Maarifçi və Publisist
«Döyüşdə qohumlarına yardım etməyə tələsməyən şəxsə, şübhəsiz ki, insan deyilməz. Möhtac və zəif olanların əzabını qurtara bilməyən şəxs vicdanını asanlaşdırmayacaq. Kasıbların ehtiyaclarını ödəmək üçün ciddi addımlar atmayan şəxs mədəniyyətə, bilik zirvəsinə doğru bir addım atmayıb». Ömər Faiq Nemanzadə

Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın məshəti türklər (o illərdə axalsıx türkləri) yaşadığı Axalsıx qəzasında anadan olmuşdur.On yaşında atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasınınetiraz etməsi buna mane olmuş və o, İstanbula gedərək, “Fateh” məktəbində təhsilini davam etdirmişdir.Bir müddət ərzində orada təhsil aldıqdan sonra Ömər Faiq öz təşəbbüsü ilə Türkiyədə liberal ideyaların ocağı sayılan “Darüş Şəfəq” məktəbinə daxil olmuşdur və orada 1891-ci ilə qədər təhsil almışdır.

Elə həmin ildə Ömər Faiq Qalatanın poçt bölməsində işə başlamaqla, Avropanın gələcəkdə onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərmiş qəzet və jurnallarından qeyri-məhdud istifadə hüququna yiyələnir. Bu, sosial Avropa dəyərləri, liberalizm ideyaları ilə tanışlıq və dərketmə mərhələsi idi. Avropa nümunəsindən ilhamlanma nəinki əngəl olmaq, əksinə, onun özünün milli əhval-ruhiyyəsinə aydın istiqamətlənmənin formalaşmasına səbəb oldu.

Bu, dövlət təhsil müəssisələrinin ənənəvi islam sisteminin alternativi kimi ana dilində islahat aparılmış islam təhsil sisteminin ideyalarının cəmiyyətdə yaranması dövrü idi. Ömər Faiq o vaxtlar məşhur olan «Türkləşmə, İslamlaşma, Avropalaşma» şüarının türk xalqlarının inkişafı və formalaşması baxımından nisbətən aktual və həyati əhəmiyyət daşıyan amili olaraq axırıncı bəndinə üstünlük verir və diqqət ayırırdı.

1892-ci ildə liberal-tələbə dərnəklərinə qarşı polis repressiyaları səbəbi ilə Ömər Faiq təcili olaraq İstanbulu tərk etdi. Vətənə dönən gənc və enerjili Ömər Faiq öz xalqının durğun vəziyyətdə yaşamasını görərək, kədərlənir.

Həmin illərdə o, yazırdı:

Köhnə ənənələrdən törəmiş özülləri dağıtmaq və yeni yola düzəlmək üçün uzun illik ictimai, inqilabi və elmi hazırlığa ehtiyac var. Bu hazırlıq olmadan, mədəniyyət və təhsil sahələrində hər hansı dəyişikliklərə və istənilən uğurlara nail olmaq olduqca çətindir.

Bütün bunları dərk edərək, o, fəaliyyətinin ilk illərini müxtəlif cür mübarizə yollarının axtarışına həsr etmək qərarına gəlir. Beləliklə, Azərbaycan demokratlarına – vətənpərvərlərə qoşularaq, 1892-ci ildən taleyini bütövlüklə onlara bağlayır. Onun ilk bəyanatları əsasən təhsil problemləri ilə bağlı idi. Dediklərindən: «Biz –müsəlman türkləri bu aləmdə yaşayıb, insan hüquqlarımızı müdafiə etmək və mübarizələrlə dolu bu dünyada müzəffər olmaq istəyiriksə, istənilən xalqın danılmaz qüdrəti olan mətbuata layiqli ehtiram bəsləməli, «mətbuat» və «kitabxana» adlı məbədlər qurmalıyıq». Bir də: «Bizim əqidə və məsləyimiz daha çox elmi, həmçinin tarix, ədəbiyyat, sənaye sahələri üzrə kitabların nəşrinə yönəldilməlidir. Bəlkə bu yolla hazırkı vəziyyətimizi yaxşılaşdırıb, gələcəyimizi dəyişdirməyə nail ola bilərik».

Həmçinin aşağıdakıları da iddia edirdi:

Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir.

Ömər Faiq böyük ruh yüksəkliyi ilə bəyanatlarının reallaşmasına başlayır. O, 1893-1903-cü illər arasında məktəblər təşkil edərək, Azərbaycanın Şəki, Şamaxı, Gəncə, həmçinin Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Belə bir iş o vaxtlar böyük fədakarlıq, mücahidlik, yaradıcı səyləri və mahiyyətini aşağıdakı kimi şərh etdiyi dəqiq konsepsiya tələb edir:

Son vaxtlar rusdilli məktəblərdə təhsil alan şagirdlərimizin sayının artdığına sevinərək, tədrisin ana dilində keçirildiyi məktəblərin açılmasını önəmli məsələlərdən hesab edirik.

Eyni zamanda o, sosial quruluşun reallıqlarına və türk cəmiyyətinin imkanlarına dair böyük həcmdə məlumatlara həmin illərdə yiyələnir. Və məhz həmin illərdə Ömər Faiq keçmiş ənənələri ilə qalıqları tənqidi analizə məruz qoyur; onda bir tərəfdən xalqının dardüşüncəliyi (cahilliyi), digər tərəfdən də Rusiyanın «mədəniyyətin inkişafına dair iddiaları» ilə bağlı realist və tənqidi nəzər nöqtəsi formalaşır.

Bu məşğuliyyəti onun gələcək publisistik və “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə nəşr etdiyi “Qeyrət” mətbəəsində jurnalist fəaliyyətinə, türk vətəndaş cəmiyyətinin təşəkkülünün birinci dərəcəli problemlərinə dair baxışlarının formalaşmasına böyük təkan verdi. Özünüdərk və milli oyanış problemləri əsas fundamental problemlər olaraq, onun gələcək publisistik yaradıcılığında əksini tapmışdır.  Onun publisistlik fəaliyyətinin başlanğıcı 20 mart 1898-ci il tarixində İsmayıl Qasprinskinin Bağçasarayda dərc etdiyi, o zamanlar yeganə müsəlman qəzeti olan “Tərcüman”ın  səhifələrində qoyulub. Orada onun Şəkidə, Azərbaycanda rastlaşdığı maarifləndirmə problemlərinə həsr edilmiş ilk yazısı çap edilmişdi.

Həmin illərdə, müxtəlif şəhərlərdə işləyərək, Ömər Faiq Qafqaz-Türk intellektualları, yani Avropa tipli təhsil alan insanların dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Sadə insanlara xoş münasibət onun təbii xüsusiyyəti idi. Onun sözlərinə görə, fəaliyyətində “onların ürəklərini qazanmaq ən böyük qələbə idi”. O, bunu bəşəriyyətin, mədəniyyətin ilk əlaməti kimi qiymətləndirərək, deyirdi: “Döyüşdə qohumlarına yardım etməyə tələsməyən şəxsə, şübhəsiz ki, insan deyilməz. Möhtac və zəif olanların əzabını qurtara bilməyən şəxs vicdanını asanlaşdırmayacaq. Kasıbların ehtiyaclarını ödəmək üçün ciddi addımlar atmayan şəxs mədəniyyətə, bilik zirvəsinə doğru bir addım atmayıb”.

Onun sosial, müəllimlik və maarifçilik təcrübəsinin təbii məntiqi nəticəsi müsəlman dünyasında və Yaxın Şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin”in təsis edilməsi və təşkili oldu. 


Bu material professor Şamil Qurbanovun tədqiqatları və nəşr olunan əsərləri, orijinal mənbələr sayılan Ömər Faiq Nemanzadənin əsərlər və xatirələri, tarixçilər və ədəbiyyatşünasların məqalələri, eləcə də şifahi, ailə və ictimaitarix həqiqətləri əsasında tərtib edilmişdir. Sayt yeni materiallarla tədricən və ardıcıl şəkildə yenilənəcək. Referanslar üçün “İstinadlar” -a baxın.