Məqalələr

“Ömər Faiq Nemanzadənin həyatı, ədəbi irsi dərindən tədqiq olunmalıdır.” Respublika Qəzeti Müsahibə

By November 5, 2019 No Comments

Ömür yaşantısının geridə qalan bütün yüzilliklərinin hər biri xalqımızın bəşr mədəniyyətinə, onun tarixi salnaməsinə verdiyi dəyərlər, dünya elminə, ədəbiyyatına, incəsənətinə töhfə olan dahi şəxsiyyətləri ilə səciyyəvi olmuşdur. Ədəbiyyat və ictimai fikir tariximizdə özünü əbədiləşdirmiş və bütün Şərq aləmində, hətta Rusiyanın dərinliklərində məskunlaşmış müsəlman-türk obalarında böyük şöhrət qazanmış “Molla Nəsirəddin” jurnalı müsəlman dünyasının  oxunan və misilsiz təsir qüvvəsinə malik bir mətbuat orqanı idi. Ömər Faiq Nemanzadə bu jurnalın belə şöhrət qazanmasında xidmətləri olan, mətbuat tariximizin öncüllərindən, cəsur, fəal mollanəsrəddinçilərdən biri idi.

Bu gün həqiqəti yazmaq, xalqın, millətin tale karvanının dayanmadan irəliləməsində xidmətləri olmuş, müəyyən səbəblərdən bir qədər unudulmuş, kölgədə qalmış insanlara öz qiymətini vermək, susmamaq vaxtıdır…

Bu yaxın vaxtlarda fəaliyyətə başlayan “XX əsr Azərbaycanın publisisti və ictimai xadimi Ömər Faiq Nemanzadənin yaradıcılığına, fəaliyyətinə həsr olunmuş “omarfaig.info” xatirə-məlumat saytının yaradıcılarının məqsədi də elə budur. Layihənin rəhbəri Ülvi Pepinovadır. Onunla söhbətimizi oxucularımıza təqdim edirik:

  • Ülvi xanım, ilk öncə, saytın fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirik. İstərdik ki, özünüz haqqında qısaca məlumat verəsiniz.
  • Mən, Ülvi Pepinova Ömər Faiq Nemanzadənin böyük qızı Kamilə Nemanzadənin ailəsində anadan olmuşam və onun atasının mənalı, şərəfli həyat və yaradıcılığının, xatirəsini  ömrü boyu necə qoruyub saxladığını müşahidə etmişəm. O, bizə satirikin öz xalqının milli ləyaqətinin təşəkkülündəki xidmətlərinin əhəmiyyətini şərh edirdi həmişə. Kamilə xanım güllələnmiş “xalq düşməni”nin, sonradan da sürgün edilmiş bir millətin qızı olduğunu heç vaxt gizlətmədi. O, mənim nənəm idi.
  • Hər bir işin əsasında müəyyən maraqlar dayanır, yəni məram və məqsəd olmadan hansısa işin dalınca getmək çətin ki, fayda versin. Yaratdığınız sayt hansı məqsədlərə xidmət edəcək?
  • Ömər Faiq Nemanzadənin publisistik və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi bizim tarixi prosesləri dərk etməyimiz üçün son dərəcə mühüm məsələ olmaqla yanaşı, XX əsrlərin əvvəllərində Rusiya imperiyasının Qafqazda türk xalqlarının reallıqlarının bərpasında son dərəcədə əhəmiyyətli bir töhfə olardı. “Ömər Faiqin “Molla Nəsrəddin” jurnalındakı nəşrləri, digər jurnal və qəzetlərdə dərc edilmiş məqalələri, oçerkləri, felyetonları və əlbəttə ki, memuarları da daxil olmaqla, bizə gəlib çatmış əsərlərinin bir qismi kifayət qədər geniş həcmli olduğu üçün, sayt tədricən və müntəzəm şəkildə yeni materiallarla dolğunlaşacaq. Biz Azərbaycan mətbuat tarixinin və ADR-in tarixi dövrünün öyrənilməsi və tədqiqatı ilə məşğul hər bir kəsin, əsasən də tarixçilərin, jurnalistlərin, publisistlərin, filoloqların ziyarətçi bloq-məqalələri, müraciətlərinə böyük maraqla münasibət bildirərik.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “[email protected]” ünvanlı sayta ziyarətçi postları istifadə olunan dörd dilin hər birində dərc oluna bilər. 

Tarixi-əhəmiyyətli və ağır dövrlərdə öz xalqının, Qafqazın türk əhalisinin maraqlarını müdafiə edən, onun maariflənməsi və çiçəklənməsi naminə bütün həyatı boyunca özünü riskə ataraq, dəfələrlə həbsə məruz qalan, 1937-ci ildə faciəvi aqibətə qovuşmuş görkəmli maarifçi, publisist, mollanəsrəddinçi, ictimai-siyasi xadim XX əsrin astanasında Qafqaz türk xalqlarının liberal ideyalarının, milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin hərəkətverici qüvvəsi, adı və yaradıcılığı 1980-ci illərdə məktəb proqramına qədər yüksəlsə də, bu gün Azərbaycanın dar çərçivəli akademik dairəsində arxivlərin rəflərində öz əhəmiyyətini itirmiş kitab və dərsliklər kimi toz basmışdır. “Bu gün “Molla Nəsrəddin” Azərbaycan cəmiyyətinin kütləvi şüurunda yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir. Lakin Azərbaycan mətbuatının, xüsusilə də “Molla Nəsrəddin” jurnalının və “Qeyrət” nəşriyyatının tarixi ilə maraqlanan hər bir kəs bunun heç də belə olmadığını anlayacaqdır. Çox təəssüf ki, son onillikdə Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın banisi, təsisçisi və müəllifi olaraq oynadığı rol təxəyyüllərdən o dərəcədə silinib ki, bir çox hallarda heç onun adı jurnala aidiyyəti olan şəxs kimi də xatırlanmır. Ömər Faiq Nemanzadənin jurnalın istər yaradılma, təsis olunma və nəşr olunma ideyasına, istərsə də, bütünlükdə yazıçılıq məzmununa bilavasitə və birbaşa aidiyyəti vardır. Jurnal fəaliyyətinin son mərhələsində, 1921-ci ildən sonra sovet təbliğatının alətinə çevriləndə Ömər Faiq artıq bu yeni, dəyişdirilmiş jurnalda çalışmadı, “satiranın” sovet variantında iştirakdan imtina etdi. Ömər Faiqin qızı Kamilə Nemanzadənin və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın sözlərinə görə, Ömər Faiq Cəlil Məmmədquluzadənin son günlərinə və demək olar ki, həyatının son anlarına kimi onun yaxın dostu olaraq qalır. Cəlil Məmmədquluzadə 1932-ci ildə Ömər Faiqin yanında dünyasını dəyişir. Ömər Faiq dostunu Bakıda torpağa tapşırır”. 

– Bəli, həqiqətən onu da bəziləri kimi, dövrünün haqsızlıqlarına tuş gəlmiş şəxsiyyətlərdən biri hesab etmək olar. Ancaq “Hər qaranlıq gecənin bir sabahı olur”, axı. Bəs, tale  Ömər Faiqin üzünə nə zaman güldü? Haqqında danışmaq belə yasaq edilmiş bir şəxs barəsində ilk sözü deməyə kim cürət tapdı?

– Ömər Faiq Nemanzadə güllələndikdən sonra liberal dünyagörüşü və türk xalqlarının tərəqqisinə bəslədiyi ümidlərdən dolayı onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilməyib. Yalnız müstəqil Azərbaycanda arxivlərin ilk növbədə elmi dairələrə, sonra da geniş ictimaiyyətə açılması ilə  onun həyatının yetmiş il boyunca dilə, qələmə gətirilməyən bir çox faktları aşkara çıxdı. 1956-cı ildə keçmiş güllələnmiş “xalq düşmənləri” ilə yanaşı, Ömər Faiqin də bəraət almasına baxmayaraq, Azərbaycan ziyalılarının və elmi dairələrinin qorxu hissi o dərəcədə dərin idi ki, adı hələ də çəkilməməkdə davam edirdi. Sovet dövründə təsbit olunmuş ideoloji ehkamlara sadiq qalan alimlər və tədqiqatçılar Ömər Faiqin qeyri-münasib idealları ilə dünyagörüşünü görməməzliyə salırdılar. Nəhayət, 80-ci illərin ortalarına yaxın bəzi ədəbiyyatşünaslar, o dövrün canlı şahidləri onun adını dilə gətirməyə cürət etdilər. Ömər Faiq Nemanzadənin yaradıcılığına ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov münasibət bildirib. Onun həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanıb. Professor Şamil Qurbanovun sayəsində Ömər Faiqin çoxşaxəli yaradıcılığı elm aləmində və geniş ictimaiyyət arasında tanındı. Çox təəssüf ki, Ş.Qurbanovun əsərləri və kitabları rəqəmsal formata keçid dövründə köçürülüb, çap variantında yenidən nəşr olunmayıb.

Ömər Faiq Nemanzadə  24 dekabr 1872-ci ildə Gürcüstan qəzasının Axalsıx şəhərinin Azğur kəndində doğulub. İstanbulda həmin dövrlər liberal ideyaların ocağı sayılan “Darüş-Şəfəq” seminariyasında təhsil alıb. 1893-1903-cü illərdə Azərbaycan məktəblərində (Şəki, Gəncə, Şamaxı, Bakı) aktiv maarifləndirici fəaliyyət göstərib. 1903-1917-ci illər isə onun publisistik fəaliyyətinin çiçəklənmə dövrü olub. Məqalələri Qafqazın “Şərqi-Rus”, “Tərcüman”, “İqbal”, “Əkinçi” və s. bir çox qabaqcıl qəzetlərində 40-dan çox təxəllüs altında dərc edilib. Dostu və silahdaşı Cəlil Məmmədquluzadə ilə birlikdə Tiflisdə “Qeyrət” nəşriyyatını və “Molla Nəsrəddin” jurnalını təsis edib. Qafqazda inqilabi dövrün başlanğıcına, 1917-ci ilə kimi özünü jurnala və publisistik fəaliyyətə həsr edib. 1917-ci ildə hakimiyyətsizlik, quldurluq və erməni dəstələrinin Ahalsıxdakı terrorçuluq fəaliyyəti şəraitində türklərin milli maraqlarının müdafiəsi məqsədilə Axalsıxa qayıdıb. Qafqaz Türk Cənub-Qərbi Respublikanın (həmçinin Qars Respublikası kimi tanınan) Nazirlər Şurasının 1-ci sədri seçilib. Anti-türk siyasi şiddətinə qarşı çıxış edib və 1918-ci il ərzində üç dəfə həbs olunub. Azad edildikdən sonra, 1919-cu ildə Bakıya gəlib və burada Azərbaycan Parlamentinin tapşırığı ilə ölkənin Polis İdarəsinə rəhbərlik edib. 1920-ci ildə, əvvəlki kimi, türk əhalisinin maraqlarının müdafiəsi məqsədilə artıq sovetləşməkdə olan Gürcüstana qayıdıb. Orada Gürcüstanın o vaxtkı faktiki hakimiyyətinə Müsəlman Sektorunun Sədri qismində, Gürcüstanın İnqilab Komitəsinə MİK-nin 10 üzvündən biri seçilib.

Ömər Faiq Nemanzadə o dövrlər səs salmış “Gürcü işi” adlı əməliyyatın (1922) başlanması ilə özünün Gürcüstandakı ictimai-siyasi fəaliyyətini dayandırıb. 1923-cü ildə Azərbaycana, Gəncəyə köçüb. Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində çalışıb, 1924-cü ildə isə Azərbaycan SSR-nin Milli Təhsil Komitəsinə təyin olunub. Milli maariflənmənin inkişafında fəal iştirak edərək, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılması prosesinin təşəbbüskarı olub. 1927-ci ildə təqaüdə çıxdıqdan sonra Ömər Faiq XX əsrdə Qafqazda Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan “Memuarlar”ı üzərində çalışıb, lakin işini başa çatdıra bilməyib. 1937-ci ilin 16 iyul tarixində Ömər Faiq Gürcüstanda, Axalsıxın rayon prokuroru Odabaşyanın əmri ilə Türkiyənin xeyrinə casusluqda təqsirləndirilərək həbs olunub. Üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSRİ-nin Daxili İşlər Komissarlığı yanında fəaliyyət göstərən “Üçlüyün” qərarı ilə güllələnərək qətlə yetirilib.

  • Böyük təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, Ömər Faiq Nemanzadə də itgin düşmüş, adı kölgədə qalan şəxsiyyətlərdən biridir. Tale onunla acı bir oyun oynamışdır. Ancaq zaman hər şeyi yoluna qoyur. Onun halal haqqını özünə qaytarmaq üçün də zamana ehtiyac var, elə deyilmi?
  • “Təəssüflə qeyd etmək lazımdır ki, Ö.F.Nemanzadənin publisistik irsi hələ lazımınca öyrənilməmiş, xüsusən onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyəti, demək olar ki, tam açılmamışdır. İmzalar ətraflı öyrənilməmişdir, ayrı-ayrı felyeton və məqalələrin əsl sahibi müəyyənləşdirilmədiyindən onların kimin qələmindən çıxdığı hələ ki, sirr olaraq qalmaqdadır. Ə.Mirəhmədovun haqlı olaraq dediyi kimi “vaxtı ilə Faiqin “Molla Nəsrəddin” tarixindəki mövqeyi, “Qeyrət”in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi; onun mühüm xidmətlərindən bir qismi dostu Məmmədquluzadənin adına yazılırdı”. Tədqiqatçı-filosof F.Vahidov da bu fikirdədir ki, C.Məmmədquluzadəyə aid edilən “Zarafat”, “Bir boçka su”, “Bibiheybət ziyarətgahı” və s. felyetonlar Ömər Faiqindir. Mərhum alim Muxtar Qasımov da C.Məmmədquluzadəyə aid edilən bir sıra felyetonun Ömər Faiqə məxsusluğunu iddia edirdi. Hər halda bu məsələnin tam həlli gələcək tədqiqatçılarını gözləyir. Şamil Qurbanov fikrini tamamlayaraq, yazırdı: “Nə öz sağlığında, nə də son vaxtlara qədər Ömər Faiqin əsərləri toplanıb kitab şəklində çap olunmamışdır. Yalnız bu sətirlərin müəllifi ilk dəfə onun publisistik irsinin çox cüzi bir hissəsini (1983) və xatirələrini (1985) çap etdirmişdir. Hazırda publisistin əsərlərinin əksəriyyəti böyük çətinlik hesabına da olsa, toplanmışdır. Buraya qəzet və jurnal məqalələrindən, ədəbi-bədii yazılardan, felyetonlardan əlavə ədibin əsərləri, arxiv materialları, bir sıra məruzələri də daxil edilmişdir. Ömər Faiq 40-dan çox gizli imzalardan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin ən geniş və sərbəst meydanı olan “Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. İndi tam inamla demək olar ki, məşhur “Erməni və müsəlman qadınları“, “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” kimi çox əhəmiyyət və XX əsrin əvvəllərinə geniş ictimai rəy oyatmış yazılar da Ömər Faiqindir”.

Mən bir daha təkrarlayıram. Ömər Faiq Nemanzadənin publisistik və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi XX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda türk xalqlarının reallıqlarının bərpasında son dərəcədə əhəmiyyətlidir. Həmin dövr regionda iki sivilizasiyanın – Rusiya imperiyasının və onun Cənubi Qafqazda müsəlman əhalisinə olan münasibətində hərbi-feodal mahiyyət daşıyan müstəmləkəçilik siyasəti ilə təmsil olunan xristianlığın və XIX əsrin ikinci yarısının Avropa dövlətləri ilə müqayisədəki zəifliyinin Qafqazın müsəlman ictimaiyyətinin, ziyalılarının və ruhanilərinin getdikcə daha çox müzakirə mövzusuna çevrilən ənənəvi islamın mövcud olduğu bir dövr idi. Bu, bir tərəfdən öz xalqının cahilliyinə, digər tərəfdən də Rusiyanın sivilizasiyanın yayılmasına qarşı olan iradlarına realist və tənqidi yanaşma sərgiləyən yeni formasiyalı təhsilli bəylər təbəqəsinin yarandığı, həm də Avropa nümunəsindən ilhamlanma, Rusiya müstəmləkəçilik quruluşuna zidd sayılan sosial Avropa dəyərləri, liberalizm ideyaları ilə tanışlıq dövrü idi. Qafqazda regionun siyasi həyatından kənarlaşdırılmış türk əhalisinin hökm sürən passivliyi, asılılığı və durğunluğu haqlı olaraq ziyalıların narahatlığına səbəb olmaqda idi. Mətbuat sıxışdırılmış, məngənə arasında qalmış ənənəvi cəmiyyətin ideallarının və məfkurələrinin yayımlana biləcəyi yeni əsas prosesi, yeganə effektiv kommunikasiya mexanizmi idi.

  • Ümumiyyətlə, suallar çoxdur. Belə sual olunur: Biz tariximizi öyrənmək istəyirikmi? Axı, Ömər Faiq Nemənzadə kimdir?!.
  • Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx) qəzasının Azğur kəndində anadan olmuşdur. O, ilk təhsilini kənd camesində almış və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, “Fateh” məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan “Darüş Şəfəq” məktəbinə daxil olmuşdur. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan gənclərə qoşulmuşdur. Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıtmışdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəltmişdir. Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. O, burada M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış etmişdir. 1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olmuşdur. Məhəmməd Əfəndi oradakı gənc müəllim və yazıçılara böyük təsir etmişdir. Ömər Faiq 1896-1998-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalmışdır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb – ondan: “Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz” cavabını almışdır. Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib “Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu” söyləmişdir. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə “hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır” deyirdi. 1900-cü ildə Ömər Faiq ictimai işlərlə fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq “Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim” demişdi. Ömər Faiq 1900-cü ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsinə yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə getmişdir. Ömər Faiq 1903-cü il mart ayının 30-da nəşrə başlamış “Şərqi-Rus” qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur. Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə “Molla Nəsrəddin” jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur. “Molla Nəsrəddin”də yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi: “Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır”. O, başqa bir məqaləsində isə belə yazırdı: “Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin… Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Bəsdir, bəsdir, ey türk! Bir az ayıl… Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!”

1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: “Əzizim Məmmədəli!… Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən”. Ömər Faiq təkcə “Molla Nəsrəddin” jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq”, “Bağban” və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir.

Zəngin publisistik təcrübə qazanmış Ömər Faiqin qələmi bu illərdə daha da kəskinləşdi. “Hələ arzularımın mində birini yazmamışdım” deyən Ömər Faiq yorulmadan yazıb yaradır, “Molla Nəsrəddin”in zülmət səltənətinə, “Zorbazorlar” dünyasına qarşı çevrilmiş mübarizəsini davam edirdi. Jurnal 1907-ci ildə müvəqqəti baağlanarkən Ömər Faiq inamla yazırdı: “Bu az maarifimizlə də olsa, içimizdə bir çox mollanəsrəddinçilər var. bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar,… “Molla Nəsrəddin” I meydana gətirən fikirlər bağlanmayacaq”.

Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ömər Faiq həmişə təqib edilirdi. Dəfələrlə onun evində axtarışlar aparılmış, yazıları müsadirə olunmuş, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılmışdır. O, 1907-ci ildə həbs edilib Metex qalasına salındı. İctimaiyyətin tələbi ilə həbsdən azad olandan sonra “Molla Nəsrəddin” inrəssamı O.İ.Şmerlinq  Ömər Faiqin tənqid və ifşa hədəfləri arasında onun ayağı qandallı portretini çəkmiş, M.Ə.Sabir ona “Soldumu gülzarın, ey Faiqi-Neman nəsər” misrası ilə başlayan bir şeir həsr etmişdi.

İlk kitablardan birini Ömər Faiq özü yazmış və 1905-ci il 2 aprel tarixində senzor komitəsində onun çapına icazə də almışdır. Bu əsər “Nəşri-asara dəvət” adlansa da, ümumiyyətlə, ölkədə baş verən ictimai-siyasi hadisələrin təsiri altında yazılmışdır. Ömər Faiqin publisistik fəaliyyəti təkcə əməkdaşı olduğu “Şərqi-rus” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə məhdudlaşmırdı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez tez görünürdü. Ömər Faiqin publisistik fəaliyyətindəki əsas mənəvi-etik prinsiplərindən biri də vətənpərvərlik idi, vətənəxalqa bağlılıq, xalqın mənəvi sərvətlərinə qayğılı münasibət idi. Ömər Faiq milləti sevməyin birinci əlamətini onun dilini sevməkdə görürdü, buna görə də milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Ömər Faiq siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. O, bir çox siyasi toqquşmalarda şəxsən iştirak edir, siyasi təbliğat aparırdı. 1920-ci ildə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, bir az sonra “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. 

Əlibəy HüseynzadəƏhməd AğaoğluAbdulla bəy ƏfəndizadəSəməd ağa AğamalıoğluƏbdürrəhim bəy HaqverdiyevCəlil MəmmədquluzadəNəriman NərimanovÜzeyir HacıbəyovFirudin bəy Köçərli kimi bu dövrdə Türk dilinin təmizliyi və qorunması uğrunda mübarizə aparan ziyalılarımız arasında Ömər Faiq Nemanzadə xüsusi bir yerə sahibdir. O, yazır: “Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, Millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir”. Ömər Faiq Nemanzadənin əsərləri Türk dilinin tarixi cəhətdən öyrənilməsi üçün çox əhəmiyyətli mənbədir. XX əsr Azərbaycan Türklərinin siyasi tarixinin eyni zamanda, mədəniyyət və dil siyasətinin xarici ideoloji təsirlərin mərkəzində dayandığı bir dövrü əhatə edir. Bu dövrdə siyasi çəkişmələr, xarici siyasətlər Türk dilinə də güclü bir şəkildə təsir göstərirdi. Bu da dövrün ən ciddi problemi kimi Azərbaycan – Türk ziyalılarının bir çoxu kimi Ö.F.Nemanzadəni də düşünmək və Türk dilini xarici təsirlərdən qorumaq məcburiyyətində qoyurdu. O, “Mədəniyyətmi, səfahətmi” məqaləsində yazırdı:

“Dinəndə yandı dilim, dinməyəndə dil yandı,

Nə dərdi gizlədə bildim, nə aşikar elədim”.

Danışmaqla iş düzəlməz. Biz elm və mərifət təhsili ilə hüsn-əxlaq sahibi olacağımız yerdə fəsad və əxlaqsızlığa bais olub qəbrimizi öz əlimizlə qazırıq”.

Bütün həyatını Türkçülük ideologiyası üzərində inkişaf etdirən Ö.F.Nemanzadənin dil problemlərinə ciddi münasibəti təsadüfi hesab oluna bilməz. Çünki Türk dili məsələsi XX əsrin siyasi proseslərinin balıca problemlərindən biri idi. Ö.F.Nemanzadənin “Dilimiz yazımız”, “Dərdimiz və dərmanımız”, “Eşq və məhəbbət”, “Milliləşmək”, “Gürcü siyasətçiləri” və bu kimi məqalələri elmmədəniyyət və əlaqə dili olaraq Türk dilinin tarixən müxtəlif xalqlar və millətlər arasında ortaq dil olduğunu sübut edir: “Türk dili dünyadakı asan və gözəl dillərdən biridir. Elə bu səbəbdəndir ki, bəzi millətlərin arasında ortaq dil Beynəlxalq Sosial Araşdırmalar jurnalı kimidir. Bir Rum ilə erməninin Türkcədən ayrı dil ilə danışdığını görməzsiniz”.

Dil məsələlərini bu dövrün zəruri milli məsələsi kimi gündəmdə saxlayan jurnal kimi yalnız üslubuna görə bir-birindən fərqlənən “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları başçılıq edirdi. “Molla Nəsrəddin”də “Sizi deyib gəlmişəm, ey mənim o müsəlman Qardaşlarım” sözləri ilə ana dilimizin çox yüksək milli dəyərlərini xalqın danışıq dilində qorumağı milli mədəniyyətimizin ən mühüm ideoloji-siyasi problemi kimi açıqlanır, “Füyuzat”da isə dilə münasibət məsələsi daha ciddi elmi-ədəbi səviyyədə qarşıya qoyulurdu. Bu ideologiyaların daşıyıcısı kimi Ömər Faiq yazılarının birində deyirdi: “Doğma Dili, doğma ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır”. Ömər Faiq Nemanzadə Türk dilinin tarixən qüdrətli bir dil kimi xalq arası dil rolunu oynamaqla yanaşı, eyni zamanda xarici qonşu xalqların dillərinə də çox güclü şəkildə təsir göstərdiyini qeyd edirdi. Türk dilinin ortaq dil kimi istifadə olunması və qorunması Ömər Faiq Nemanzadənin bütün əsərlərinin baş mövzusu olaraq diqqət çəkir.

Azərbaycan EA-nın müxbir üzvi olmuş, Dövlət mükafatı laureatı şair Bəxtiyar Vahabzadə onun ilk dəfə çap olunmuş “Seçilmiş əsərləri”ni oxuyandan sonra yazırdı: “Sətirlər arasında vətən və xalq üçün, onun taleyi üçün alışıb yanan bir ürək gördüm. Bu ürək Mirzə Cəlillərin, Sabirlərin, Hadilərin ürəyi ilə bir vurur”. Hörmətli şairimizin fikrincə, Ömər Faiq öz vətən sevgisindən doğulmuş bir mücahiddir, bir qəhrəmandır. Ona görə də bu sevgi onu zəmanəsinin fövqünə qaldırmış, o, ucaldığı məhəbbət zirvəsindən mühitinə baxıb hər şeyi boyasız, olduğu kimi görmüş, onun öz ölçüsünə gəlməyən eybəcərlikləri inkar etmiş, gözəllik naminə qələm çalmışdır.

Vaxtilə Nemanzadə yazırdı: “Demək olar ki, “Molla Nəsrəddin” böyük zəhmət, uzun tədqiqat və məlumat ilə meydana gəlmiş əsri və inqilabi bir əsərdir. Bu, “Həyat”, “Tazə həyat”, “İrşad”, “İqbal”, “Füyuzat”, “Bəhlul” kimi dövlətlilərin ianələri ilə çıxan, inqilabdan, həqiqəti göstərməkdən qorxan, gödək ömürlü bir jurnal deyildi… Yarım əsrlik bir zamanın zəngin tarixidir. …İnqilab və maarifimiz namına onun ciddi tədqiqi mütləq lazımdır”.

  • Bu gün ən böyük tədqiqata, araşdırmaya ehtiyacı olan həm də Ömər Faiq Nemanzadədir. O, halal haqqını almalıdır. Güman edirik ki, bu gün fəaliyyətə başlayan sayt sizin rəhbərliyinizlə bu işdə müəyyən rol oynayacaqdır. Müsahibəyə görə sağ olun.

Müşfiq Cəfərov, Respublika qəzeti

http://www.respublica-news.az/index.php/muesahib-l-r/item/23342-oemaer-faig-nemanzadaenin-haeyat-aedaebi-irsi-daerindaen-taedgig-olunmal-d-r