Professor Şamil Qurbanovun kitabı əsasında “Ömər Faiq Nemanzadə”, Baki, Gençlik 1992

Ürəyi xalqı üçün döyünən insan 

Ömər Faiqin olmasına şübhə doğurmayan felyetonlara, burada da eyni mənzərənin, problem və janr müxtəlifliyinin, mövqe aydınlığının və prinsipiallığının, yazı kəskinliyinin və müəllif qətiyyətinin şahidi oluruq. Siyasi məsələlərə, ictimai və milli problemlərə aid yazılarında Ömər Faiq ürək ağrısını çox vaxt zarafat, eyham, bəzən kobud, hirsli və qəzəbli şəkildə ifadə edirdi.

O, “Lağlağı” imzası ilə yazdığı felyetonların birinə qəliz ifadələrlə yazan, mənasız və məzmunsuz cızmaqaralar edən adamları nəzərdə tutub deyirdi: “Hər kəsdən soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qalan alanda çıxırlar göyün üzünə – heç bir cavab ala bilmirəm. Ancaq bu gün dostum “yetim cücə mənim bu sualıma belə cavab verdi”.

“Yetim cücə”nin cavabı isə daha kəskindir. Onun fikrincə, bütün millətlər kimi, zahirən müsəlmanlar da insandır, amma necə insan? O, müsəlman sözünü ərəb əlifbası ilə yazılan formasını (msman) götürüb onun altı ərəb sözünün baş hərflərindən düzəldiyini bildirir. Həmin sözlər bunlardır: müxəbbət, səfahət, lal, məzlum, axmaq, naümid (1911,No 35).

O ağlamalı vəziyyətinin dəhşətlərini hələ hiss etməyən doğma xalqına bunlardan münasib söz tapa bilmir, onun qıpıqlığına, məzlumluğuna dözmürdü. Buna görə də məzlumluğu “ən böyük zalımlıq” hesab edən Ömər Faiqin bu sözlərini xalqa nifrət kimi yox, məhəbbət kimi başa düşmək lazımdır. “Sevə-sevə nifrət etmək”, “Nifrət edə-edə sevmək” (N.Nekrasov) bütün millətlərin bütün böyük sənətkarlarına, xüsusən tənqidi realistlərə xas bir cəhət idi ki, bizimkilər də ondan məharətlə istifadə edirdilər. “Bir yığın boşboğazlıq, heyvərəlik adətimiz” deyən Sabir də daxil olmaqla mollanəsrəddinçilərin hamısı milli geriliyə qarşı bu kəskinlikdə, bu kəsərdə idilər.  Odur ki, çox vaxt jurnalı kəskinlikdə ciddi ittiham edirdilər. Belələrinə o zamanın məşhur jurnalisti H. Minasazov cavab verərək: “Molla Nəsrəddin”ə həsr etdiyi bir məqalədə yazırdı: “Bu adamlar başa düşmür, bəlkə də başa düşmək istəmirlər ki, həqiqət həmişə kəskin olur. Bizim həyat şəraitimizdə isə bu daha ciddi və kəskin olmalıdır. Çünki biz nəvazişli bir əlin toxunması ilə oyanacaq quş yuxusuna getməmişik, biz indi elə bir dərin yuxudayıq ki, ondan ayrılmaq üçün ancaq güclü təkanlar lazımdır” (Baku, 18 dekabr, 1911)

Ömər Faiq də bu təkanlardan, güclü silkələnmələrdən istifadə edərək xalqı oyatmaq üçün hər vasitəyə əl atırdı. Millətin ünvanına olan kobudluq da bundan doğurdu. O xalqın özünə yox, onu inkişafdan saxlayan, biədəbliyə sürükləyən, işıqlı dünyadan, təmiz havadan mərhum edən mürtəce adətlərə atəş açırdı.

Yaxud “Bir para hikmətli danışıqlar” sərlövhəli kiçik yazıdakı “hikmətlərin” birində deyirdi:

  • Kərbəlayi Həsən, utanmırsan, qızarmırsan ayaqyalın, tumançaq və başıaçıq çıxırsan küçəyə?
  • Vallah utanmağa utanıram, amma qorxuram qızaram, qorodovoylar gəlib tutub aparalar qatalar dama ki, rəngin niyə qırmızıdır”  (1907, No 4).

 “Qeyrət” sözü onun leksikonunda çox işlənən sözlərdəndir. Çünki elə bir dövr gəlmişdi ki, vətən hər kəsdən milli qeyrət tələb edirdi. Azərbaycanın ilk mədəni müəssisəsi olan Tuflis mətbəəsinin “Qeyrət” adlandırılması da təsadüfi deyildir. Ömər Faiqin bu mətbəədə çap olunan ilk və son kitabı “Dəvət”də əli qələm tutanları, imkanı və nüfuzu olanları milli qeyrətə çağırırdı. Lakin Ömər Faiq müasirlərində qeyrətsizlik hiss edəndə, xüsusən avam camaatı asanlıqla aldadıb öz toruna salan mollaların “avamlıqdan gələn mənfəəti-şəxsiyyə” xatirinə “avam dəstəsi yığıb “təkfir” silahı ilə vuruşmağa başladıqlarını görəndə dözə bilmirdi.O, “Hicab məsələsi və cavabımız” felyetonunda yazırdı: “Biçarə camaat elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqiqətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollarımızda doğrudan din, millət və vətən qaı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadlarına toxunsunlar. Amma vallah yalandır! Gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunulur, milli və hini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir curət yox, cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub, öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə … bəhs aça, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq” (1907, No 23).

Belə bir qeyrətsizliyi o təkcə mollalarda yox, milli təəssübkeşlikdən uzaq düşmüş, şan-şöhrət azarına tutulmuş, mədəniyyəti “Firəng” köynəklərininin yaxasını qulaqlarına qədər” qaldırmaqda, modalı paltarda və əcnəbi dildə danışmaqda görən bir sıra ziyalılarda, onun sözləri ilə desək, “sərsəm, avara, yarım cahil abrazovannılarda” da görürdü. Bu adamlar onu avam və cahil xalq kütləsindən daha çox hiddətləndirirdi. Belələrinə qarşı Ömər Faiq daha amansız idi və onları milli qeyrətə çağırarkən işlətdiyi tünd rənglər, nəzərə çarpan boyalar da fərqlənir, çılpaq və sığalsız olurdu. “Molla Nəsrəddin”də dərc etdirdiyi “Tərəkəmə” felyetonunda bakılı-qarabağlı münaqişəsinə toxunaraq yazırdı: “Amandır qardaşlar, qeyrət, qeyrət! (Əgər varsa!)” Bu adicə çağırış deyildi. Bu, tənqid obyektinin üzünə tərsinə çırpılan sillə idi. O, həmin felyetonun son cümləsini belə tamamlayırdı: “Amandır, qardaşlar, hümmət, hümmət!)”.

Müəllifin mötərizə içərisində verdiyi sözlər bütün felyetonun mayasını təşkil edir. Yəni xalq üçün bu saat qeyrət və hümmət lazımdır, o da yoxdur, sanki köç edib aradan çıxmışdır. Qeyrət olmayan yerdə hümmət göstərmək olmazdı. Elə buna görə də XX əsrin əvvəllərində milli inkişafın əsas hərəkətverici amili olan bu iki söz bütün mütərəqqi qüvvələrin dilində idi. Mətbəənin “Qeyrət”, siyasi təşkilatın “Hümmət” adlanması da bundan irəli gəlirdi.

Ömər Faiqin tənqid obyekti müxtəlif idi. O bütün və hər cür geriliyin, ətalətin, qəflət yuxusunun düşməni olduğu kimi, milli biganəliyin, yadlaşmanın, kökündən-soyundan uzaqlaşmanın, milli adları, milli ənənələri də özgələşdirmənin əleyhinə idi və bu işdə kim olursa olsun, ona qarşı çox barışmaz mövqe tuturdu.

Dil və əlifba məsələsində də Ömər Faiq çox kəskin mövqe ortaya qoyurdu. “Biz keçmişi deyil, gərək gələcəyi düşünək” deyən Ömər Faiq gələcəkdə “məmləkətimizə elektrik maşınası, tozlu yollarımıza avtomobil gətirmək üçün indiyə qədər “başımızı qıra-qıra öyrəndiyimiz ərəb əlifbasından əl çəkməli, dilin daxili təbiətinə uyğun əlifba yaratmalıyıq. Bu fikri o, bir il sonra “Molla Nəsrəddin” jurnalında daha kəskin qoyaraq yazırdı: “Bircə bilirəm ki, bu ərəb əlifbası nədir ki, toqi-zəncir olub keçib boğazımıza…Yəni bizim bu türk dilciyəmiz üçün yaranan bir əlifba düzəltsək qiyamət qopar?!…Yoxsa ərəblər gəlib bizi Qafqazdan qovarlar? (1910, No 32)

O, dünya hadisələrinə, beynəlxalq məsələlərə toxunanda da milli problemdən, yerli məsələlərən uzaqlaşmır və onları mənəvi ehtiyaclarla elə məharətlə bağlayırdı ki, özünün dediyi kimi “hər ağlı başında olanları dərin fikirlərə” salırdı (“Şərqi-Rus, 30 dekabr 1904). 

Məsələn, o “Poçtxana” adlı felyetonunda adicə jurnala abunə yazılmaq istəyənləri, ürək edib beş manatı poçta göndərməyi bacarmayanları tənqid edir və onların dili ilə deyir: “Mən indiyə qədər hələ qana bilməmişəm ki, poçtxanəni urus və nə üçün icad edib? Yenə dəmir yolu olmaya…İndi ki, hər gün İrəvanan Tiflisə gedən var, Tiflisdən Gəncəyə gedən var. Pul göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdir, ver arpasın dinməz-söyləməz, xərcsiz-zəhmətsiz.”

İlk baxışda bu adi geriliyi, avamlığı tənqid idi. Amma müəllif  bura elə bir məsələ də qatmışdır ki, bu yumor ikinci məsələdəki siyasi problemdən diqqəti, birinci növbədə sensor diqqətini yayındrmağa kömək etmişdir. Beş manat söhbətinin macərasını nəql edib qurtarandan sonra felyeton müəllifi yazırdı: “Mən istərdim ki, bu gün politika aləmindən oxucularımıza bir az söhbət edim. Məsələn, qəzetlər yazırlar Avstiya ilə Serbiya höküməti bu gün-sabah dava edəcəklər. Mən istərdim həmin nömrədə cəfəngiyyat əvəzinə bir siyasi məqalə yazam.Məsələn, heç olmasa yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti nə vaxt və haradan başlayıb. İstəyirdim yam ki, Serbiya bir balaca hökümətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu və ildə bir dəfə  Osmanlı sultanları paşaları və yanıçarları göndərib serblərin bir az başlarını tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sulltanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb özləri məşğuliyyət edirdilər. Axırda qəza elə gətirdi ki, 27 il bundan qabaq Serbiya höküməti çıxdı azadlığa və məşrutəli bir krallıq oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır. Amma di gəl ki, başladılar məktəblər açmağa, darülfununlar açmağa. Axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ilə kəllə-kəlləyə vursunlar. Hə nə üstə. Bosnya üstə. Bosnya nədir?

Xülasə istəyirdim buna oxşar bir söhbət başlayam. Amma öz-özümə dedim ki, Ay Molla Nəsrəddin, sən dəlisən, nəsən. Bir camaat ki, bir şəhərdən o biri şəhərə beş manat göndərməyi bacarmır, məgər bu cür camaat üçün rəvadırmı yazmaq ki, nə bilim Avstriya belə getdi, Serbiya elə getdi. Sən onu de ki, İrəvandan Tiflisə, Şirvandan Qarabağa nə cür və bə qayda ilə beş manat göndərmək” (“Molla Nəsrəddin”, 1910, No 9)

Nəticə etibarilə belə bir məsələni də qeyd etmək lazımdır ki, Ömər Faiqin jurnalda bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyadırdısa, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı geniş rəğbət yaradırdı. Yalnız onu qeyd etmək kifayətdir ki, 1907-ci ildə o, jurnalda dərc etdiyi karikaturalardan birində müstəbid Sultan Əbdülhəmidi Avropa dövlət başçıları qarşısında meymun şəklində təsvir etdiyi üçün həbs olunmuş, lakin geniş xalq kütləsinin tələbi ilə 2 aydan sonra azad edilmişdir. Ömər Faiq həbs edilərkən jurnalın rəssamı Şmerlinq bu münasibətlə bir karikatura çəkib jurnalın 2 oktyabr 1907-ci il 37-ci nömərsinin üz qabığında dərc etdirmişdir. Orada din xadimləri, bəy və mülkədarlar ayaqlarına qandal vurulmuş Ömər Faiqi ələ salıb gülürlər. Şəklin üstündə “Ömər Faiq Nemanzadə” , altında isə M.Ə. Sabirin aşağıdakı misraları yazılmışdır:

Noldu balam ədaların,

O ucalan sədaların,

Böyüklərə cəfaların,

Sən deyən oldu, biz deyən!

Bundan bir neçə gün sonar jurnalın 39-cu nömrəsində Sabirin daha bir məşhur şeri çap olundu. Həmin şerdə şair Ömər Faiqin hökümət tərəfindən təqib olunmasına işarə edərək çox mənalı və yumoristik şəkildə yazırdı:

Soldumu gülzarın, ey Faiq Neman pəsər?

Laləyi-nemanların oldumu xunin cigər?

Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?

Nərkisi-şəhlalərən jaləçəkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Söyləmədimmi sənə rahət otur heyfsən?

Çəkmə bu millət qəmin, çək özünə keyf sən!

Xana deyildir sənin, getməlisən, zeyfsən!

Eyləmədin etina qissə haman oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Fayidə verməz dedim etdiyin əfqan sənə,

Halına yandıqların eyləməz ehsan sənə,

Məskən olur aqibət, guşəyi-zindan sənə,

Guşəyi-zindan sənə iştə məkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə başda otur tac tək,

Durma müqabil, bəla tirinə amac tək,

“Dad məni tutdular” söyləmə dürrac tək,

Balü-pərin nagəhan, tirə nişan oldumu

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə girmə işə canilən,

Xovf elə sallaşma çox, bəylərilən, xanilən

Olmagilən həm rəviş, məclisi-iranilən,

Məclisi-İranda bir şevkətü-şan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə, həzrəti-zişanları

Eyləmə dəvət əbəs, birliyə işanları,

Sən ki, yıxa bilməsən, bunca pərişanları,

Məsələyi-ittihad həllü-bəyan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Bunlar təkcə Ömər Faiq əfəndi ilə yox, bütün “Molla Nəsrəddin” dünyası ilə, mollanəsrəddinçilərin, xalqın azadlığı uğrunda vuruşanların hamısı ilə poetic səsləşmə demək idi. Jurnalın göstərdiyi təsirin, oyatdığı milli-mənəvi ideyanın əks-sədası idi. “Fayidə verməz dedim etdiyin əfqan sənə, halna yandıqların eyləməz ehsan sənə” – deyən şairin eyhamları da, dolayı fikirləri də aydın idi; el üçün, vətən üçün edilən fəryadlar da fayda verir, xalq da onun halına yananı, uğrunda vuruşanı sevir. Bunu isə şair Ömər Faiqin simasında verirdi. Çünki indiki halda əsas obyekt Ömər Faiq idi, Sabir poeziyasının ciddi tələblərinə ən çox o, uyğun gəlirdi. Ona görə ki, o, nə edirdisə, xalq üçün edirdi, nə yazırdısa, xalq üçün yazırdı. Bunun müqabilində isə heç kəsdən heç bir təmənna, təşəkkür gözləmirdi.

Sabir özü də belə idi. Bütöv xarakteri, əyilməz vicdanı, yenilməz gücü ilə nadir vətəndaş olduğundan Faiq Əfəndi də onun idealına cavab verən cəsur, qorxmaz, bütöv xarakterli bir adam idi. Belə olmasa idi, Sabir kimi bir şair müasirlərindən heç kəsə yox, məhz Ömər Faiqə bir neçə şer həsr edərək onu özünün lirik qəhrəmanına çevirməzdi.

O, “Mən demədimmi sənə rahət otur heyfsən, çəkmə bu millət qəmin çək özünə keyf sən” – desə də bilirdi ki, rahat oturmaq, özü üçün yaşamaq, kef çəkmək, millətdən uzaq qaçmaq onun xarakterinə yad idi və xalq yolunda özünə, canına heyfi gələn adam deyildi. O nə edirdisə, cani – dildən edirdi, hansı işə əl atırdısa, ona bütün varlığı ilə girişirdi. Yarımçıq işi, səthi fəaliyyəti, diletantlığı, boğazdan yuxarı deyilmiş sözü sevməzdi.

“Mən demədimmi sənə gormə işə can ilən, xof elə sallaşma çox bəylər ilən, xan ilə”. Sabir bununla elə bil Ömər Faiqin xarakterini açır, onun hər bir işə can-başla girişməsini də, xalqın birinci və ən zalım istismarçısı olan bəylər və xanlara “sallaşmasını”– vuruşmasını da və bundan qətiyyən xof etməməsini də nəzərə çarpdırmaq istəyirdi.

Sabirin ölümündən sonra “Molla Nəsrəddin” aləmində vəziyyət bir qədər dəyişsə də, Ömər Faiq böyük şairin ona verdiyi poetic xasiyyətnaməni sonrakı bütün ictimai-siyasi fəaliyyətində qoruyub saxlamışdır.