazda çox maraqlı bir dövr kimi tanınır. Bu, sosial Avropa dəyərləri, liberalizm ideyaları ilə tanışlıq və dərketmə mərhələsi idi. Avropa nümunəsindən ilhamlanma nəinki əngəl olmaq, əksinə, onun özünün milli əhval-ruhiyyəsinə aydın istiqamətlənmənin formalaşmasına səbəb oldu. Həmin dövr cəmiyyətdə ənənəvi islam maarifinə alternativ olan dəyişdirilmiş islam təhsili sistemi, ibtidai siniflərdən tutmuş, ali məktəblərə qədər – tədrisin ana dilində keçdiyi dövlət təhsil ocaqlarının yaradılması ideyalarının ərsəyə gəldiyi dövr idi.
O dövrdə mətbuat Qafqazın türk müsəlman cəmiyyətində uyğunlaşma və inteqrasiya proseslərinin yeni və əsas katalizatoru, ənənəvi buxovlanmış cəmiyyətdə qayələrin, idealların yayılmasına təkan verəcək yeganə effektiv kommunikasiya mexanizmi idi.
Bilavasitə, islam aləminin XIX əsrin ikinci yarısına aid Avropa dövlətlərinə nisbətən tənəzzülü ilə zəifliyinin səbəbləri Cənubi Qafqazın müsəlman ictimaiyyəti, ziyalıları və ruhaniləri arasında mərkəzi müzakirə mövzusuna çevrilməkdə idi.
Tiflisdə “Molla Nəsrəddin” satirik jurnalının nəşri bölgənin ictimai həyatında ən böyük və ən əhəmiyyətli bir hadisə oldu.
Bu material professor Şamil Qurbanovun tədqiqatları və nəşr olunan əsərləri, orijinal mənbələr sayılan Ömər Faiq Nemanzadənin əsərlər və xatirələri, tarixçilər və ədəbiyyatşünasların məqalələri, eləcə də şifahi, ailə və ictimaitarix həqiqətləri əsasında tərtib edilmişdir. Sayt yeni materiallarla tədricən və ardıcıl şəkildə yenilənəcək. Referanslar üçün “İstinadlar” -a baxın.