Məqalələr

Ömər Faiq Nemanzadənin fikir dünyası – Şamil Vəliyev

By February 3, 2020 No Comments

XIX əsrin sonu – XX əsrin əvvəllərində kapitalizmin sürətli inkişaf məcrasında yaradıcılığa başlayan bir sıra ziyalılar kimi Ömər Faiq Nemanzadə də dövrün yeni çağırışlarına cavab verməyə çalışır, “Xalq səlamətliyi, vətən bütövlüyü, dövlət intizamı” (Üzeyir Hacıbəyli) fikri ilə yaşayır, əməli və elmi-nəzəri axtarışlarını bu ideyaya tabe tutur, çarizmin müstəqil monarxiyasından qurtuluş arzusunu məqsəd və vəzifə bilirdi. XIX əsrin əvvəllərində güclənən ictimai-siyasi proseslər dalğasında mitinq, tətil, nümayişlərin artması, etiraz bəyanatlarının yayılması və çoxalması buna ciddi əsas verir, ölkədə, sosial həyatda və şüurda islahatların – reformaların aparılmasına meydan açırdı. İş о yerə çatmışdı ki, əsrlərlə Romanovlar sülaləsinin monarxiya rejimində yaşayan bir ölkədə çarın şəkli mətbuat orqanlarında verilərkən baş əvəzinə xoruz başı çəkilir, çar imperiyası miqyasında idarəçiliyin demokratik əsaslar üzərində qurulması tələb olunur, sosializm ideyası gizli partiya və xeyriyyə cəmiyyətləri tərəfindən böyük rəğbət qazanır, RSDFP (Rusiya Sosial-Demokrat Fəhlə Partiyası) V.İ.Lenin başda olmaqla mütləqiyyət hakimiyyətinin kökünü qazır, konstitusiyalı hakimiyyət arzusu Rusiya imperiyası ərazisini bürüyürdü. Gündən-günə güclənən bu ictimai-siyasi proseslərin qarşısını almaq üçün mühafizəkar monarxistlər müxtəlif cəhdlər və güzəştlər etsə də, hadisələr azadlıq və reformaların qaçılmaz olduğunu təsdiqləyirdi. İmperiya ərazisində milli münaqişələrin yaradılması, Dumanın təsisi bu istiqamətdə atılan addımlardan idi. Belə bir vaxtda Ö.F.Nemanzadə yazırdı: “Müstəbid hökumətin, keyfi idarənin, zalimanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerdə istibdad, istibdad olan yerdə ədəbiyyat yaşıyamaz. Bu səbəblə idi ki, müstəbid və zalım padhaşlar keyfi idarələrinin bəqayi-davamı üçün ən ziyadə müraciət etdikləri tədbir ədəbiyyatı qısmaq, hürr mətbuatı yox etməkdir” (“Azərbaycan” qəzeti, 21 təşrini-sani (noyabr), 1918, № 327).

Ədəbi-ictimai prosesə Tiflisdə nəşr olunan “Şərqi-Rus” qəzeti vasitəsilə aktiv şəkildə qoşulan Ö.F.Nemanzadə dövri mətbuatda tez-tez çıxış edir, Azərbaycan həqiqətlərinin təsvir və təhlilinə publisistikasında geniş yer ayırırdı. O, mövcud problemlərin həlli üçün çar Nikolayın imzaladığı məşhur “Xətti-humayin” (17 oktyabr manifesti) haqqında danışarkən bildirirdi ki, maarif, mətbuat və mədəniyyətin inkişafı naminə bu rəsmi sənəddən – “elani-rəsmidən” faydalanmaq vacibdir. Çünki həmin məşhur “manifestin” mahiyyəti düzgün başa düşülmür, “erməni fəndi” kimi qiymətləndirilir, buradakı “əhaliyə hürriyyəti – şəxsiyyəyi-həqiqiyyə, hürriyyəti-vicdan, hürriyyəti-kəlam, hüriyyəti ictimai (yığıncaq azadlığı) və ittifaq üsul və qəvaidinə (qaydalarına) istinad edən hürriyyəti-mədəniyyənin naqabil təğyir olan ərkan (dəyişikliklərə mane olan vəzifəli şəxslər) və əsasını əta etsinlər” fikri, yəni hər növ azadlıqların elan edilməsi tərəddüdlə qarşılanır, yerli – milli mühafizəkarların “praqmatik-mənfəətpərəst” davranışları ictimai şüurda ziddiyyətlər yaradırdı.

“Manifest’in verilməsindən az sonra Rusiyada Stolıpin irticası başladı, lakin necə deyərlər, artıq cin şüşədən çıxmışdı, “Stolıpin qalstukları” – dar ağacları dəbə minsə də, monarxiyanın yıxılacağına inam yaradan azadlıq ideyası artıq hər bölgənin, о cümlədən Qafqazın, Azərbaycanın taleyində Günəş kimi işıq saçırdı. Onu ilk görən və dərk edənlərdən biri kimi Ö.F.Nemanzadə yazırdı: “Səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişdirilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzrə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. 

Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki о hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər, biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti о köhnə rəzalət, о alçaq və əsirlik şəklində görüblər”.
“Manifest’lə söz, mətbuat, vicdan, şəxsiyyət və mülkiyyət azadlıqlarının verilməsini yüksək qiymətləndirən Ö.F.Nemanzadə ondan sui-istifadə edənlərin, verilmiş imkanlardan düzgün yararlanmayanların, ictimaiyyətin deyil, yalnız şəxsi maraqlarını güdənlərin mövqeyini tənqid edir, bu və ya bu kimi halların elm, maarif, mədəniyyət və mətbuatımıza, ümummilli intibaha ciddi ziyan vurduğunu nəzərə çatdırırdı.

Bütövlükdə maarif, elm, mətbuat və mədəniyyətin ictimai-siyasi maraqlara tabe tutulmasını mühüm vəzifə bilən Ö.F.Nemanzadə bu işin arxasında çar müstəmləkəçiliyindən qurtuluşu, dövlət müstəqilliyinin əldə edilməsini görür, hər bir vətəndaşın bu istiqamətdə fəallıq göstərməsini arzulayırdı. Həmin səbəblərdəndir ki, tanınmış ədib-publisist Ö.FNemanzadə “Manifest’dən sonrakı vəziyyətə tənqidi münasibət bildirərək deyirdi: “17 oktyabr fərmanından sonra direktorlar, inspektorlar guya bir az insafa gəldilər. Müsəlman dərslərinin artmağını, müqtədir müsəlman müəllimlərinin təyin olunmağını, müsəlman müəllimlərinin məvacibinin çoxalmağını “kağızlara” yazdılar; qəzetlərdə, məclislərdə elan etdilər. Heyif, çox heyif ki, dekabrdan sonra özlərinin də aldandıqlarını qandılar, tüpürdüklərini yaladılar. Hətta aldandıqlarının acısını çıxarmaq, əvəzini almaq üçün oktyabrdan əvvəlki müsaidələri də məfasidə etdilər, başını-quyruğunu kəsdilər. Məsələn, Tiflisdə birinci gimnaziyadakı müsəlman müəllimlərinə vəd edilən məvacib özgələrinin cibinə soxuldu. Realnıdakı müsəlman müəllimi işdən çıxmağa məcbur edildi. Ali ticarət məktəbinin müəlliminə ayda beş manat doxsan üç qəpik ehsan buyruldu. Oxunan dərslərin halını da siz qiyas ediniz. Özgə şəhərləri də siz mülahizə ediniz…” (“İrşad” qəzeti, 1 may 1906, № 102)

Bir sıra müasirləri kimi 1905-ci il 17 oktyabr “Manifest’ini romantik coşquyla qarşılayan ÖF.Nemanzadə azadlığın, hurriyyətin yalnız ruslar üçün deyil, imperiyanın bütün millətləri üçün verildiyini bildirir, ondan faydalanmağın yollarını göstərir, yaranan vəziyyətdən istifadənin vacibliyini bədii-publisistik dillə ifadə edirdi. Onun ədəbi-tənqidi yazıları və analitik məqalələrində Rusiya imperiyası hüdudlarında yaşayanların tarixi taleyi və müasir yaşamı, ictimai-siyasi arzuları vahid müstəvidə təhlil olunur, mövcud vəziyyətdən çıxış yolu isə mütləq azadlıqda görülürdü. Buna görədir ki, Peterburq hadisələrinə, о cümbdən 9 yanvar qanlı qırğınına, habelə imperiya ərazisini bürüyən etirazlara əsaslanaraq Ö.F.Nemanzadə monarxizmin istibdadından qurtuluşa inanır və deyirdi:

“Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluqun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyətin ümidi-nicatı о qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, suzişli sözlər insaniyyət yolunda axıdılan qanlar ib bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İona Brixniçyovun on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzetəsi oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılan bir bəsirət-nümadır” (“İrşad” qəzeti, 15 may 1906-cı il, № 113).

“Dünyanın kəlləmayallaq aşdığını” (C.Məmmədquluzadə) görən, dəyişmək və təzələnmək iddiasının gücləndiyini hər bir millətin həyatında müşahidə edən Ö.F.Nemanzadə Qafqaz müsəlmanlarının “qədim idarəyi-hökuməti kor-koranə” müdafıə etmələrinə qarşı çıxır, cəhalət, ətalət, xurafat və fanatizm məngənəsindən qurtuluşa meyillənməyənlərlə, hətta onlara mane olanlarla belə rastlaşır, vətəni, cəmiyyətini, millətini deyil, yalnız özünün şəxsi maraqlarını düşünənləri nəzərdə tutaraq deyirdi:

“Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya, уеnə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Başlar və beyinlər zülm və istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Rusiyada “hürriyyət’in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa, başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyun oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa, mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdə ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə, öz çulunu miskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesabedilir!?”

Yalnız Rusiyadakı azadlıq hərəkatının deyil, dünyanın mütərəqqi xalqlarının tarixi təcrübəsini, uğur və itkilərini öyrənən, təhlil edib müasirlərinəçatdıran Ö.F.Nemanzadə hələ İstanbul Universitetində tələbə olarkən “Gənc türklər”lə yaxınlıq edir, Fransa, İran, İtaliya, Almaniya və s. ölkələrin azadlıq uğrunda mübarizəsi tarixini örnək bilirdi. Bu zaman o, rus dekabristləri, inqilabçı-demokratları və xalqçılarını, İran məşrutəçilərini, türk tənzimatçılarını yüksək qiymətləndirir, silsilə məqalələrində “üsuli-cədid” (yeniləşmə) hərəkatına ətraflı şərh verirdi. Şərqdə ənənəvi deyim olan “azadlıq ağacı qanla suvarılır” fikrinə tarixi fakt, hadisələrə istinad edərək haqq qazandıran Ö.F.Nemanzadə deyirdi:

“… hürriyyət mücahidləri çox vaxt öz qanları bahasına aldıqları cüzi azadlıqdan sonra istibdada köməkçi olan xırda müstəbidləri öz başlarına buraxıb onların qol-qanadlarını sındırmaq, mənsəb və dövlətlərindən məhrum etmək ədalətin təxir etdiklərindən və ya lazım bilmədiklərindən həmin müstəbidlər axırda hürriyyətin başına ən böyük bəla və dərd olurlar. Çünki idareyi-məşrutə bunların nüfuzi-hakimanələrinə, dövləti-qanunilərinə zərər vurduqlarından hürriyyət mücahidlərindən intiqam almağı bir an fikirlərindən çıxarmazlar. Bu həftə fitnə və alçaqlıqla mücahidləri gücdən salıb köhnə idareyi-məlunanələrini qurmağa gecə-gündüz çalışırlar. Və çox vaxt məramlarına nail də olurlar. Bu barədə tarixdə misal çoxdur.Məsələn, Roma cümhuriyyətinin axır günləri, Sultan Məcidin mücahidləri və məşrutiyyət əleyhindəki qanlı planları, Rusiyada sellər təkin axan qanların ziddinə istibdadın daha şiddətli, amma müvəqqəti bərpa olmağı” (“İrşad” qəzeti, 21 noyabr 1906, № 249).

İran, Rusiya və Türkiyə hadisələrini Ö.F.Nemanzadə ona görə yaxından müşahidə təhlil edirdi ki, mövcud vəziyyətin tarixi səbəblərini, ondan çıxış yolunu ətraflı izah edə bilsin. Həm də ona görə ki, Azərbaycan tarixən bu üç ölkə ilə yaxm təmasda, ziddiyyət və əlaqədə olmuş, ictimai-siyasi düşüncə və dövlət quruculuğu işində müştərək məqamları olması ilə tanınmışlar. Xüsusən Türkiyə həyatını, oradakı dövlət və hakimiyyət təcrübəsini yaxından izləyən Ö.F.Nemanzadə Osmanlı sülaləsini və monarxizmini təhlil və tənqid edir, ölkədə hürriyyət, azadlıq uğrunda mübarizənin mahiyyətinə aydınlıq gətirirdi. О bildirirdi ki, “hürriyyət qurdları” həmişə və hər yerdə var, “nüfuzlu istibdad tərəfdarları” həmişə və hər yerdə var, bu “alçaq həşəratlar”dan… qurtulmaq azadlığın əsas şərtlərindəndir.

Azərbaycan çevrəsindəki ölkələrin ictimai-siyasi həyat və iş təcrübəsini örnək bilən publisist “Şərqi-Rus”, “Molla Nəsrəddin” kimi nüfuzlu qəzet və jurnallarda hər bir məqalə və mülahizəsində “Xalq və millətin özünüdərk problemini, özünə tənqidi münasibət qabiliyyətini ön planda saxlayır, qədim türk yazılı abidələrində deyildiyi kimi, “özünə qayıt, özünə qayıdanda böyük olursan” prinsipinə əməl edir, “seyrə balonlarla çıxan əcnəbi”lər yanında utanmamaq üçün mövcud zamanın çağırışlarına cavab verməyi, uyğun gəlməyi vacib bilirdi. Bu çağırışlar, şübhəsiz ki, yeni zamanın maarifçiliyi, texnoloji uğurları, ictimai-siyasi hərəkatları, sosial demokratizmi və s. idi.

Sosial-demokratik hərəkata rəğbət göstərən tiflisli müsəlman Əzizin qətli və dəfninə bağlı məqaləsində Ö.F.Nemanzadə yazırdı: “Heyif, min kərə heyif! Böylə möhtərəm bir cənazə alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Hələ oxumuş və tacir qismindən dörd-beş həmiyyətli gəlmişdi. О gün cümə olmağa görə müsəlmanların dükanları qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi çayxanaları da qapıyıb cəmiyyət təşyi-cənazəyə getməli idilər. Heyif ki, müsəlmana yaraşan tövrdə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfni gözləməyib qayıtdılar”.

Ümumiyyətlə, dünyanm bədii ədəbiyyatında, nəzəri-estetik fikrində azadlığın baş problem olduğunu müəyyənləşdirən Ö.F.Nemanzadənin yaradıcılığında forma və janrından asılı olmayaraq, həmin problem arzu və təxəyyülün gücü ilə deyil, gerçək həyat faktları və hadisələrinin köməyi ilə təsvir və təhlil olunur, xalq həyatının və dövlət rejiminin dəyişdirilməsi məsələləri azadlıq ideyasına tabe tutulurdu.

XIX əsrin sonu və XX əsrin əvvəllərində dünyada və Azərbaycanda güclənən yeni maarifçilik dalğası fundamental və humanitar elmlərin uğurlarına əsaslanır, müasir informasiyalar yalnız dini düşüncədə olduğu kimi ictimai şüurda təsviri səciyyə daşımır, əksinə, analitik-təhlili xarakter yaradırdı. Buna görə də yeni biliklər milli şüurda və ictimai həyatda ənənəvi davranış və düşüncənin yeniləşməsini şərtləndirir, ümumxalq dünyagörüşünün hüdudlarını genişləndirirdi.

Həmin prosesin uğurla həyata keçirilməsi isə, heç şübhəsiz ki, məktəb və məktəbdarlıq işinin yenidən qurulması, dünyanı müasir biliklərə əsasən təsvir və təhlil edən kadrların – müəllimlərin hazırlanması ilə bağlı idi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin açılması, dünyəvi dərsliklərin yazılması və tərcümə ədəbiyyatının meydana gəlməsi, milli teatrın təsisi kimi hadisələrin dini təhsili sıxışdırması, dünyanın mifik-fantastik yozumundan realizmə keçid məhz həmin kadrların, müəllimlərin fəaliyyəti nəticəsində baş verdi. Lakin bütün bunlar birdən-birə, fövrən baş vermir, gərgin əmək və zəhmətin nəticəsində meydana gəlirdi. Misal üçün, dinin hökm sürdüyü, teokratik düşüncənin hakim olduğu bir ölkədə – Azərbaycanda müasir bilikli müəllimlərin yerli əhaliyə qarşı biganəliyi, bölgələrə getməməyi digər müasirləri kimi Ö.F.Nemanzadəni də narahat edir, bu ictimai bəlanın aradan qaldırılması vacib sayılırdı. Odur ki “Bizə hansı elmlər lazımdır?”, “Yolumuz hayanadır?” və s. bu kimi mətbuat diskussiyalarında fəal iştirak edən Ö.F.Nemanzadə “Müəllimlərimiz nə üçün kənddən qaçırlar?” mövzusuna da münasibət bildirir, milli maarifçilik problemlərinin həllini təxirəsalınmaz vəzifə sayırdı.

О yazırdı: “Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz о havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar, əlbəttə ki, bu cür müqəllid yazılardan deyil; bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə də yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başlandı. Cənab Firidun bəy Köçərlinin yazdıqları nəzər-diqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”, “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darül-müəlliminin əksliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firidun bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büküb oturulmadı”.

Ö.F.Nemanzadə publisistikasında və ədəbi-nəzəri görüşlərində geriliyi, ənənəviliyi, dini mühafizəkarlığı, ictimai ətaləti tənqid etməklə məhdudlaşmır, eyni zamanda doqmatik-ehkamçı, təqlidçi bədii düşüncənin də əleyhinə çıxır, epiqonçu poeziyanın realizm əleyhinə olduğunu ədəbi-tarixi faktlarla əsaslandırır, onun milli təfəkkürə və yeni maarifçilik işinə ziyan vurduğunu nəzərə çatdırırdı.

XIX əsrdə “Əkinçi” və “əkinçilər” tərəfındən ictimai müzakirəyə çıxarılan və XX əsrin əvvəllərində də davam etdirilən “Bizə hansı elmlər lazımdır?” mövzusu Ö.F.Nemanzadənin ədəbi-tənqidi məqalələrində də geniş əksini tapır, onun mövqeyi mətbuat xadimləri tərəfindən yüksək qiymətləndirilirdi. Ö.F.Nemanzadə milli-ictimai şüurda güclənən “üsuli-cədid” təcəddüd hərəkatına bütün fəaliyyəti ilə dayaq olur, bu işdə yalnız elm və sənət, habelə din adamlarının deyil, daha çox məktəb və müəllimlərin iş görəcəyini vurğulayırdı. Ədib deyirdi: “Məktəblərin hüquq, idarə və təşkilat cəhətlərini milli əsas üzərində quracaq vəkillərimizin məlumat, qeyri və həmiyyətlərinə buraxandan sonra budur mənim yada saldığım diləklərin  xülasəsi:

  1. təlim dilinin mütləq öz Azərbaycan türkcəmizdə olması;
  2. diləklərimiz üçün “diri” elmlərin təlimi;
  3. türkçə bilməyənlərin milli məktəblərimizdə türkçə öyrənmələri. 

“Açıq söz” qəzeti, 28 mart 1916, №144″.

Azərbaycan məktəblərinin milliləşməsi və təhsilin dünyəviləşməsi qayğılarını yaşayan Ö.F.Nemanzadənin nəzərə çatdırdığı “diri elmlər”, əslində, cəmiyyətin arzuladığı, ehtiyac gördüyü ictimai-faydalı elmlər idi ki, XX əsrin əvvəllərində onları mənimsəmək çətinliklə də olsa, mümkün oldu. Məhz həmin təhsil və maarifçilik istiqamətində atılan addımlar Azərbaycanda yeni elmli və informasiyalı cəmiyyət yaratmağa əsaslı şərait yarada bildi. Bu addımların atılmasında “Açıq söz” qəzeti və açıqsözçülər, о cümlədən Ö.F.Nemanzadə mühüm xidmətlər göstərə bildi və müstəqil Azərbaycanın, Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasına nail oldu.


“Kaspi nəşrləri” seriyası

“KASPİ” – MAARİFÇİLİK MEYDANI

Kitab Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə və “Kaspi” qəzetinin 135 illik yubileyinə həsr olunur

“Kaspi nəşrləri” layihəsinin rəhbəri, kitabın ideya və ön sözünün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva

Redaktor: Fərid Hüseyn

“Kaspi”- maarifçilik meydanı” kitabı “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi əsasında işıq üzü görür

“Kaspi” – maarifçilik meydanı”.

Bakı, “Zərdabi LTD” MMC, 2016, 652 səh.

“Kaspi” – maarifçilik meydanı” kitabında 2013-2015-ci illər ərzində “Kaspi” qəzetində dərc olunmuş Həsən bəy Zərdabi, Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer almışdır. Kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

ISBN 978 9952 504 48 4