Molla Nəsrəddinin yaranması və inkişafı

“Qeyrət” mətbəəsi geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və əvvəlcə “Torpaq” adlı jurnal çıxartmaq üçün hökümətə müraciət etdi. Ömər Faiq yazır ki, “jurnalın müdirliyi və baş mühərrirliyi Mirzə Cəlilin arzusu və tələbi ilə mənim öhdəmə qoyuldu”. Lakin, Baş mətbuat idarəsi Ömər Faiqin Türkiyədə təhsil aldığını bəhanə edib jurnalın nəşrinə icazə vermədi. Bir az sonra C. Məmmədquluzadənin çap etmək istədiyi “Novruz” adlı qəzet də baş tutmadı. Nəhayət, hər iki dost 1906-cı ildə məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə nail oldu. Rəsmi redaktoru Cəlil Məmmədquluzadə, əsas yazanı isə Ömər Faiq idi. Ömər Faiq jurnalın inzibati və maliyyə məsələlərini də idarə edirdi.

Bundan sonra Ömər Faiqin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Respublika Əlyazmaqları institutunda Ömər Faiqin “Molla Nəsrəddin” jurnalı nədir?” adlı xatirəsi saxlanılır. Burada jurnalın yaranması, məqsədi, fəaliyyəti, mübarizəsi şərh olunur. Amma iki məsələ xüsusilə qeyd edilir ki, nədənsə indiyə qədər tədqiqatçılar ona əhəmiyyət verməmişlər. Bunun biri jurnalın adı ilə, ikinci redaksiyada vəzifə bölgüsü ilə bağlıdır. Bunların hər ikisi jurnalın fəaliyyəti və müvəffəqiyyəti üçün vacib məsələ idi. Ömər Faiqin sözləri ilə desək, “adın özü də bir reklam, bir dəlildir”. Hər iki əməl dostu ad üstündə çox düşünmüş, “bir çox adlar sadalanıb tullandıqdan sonra “Molla Nəsrəddin” dayanılmışdır. Çünki Ömər Faiqin fikrincə, “Molla Nəsrəddin” deyəndə “oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var”.

Əsl xalq jurnalı Molla Nəsrəddin

Daha bir məsələ: Ömər Faiq yazır ki, onlar jurnalın planını müəyyənləşdirərkən onun “mütləq şəkilli olmasına” fikir vermək qərarına gəlmişlər. Çünki, yenə də onun fikrincə, xalq öz düşmənlərinin “canlı sürətdə, gülməli şəkildə” məsxərəyə alındığını, ifşa edildiyini görəndə sevinəcək, “Molla Nəsrəddin”in simasında öz himayəçisini görəcəkdir. Belə də oldu. Ömər Faiqin həmin xatirəsində oxuyuruq: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət və hədə kağızları alırdıq. Jurnala yuxarıdakı təbəqədən lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırdı. Göstərilən rəğbət inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi”.

“Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin bütün yükü, ağırlığı Mirzə Cəlillə Ömər Faiqin üzərinə düşmüşdü. Materialların hamısını özləri hazırlamış, şəkillərin mövzularını özləri vermiş, teleqraf xəbərlərini, tapmacaları da bir yerdə tərtib etmişdilər. Birinci nömrədə “Atalar sözləri” bölməsində belə bir cümlə vardır: “At atla boğuşar, hökümətin işi rast gələr”. Ömər Faiq xatirələrində yazır ki: “Mən bu cümləni “İt itlə boğuşar, hökümətin işi rast gələr” sürətində yazmışdım. Mirzə Cəlil Şeytanbazar qoçularından ehtiyat edib, iti ata çevirməmi rica etdi”.

Bu göstərir ki, materiallar diqqətlə ölçülüb-biçilir, hər ikisinin razılığı və iştirakı ilə hazırlanırdı.

Molla Nəsrəddin jurnalının kollektivi

İstər jurnalın bədii tərtibatında, istərsə də materialların seçilməsi və hazırlanmasında o, ikinci əsas sima idi. Ömər Faiqin Respublika Əlyazmaları institutunda saxlanılan arxivindəki jurnal komplektlərində bəzi karikaturaların üstündə onun öz xətti ilə “mənimdir” sözləri yazılmışdır. Bir müddət sonra isə, XX-ci əsrin dahi xalq şairi Mirzə Ələkbər Sabiri və müasir Azərbaycan ədəbiyyatının təsisçisi və klassiki Cəlil Məmmədquluzadəni aktiv fəaliyyətə cəlb edir. Zamanla “Molla Nəsrəddin” satirik jurnalında istedadlı rəssam və publisistlərdən ibarət olan unikal kollektiv yarandı. Həmin dövrdə ictimaiyyətin, və o cümlədən onun savadsız hissəsinin sevincinə səbəb olan O.Şmerlinq və D.Rotterin karikaturaları, hələ də mənzərəli dilin sənətkarlığı və rəngarəngliyi ilə təəccübləndirir. Məlumdur ki, karikaturalar əsasən O.Şmerlinq və D.Rotter tərəfindən çəkilirdi. Lakin, həmin karikaturaların ideyavericiləri C.Məmmədquluzadə ilə Ö.F.Nemanzadə idi.

Ömər Faiq xatirələrində qeyd edir:

“Molla Nəsrəddin” jurnalında öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yəni uydurma, bənzətmə şəkil deyil, vaqiyənin, şəxslərin, tiplərin özü, bayağı fotoqrafıdır.

Bir çox karikaturlar əsasən felyeton ideyalarından yaranırdı. Ömər Faiq dini xurafatı və onun xalq arasında yayılmasını tənqid edərkən, maariflənmənin yalnız dini təlimlə məhdudlaşdırılmasının insanı aləmi dünya elmləri və sadə əxlaq normaları vasitəsilə dərk etməsi imkanlarından məhrum etdiyi fikrini oxucunun nəzərinə son dərəcə dəqiq şəkildə çatdırırdı. O, ruhani məktəblərini bitirmiş adamların cəmiyyət üçün tamamilə yararsız olduğunu vurğulayırdı.

1906-cı ildə, Ömər Faiq “Dəvət və təvəqqe” məqaləsində “Qeyrət” mətbəəsinin məqsəd və vəzifələrini izah edərək, qələm yoldaşlarına müraciət edir: «Öz xalqına xidmət etmək və bu müqəddəs məqsədə qoşulmaq istəyən hər kəs yoxsul insanların ağır həyat şəraiti və istibdad hakimiyyəti haqqında məqalə yazsın və “Molla Nəsrəddin” və ya “Qeyrət” mətbəəsinə göndərsin”.

Ömər Faiq oxuculara bu cür müraciət edir:

Müsəlman qardaşlarımız, siz bizim bir ildən artıqdır Vətənimizin və xalqımızın müstəqilliyi ilə çiçəklənməsi uğrunda apardığımız mübarizənin canlı şahidlərisiniz. Eyni zamanda bir neçə dəfə sizdən dəstək də istəmişik. Lakin bu istiqamətdə atılan hər hansı qətiyyətli addımları görmədik. Məgər müsəlmanların birliyi bu şəkildə olmalıdır? Onun necə olmalı olduğunu bilmirsinizsə, müəllimlərinizdən maraqlanın. Allahın hökmlərinə uyğun yaşayırsınızsa, bizə qoşulun. Düşmən buxovlarından qurtulun, gəlin əminamanlığımız uğrunda mübarizə edək. Övladlarımızı əziyyətlərdən xilas etmək, dövlət məmurları ilə və jandarmlar tərəfindən məruz qaldığımız təhqir və həqarətlərə son qoymaq üçün əlbir olmalıyıq. Bu sözlər barədə yaxşı-yaxşı düşünün. Bu dəfə, hazırkı rejimə son qoymaq və hökumət nümayəndələrini nəzarətə götürmək üçün biz müsəlmanlar Konstitusiyaya uyğun idarə üsulunun tətbiq olunmasını və şəffaf parlament seçkilərinin keçirilməsini tələb etməliyik. Şübhəsiz ki, siz də bu işdə bizə dəstək olub, bizə qoşulsanız, nəticələr özünü çox gözlətməyəcək… Bunu yalnız hazırkı idarə üsuluna son qoymaq, yəni parlament seçkilərinin keçirilməsi yolu ilə həyata keçirmək mümkündür. Biz də buna can atırıq. Bu müraciəti də sizə məhz bizimlə əlbir olmanız üçün yollayırıq. Tam aydınlıq üçün müraciətimizi sizə türk dilində göndəririk. Bu müraciətlə tanış olub, onu digər müsəlman qardaşlarla paylaşmayanlar xainlik etmiş və Allahın qəzəbinə tuş gəlmiş sayılacaq. Siz də bizim kimi mübarizə edin. Allah-Təala müsəlman qardaşlara yardımçı olur və ölkəsinin vətənpərvərlərinə dayaq durur.