Məqalələr

Yatmışları oyadan publisist – Bədirxan Əhmədli

By November 27, 2019 No Comments

XX əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan Ömər Faiq Nemanzadənin (1872-1937) “Molla Nəsrəddin”, “İrşad”, “İqbal”, “Açıq söz” və s. qəzet və jurnallarda dərc edilən yüzlərlə məqalə, şeir, felyeton və hekayələrinin xalqın milli, ictimai şüurunun oyanmasmda, formalaşmasında böyük rolu olmuşdur. “Molla Nəsrəddin” jurnalının cəmiyyətdə qazandığı mövqedə, eləcə də bir satirik məktəb halına gəlməsində onun da böyük əməyi vardır. Ö.F.Nemanzadə həm də xalqını, millətini ürəkdən sevən, onun uğrunda bütün əziyyətlərə qatlaşan, hətta ölümə gedən bir vətəndaş olmuşdur.

Ö.F.Nemanzadə bir neçə il molla yanında dərs alsa da, daha sonra rus məktəbində oxumağı üstün tutmuşdur. Lakin Qori Müəllimlər Seminariyasında təhsil almaq ona nəsib olmur, çünki dindar anası oğlunu kafirlərin içərisinə buraxmağı lazım bilməmişdi və onu dinin əsaslarını öyrənmək üçün İs­tanbul “Fateh” məktəbinə göndərmişdi. Ömər Faiqin həvəsi dünyəvi elmlərə olduğundan “Darüş-şəfəq” yetimlər məktəbində oxumağa qərar verir. Burada o, şəriət dərsləri ilə yanaşı, fizika, kimya, zoologiya, tarix, coğrafiya və s. fənləri öyrənirdi. Təhsil alarkən Türkiyədə gedən proseslərə qoşulan Ömər Faiq devrimçi ruhlu gənclərlə yaxın əlaqələr qurur, gizli qəzet və jurnallar oxuyur. Gənclərin gizli fəaliyyətlərinin üstü açılarkən orada qala bilməyib vətənə qayıdır. Burada məktəb açmaq, maarifi yaymaq istəsə də, buna nail ola bilmir. Bir müddət işsiz qalsa da, nəhayət, Şəkidə yenicə açılmış üsuli-cədid məktəbində müəllim işləməyə başlayır. Şəkidə bir ziyalı kimi Ömər Faiqi maarifçilik sahəsində böyük işlər gözləyirdi: xalqı qəflət yuxusundan ayıltmaq, yeni düşüncəni, teatrı, maarifi təbliğ etmək və s. Burada onun ilk işlərindən biri Şəkinin gənc ziyalılarını ətrafına toplayaraq, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoymaqdan ibarət olur.

Ö.F.Nemanzadəni əsrin sonlarından başlayaraq Şamaxıda, Bakıda, Gəncədə işləyən görürük. Lakin onun məqsədi daha geniş arenaya çıxmaq, maarifçilik yolunda xalqına xidmət etməkdən ibarət idi. Bunun üçün isə hər şeydən əvvəl xalqın “görən gözü”, “eşidən qulağı”, “deyən dili” olan mətbuat orqanı yaratmaq lazım gəlirdi. Lakin XX yüzilə qəzetsiz daxil olan Azərbaycan ədəbi-mədəni mühitində bunu etmək о qədər də asan deyildi. Ö.F.Ne­manzadə ümumən Qafqazda gedən ədəbi, mədəni, ictimai prosesləri yaxından izləyir, xalqın, millətin gələcək inkişafı yolunda atılan hər bir addımı təqdir edirdi. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda qız məktəbi açmasına sevindiyindəndir ki, dərhal Türkiyədə çıxan “Sərvəti-fünun” qəzetinə məqalə yazaraq təəssüratlarını bildirmişdi. Lakin bu cür çıxışlar epizodik xarakter daşıyırdı və o, öz fikirlərini ifadə etmək üçün tribuna – mətbuat orqanı axtarırdı. Belə bir mətbuat orqanı Tiflisdə M.Şahtaxtının nəşr etdiyi “Şərqi-Rus” qəzeti (1903) olur. O, burada yalnız düşüncələrini ifadə etmək üçün tribuna əldə etmir, həm də gələcək fəaliyyətində, həyatında önəmli rolu olan C.Məmmədquluzadə ilə görüşür. “Şərqi-Rus”da dərc etdirdiyi məqalələrində Ö.F.Nemanzadə maarifi təbliğ edir, xalqın, cəmiyyətin problemlərini ifadə etməyə çalışırdı. Baxmayaraq ki bəzən onun bu kəskin fikirləri senzuranın etirazına səbəb olurdu, ancaq o, öz sözünü deyir, mümkün qədər xalqı ayıltmağa çalışır, istibdada qarşı çıxırdı.

“Şərqi-Rus” bağlandıqdan sonra (1905-ci ilin yanvarı) Ö.F.Nemanzadə ilə C.Məmmədquluzadənin müstəqil və müştərək işləmək üçün imkanları yaranır. Нər ikisi bu imkanı dəyərləndirərək, redaksiyanın mətbəəsini satın alır. Bu, hər iki şəxsiyyətin həyatında böyük bir dönüşün əsası olur. Bu barədə Ömər Faiq yazırdı: “Çoxdan həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir surətdə razı olmamağımı, nə yolla olur-olsun, onu saxlamaq gərəkliliyini Mirzə Сəlilə dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm yox. Lakin Məhəmməd ağa, söz yox ki, pul istəyəcək. О da ki nə səndə, nə də məndə. Bir də, Faiq, Məhəmməd ağa bilsə ki mətbəə sənin əlinə keçəcəkdir, qorxuram bizə heç verməyə”. Dedim: “Mənim adımı çəkmə, sən Məhəmməd ağanı bir az vaxt dayandır, pul tapacağına söz ver, qorxma!”

Bu səddi aşan C.Məmmədquluzadə və Ömər Faiq mətbəəyə “Qeyrət” adı verirlər və mətbəə tezliklə (1905-ci ilin fevralı) fəaliyyətə başlayır. Bu­rada onlar həm elmi, həm bədii kitablar, həm də intibahnamə və kitabçalar, tərcümə əsərləri çap edirlər. Seyid Mirhəmzə Nigarinin “Divan”ı da ilk dəfə bu mətbəədə nəşr olunmuşdur. Buradakı faaliyyəti Ömər Faiqi ictimai-siyasi proseslərin mərkəzinə atır və həmkarı C.Məmmədquluzadə ilə birgə “Torpaq” adlı jurnal çıxarmaq istəsə də, buna icazə verilmir. Jurnalın baş redaktoru kimi Ömər Faiq nəzərdə tutulduğundan onun Türkiyədə təhsil aldığını bəhanə edən hökumət rədd cavabı verir. Onların ikinci mətbuat orqanı açmaq cəhdi – “Novruz” da baş tutmur. Lakin gözlənilmədən C.Məmmədquluzadənin baş mühərrirliyi ilə “Molla Nəsrəddin”in nəşrinə icazə verilir. Jurnalın ilk saylarının bütün ağırlığı məhz onların üzərinə düşürdü. Ömər Faiq yalnız “Molla Nəsrəddin”də deyil, Bakıda çıxan müxtəlif qəzet və jurnallarda da problematik məqalələrlə tez-tez çıxış edirdi.

Rusiyada davam edən ictimai-siyasi proseslər inqilabla nəticələnib çarizm devriləndən dərhal sonra Ömər Faiq doğulduğu kənddə mübarizəsini davam etdirirdi. Onun torpağı kəndlilərə pulsuz paylamaq fikri yerli bəylərin etirazına səbəb olmuş, yalnız bəylər tərəfindən deyil, hətta gürcü menşevik hökuməti tərəfindən təqibə məruz qalmışdı. Lakin bu təqiblər onu yolundan döndərə bilməmiş, gürcü hökuməti ilə ziddiyyətləri getdikcə daha da dərinləşmişdi. Getdikcə o, mübarizəsini gürcü hökumətinin ədalətsiz qərarlarına qarşı gücləndirmişdi. 1918-ci ildə publisisti üç dəfə həbs etmiş, ictimaiyyətin etirazından sonra azad etmək məcburiyyəti qarşısında qalmışlar. О zaman Tiflis həbsxanasında Ömər Faiqlə görüşüb onun vəziyyətindən rahatsız olan şair Ə.Cavad yazırdı: “Mən bu həqarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyim üçün gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla bərabər, gürcü hökumətinə qələm arkadaşlarım namından etiraz edirəm. Ömər Faiq təkcə Axalsixin deyil, bütün millətin xadimidir”.

Bu təzyiq və həbslərdən cana doyan Ömər Faiq yenidən ləkələnməkdən ehtiyat edərək bir müddət Bakıya gəlib Azərbaycan Xalq Cümhuriyyətinin polis idarəsində çalışır. Sovetlər qurulduqdan sonra müxtəlif vəzifələrdə işləyib təqaüdə çıxır və xatirələrini yazmaqla məşğul olur. Ancaq repressiyanın tüğyan etdiyi 1937-ci ildə doğulduğu Axalsixdə dincələrkən prokuror Oda-başyanın sərəncamı ilə həbs edilmiş və güllələnməyə məhkum edilmişdir.

Ö.F.Nemanzadənin ədəbi fəaliyyəti geniş və çox şaxəlidir; bura mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif mətbuat orqanlarında şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb-yaratması, maarifçilik sahəsində apardığı işlər daxildir. Onun yazıları “Şərqi-Rus”, “Tərcüman”, “Sərvəti-fünun”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz” və s. onlarla qəzet və jurnalda nəşr olunmuşdur. Bu məqalə və felyetonlarının altında 40-dan çox imza işlətmişdir. “Lağlağı”, “Heyrani”, “Məşrutəçi” və s. imzaların Ömər Faiqə məxsus olduğu artıq məlumdur və bu imzalarla onun yüzlərlə felyetonu vardır. Ş.Qurbanovun araşdırmalarına görə, “bu yazıların əksəriyyəti “Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. İndi tam inamla demək olar ki, məşhur “Erməni və müsəlman qadınları”, “Qafqaz şeyxülislamına iki dənə açıq məktub” kimi əhəmiyyətli və XX əsrin əvvəllərində geniş ictimai rəy oyatmış yazılar Ömər Faiqindir”.

Ömər Faiqin əlimizdə olan məqalələrindən aydın olur ki, o, hələ XIX əsrin sonlarında kiçik məktub və məqalələrlə “Tərcüman”ın səhifələrində çıxış etmişdir. Redaksiyaya Axalsixdən yazdığı ikinci məktubunda artıq publisist köklü problemlərə toxunur, hətta burada satirik ifadə vasitələrindən və kinayədən də istifadə edir: “Cənab mühərrir! Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski!

Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını  məccani[1]oxutdurur.

Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabla qırx min cana bir üsuli-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də о dərəcədədir ki, dördsaatlıq yol olan Qori darül-müəllimində ancaq bir müsəlman var.

Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyif ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır” (“Tərcüman”, 7 yanvar 1900).”Şərqi-Rus” qəzeti isə Ömər Faiqin ən vacib problemə həsr etdiyi publisist yazılarını dərc etdirdiyi mətbuat orqanlarından biridir. O, burada dərc etdirdiyi məqalə və bədii yazılarında heç nədən çəkinmədən xalqın dərdini, bəlalarını dilə gətirir, ən kəskin problemlərə toxunurdu. Yarandığı ilk vaxtlardan çalışmağa başladığı “Şərqi-Rus” qəzetinin elə 3, 4, 5-ci saylarında mövzu və problematikası ilə diqqəti cəlb edən “Dərdimiz və dərmanımız” felyetonunu dərc etdirir. Publisistin bu felyetonunda sonralar M.Ə.Sabirin sa­tirik şeirlərinin tənqid hədəflərindən olan məsələlərə toxunması onun siyasi düşüncəsinin formalaşdığını göstərməkdədir. Felyetonda deyilir: “Bəli, biz də keçmiş islam mədəniyyətlərindən, indiki Avropa tərəqqisindən ibrət alırız. Amma nə cürə? İştə bilinəcək cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qədim islam mədəniyyətini yalnız adı qalmış indiki zahiri şəriətimizlə о mərtəbəyə, о kamala yetmiş, çatmış zənn edirlər və bu gün də о fəsad, kar görməz fikir guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat” (“Şərqi-Rus”, 4,6,11 aprel 1903).

Bir qisim kişilərin “qeyrət”indən, dövlətlilərin “mərifət”indən danışan müəllif islam məmurları, məlumatlı kişilərimizin “öz dillərində qəzet oxu­mamaq”larını önə çəkərək yazırdı: “Bir çox qəzetə oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verib, alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Mənim də adımı çəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar: həmiyyətli[1] qonşusundan, yoldaşından araya alıb yarım gözlə oxumağı adət etmişlər. Hasilə bu gün hər cür halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə bir boy göstəririz. Aşağıdakı beytlər təmamən bizim üçün söylənmiş:

Qüvvəti-dil bizdə düruq lafu lağ, 

Bizdə şur mədədir, hökm bəlağ.

Rəncimiz izafi əfzn istəriz,

Əql üçün daruyi-əfyun istəriz”.

Ö.F.Nemanzadə məqalə və felyetonlarında dövrünün çox ciddi problemlərinə toxunur, ictimai düşüncənin yeni mərhələyə daxil olması üçün əlindən gələni edirdi. “Dilimiz və imlamız” (1904), “Nə üçün öz haqqımızı istəmiriz” (1904), “Əhməd bəy Ağayev” (1904), “Qəbirdən xortlayan adam” (1904), “Ağacı qurd içindən yeyər” (1905), “Nə vaxta qədər” (1906), “Alınan azadlığı nə cür saxlamalı” (1906), “Millətpərəstlik zamanıdır” (1906), “Molla Nəsrəddin” bağlandı (1907), “Bizə hansı elmlər lazımdır” (1907), “Yazımız, dilimiz, “İkinci ilimiz” (1909), “Milli məsələlərimizin vaxtımı?” (1915), “Mən kiməm?!” (1917), “Milliləşmək” (1920) və s. məqalələrində vətən sevgisindən doğan mücahidliklə xalqı, milləti oyadır, onun siyasi, mənəvi, maarifçi problemlərinin həlli üçün çalışırdı.    

“Dilimiz, imlamız” məqaləsində Ö.F.Nemanzadənin yalnız doğma dilinə hədsiz sevgisinin şahidi olmuruq, о həm də bu sevgidən doğan vətəndaşlıq hissi ilə dili yaşatmaq, inkişaf etdirmək, qoruyub saxlamaq üçün problemlər qaldırmağı bacarırdı. Publisist dilin yaşamasını şərtləndirən amillər arasında imla probleminə toxunur və dil-imla paralelliyinin yaşarılığını əsas şərtlərdən biri hesab edir: “Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağını söyləmək üçün dəlilə, təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır[2]. …Bir vaxt olacaq ki, о kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir.Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxuludur”.Bu qorxu, dövrünün bir çox maarifçiləri kimi Ö.F.Nemanzadəni də çox düşündürür, dilini saxlamaq üçün mövcud elmi, ədəbi potensialdan istifadə etməyin yollarını arayır. Müəllif dilin lüğət tərkibi, sözlərin işlənmə dərəcəsi, əlifba mövcudluğu, imla qaydalarını və s.-ni türkcəmizin varlığını, yaşarılığını təşkil edən əsas amillərdən hesab edir: “Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ilə danışsalar, darıxırlar. Bir kazanlı ilə bir qafqazlının beş-on dəqiqə türkcə danışabilmələri isə çox az görünür. Yazıları da bunun kimi. Bu suç, bu təqsir hərçənd adamlardan başqa, əql imdada varsa, böyük və bağışlanmaz teqsiri yenə bizdədir. Hər kəs bilir ki, Kazan ilə Tiflis kimi uzaq məmləkətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxın məmləkətlərin dilləri arasında belə az-çox bir ayrılıq var”.

Türkcəmizin varlığının qorunması naminə, Ö.F.Nemanzadənin fikrincə, yazılarımız hər bir kəs üçün anlaşıqlı dildə yazılmalı, “gərəksiz” və “artıq” ərəbcə, farsca sözlərdən azad olmalıdır. Qeyd etmək lazımdır ki, dil, əlifba, yazı problemi ilə bağlı Ö.F.Nemanzadənin yazıları bununla məhdudlaşmamış, о bir neçə dəfə bu problemə aid müxtəlif qəzet və məcmuələrdə məqalə və felyetonlar dərc etdirmişdir. “G və K” hərflərinə aid ayrıca bir məqalə həsr etməsi də təsadüfi deyildi. “Yazımız, dilimiz, “İkinci ilimiz” adlı irihəcmli məqaləsi bu sahədə aparılan araşdırma hesab edilə bilər. Məqalə şair və ədib Əli bəy Hüseynzadənin “Tərəqqi” qəzetinin 13-23-cü saylarında bu adda yazdığı məqaləyə cavab qismindədir. Ə.Hüseynzadənin məqaləsi isə Azərbaycanın görkəmli maarifçiləri F.Ağazadə, A.Şaiq, S.S.Axundov, M.Mahmudbəyov, Ə.Əfəndiyev və S.Əbdürrəhmanbəyovun hazırladığı “İkinci ilimiz” dərsliyini tənqid edirdi. “Molla Nəsrəddin” jurnalında dərc olunan “Zəncir” felyetonunda Ə.Hüseynzadənin mövqeyi tənqid olunmaqla yanaşı, “yoldaşımız Nemanzadənin bu xüsusunda dəxi ətraflı cavabını oxucularımız “Tərəqqi”də oxuyurlar” (“Molla Nəsrəddin”, 1909) kimi qeyd əlavə olunmuşdu.

“Tərəqqi”də dərc olunan məqaləsində Ə.Hüseynzadənin məqaləsinin haqlı tərəflərini göstərdiyi kimi, haqsız cəhətlərini də qeyd etməkdən çəkinməmişdi. O, Ə.Hüseynzadənin imlamızı osmanlı qaydalarına uyğunlaşdırmaq təşəbbüsü ilə razılaşmayaraq yazır: “Burada bizə deyiləcək ki, Osmanlı ədibləri elə yazırlar, biz də gərək elə yazaq. Çox əcəb, amma biz də deyirikki, osmanlıların əlifbaları, imlaları, sərf[1] qaydaları hələ tamamilə təyin edilib qurtarmamışdır. Daha doğrusu, Osmanlıda hələ bir tərzdə imla və sərf qaydaları yoxdur…”

Müəllif Orxon yazılarında, “Kudatqu-bilig” kitablarındakı ədatların yazılışına da diqqət çəkir. Əski imla ilə sözlərimizin, ədatlarımızın yaxşı oxunmadığına diqqət çekən Ö.F.Nemanzadə Ə.Hüseynzadə ilə polemikasını açıq şəkildə aparır, əvvəlcə opponentinin, sonra özünün fikirlərini verir: “Hüseynzadə cənabları yazır: “Tərəqqimizin maneələrini əlifbamızda görərək yazımızı islahə qalxışanların rus əlifbasından başqa bir şeyə etibar etdikləri yox. Bunların çoxu firəng, ingilis əlifbasından xəbərsizdilər. Halbuki ingilislər о əcaib imlaları ilə Avropa və Amerikada, yaponlar о heroqlifləri ilə Asiyada mədəniyyətin ən üst qatına yetişməmişlərmi?”

Ö.F.Nemanzadə dilin ərəb-fars sözləri ilə doldurulmasına qarşı çıxır və sadə türk dilində danışmağı və yazmağı vacib hesab edir. Onun fikrincə, tanrı, ana, ata, qardaş, yoldaş, çörək, su, duz, göy, yer, ev, eşik, sevgi, istəmək, yaşıl, qırmızı… bu cür üç-dörd yaşındakı balalarımızın da bildiyi minlərcə türk sözlərimiz ola-ola, onları buraxıb yerinə həqqi-təala, pədər[2], madər[3], rəfiq, həmşirə[4], рак, səma, zəmin, astanə, məhəbbət, səbz[5], xüzrət[6], sürx[7] sözlərini işlətmək doğru deyildir. Bir millətin özgələrin sərf qaydalarını olduğu kimi qəbul edib öz dilinə doldurmağın da yolverilməzliyi qənaətinə gəlir.Ö.F.Nemanzadənin məqalələri yalnız maarif, mədəniyyət, yazı, imla məsələlərinə həsr olunmamış, ictimai-siyasi problemləri də özündə ehtiva etmişdir. “Dəvət”, “Ağacı qurd içindən 
yeyər”, “Biz də vaxta görə çalışaq”, “Cavan bir millətpərəstin vəfatı” və s. məqalələrində milli, ictimai düşüncənin gəlişməsi yolunda problemlər qaldırır, əsrlə, zamanla ayaqlaşmağın zəruriliyini qeyd edir. Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi atası hesab olunan Zəkəriyyə Quluzadənin vəfatı münasibətilə yazdığı məqalədə onu otuz iki-otuz üç yaşlı cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, hörmətli bir vətəndaş kimi qələmə verir. Başqa bir məqaləsində isə (“Əhməd Bəy Ağayev”) “Kaspi” qəzetinin qeyrətlı, yorulmaz mühərrir­lərindən olan Ə.Ağaoğlunun Fransaya gedərək Sorbonna Universitetini bitirməsinə, Qafqaz müsəlmanlarının fəxarətinə çevrilməsinə diqqət çəkir, “Dəvət’də isə Qafqaz müsəlmanları arasında mətbəənin, mətbuatın az olmasından gileylənir: “Bu halda Rusiyada hüsni surətlə davam edən mətbəələrimizin ən birincisi, mətbuat-qəzetlərimizin millətə ən xeyirlisi və nəfisi hamıya məlum olan möhtərəm “Tərcüman”dır. Lakin bir “Tərcüman” ilə otuz milyon xalqın ehtiyacı görülə bilməz… bizə beş-on deyil, on beş, iyirmi qəzet, jurnal lazımdır. Heyif, çox heyif ki, guya islamiyyətin, daha doğrusu, indiki müsəlmanların mətbəə və tazə mətbuat ilə heç işləri-gücləri yox imiş kimi, bu xüsus əsla nəzərə alınmıyor”.

“Millətpərəstlik zamanıdır” məqaləsində isə müəllif xalqı nadanlıqdan, gerilikdən qurtarmağın yollarını arayır; sehrlənmiş islam aləminin inkişaf faktorlarını araşdırır. Bu gün Hacı Zeynalabdin Tağıyevdən savayı bir dövlətlimizin özbaşına bir məktəb, bir mədrəsə, bir kitabxana vücuda gətirmədiklərindən narahatlığını bildirir: “Füqəra camaatın pulu ilə, alın təri ilə dövlətlənən hansı bir bəyimiz, ağamız bir mədrəsə və məktəbə iki dükan və ya beş arşın bez vəqf edib? Hər tərəfə baxsan, müsəlmanların içində fəqirlik, nadanlıq, bacarıqsızlıq, məhkumluq son bir mərtəbəyə varıb”.

“Мən kiməm?!” məqaləsində isə Ö.F.Nemanzadə hələ də aktuallığını itirməyən və bəlkə daha çox əhəmiyyət daşıyan milli kimlik məsələsini qaldırır. Təxminən otuz il əvvəl “Kəşkül”də bu məsələnin qaldırılmasına rəğmən, hələ də milli kimlik, hansı millətə mənsub olmağımız cəmiyyət içərisində öz həllini tapmamışdır. Нələ də millətini soruşanda insanlar “iranlı və şiə məzhəbəm”, “qafqazlı babıyam”, “osmanlı və sünniyəm” kimi ifadələrin işlənməsi ilə razılaşmayan müəllif xristian və müsəlman qarşılaşdırmasından istifadə edir. Şakro Caparidzedən[1] məzhəbini soruşurkən pravoslav, millətini isə gürcü deməsi ilə müsəlmanın cavabı üst-üstə düşmür. Bizdə isə lap tərsinədir; sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə, şiəyə “türk” deyəsən, о saat səndən üz çevirər. Yaxud “Soruşalım ki:

  • Soy və millətiniz nədir?
  • Əlhəmdülillah, müsəlmanız.
  • Şiəsiniz, yoxsa sünni?
  • Heç biri deyiliz, təkcə müsəlmanız.
  • Özgə bir adınız-zadınız yoxmu?
  • Xeyr, xeyr, xeyr!

Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox”.

Ö.F.Nemanzadə türkə müraciətlə dediyi: “Ey рак ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfusunu artırmaq, о nüfusda öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər”, çağırısı bu problemin millətin inkişafı üçün nə qədər önəm daşıdığını göstərir.

“Kaspi nəşrləri” seriyası

“KASPİ” – MAARİFÇİLİK MEYDANI

Kitab Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə və “Kaspi” qəzetinin 135 illik yubileyinə həsr olunur

“Kaspi nəşrləri” layihəsinin rəhbəri, kitabın ideya və ön sözünün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva

Redaktor: Fərid Hüseyn

“Kaspi”- maarifçilik meydanı” kitabı “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi əsasında işıq üzü görür

“Kaspi” – maarifçilik meydanı”.

Bakı, “Zərdabi LTD” MMC, 2016, 652 səh.

“Kaspi” – maarifçilik meydanı” kitabında 2013-2015-ci illər ərzində “Kaspi” qəzetində dərc olunmuş Həsən bəy Zərdabi, Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer almışdır. Kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

ISBN 978 9952 504 48 4