Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.

Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.

Ruxadzenin və onun əli altında olan qulluqçularının xudsəranə hərəkəti camaatı həyəcana saldı. Camaat səbir edə bilməyib Ruxadzenin bu hərəkətinə laqeyd baxmadığından bizim həbsdən azad edilməyimizi tələb etməyə başladı.

Mən hal-hazırda onu fikir edirəm ki, Gürcüstan hökuməti Ruxadzenin xəyalatının səmərəsi olan danoslarını nəzəri-diqqətə alıb heç vaxt Axalsix hadisələrinin əsil səbəbini təftiş edir. Mütəəssüf, bu hadisələr münasibətilə hökumət indiyə qədər xəbərsizdir. Ruxadze öz axırıncı məktubunda yazır ki, bizim əlimizə böylə gizlin sənəd keçmişdir. Sənəd budur “Əfəndi qardaşım! Sizə xəbər veririk ki, Qərbi Zaqafqaziya mühavirləri Karsdadırlar. Onlara mehmannəvazlıq göstərin. Onları öz ixtiyarınıza, alın” və qeyri…

Möhtərəm qareləri inandırıram ki, bu kağız mənim xüsusi düşmənlərim olan Kobilan bəyləri tərəfindən yazılmışdır. Həmin bəylər inqilabın birinci günlərindən mən kəndlilərin hüququnu müdafiə edib topraq reformasını tətbiq etdiyim zaman dişlərini mənə itiləmişlərdi. Təəssüf ediləcək burasıdır ki, Ruxadze uyezd əhvalını öylə bir hala salmışdır ki, hal-hazırda ətrafında nələr vaqe olduğunu özü bilmir. Ruxadze başa düşmür ki, camaatın nifrətini qazanan və öz keçmiş fəaliyyətləri ilə özlərini ləkələmiş olan adamlar ona yaltaqlıq edib mərhəmətdən məhrum olmamaqdan ötəri qara maska altında özlərini sadiq göstərmək istəyirlər.

Mütəəssüf, Gürcüstan hökuməti öz nümayəndəsinin yazdıqlarına inanıb Axalsixdə bir para adamların intriqasını və əhali arasında olan həyəcanın əsil səbəbini vaxtında təftiş etməmişdir. Bundan əlavə, bu cür işlərin kökündən dəf olması üçün vaxtlı-vaxtında tədbirlər görməmişdir. İşi məhəllədə təftiş etməkdən ötrü gec də olsa, bitərəf adamlardan ibarət bir komissiya göndərilməsini xahiş edirik. Axalsix məmurları yanan odu söndürməkdənsə, öz əlləri ilə yanan oda neft tökürlər.

Möhtərəm gürcü camaatına müraciət edib onu inandırmaq istəyirəm ki, “Axalsix hadisələri” məhəlli inzibati idarəsinin təxribedici üsulunun nəticəsidir. Bu üsul nəinki əhalini cəlb edir, biləks, özündən uzaqlaşdırır. Hökumət uyezdi idarə edən təcavüzkaranə bir üsula nəhayət verməlidir.

Bazzat özümün Gürcüstan demokratik cümhuriyyətində Axalsix və Axalkələk uyezdləri üçün milli muxtariyyət almaqdan başqa özgə bir qəsdim olmuyubdur. Başqa qəzetlərdən də bu yazdığımın dərcini rica edirəm.

Ömər Faiq

       “Azərbaycan” qəzeti, 9 mart 1919, № 109