Ömər Faiq və “Molla Nəsrəddin” Jurnalı

Müsəlman mətbuatının baş senzoru olan və 1906-1917-ci illər ərzində Tbilisidə Qafqaz Senzura komitəsində işləyən Mirzə Şərif Mirzəyevin fikrincə, Ömər Faiqin ictimai fəaliyyəti onun müasirləri tərəfdən layiqli dərəcədə dəyərləndirilməmişdir, lakin gələcək nəsil onun adını ehtiramla və qürurla anacaq. O yazırdı:

Məgər gələcək azad nəslin ilk rus inqilabından sonra, reallıqların ən acınacaqlı günlərində, bütün təhlükələrə baxmayaraq, böyük bir cəsarətlə inqilabçı ideyalarını təbliğ edən, soydaşlarını azadlığa, nura doğru səsləyən bir adamın adını anmaması mümkündürmü?

Bu fikir bu günə qədər ədalətli hesab olunur.

Bu günki gündə Azərbaycan ictimaiyyətinin kütləvi süurunda “Molla Nəsrəddin” yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir Lakin Azərbaycan mətbuatının tarixində, ələlxüsus “Molla Nəsrəddin” jurnalı və “Qeyrət” nəşriyyatının tarixlərində həqiqətən də maraqlı olan hər kəsə, aydın olacaq ki, bu, heçdə və tamamilə belə deyil. Əfsuslar olsun ki, Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın təsisçisi, banisi və müəllifi kimi rolu son onillikdə o qədər silinmişdir ki, bir çox hallarda onun adı hətta jurnal ilə əlaqəli bir şəxs kimi də çəkilmir.

Ömər Faiq Neymanzadənin adı Sovet İttifaqı dağılana qədər qadağalı idi və yalnız artıq müstəqil Azərbaycanda arxivlərin, ilk növbədə, elmi dairələrə və daha sonra geniş kütlələrə açılması ilə yeni tarix açılmağa başladı, yeddi onillik boyunca gizli qalmış bir çox faktlar və həyat tarixçələri məlum oldu. Güllələnmiş keçmiş “xalq düşmənlərinin”, həmçinin Ömər Faiqin, 1956-cı ildə reabilitasiyasına baxmayaraq, Azərbaycanın ziyalılarının və elmi dairələrinin dərin qorxu ətaləti o qədər böyük idi ki, onun adı hələ də çəkilmirdi. Sovet dövrünün ideoloji doqmalarına sadiq alimlər və tədqiqatçılar Ömər Faiqin uyğunsuz dünya görüşü və ideallarından yan keçməyə üstünlük verirdilər. Və yalnız 80-ci illərin ortalarında bəzi ədəbiyyatşünaslar – həmin dövrün canlı  şahidləri Ömər Faiqi xatırlamağa cürət edirlər. Ömər Faiq Neymanzadənin həqiqi ədəbi reabilitasiyasını ilk dəfə gənc alim – tədqiqatçı Şamil Qurbanov həyata keçirmişdir:

«Təəssüflə qeyd etmək lazımdır ki, Ö. F. Nemanzadənin publisistik irsi hələ lazımınca öyrənilməmiş, xüsusən onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyəti, demək olar ki, tam açılmamışdır: imzalar ətraflı öyrənilməmişdir, ayrı-ayrı felyeton və məqalələrin əsl sahibi müəyyənləşdirilmədiyindən onların kimin qələmindən çıxdığı hələ ki, sirr olaraq qalmaqdadır. Ə. Mirəhmədovun haqlı olaraq dediyi kimi “vaxtı ilə Faiqin “Molla Nəsrəddin” tarixindəki mövqeyi, “Qeyrət”in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi; onun mühüm xidmətlərindən bir qismi dostu Məmmədquluzadənin adına yazılırdı”. Tədqiqatçı-filosof F. Vahidov da bu fikirdədir ki, C. Məmmədquluzadəyə aid edilən “Zarafat”, “Bir boçka su”, “Bibiheybət ziyarətgahı” və s. Felyetonlar Ömər Faiqindir. Mərhum alim Muxtar Qasımov da C. Məmmədquluzadəyə isnad olunan bir sıra felyetonun Ömər Faiqə məxsusluğunu iddia edirdi. Hər halda bu məsələnin tam həlli gələcək tədqiqatçılarını gözləyir».

Müsəlman mətbuatının (1906-1917), həmçinin “Molla Nəsrəddin” jurnalının baş senzoru olan Mirzə Şərif Mirzəyev, Ömər Faiqin əməyini qiymətləndirərək, yazırdı: «İlk öncə o, Tiflisdə “Qeyrət” mətbəəsini yaradır, bütün avadanlıqla onu təmin edir və “Molla Nəsrəddin” satirik jurnalını nəşr edir. O, bütün enerjisini, istedadını və qüdrətini xalqına həsr etmiş, yorulmadan həm  naşir, həm də jurnalist kimi fəaliyyət göstərmişdi. Onun işlədiyi şəraitin ağırlığını anlamaq üçün 1906-1907-ci illər ərzində nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının nömrələrinə baxmaq kifayyətdir. Və yalnız bu halda anlamaq olar, hansı təhlükələrə bu inqilabi ideyalar fədakarı özünü ifşa edirdi».

 Bundan sonra, 1919-cu ildə Mirzə Şərif Mirzəyev yazmışdır:

1906-1910 illər ərzində mən Ömər Faiqi daha yaxından tanıdım. Şərq dilləri üzrə senzor vəzifəsi səbəbiylə bütün qanuni və qanunsuz işlərini oxudum. O, qəsdən özünü təhlükəyə atırdı. O, yazırdı: «Məqsədə çatmaq ya ölmək». Nəşriyyatında o, azərbaycan dilində müxtəlif kitablar, xəbərlər, inqilabi xarakterli müraciətləri çap edirdi, bununla da həbs və ya sürgün olma təhlükəsini yaradırdı.

Dövrün ən parlaq şəxsiyyəti, müasir Azərbaycan ədəbiyyatının təsisçisi və klassiki Cəlil Məmmədquluzadə ilə Ömər Faiqin tanışlığı 1903-cü ildə azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanında, yəni “Şərqi-Rus” qəzetinin redaksiyasında baş tutmuşdur.

1905-ci ildə “Şərqi-Rus” qəzeti müflis oldu və M.Şaxtaxtinskiy nəşriyyatı satmaq qərarına gəldi. O zaman Ömər Faiqin etibarsızlığı o qədər aşkar idi və hakimiyyət tərəfindən o qədər təsbit edilmişdi ki, onun Rusiya imperiyasının çap məhsulunun nəşrinə icazə almaq üçün heç bir şansı yox idi. “Şərqi-Rus” və nəşriyyatın satışa çıxarılması Ömər Faiqin və Cəlil Məmmədquluzadənin birgə işində yeni dövr açdı.

Bu haqda Ömər Faiq xatirələrində yazır: “Çoxdan həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir sürətdə razı olmamağımı, nə yolla olursa olsun, onu saxlamaq gərəkliyini Mirzə Cəlilə dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm yox. Lakin Məhəmməd ağa söz yox ki, pul istəyəcək. O da ki, nə səndə, nədəki məndə. Bir də, Faiq, Məhəmməd ağa bilsə ki, mətbəə sənin əlinə keçəcəkdir, qorxuram bizə hec verməyə. Dedim: “Mənim adımı çəkmə, sən Məhəmməd ağanı bir az vaxt dayandır, pul tapacağına söz ver, qorxma!” C. Məmmədquluzadə isə həmin günləri belə xatırlayır: “…biz mətbəəni ələ keçirmək, gələcəkdə ondan istifadə etmək niyyəti ilə başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun”.

Belə bir adamı Ömər Faiq özü tapır. Naxçıvanlı Məşədi Ələsgər Bağırov mətbəəni almaq üçün onlara borc pul verir, sonra da həm mətbəənin, həm də “Molla Nəsrəddin” jurnalının xərclərini öz öhdəsinə götürür. Yeni mətbəə “Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ açır. Mollanəsrəddinçilər adı ilə məhşur olan fikir cərəyanı məhz “Qeyrət” mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. İlk kitablardan birini Ömər Faiqin özü yazmış və 1905-ci il aprelin 2-də senzor komitəsindən onun çapına icazə də almışdır. “Nəşri-asara dəvət” adlanan bu kitab tezliklə çap olunub camaata pulsuz paylandı.

“Qeyrət” mətbəəsi geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və əvvəlcə “Torpaq” adlı jurnal çıxartmaq üçün hökümətə müraciət etdi. Ömər Faiq yazır ki, “jurnalın müdirliyi və baş mühərrirliyi Mirzə Cəlilin arzusu və tələbi ilə mənim öhdəmə qoyuldu”. Lakin, Baş mətbuat idarəsi Ömər Faiqin Türkiyədə təhsil aldığını bəhanə edib jurnalın nəşrinə icazə vermədi. Bir az sonra C. Məmmədquluzadənin çap etmək istədiyi “Novruz” adlı qəzet də baş tutmadı. Nəhayət, hər iki dost 1906-cı ildə məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə nail oldu. Rəsmi redaktoru Cəlil Məmmədquluzadə, əsas yazanı isə Ömər Faiq idi. Omar Faiq jurnalın inzibati və maliyyə məsələlərini də idarə edirdi.

Bundan sonra Ömər Faiqin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Respublika Əlyazmaqları institutunda Ömər Faiqin “Molla Nəsrəddin” jurnalı nədir?” adlı xatirəsi saxlanılır. Burada jurnalın yaranması, məqsədi, fəaliyyəti, mübarizəsi şərh olunur. Amma iki məsələ xüsusilə qeyd edilir ki, nədənsə indiyə qədər tədqiqatçılar ona əhəmiyyət verməmişlər. Bunun biri jurnalın adı ilə, ikinci redaksiyada vəzifə bölgüsü ilə bağlıdır. Bunların hər ikisi jurnalın fəaliyyəti və müvəffəqiyyəti üçün vacib məsələ idi. Ömər Faiqin sözləri ilə desək, “adın özü də bir reklam, bir dəlildir”. Hər iki əməl dostu ad üstündə çox düşünmüş, “bir çox adlar sadalanıb tullandıqdan sonra “Molla Nəsrəddin” dayanılmışdır. Çünki Ömər Faiqin fikrincə, “Molla Nəsrəddin” deyəndə “oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var”.

Daha bir məsələ: Ömər Faiq yazır ki, onlar jurnalın planını müəyyənləşdirərkən onun “mütləq şəkilli olmasına” fikir vermək qərarına gəlmişlər. Çünki, yenə də onun fikrincə, xalq öz düşmənlərinin “canlı sürətdə, gülməli şəkildə” məsxərəyə alındığını, ifşa edildiyini görəndə sevinəcək, “Molla Nəsrəddin”in simasında öz himayəçisini görəcəkdir. Belə də oldu. Ömər Faiqin həmin xatirəsində oxuyuruq: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət və hədə kağızları alırdıq. Jurnala yuxarıdakı təbəqədən lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırdı. Göstərilən rəğbət inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi”.

“Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin bütün yükü, ağırlığı Mirzə Cəlillə Ömər Faiqin üzərinə düşmüşdü. Materialların hamısını özləri hazırlamış, şəkillərin mövzularını özləri vermiş, teleqraf xəbərlərini, tapmacaları da bir yerdə tərtib etmişdilər. Birinci nömrədə “Atalar sözləri” bölməsində belə bir cümlə vardır: “At atla boğuşar, hökümətin işi rast gələr”. Ömər Faiq xatirələrində yazır ki: “Mən bu cümləni “İt itlə boğuşar, hökümətin işi rast gələr” sürətində yazmışdım. Mirzə Cəlil Şeytanbazar qoçularından ehtiyat edib, iti ata çevirməmi rica etdi”.

Bu göstərir ki, materiallar diqqətlə ölçülüb-biçilir, hər ikisinin razılığı və iştirakı ilə hazırlanırdı.

İstər jurnalın bədii tərtibatında, istərsə də materialların seçilməsi və hazırlanmasında o, ikinci əsas sima idi. Ömər Faiqin Respublika Əlyazmaları institutunda saxlanılan arxivindəki jurnal komplektlərində bəzi karikaturaların üstündə onun öz xətti ilə “mənimdir” sözləri yazılmışdır.

Bir müddət sonra isə, XX-ci əsrin dahi xalq şairi Mirzə Ələkbər Sabiri və müasir Azərbaycan ədəbiyyatının təsisçisi və klassiki Cəlil Məmmədquluzadəni aktiv fəaliyyətə cəlb edir.

Zamanla “Molla Nəsrəddin” satirik jurnalında istedadlı rəssam və publisistlərdən ibarət olan unikal kollektiv yarandı. Həmin dövrdə ictimaiyyətin, və o cümlədən onun savadsız hissəsinin sevincinə səbəb olan O.Şmerlinq və D.Rotterin karikaturaları, hələ də mənzərəli dilin sənətkarlığı və rəngarəngliyi ilə təəccübləndirir. Məlumdur ki, karikaturalar əsasən O.Şmerlinq və D.Rotter tərəfindən çəkilirdi. Lakin, həmin karikaturaların ideyavericiləri C.Məmmədquluzadə ilə Ö.F.Nemanzadə idi. Ömər Faiq xatirələrində qeyd edir: «“Molla Nəsrəddin” jurnalında öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yəni uydurma, bənzətmə şəkil deyil, vaqiyənin, şəxslərin, tiplərin özü, bayağı fotoqrafıdır”.

Bir çox karikaturlar əsasən felyeton ideyalarından yaranırdı. Ömər Faiq dini xurafatı və onun xalq arasında yayılmasını tənqid edərkən, maariflənmənin yalnız dini təlimlə məhdudlaşdırılmasının insanı aləmi dünya elmləri və sadə əxlaq normaları vasitəsilə dərk etməsi imkanlarından məhrum etdiyi fikrini oxucunun nəzərinə son dərəcə dəqiq şəkildə çatdırırdı. O, ruhani məktəblərini bitirmiş adamların cəmiyyət üçün tamamilə yararsız olduğunu vurğulayırdı.

1906-cı ildə, Ömər Faiq “Dəvət və təvəqqe” məqaləsində “Qeyrət” mətbəəsinin məqsəd və vəzifələrini izah edərək, qələm yoldaşlarına müraciət edir: «Öz xalqına xidmət etmək və bu müqəddəs məqsədə qoşulmaq istəyən hər kəs yoxsul insanların ağır həyat şəraiti və istibdad hakimiyyəti haqqında məqalə yazsın və “Molla Nəsrəddin” və ya “Qeyrət” mətbəəsinə göndərsin”.

Ömər Faiq oxuculara bu cür müraciət edir:

Müsəlman qardaşlarımız, siz bizim bir ildən artıqdır Vətənimizin və xalqımızın müstəqilliyi ilə çiçəklənməsi uğrunda apardığımız mübarizənin canlı şahidlərisiniz. Eyni zamanda bir neçə dəfə sizdən dəstək də istəmişik. Lakin bu istiqamətdə atılan hər hansı qətiyyətli addımları görmədik. Məgər müsəlmanların birliyi bu şəkildə olmalıdır? Onun necə olmalı olduğunu bilmirsinizsə, müəllimlərinizdən maraqlanın. Allahın hökmlərinə uyğun yaşayırsınızsa, bizə qoşulun. Düşmən buxovlarından qurtulun, gəlin əminamanlığımız uğrunda mübarizə edək. Övladlarımızı əziyyətlərdən xilas etmək, dövlət məmurları ilə və jandarmlar tərəfindən məruz qaldığımız təhqir və həqarətlərə son qoymaq üçün əlbir olmalıyıq. Bu sözlər barədə yaxşı-yaxşı düşünün. Bu dəfə, hazırkı rejimə son qoymaq və hökumət nümayəndələrini nəzarətə götürmək üçün biz müsəlmanlar Konstitusiyaya uyğun idarə üsulunun tətbiq olunmasını və şəffaf parlament seçkilərinin keçirilməsini tələb etməliyik. Şübhəsiz ki, siz də bu işdə bizə dəstək olub, bizə qoşulsanız, nəticələr özünü çox gözlətməyəcək… Bunu yalnız hazırkı idarə üsuluna son qoymaq, yəni parlament seçkilərinin keçirilməsi yolu ilə həyata keçirmək mümkündür. Biz də buna can atırıq. Bu müraciəti də sizə məhz bizimlə əlbir olmanız üçün yollayırıq. Tam aydınlıq üçün müraciətimizi sizə türk dilində göndəririk. Bu müraciətlə tanış olub, onu digər müsəlman qardaşlarla paylaşmayanlar xainlik etmiş və Allahın qəzəbinə tuş gəlmiş sayılacaq. Siz də bizim kimi mübarizə edin. Allah-Təala müsəlman qardaşlara yardımçı olur və ölkəsinin vətənpərvərlərinə dayaq durur.

Ömər Faiqin jurnalda bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyadırdısa, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı geniş rəğbət yaradırdı. 1907-ci ildə o, jurnalda dərc etdiyi karikaturalardan birində Sultan Əbdülhəmidi Avropa dövlətləri qarşısında meymun şəklində təsvir etdiyi üçün həbs olunmuş, lakin geniş xalq kütləsinin tələbi ilə iki aydan sonra azad edilmişdir.

1907-ci ildə jurnalın fəaliyyəti hökumət tərəfindən müvəqqəti dayandırıldığında, Ömər Faiq «İrşad» qəzetində aşağıdakıları yazmışdır: «Bu zavallılar «Molla Nəsrəddin» jurnalının fəaliyyətinə son qoymaqla, öz rüsvayçılıqlarını ört-basdır edəcəklərinə inanırlar. Onlar sadəcə aramızda molla-nəsrəddinçilərin artıq çox olduğundan xəbərsizdirlər. Bu gün «Molla Nəsrəddin» bağlansa da, sabah «Molla Xeyrəddin» açılacaq».

Ə. Sabir Ömər Faiqin hökümət tərəfindən təqib olunmasına işarə edərək 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi “Töhmət” adlı şerində çox mənalı və yumoristik şəkildə yazırdı:

Söyləmədimmi sənə rahət otur, heyfsən,

Çəkmə bu millət qəmin, çək özünə keyf sən,

Xanə deyildir sənin, getməlisən, zeyfsən

Eyləmədin etina, qüssə həmən oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Tədqiqatçı Şamil Qurbanovun sözlərinə görə, «Nə öz sağlığında, nə də son vaxtlara qədər Ömər Faiqin əsərləri toplanıb kitab şəklində çap olunmamışdır. Yalnız bu sətirlərin müəllifi ilk dəfə onun publisistik irsinin çox cüzi  bir hissəsini (1983) və  xatirələrini (1985) çap etdirmişdir. Hazırda publisistin əsərlərinin əksəriyyəti böyük çətinlik hesabına da olsa, toplanmışdır. Buraya qəzet və jurnal məqalələrindən, ədəbi-bədii yazılardan, felyetonlardan əlavə ədibin əsərləri, arxiv materialları, bir sıra məruzələri də daxil edilmişdir.

Ömər Faiq 40-dan çox gizli imzalardan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin  ən geniş və sərbəst meydanı olan “Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. İndi tam inamla demək olar ki, məşhur “Erməni və müsəlman övrətləri”, ”Qafqaz Şeyxülislamına iki dənə açıq məktub” kimi çox əhəmiyyət və XX əsrin əvvəllərinə geniş ictimai rəy oyatmış yazırlar Ömər Faiqindir.

Ümumiyyətlə, mollanəsrəddinşünaslar nəzərə almalıdırlar ki, jurnalın ilk nömrələrində cəmi iki gizli imza olmuşdur: “Molla Nəsrəddin” və “Lağlağı”. Onun birincisi C. Məmmədquluzadəyə, ikincisi Ömər Faiqə məxsusdur. Sonralar məslək dostlarının hər ikisi (ən çox Ömər Faiq) bu imzalardan istifadə etmişdir. O, xatirələrində yazır ki, “Derdimənd” imzaları ilə “Zövci-axər” və “Hicab məsələsi” başlıqları ilə məqalələr yazıb qadın azadlığını iddia və tələb etdiyimdən ötrü Tiflisin axundları 1907-ci ildə ağzına qədər dolu Şah Abbas məscidində şəri-məhkəmə çağırıb məni mühakimə etmək istədilər”.

Qurbanov davam edir: «Həmin məqalələrin imzalarına gələndə isə, görünür, hafizəsi müəllifi aldatmışdır. Çünki jurnalı vərəqləyəndə aydın olur ki, məqalələrdən ancaq birincisi – “Xortdana məktub” göstərilən imza ilə, qalanları – “Hicab məsələsi və cavabımız”, “Bir neçə günlüyə” və s. “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur. Deməli, Ömər Faiqin müxtəlif imzaları içərisində “Molla Nəsrəddin” də olmaya bilməzdi. Jurnal ilk 6 ildə onun geniş fəaliyyət meydanına çevrilmişdi; qələmi kəskinləşmiş, həvəsi artmış, bütün və hər cür geriliyə, mənfi adət və ənənələrə atəş açmağa başlamışdı. “Molla Nəsrəddin”ə qədər onun “Tərcüman”, “Şərqi-Rus” və digər mətbuat orqanlarında on illik zəngin publisist təcrübəsi vardır.

Doğrudur, o zaman çap üçün o, başqalarından asılı idi, buna görə də çox sıxıntılar, məhdudiyyətlər görmüşdü. Azad, sərbəst, özünə aid mətbuat orqanın olmasını ehtirasla arzu edirdi.  Bununla belə, Ömər Faiq sözügedən qəzetdəki əməkdaşlığını xatırlayarkən, bunları yazırdı: «Məqalələrimiz rəsmi senzuradan əlavə, redaktorun da senzurasından keçirdi. Redaktor bizə hökumətin azərbaycanlılara qarşı kəskin və əzici münasibətindən və onları təhsil almaq hüququndan məhrum etməklə, cahillik içində yaşamağa sürüklədiklərindən bir kəlmə belə yazmağımıza icazə vermirdi».

Daha sonra yazır:

Görürəm hamının başı şəxsi rifahına qarışıb. Hərə bir yolla – kimisi ibadət etməklə, kimisi ənənələrə riayət etməklə – hər kəs öz imkanları daxilinidə öz həyatının qurtuluşu ilə məşğuldur: mömin ibadəti ilə, ruhani ianə yığmaqla, ziyalı şəxsi maraqlarına qulluq etməklə, varlı isə sərvət toplamaqla, bir sözlə, hərə özünü, sırf öz canını qurtarmağa çalışır. Bundan da hər bir millətdə mütləq mövcud olan ictimai rəyin bizdə tamamilə yox dərəcəsində olduğu qənaətinə gəlinir, bizdə hələ öz taleyimizi xalqın, millətin taleyinə bağlamaq şövqü yaranmayıb, biz hələ xalqın dərdinə öz dərdimizə acıdığımız kimi acımağı öyrənməmişik.

Azad, sərbəst, özünə aid mətbuat orqanlarını necə ehtirasla arzuladığını, “Molla Nəsrəddin”in ilk addımlarından nə qədər sevindiyini, onun üzərində necə əsdiyini xatirələrindən və başqa məqalələrindən hiss etmək çətin deyildir.

 “Hələ arzularımın mindən birini yazmamışdım” deyən Ömər Faiq böyük həvəslə işə girişmiş və onun da arzularının çoxu “Molla Nəsrəddin” səhifələrində müxtəlif formalarda, karikatura və felyetonlarda öz əksini tapa bilmişdir. Əgər biz deyəndə ki, jurnalı əvvəllər ancaq iki nəfər hazırlayıb çap edirdi, onu da etiraf etməliyik ki, həmin iki nəfərdən biri olan və dövrün ən güclü publisisti hesab olunan Ömər Faiq də  yəgin ki, orada bir yaradıcılıq işi görürdü.

Çox təəssüf ki, məlum səbəblər üzündən indiyə qədər Ömər Faiqin başqa fəaliyyət sahələri kimi, “Molla Nəsrəddin”dəki işi də açılmamışdır. Onun jurnalda çap olunan felyetonlarının və “xidmətlərinin bir qismi dostu C. Məmmədquluzadənin adına yazılırdı”.

Mövcudluğunun son mərhələsində, 1921-ci ildən sonra, jurnal sovet təbliğatının alətinə çevrildi, və o vaxt üçün Ömər Faiq bu yeni dəyişilmiş jurnalda artıq işləmirdi, çünki o, “satiranın” sovet variantında iştirakdan qəti surətdə imtina edirdi. Ömər Faiqin qızı Kamilə Neymanzadənin xatirələrinə əsasən, Ömər Faiq Cəlil Məmmədquluzadənin həyatının son günlərinə qədər onun yaxın dostu olaraq qalırdı. Məmmədquluzadə dərindən düşünmədən qərar verərək yeni olaraq gördüyü bir sovet satirik jurnalını buraxmağa başladı, lakin qısa müddətdə öz uzağıgörməzliyini və tələsikliyini anladı. Əvvəlcə Məmmədquluzadə sadəcə jurnalın məzmununa etiraz etməyə başladı, daha sonra isə o, yeni satiranın mənasına qarşı prinsipial etirazlarını ifadə etdikdə və onu qəbul etmədikdə, onu kənara çəkərək bir daha narahat etməyəcəklərini izah etdilər. Bundan sonra o, heç nə imzalamırdı. Lakin jurnal onun redaktor imzası ilə buraxılmağa davam edirdi.

Böyük avtoritetin imzası hakimiyyətə lazım idi. Lakin bu, möhürə köçürülmüş bir imza idi, hansı ki, Cəlil Məmmədquluzadənin ölümünədək jurnalın bütün buraxılışlarına vurulurdu. Onların yaşadığı, lakin xəyal etmədikləri yeni cəmiyyətin reallıqları belə idi.

Ömər Faiq öz vətənində tamamilə başqa dəyərlərin, başqa tərəqqinin, başqa mədəniyyətin, yeni sovet insanının bərqərar olmasının şahidi oldu. Əsrin əvvəlinin sosial ideyaları onun vətənində mütləq hakimiyyətin tanınmaz rejiminin, sovet təhkimçilik hüququnun bərqərar olması ilə nəticələndi.

1932-ci ildə Bakıda o, öz dostu Cəlil Məmmədquluzadəni dəfn etdi, və yetkin illərini Gürcüstanda, doğma Aqara kəndində səssizcə keçirdi. 1927-ci ildə təqaüdə çıxdıqdan sonra Ömər Faiq XX-ci əsr Azərbaycan mədəniyyəti və Qafqaz mətbuatının tarixi üçün olduqca əhəmiyyətli olan “Memuarlar” üzərində işləyirdi. Lakin müəllif öz işini başa çatdıra bilmədi. 16 iyul 1937-ci ildə Ömər Faiq Gürcüstanda, Axaltsıxda rayon prokuroru Odabaşyanın sərəncamı ilə Türkiyənin xeyrinə casusluqda ittiham üzrə həbs edildi. 3 aydan sonra, 10 oktyabrda o, Gürcüstan SSR-ın Daxili İşlər Komissarlığı yanında “Üçlüyün” qərarı ilə güllələndi. Yeddi il sonra, 1944-cü ilin payızında o vaxt üçün sağ qalmış minlərlə həmvətənlilərinin total deportasiyası keçirildi. Ömər Faiqin və onun xalqının həyatının faciəvi akkordu — onun türk xalqlarının mümkün təşəkkül və inkişaf yollarına ideoloji və siyasi baxışlarının doğruluğunun təsdiqidir.


Bu material professor Şamil Qurbanovun tədqiqatları və nəşr olunan əsərləri, orijinal mənbələr sayılan Ömər Faiq Nemanzadənin əsərlər və xatirələri, tarixçilər və ədəbiyyatşünasların məqalələri, eləcə də şifahi, ailə və ictimaitarix həqiqətləri əsasında tərtib edilmişdir. Sayt yeni materiallarla tədricən və ardıcıl şəkildə yenilənəcək. Referanslar üçün “İstinadlar” -a baxın.