Akademik Tədqiqat və Məqalələr

Vətən sevgili mücahid – Flora Xəlilzadə

By June 1, 2020 No Comments

Milli mədəniyyətimizin tərəqqisində, xüsusilə də mətbuatımızın yeni və vacib ideyalarla zənginləşməsində böyük xidmətləri olan Ömər Faiq Nemanzadə adını tarixin pozulmaz səhifələrinə həkk edən cəsarətli insan, həqiqi vətəndaş idi. Filologiya elmləri doktoru Firidun Hüseynov onu “Cəlil Məmmədquluzadənin ən yavuq köməkçisi, alovlu publisist və qorxmaz adam” adlandırırdı. Bu da təsadüfi deyildir. Azərbaycan mətbuat tarixindən bəllidir ki, o, “Qeyrət” mətbəəsini və “Molla Nəsrəddin” jurnalını “bina edənlərdən” biri olub. “Ümidvar”, “Ümid”, “Lağlağı”, “Dərdmənd”, “Heyrani”, “Dəli”, “Çoban”, “Mozalan” kimi gizli imzalarla tanınan bu qələm sahibinin həm həmkarları, həm də müasiri olduğu ziyalılar arasında böyük nüfuzu və hörməti var idi.

Cəmi 65 il ömür sürmüş Ömər Faiq Nemanzadə keşməkeşli və mürəkkəb  bir həyat yaşayıb. Məktəbi bitirdikdən sonra bir müddət Türkiyədə çalışdı. İstibdada qarşı mübarizə aparan gənclərlə həmrəy olduğundan “suçlu adam” siyahısına düşüb. İzləmə və təqiblərdən xilas yolunu vətənə qayıtmaqda görüb. Şəki, Şamaxı, Gəncə şəhərlərində müəllimlik edib. Şəkidə ilk “üsuli-cədid” məktəbində dərs dediyi vaxtlarda M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşaya hazırlanmasında yaxından iştirak etmiş, hətta baş qəhrəmanı özü yaratmışdır. Burada bir faktı da qeyd edək ki, Azərbaycan ziyalılarının əksəriyyəti harada çalışıblarsa, orada mütləq xalqın maariflənməsi yolunda teatrın oynadığı rola mühüm əhəmiyyət veriblər. Unudulmaz Firidun Bəy Köçərli də İrəvanda gimnaziyada dərs dediyi illərdə bu qədim türk şəhərində həm də teatr qurucusu kimi adını mədəniyyət tarixinə yazmışdı.

Ömər Faiqin Tiflis həyatı da çox maraqlı və yaddaqalan olub. 1903-cü ildə nəşr olunan siyasi və ictimai, gündəlik türk qəzeti “Şərqi-Rus” görün kimləri bir araya gətirdi? Cəlil Məmmədquluzadə, Üzeyir Bəy Hacıbəyli, Məhəmməd ağa Şahtaxtlı, Rəşid İsmayılov, Səməd ağa Qayıbov… və nəhayət, Ömər Faiq Nemanzadə. Bu məqamda Cəlil Məmmədquluzadənin məşhur “Xatiratım” əsərindən öyrəndiyimizi xatırlamamaq olmur. Onlar birlikdə həm “Qeyrət” mətbəəsində, həm də onun yanında təşkil olunmuş “Leyli” məktəbində çalışırmışlar. Məktəbin də, mətbəənin də rəsmi müdiri Mirzə Cəlil özü imiş. Görün unudulmaz ədibimiz bu məsələyə necə gözəl və dürüst aydınlıq gətirib: “Həmin müəssisələri təsis etmək icazəsini о əsrin hökuməti bəlkə ancaq mənə verərdi və Ömər Faiqə verməzdi. Bu cəhət ki, mən hökumət darülmüəllimini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi. Və zənn edirəm ki, mətləb burada aşkar olur”. Türkiyədə təhsil aldığına, azadlıq ideyaları yaydığına, açıq, cəsarətli yazılarına, milli kimliyinə və bunu təbliğ etdiyinə, ən nəhayət, millətini sevdiyinə, onun işıqlı gələcəyi yolunda çarpışdığına görə Ömər Faiq Nemanzadə yaşadığı az, amma mənalı ömründə həmişə qeyri-türklərin qara siyahısında olub. Çarizm zamanmda da belə idi, sovet dövründə də. “Molla Nəsrəddin” jurnalında çalışdığı illərdə dəfələrlə göz altına alınaraq tez-tez həbs edilib. Dil məsələsində də Ömər Faiq qətiyyətli mövqedə dayanmışdır. Bu mövzuda qələmə aldığı yazılarda müəllifin ürək yanğıları duyulur. “Eşq və məhəbbət” adlı məqaləsində müəllif bütün dövrlər üçün məqbul sayılan bir ideyasını bəyan edib: “Müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”. Bu dəyərli sözləri ötən əsrin əvvəllərində Ömər Faiq Nemanzadə söyləmişdi. Dilimizin saflığını, təmizliyini qorumaq yolunda ömrü boyu mübarizə aparan və bu istiqamətdə mühüm tədbirlər həyata keçirən, dövlət səviyyəsində mühafizəsini təmin edən ümummilli lider Heydər Əliyevin bir fikrini xatırlamaqla Ömər Faiq Nemanzadələrin arzularının çiçək açdığını vurğulamaqdır niyyətim: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunlar hamısı bir-birinə bağlıdır”. Dilə münasibət həm də vətən sevgisidir. Pusquda yatan vulkanlar Ömər Faiqi aradan götürmək üçün girəvə gözləyirdilər. Hətta dostları da ona məsləhət görürdülər ki, zamanın quzğunlarından özünü qorusun. Çünki Ömər Faiq kimi ziyalılar millətə çox lazım idi. Vaxtilə Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin” jurnalında “Soldumu gülzarın, ey Faiqi-Nemanpəsər” misrası ilə başlanan şeirində deyirdi: “Söyləmədim sənə, rahət otur, heyifsən!..” Ömər Faiq rahat olabilməzdi. O, susmağı bacarmırdı. Millətini ayıltmaq üçün qələmiylə mücadiləyə qalxmışdı. Ömər Faiq Nemanzadə “Qəzet aləmin güzgüsüdür” deyərək onun vasitəsilə xalqı bir sıra bəlalardan xilas etməyin mümkünlüyünə inanırdı. Yaşadığı dövrdə çap olunan bir sıra qəzet və jurnallarda müntəzəm çıxış edirdi. İnanırdı ki, qəzet zəmanənin ən kəskin qılıncıdır. Ömər Faiq də məhz öz qılıncını – qələmini onu narahat edən nöqsanların kökünü kəsməyə yönəldirdi.

O, erməni daşnaklarının törətdiyi fəlakətlərin də şahidi olmuşdu. Bu faciələrin törədilməsində çar rejiminin rolunu ustalıqla tənqid atəşinə tuturdu. Ədəbiyyatşünas Firidun Hüseynovun araşdırmalarına görə, Mirzə Cəlil bəzən Ömər Faiqi qorumaq üçün onun kəskin yazılarını yumşaltmağa çalışırdı. Amma bunu elə ustalıqla edirdi ki, müəllifin məram və məqsədinə xələl gəlmirdi; söz sərrafları hər şeyi müəllifin düşündüyü kimi anlayırdılar.

Sovet hakimiyyəti illərində müxtəlif məsul vəzifələrdə çalışsa da, mənfur 37-ci ilin repressiya maşını onu əzdi. Bütün bəlalardan sıyrılmağı bacardığından onun qətlinə fərman verənlər iyulda həbs etdirdikləri Ömər Faiqi oktyabrda güllələdilər. Amma cəlladların bu qanlı cinayətləriuzun müddət gizli qalsa da, sonda faş oldu. 1958-ci ildə Ömər Faiqə bəraət verilib. Özünün dediyi kimi, artıq olan olmuşdu. Yazımı Сəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalındakı (1907-ci il) düşüncələrini ifadə edən bir fikrilə tamamlayıram. Üzünü gələcək nəslə tutaraq ürək yanğısı ilə görün nə deyirdi: “Ey yüz il bundan sonra dünyada yaşayacaq nəvə və nəticələrimiz! Bəlkə bundan sonra “Molla Nəsrəddin”in köhnəlmiş və qatı kəsilmiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız! Мən qorxuram siz о vədə deyəsiniz ki, “bu rəhmətlik Molla Nəsrəddin bizim rəhmətlik babalarımıza böhtan deyib. Çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Fermaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar”. Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz!” Allah sizlərə rəhmət eləsin, unudulmaz mollanəsrəddinçilər! Sizin ifşa və tənqid etdiyiniz qüsurların yox olanı da var, yenidən çamurlardan boylananı da…

Flora Xəlilzadə