Məqalələr

Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin”. İtkin tarixi şəxsiyyətlərimiz.

By May 31, 2019 No Comments

Tarixi-əhəmiyyətli və ağır dövrlərdən birində öz xalqının, Qafqazın türk əhalisinin maraqlarını müdafiə edən, türk özünüdərketmənin maariflənməsi və çiçəklənməsi naminə bütün həyatı boyunca özünü riskə ataraq, dəfələrlə həbslərə məruz qalaraq, 1937-ci ildə faciəvi aqibətə qovuşmuş görkəmli maarifçi, publisist, mollanəsrəddinçi, ictimai-siyasi xadim. XX əsrin astanasında Qafqaz türk xalqlarının liberal ideyalarının, milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin katalizatoru, adı və yaradıcılığı 1980-ci illərdə məktəb proqramına qədər yüksəlsə də, bu gün Azərbaycanın dar çərçivəli akademik dairəsində arxivlərin rəflərində öz əhəmiyyətini itirmiş kitab və dərsliklərə sığınaraq tozlanmaqdadır. Biz öz tariximizi tanımaq istəyirikmi?

Ömər Faiq Nemanzadə kimdir? Qısa məlumatlı arayış.

– Həyatı – 24 dekabr 1872-ci il – 10 oktyabr 1937-ci il, doğulduğu yer – Gürcüstan qəzasının Axalsıx şəhərinin Azğur kəndi. Ahıska (Məhsəti) türkü.

– İstanbulda həmin dövrlər liberal ideyaların ocağı sayılan «Darüş-Şəfəq» seminariyasında təhsil alır (1891).

– 1893-1903 – Azərbaycan məktəblərində (Şəki, Gəncə, Şamaxı, Bakı) aktiv maarifləndirici fəaliyyət göstərir.

– 1903-1917 – publisistik fəaliyyətinin çiçəklənmə dövrü: məqalələri Qafqazın «Şərqi-Rus», «Tərcüman», «İqbal», «Əkinçi» və s. bir çox qabaqcıl qəzetlərində 40-dan çox təxəllüs altında dərc olunur.

– Dostu və silahdaşı Cəlil Məmmədquluzadə ilə birlikdə Tiflisdə «Qeyrət» nəşriyyatını və «Molla Nəsrəddin» jurnalını təsis edir; Qafqazda inqilabi dövrün başlanğıcına – 1917-ci ilə kimi özünü jurnala və publisistik fəaliyyətə həsr edir.

– 1917-ci ildə hakimiyyətsizlik, quldurluq və erməni dəstələrinin Ahalsıxdakı terrorçuluq fəaliyyəti şəraitində türklərin milli maraqlarının müdafiəsi məqsədilə Axalsıxa qayıdır. Qafqaz Türk Cənub-Qərbi Respublikanın (həmçinin Qars Respublikası kimi tanınan) Nazirlər Şurasının 1-ci sədri olur. Anti-türk siyasi şiddətinə qarşı çıxış edir, 1918-ci il ərzində üç dəfə həbs olunur (istinad: Əhməd Cavadın xatirələri). Azad edildikdən sonra, 1919-cu ildə Bakıya gəlir və burada Azərbaycan Parlamentinin tapşırığı ilə ölkənin Polis İdarəsinə rəhbərlik edir. 1920-ci ildə, əvvəlki kimi, türk əhalisinin maraqlarının müdafiəsi məqsədilə artıq sovetləşməkdə olan Gürcüstana qayıdır. Orada Gürcüstanın o vaxtkı faktiki hakimiyyətinə Müsəlman Sektorunun Sədri qismində, Gürcüstanın İnqilab Komitəsinə MİK-nin 10 üzvündən biri kimi dəvət olunur. Onun yeni sovet hakimiyyətinin təşəkkül tapdığı bir dövrdə Gürcüstan müsəlmanlarının müdafiəsi fəaliyyəti o dərəcədə səmimi və ağrı-acılı idi ki, raportları bugünədək maraqla oxunmaqdadır.

– O dövrlər səs salmış «Gürcü işi» adlı əməliyyatının (1922) başlanması ilə özünün Gürcüstandakı ictimai-siyasi fəaliyyətini dayandırır və 1923-cü ildə Azərbaycana, Gəncəyə köçüb, Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində çalışır, 1924-cü ildə isə Azərbaycan SSR-nin Milli Təhsil Komitəsinə təyin olunur. Milli maariflənmənin inkişafında fəal iştirak edir, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılması prosesinin təşəbbüskarı olur. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsrdə Qafqazda Azərbaycan  mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan «Memuarlar»ı üzərində çalışır. Lakin müəllif işini başa çatdıra bilmir. 1937-ci ilin 16 iyul tarixində Ömər Faiq Gürcüstanda, Axalsıxın rayon prokuroru Odabaşyanın əmri ilə Türkiyənin xeyrinə casusluqda təqsirləndirilərək həbs olunur. Üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSRİ-nin Daxili İşlər Komissarlığı yanında fəaliyyət göstərən «Üçlüyün» qərarı ilə güllələnərək qətlə yetirilir.

Bu gün «Molla Nəsrəddin» Azərbaycan cəmiyyətinin kütləvi şüurunda yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir. Lakin Azərbaycan mətbuatının, xüsusilə də «Molla Nəsrəddin» jurnalının və «Qeyrət» nəşriyyatının tarixi ilə maraqlanan hər bir kəs bunun heç də belə olmadığını anlayacaqdır. Çox təəssüf ki, son onillikdə Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın banisi, təsisçisi və müəllifi olaraq oynadığı rol təxəyyüllərdən o dərəcədə silinib ki, bir çox hallarda onun adı jurnala aidiyyəti olan şəxs kimi xatırlanmır.

Ömər Faiq Nemanzadənin jurnalın istər yaradılma, təsis olunma və nəşr olunma ideyasına, istərsə də bütünlükdə yazıçılıq məzmununa bilavasitə və birbaşa aidiyyəti vardır. Jurnal fəaliyyətinin son mərhələsində, 1921-ci ildən sonra sovet təbliğatının alətinə çevrildi və həmin vaxt Ömər Faiq artıq bu yeni, dəyişdirilmiş jurnalda çalışmadı, «satiranın» sovet variantında iştirakdan imtina etdi. Ömər Faiqin qızı Kamilə Nemanzadənin və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın sözlərinə görə, Ömər Faiq Cəlil Məmmədquluzadənin son günlərinə və demək olar ki, həyatının son anlarına kimi onun yaxın dostu qalır: Cəlil Məmmədquluzadə 1932-ci ildə Ömər Faiq yanında dünyasını dəyişir. Ömər Faiq dostunu Bakıda torpağa tapşırır.

Ömər Faiq Nemanzadə güllələndikdən sonra liberal dünyagörüşü və türk xalqlarının tərəqqisinə bəslədiyi ümidlərdən dolayı onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilmədi. Yalnız müstəqil Azərbaycanda arxivlərin ilk növbədə elmi dairələrə, sonra da geniş ictimaiyyətə açılması ilə  onun həyatının yetmiş il boyunca dilə, qələmə gətirilməyən bir çox faktları aşkara çıxdı. 1956-cı ildə keçmiş güllələnmiş «xalq düşmənləri» ilə yanaşı Ömər Faiqin də bəraət aldığına baxmayaraq, Azərbaycan ziyalılarının və elmi dairələrinin qorxu hissi o dərəcədə dərin idi ki, adı hələ də çəkilməməyə davam edirdi. Sovet dövründə təsbit olunmuş ideoloji ehkamlara sadiq qalan alimlər və tədqiqatçılar Ömər Faiqin qeyri-münasib idealları ilə dünyagörüşünü görməzlikdən gəlməyə üstünlük verirdi. Yalnız 80-ci illərin ortalarına yaxın bəzi ədəbiyyatşünaslar – o dövrün canlı şahidləri onun adını dilə gətirməyə cürət edir. Ömər Faiq Nemanzadənin yaradığılığının bərpası ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov tərəfindən həyata keçirilmişdir:

«Təəssüflə qeyd etmək lazımdır ki, Ö. F. Nemanzadənin publisistik irsi hələ lazımınca öyrənilməmiş, xüsusən onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyəti, demək olar ki, tam açılmamışdır: imzalar ətraflı öyrənilməmişdir, ayrı-ayrı felyeton və məqalələrin əsl sahibi müəyyənləşdirilmədiyindən onların kimin qələmindən çıxdığı hələ ki, sirr olaraq qalmaqdadır. Ə. Mirəhmədovun haqlı olaraq dediyi kimi “vaxtı ilə Faiqin “Molla Nəsrəddin” tarixindəki mövqeyi, “Qeyrət”in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi; onun mühüm xidmətlərindən bir qismi dostu Məmmədquluzadənin adına yazılırdı”. Tədqiqatçı-filosof F. Vahidov da bu fikirdədir ki, C. Məmmədquluzadəyə aid edilən “Zarafat”, “Bir boçka su”, “Bibiheybət ziyarətgahı” və s. Felyetonlar Ömər Faiqindir. Mərhum alim Muxtar Qasımov da C. Məmmədquluzadəyə isnad olunan bir sıra felyetonun Ömər Faiqə məxsusluğunu iddia edirdi. Hər halda bu məsələnin tam həlli gələcək tədqiqatçılarını gözləyir». Ş. Qurbanov fikrini tamamlayaraq, yazır: «nə öz sağlığında, nə də son vaxtlara qədər Ömər Faiqin əsərləri toplanıb kitab şəklində çap olunmamışdır. Yalnız bu sətirlərin müəllifi ilk dəfə onun publisistik irsinin çox cüzi  bir hissəsini (1983) və  xatirələrini (1985) çap etdirmişdir. Hazırda publisistin əsərlərinin əksəriyyəti böyük çətinlik hesabına da olsa, toplanmışdır. Buraya qəzet və jurnal məqalələrindən, ədəbi-bədii yazılardan, felyetonlardan əlavə ədibin əsərləri, arxiv materialları, bir sıra məruzələri də daxil edilmişdir.Ömər Faiq 40-dan çox gizli imzalardan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin  ən geniş və sərbəst meydanı olan “Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. İndi tam inamla demək olar ki, məşhur “Erməni və müsəlman qadınları“, “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” kimi çox əhəmiyyət və XX əsrin əvvəllərinə geniş ictimai rəy oyatmış yazırlar Ömər Faiqindir». (Şamil Gurbanov, Ömər Faiq Nemanzadə, Azərbaycanın Görkemli Adamları, Bakı, 1992)

Ömər Faiq Nemanzadənin publisistik və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi bizim tarixi prosesləri dərk etməyimiz üçün son dərəcə mühüm məsələ olmaqla yanaşı, XX əsrlərin əvvəllərində Rusiya imperiyasının Qafqazda türk xalqlarının reallıqlarının bərpasında son dərəcədə əhəmiyyətli bir töhfə olardı. Həmin dövr regionda iki sivilizasiyanın – Rusiya imperiyasının və onun Cənubi Qafqazda müsəlman əhalisinə olan münasibətində hərbi-feodal mahiyyət daşıyan müstəmləkəçilik siyasəti ilə təmsil olunan xristyanlığın və XIX əsrin ikinci yarısının Avropa dövlətləri ilə müqayisədəki zəifliyinin Qafqazın müsəlman ictimaiyyətinin, ziyalılarının və ruhanilərinin getdikcə daha çox müzakirə mövzusuna çevrilən ənənəvi islamın mövcud olduğu bir dövr idi. Bu, bir tərəfdən öz xalqının cahilliyinə, digər tərəfdən də Rusiyanın sivilizasiyanın yayılmasına qarşı olan iradlarına realist və tənqidi yanaşma sərgiləyən yeni formasiyalı təhsilli bəylər təbəqəsinin yarandığı dövr idi. Həm də Avropa nümunəsindən ilhamlanma, Rusiya müstəmləkəçilik quruluşuna zidd sayılan sosial Avropa dəyərləri, liberalizm ideyaları ilə tanışlıq dövrü idi. Qafqazda regionun siyasi həyatından kənarlaşdırılmış türk əhalisinin hökm sürən passivliyi, asılılığı və durğunluğu haqlı olaraq ziyalıların narahatlığına səbəb olmaqda idi. Mətbuat sıxışdırılmış, məngənə arasında qalmış ənənəvi cəmiyyətin ideallarının və məfkurələrinin  yayımlana biləcəyi yeni əsas prosesi, yeganə effektiv kommunikasiya mexanizmi idi.

Yuxarıda qeyd edildiyi kimi, Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır.Professor Şamil Qurbanovun sayəsində Ömər Faiqin çoxşaxəli yaradıcılığı elmi dövriyyədə və geniş ictimaiyyətdə tanındı. Çox təəssüf ki, Qurbanovun əsərləri və kitabları rəqəmsal formata keçid dövründə köçürülüb, çap variantında yenidən nəşr olunmamışdır.

P.S. Mən, Ülvi Pepinova, Ömər Faiq Nemanzadənin böyük qızı Kamilə Nemanzadənin ailəsində anadan olmuşam və atasının dahi və şərəfli həyat və yaradıcılığının xatirəsini ömrü boyunca necə qoruyub-saxladığını müşahidə etmişəm. O, bizə satirikin öz xalqının milli ləyaqətinin təşəkkülündəki əhəmiyyətini şərh etmişdir. O, güllələnmiş «xalq düşməninin», sonradan da sürgün edilmiş bir millətin qızı olduğunu heç vaxt gizlətmədi. O, mənim nənəm idi.

Bununla əlaqədar olaraq, Ömər Faiq Nemanzadənin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş azərbaycan, rus, ingilis və türk dillərində olan omarfaig.info  xatirə-məlumat saytının işə düşməsini elan etmək istərdik.

Sənədlərin azərbaycan dilinə tərcümə olunmasında və ümumi iş prosesində dəstək olduğuna görə mən, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” kafedrasının magistr pilləsinin məzunu Günel Hüseynovaya dərin təşəkkürümü bildirirəm.

Ömər Faiqin «Molla Nəsrəddin» jurnalındakı nəşrləri, digər jurnal və qəzetlərdə dərc edilmiş məqalələri, oçerkləri, felyetonları və əlbəttə ki, memuarları da daxil olmaqla, bizə gəlib çatmış əsərlərinin bir qismi kifayət qədər geniş həcmli olduğu üçün, sayt tədricən və müntəzəm şəkildə yeni materiallarla dolğunlaşacaqdır. Bizim saytda Ömər Faiqin yaradıcılığını az-çox tanıyanların və məzmunu ilə yaxından tanış olanların sitat gətirdiyi «Mən kiməm» adlı ilk nəşri onun öz xalqının cahilliyinin və durğunluğunun səbəblərinin böyük ağrı-acı ilə dərk etməsinə həsr olunmuşdur.

Biz Azərbaycanın filologiyası, jurnalistikası, nəşri və əlbəttə ki, ADR-in tarixi dövrünün öyrənilməsi və tədqiqatı ilə məşğul hər bir kəsin ziyarətçi bloq-məqalələri müraciətlərinə böyük maraqla münasibət bildirərik. Ziyarətçi postları saytda istifadə olunan dörd dilin hər birində dərc oluna bilər. Bizim poçt ünvanımız aşağıdakı kimidir: [email protected]

Ülvi Pepinova.