Cəlil Məmmədquluzadə ilə tanışlıq və Qeyrət Nəşriyyatının alınması

Müsəlman mətbuatının baş senzoru olan və 1906-1917-ci illər ərzində Tbilisidə Qafqaz Senzura komitəsində işləyən Mirzə Şərif Mirzəyevin fikrincə, Ömər Faiqin ictimai fəaliyyəti onun müasirləri tərəfdən layiqli dərəcədə dəyərləndirilməmişdir, lakin gələcək nəsil onun adını ehtiramla və qürurla anacaq. O yazırdı:

Məgər gələcək azad nəslin ilk rus inqilabından sonra, reallıqların ən acınacaqlı günlərində, bütün təhlükələrə baxmayaraq, böyük bir cəsarətlə inqilabçı ideyalarını təbliğ edən, soydaşlarını azadlığa, nura doğru səsləyən bir adamın adını anmaması mümkündürmü?

Bu fikir bu günə qədər ədalətli hesab olunur.

Bu günki gündə Azərbaycan ictimaiyyətinin kütləvi süurunda “Molla Nəsrəddin” yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir Lakin Azərbaycan mətbuatının tarixində, ələlxüsus “Molla Nəsrəddin” jurnalı və “Qeyrət” nəşriyyatının tarixlərində həqiqətən də maraqlı olan hər kəsə, aydın olacaq ki, bu, heçdə və tamamilə belə deyil. Əfsuslar olsun ki, Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın təsisçisi, banisi və müəllifi kimi rolu son onillikdə o qədər silinmişdir ki, bir çox hallarda onun adı hətta jurnal ilə əlaqəli bir şəxs kimi də çəkilmir.

Ömər Faiqin ədəbi reabilitasiyasının başlanğıcı

Ömər Faiq Neymanzadənin adı Sovet İttifaqı dağılana qədər qadağalı idi və yalnız artıq müstəqil Azərbaycanda arxivlərin, ilk növbədə, elmi dairələrə və daha sonra geniş kütlələrə açılması ilə yeni tarix açılmağa başladı, yeddi onillik boyunca gizli qalmış bir çox faktlar və həyat tarixçələri məlum oldu. Güllələnmiş keçmiş “xalq düşmənlərinin”, həmçinin Ömər Faiqin, 1956-cı ildə reabilitasiyasına baxmayaraq, Azərbaycanın ziyalılarının və elmi dairələrinin dərin qorxu ətaləti o qədər böyük idi ki, onun adı hələ də çəkilmirdi. Sovet dövrünün ideoloji doqmalarına sadiq alimlər və tədqiqatçılar Ömər Faiqin uyğunsuz dünya görüşü və ideallarından yan keçməyə üstünlük verirdilər. Və yalnız 80-ci illərin ortalarında bəzi ədəbiyyatşünaslar – həmin dövrün canlı şahidləri Ömər Faiqi xatırlamağa cürət edirlər. Ömər Faiq Neymanzadənin həqiqi ədəbi reabilitasiyasını ilk dəfə gənc alim – tədqiqatçı Şamil Qurbanov həyata keçirmişdir:

«Təəssüflə qeyd etmək lazımdır ki, Ö. F. Nemanzadənin publisistik irsi hələ lazımınca öyrənilməmiş, xüsusən onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyəti, demək olar ki, tam açılmamışdır: imzalar ətraflı öyrənilməmişdir, ayrı-ayrı felyeton və məqalələrin əsl sahibi müəyyənləşdirilmədiyindən onların kimin qələmindən çıxdığı hələ ki, sirr olaraq qalmaqdadır.

Ə. Mirəhmədovun haqlı olaraq dediyi kimi “vaxtı ilə Faiqin “Molla Nəsrəddin” tarixindəki mövqeyi, “Qeyrət”in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi; onun mühüm xidmətlərindən bir qismi dostu Məmmədquluzadənin adına yazılırdı”. Tədqiqatçı-filosof F. Vahidov da bu fikirdədir ki, C. Məmmədquluzadəyə aid edilən “Zarafat”, “Bir boçka su”, “Bibiheybət ziyarətgahı” və s. Felyetonlar Ömər Faiqindir. Mərhum alim Muxtar Qasımov da C. Məmmədquluzadəyə isnad olunan bir sıra felyetonun Ömər Faiqə məxsusluğunu iddia edirdi. Hər halda bu məsələnin tam həlli gələcək tədqiqatçılarını gözləyir».

Müsəlman mətbuatının (1906-1917), həmçinin “Molla Nəsrəddin” jurnalının baş senzoru olan Mirzə Şərif Mirzəyev, Ömər Faiqin əməyini qiymətləndirərək, yazırdı: «İlk öncə o, Tiflisdə “Qeyrət” mətbəəsini yaradır, bütün avadanlıqla onu təmin edir və “Molla Nəsrəddin” satirik jurnalını nəşr edir. O, bütün enerjisini, istedadını və qüdrətini xalqına həsr etmiş, yorulmadan həm naşir, həm də jurnalist kimi fəaliyyət göstərmişdi. Onun işlədiyi şəraitin ağırlığını anlamaq üçün 1906-1907-ci illər ərzində nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının nömrələrinə baxmaq kifayyətdir. Və yalnız bu halda anlamaq olar, hansı təhlükələrə bu inqilabi ideyalar fədakarı özünü ifşa edirdi».

Bundan sonra, 1919-cu ildə Mirzə Şərif Mirzəyev yazmışdır:

1906-1910 illər ərzində mən Ömər Faiqi daha yaxından tanıdım. Şərq dilləri üzrə senzor vəzifəsi səbəbiylə bütün qanuni və qanunsuz işlərini oxudum. O, qəsdən özünü təhlükəyə atırdı. O, yazırdı: «Məqsədə çatmaq ya ölmək». Nəşriyyatında o, azərbaycan dilində müxtəlif kitablar, xəbərlər, inqilabi xarakterli müraciətləri çap edirdi, bununla da həbs və ya sürgün olma təhlükəsini yaradırdı.

“Qeyrət” Nəşriyyatının alınması

Dövrün ən parlaq şəxsiyyəti, müasir Azərbaycan ədəbiyyatının təsisçisi və klassiki Cəlil Məmmədquluzadə ilə Ömər Faiqin tanışlığı 1903-cü ildə azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanında, yəni “Şərqi-Rus” qəzetinin redaksiyasında baş tutmuşdur.

1905-ci ildə “Şərqi-Rus” qəzeti müflis oldu və M.Şaxtaxtinskiy nəşriyyatı satmaq qərarına gəldi. O zaman Ömər Faiqin etibarsızlığı o qədər aşkar idi və hakimiyyət tərəfindən o qədər təsbit edilmişdi ki, onun Rusiya imperiyasının çap məhsulunun nəşrinə icazə almaq üçün heç bir şansı yox idi. “Şərqi-Rus” və nəşriyyatın satışa çıxarılması Ömər Faiqin və Cəlil Məmmədquluzadənin birgə işində yeni dövr açdı.

Bu haqda Ömər Faiq xatirələrində yazır: “Çoxdan həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir sürətdə razı olmamağımı, nə yolla olursa olsun, onu saxlamaq gərəkliyini Mirzə Cəlilə dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm yox. Lakin Məhəmməd ağa söz yox ki, pul istəyəcək. O da ki, nə səndə, nədəki məndə. Bir də, Faiq, Məhəmməd ağa bilsə ki, mətbəə sənin əlinə keçəcəkdir, qorxuram bizə hec verməyə. Dedim: “Mənim adımı çəkmə, sən Məhəmməd ağanı bir az vaxt dayandır, pul tapacağına söz ver, qorxma!” C. Məmmədquluzadə isə həmin günləri belə xatırlayır: “…biz mətbəəni ələ keçirmək, gələcəkdə ondan istifadə etmək niyyəti ilə başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun”.

Belə bir adamı Ömər Faiq özü tapır. Naxçıvanlı Məşədi Ələsgər Bağırov mətbəəni almaq üçün onlara borc pul verir, sonra da həm mətbəənin, həm də “Molla Nəsrəddin” jurnalının xərclərini öz öhdəsinə götürür. Yeni mətbəə “Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ açır. Mollanəsrəddinçilər adı ilə məhşur olan fikir cərəyanı məhz “Qeyrət” mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. İlk kitablardan birini Ömər Faiqin özü yazmış və 1905-ci il aprelin 2-də senzor komitəsindən onun çapına icazə də almışdır. “Nəşri-asara dəvət” adlanan bu kitab tezliklə çap olunub camaata pulsuz paylandı.