Ömər Faiqə aid edilən imzalar və təxəllüslər

Azərbaycan mətbuat həyatının, “Molla Nəsrəddin” jurnalının və xüsusilə Ömər Faiq Nemanzadə ilə əlaqəli mühüm mənbələrin siyahısını tədqiqatçılar üçün təqdim edirik.

Sözügedən mənbə Ömər Faiqin dövrün bir çox jurnal və qəzetlərində yazdığı yazıları və təxəllüsləri də xronoloji olaraq sıralayan biblioqrafiyadır.

“Ömər Faiq Biblioqrafiyası” adlı bu əsər Yəhya Kamaloğlu tərəfindən hazırlanmışdır. Yəhya Kamaloğlu, Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda Ömər Faiq Nemanzadənin təhsili, siyasəti və dini ilə bağlı fikirləri mövzusunda magistrlik dissertasiyasını müdafiə etmişdi. Hələ də İstanbul Mədəniyət Universitetində fəlsəfə fakültəsində işləyir və Gelibolulu Mustafa Əlinin siyasi düşüncəsinə dair doktorluq dissertasiyasını davam etdirir.


Ömər Faiq Nemanzadə 20-ci əsrin əvvəllərində gördüyü işlərlə  Qafqaz bölgəsindəki mətbuat həyatında böyük bir iz buraxmış  önəmli şəxslərdən biridir. Əsrin vacib qəzet və jurnallarının həm yaradıcılarından, həm də görkəmli yazıçılarından biri olmuşdur. Haqqında bəhs olunan dövrün bir çox aydınları kimi Ömər Faiq də müxtəlif təzyiq və senzuralara görə çoxlu imzadan istifadə etmişdir. Bu imzalar, dövrün aydınlarının  təsbit olunmasında başlıca maneələrdən biridir. Bu problem eyni zamanda bir yazının sahibinə deyil, başqa yazıçılara istinad edilməsinə də səbəb olmuşdu. Bunun səbəbi də eyni imzaların fərqli aydınlar tərəfindən istifadə olunması idi. Bu problemə görə Ömər Faiqə aid olduğu  bildirilən bir çox yazılar onun yaxın dostu olan Cəlil Məmmədquluzadənin adına yazılmışdır. Məsələn, Şamil Qurbanovun hazırladığı “Ömər Faiq Nemanzadə – Seçilmiş Əsərləri”nin içindəki “Bir neçə günlüyə” başlıqlı yazı eyni zamanda başqa bir araşdırmaçı tərəfindən hazırlanan “Cəlil Məmmədquluzadənin Əsərləri” kitabının içinə də daxil edilmişdir. Buna bənzər başqa nümunələr də var.

Burada dövrün ən təsirli jurnallarından biri olan Molla Nəsrəddinin Ömər Faiqin publisistikası və fikri həyatı baxımından çox vacib bir jurnal olduğunu da qeyd etməliyik. Molla Nəsrəddin jurnalı Ömər Faiqin  quruluş mərhələsindəki çəkdiyi əziyyətləri, jurnalın içinin hazırlanması, yəni yazı və karikaturaların hazırlanmasında çəkdiyi əziyyətlərə görə onun mətbuat həyatı baxımından zirvə bir əsər hesab edilə bilər. Jurnalın müvəffəqiyyətə çatması, geniş xalq kütləsi tərəfindən oxuması üçün  çox vaxt öz həyatını qurban vermiş və bunun uğrunda böyük çətinliklərdən keçmişdi. Lakin təəssüf hissiylə qeyd etməliyik ki, Ömər Faiqin bu əziyyətləri sonrakı araşdırmaçılar tərəfindən lazımi qədər araşdırılmamış, göz ardı edilmişdir. Jurnalın quruluşunda çəkdiyi əziyyətlərinə kifayət qədər önəm verilməmiş, jurnaldakı yazılarının təsbit olunmasıyla bağlı da araşdırılma aparılmamışdır. Məsələn, yuxarıda da deyildiyi kimi, Ömər Faiqə aid olduğu qeyd olunan bir çox yazılar onun yaxın dostu olan Cəlil Məmmədquluzadənin adına yazılmışdır. Bu araşdırmadakı məqsədimiz Ömər Faiqin Molla Nəsrəddin jurnalında, xüsusilə də mətbuat həyatındakı əmək və zəhmətlərinin layiq olduğu şəkildə ortaya qoyulmasına az da olsa töhfə verməkdir.

Ömər Faiqin əsərlərinin siyahısını vermədən öncə yaxşı olardı ki, bu barədə bir neçə məsələyə toxunaq. Əvvəlcə onu qeyd etməliyik ki, Ömər Faiqin yazıları daha çox qəzet və jurnallarda dərc etdiyi məqalələrdən ibarətdir. Bu gün əlimizdə ona aid irihəcmli bir əsər yoxdur. Yalnız Dəvət adlı bir məqaləsi və bir də xatirələri var. Bu məqalələrlə yanaşı Ömər Faiq haqqında araşdırmalar aparmış Sahib Rzayev onun 1906-cı ildə “Bəsdir bu qədər zülm” adlı əsər də yazdığını göstərir.[1]26 May, 1906-cı il tarixli Molla Nəsrəddin jurnalındakı bir elanda jurnalın doqquz aylıq abunəçilərinə “Ümidvar”ın Bəsdir Bu Qədər Zülm adlı kitabçasının hədiyyə kimi göndəriləcəyindən bəhs olunmuşdur. Lakin 22 dekabr, 1906-cı il tarixli Molla Nəsrəddin jurnalındakı başqa bir elanda hədiyyə olunacağına söz verilmiş kitabın çap olunmasına hökümət tərəfindən icazə verilmədiyi qeyd olunmuşdu.[2]

 Ömər Faiqə məxsus əlimizdəki ilk yazı 5 iyul, 1898-ci il tarixində Tərcüman qəzetində dərc olunan yazıdır. Onun bu qəzetlə başlayan mətbuat həyatı müxtəlif fasilələrlə iyirmi beş ildən də çox davam etmişdi. O, bu dövr ərzində müxtəlif ideologiya və düşüncə tərzinə sahib qəzet və jurnallarda yazılar yazmışdı.

Dövrün bir çox aydınları kimi Ömər Faiq də müxtəlif təzyiq və senzuralara görə çoxlu sayda gizli təxəllüs işlətmişdi. Azərbaycanda Ömər Faiq haqqında çox vacib araşdırmalar aparmış Şamil Qurbanov onun mətbuat həyatı boyunca qırxdan çox təxəllüs işlətdiyini qeyd etmişdi.[3] Bu təxəllüslərin əksəriyyətini Molla Nəsrəddin jurnalında istifadə etmişdi. Bu təxəllüslər dövrün aydınlarının yazılarının təsdiqlənməsində başlıca əngəllərdən biridir. Bu problem eyni zamanda bir yazının sahibinin başqa yazıçılara istinad edilməsinə də gətirib çıxarmışdı. Bunun səbəbi də odur ki,  müxtəlif aydın insanlar eyni təxəllüsündən istifadə etmişdilər.[4] Bu problemə görə Ömər Faiqə aid olduğu hesab olunan bir neçə məqalə onun yaxın dostu olan Cəlil Məmmədquluzadənin ayağına yazılmışdı. [5] Məsələn, Şamil Qurbanovun hazırladığı “Ömər Faiq Nemanzadə- Seçilmiş Əsərləri” nin içindəki “Bir neçə günlüyə” başlıqlı yazı[6] eyni zamanda başqa bir araşdırmaçı tərəfindən “Cəlil Məmmədquluzadənin Əsərləri” kitabına daxil edilmişdi. Buna bənzər başqa nümunələr də var.İmzalar məsələsi hələ də araşdırılmağa ehtiyac duyulan böyük bir mövzudur. Burada biz bu sahəylə bağlı vacib araşdırmalardan biri olan Qulam Məmmədlinin İmzalar başlılqı əsərini də qeyd etməliyik. Bu əsər bu barədə mövcud olan mübahisələrə bir son verə bilməsə də, bu sahədəki vacib boşluğu doldurmuşdu. Bu araşdırmada bir çox aydın kimi Ömər Faiqin də müxtəlif qəzet və jurnallarda istifadə etdiyi açıq və gizlin təxəllüsləri sıralanmışdı. Ömər Faiqə aid edilən imzaların siyahısı aşağıdakı kimidir.

Ömer Neman Ağazade-Tərcüman, 1895

Müəllim Nemanzadə –Tərcüman, 1898

Nemanzadə – Şərqi Rus, 1904

Göy altında, yer üstünde – kara hayrani – Molla Nəsrəddin, 1906

Bir Qarslı – İrşad, 1906

Bir İranlı – İrşad, 1906

Bir Cavan – İrşad,1906 – 1907

Naməyus – İrşad, 1906 – 1907

Ömər Əlioğlu – İrşad, 1907

Ümid – İrşad, 1907

Ümidvar – Molla Nəsrəddin

Ala Qarğa – Molla Nəsrəddin

 Bazar Cücəsi – Molla Nəsrəddin

Vızvıza – Molla Nəsrəddin

Geybi – Molla Nəsrəddin

Cəhrəçi xala – Molla Nəsrəddin

Çoban – Molla Nəsrəddin

Deli – Molla Nəsrəddin

Dərdli – Molla Nəsrəddin

Dərdimənd – Molla Nəsrəddin

Dərdmənd – Molla Nəsrəddin

Doşabüddevle – Molla Nəsrəddin

Mozalan – Molla Nəsrəddin, 1908

Heyrani  – Molla Nəsrəddin, 1909

Hətəkçi –Molla Nəsrəddin

Əgrəbüddəvlə – Molla Nəsrəddin

Lağlağı – Molla Nəsrəddin

Məşrutəçi – Molla Nəsrəddin, 1909

Molla Qulu – Molla Nəsrəddin

Molla Nəsrəddin – Molla Nəsrəddin

Mömin – Molla Nəsrəddin

N. Həyat,1906, Yen İqbal, 1916

Ümidvar –İrşad, Azərbaycan

 İynə – Yeni Fikir, 1924 – 1926

Ömər Faiq – Açıq Söz, 1916, Yeni Yol, 1923

Faiq – İqbal, 1913, Kommünist, 1921

 


[1] Sahib Rzayev e.a.ə, s 50-51

[2] Sahib Rzayev e.a.ə, s51

[3] Şamil Qurbanov, Ömər Faiq Nemanzadə, Gənclik Nəşr. Bakı, 1992, s 51,72-73

[4] Qulam Məmmədli, İmzalar, Bərpanəşir, Bakı, 2010,s 6

[5] Əziz Mirəhmədov, e.a. ə, s 186, Fazil Vahidov, e.a.ə s 82-90

[6] Ömər Faiq Nemanzadə – Seçilmiş Əsərlər, Haz. Şamil Qurbanov, Şərq-Qərb nəşr., Bakı 2006, s 275