
Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir, öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa kimi – yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz.
Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ataqazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəini düşünmürüz də. Məsələn, “Tibet’de ingilislərin hansı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hansı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlinin söylədiyi nitqini incədən incəyə düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponların hansı saat ve dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcədə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqınqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyrət və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öylə qəflət ki, bu gün en böyük üləmamızdan başlayıb da en aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ile məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir.
Halbuki bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də bir tərəfdən davaya məşğul olduqları halda, digər tərəfdən, onu da əldən buraxa bilmirlər. Bəlkə, bir tərəfdən davaya ianə toplanırkən, digər tərəfdən də maarifə sərmayələr ayrılır. İanələrin davaya yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətlinin təzə yapılacaq bir məktəbə 50.000 manat ianə verməsi, rus ve Yaponiya hökumətlərinin bu yaxında Berlində məktəblərin islahı xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə aid təşəbbüs və hərəkətləri, bir millətin canı və ürəyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir.
Bununla bərabər, tarix həqiqətlərindəndir ki, neçə minlərcə səlib əhlinin bir ovuc mərifətli müsəlmanlara məğlub olmaları xristianların gözlərini açmış və qovğa Avropa üçün maarif başlanğıcı, səadət mübdəsi olmuşdur. Bunun kimi hər hansı millət olursa olsun məğlubiyyətdən sonra nöqsanlarını bilib hamı güclərini maarif tərəfdən sərf etməkləri hökumət və nicat qanunu iqtizasından əvvələn gəlmişdir. Bu barədə tarix misallar ilə doludur. Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhətlə məğlub ola-ola gəlməkdəyiz. Itirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlənmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz olunduğunu yazmaq belə artıqdır.
Bəli, maarifdən xeyli pay götürmüş, bu gün qovğa kimi ən təhlükəli bir halda bulunmuş dövlətlilərin bir gözü yenə maarif cəhətində olursa, biz də hənuz başlanmış olan maarifimiz üçün yas gətirməyib qeyrət etməyimiz meydana çıxır. Xüsusilə şövkətli padşahımızın və böyük dövlət kişilərimizin bu günlər də bizə olan daha artıq hörmət və əmniyyətləri bizim bu yolda çalışmamız üçün böyük bir nemət və qənimət olur. Biz Rusiya müsəlmanları hökumətimizin ədalətinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü ianə və köməklə İxlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti boş sözlə deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istərəm ki, ruslardan sonra hökumətimizə, vətənimizə sədaqət göstərən, bu qədər müxtəlif millətlərin ən birincisi biz müsəlmanlarıq. Rus qəzetlərinin də təsdiq etdikləri vəchlə bir islam quberniyasından – fəqir cəmaətimizdən- toplanan ianənin məcmuu ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Sürməli uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı kasıb, fəqir müsəlmanlardan beş-altı min manat toplandığı halda özgə varlı millətlərdən ancaq-ancaq üç yüz manat toplandığını hər kəs “Şərqi-Rus”da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianələrin çoxu millət başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixlas əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərdən çıxarmışdır. Bir çox müsəlman əfsərlərinin, soldatlarının bu davadan rus vətəndaşları kimi kökslərini düşmən güllələrinə qarşı verib vətənin mühafizəsinə çalışdıqlarını söyləmək belə artıqdır.
İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir toqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək. Bu gün millət başçıları yerində olan bəzi üləma adlılarımızın, axundlarımızm, mollalarımızın milləti xaki-əndraz və pərişanə doğru sürütdəyib götürdüklərini hər kəs qışqırır. Bu halda bunların islah və tərəqqi çarəsi milləti batmaqda olduğu tədənnidən xilas etmək demək olduğundan nə qədər gücümüz, həmiyyətimiz varsa, onların zəmani-müqteziyyata müvafiq tədris və tərbiyələrinə sərf etməkliyniz lazım görünür. Buna görə indiyə qədər bir-iki zəif təşəbbüslə edilməyən müsaidəyə əsla məyus olmuyaraq indi və bundan sonra hiddətlə çalışmalıyıq. Ümumi Qafqaz üçün bir mədrəseyi-ruhaniyyə meydana gətirməliyik.
Prixod mollalarına camaatın qaydasız, keyfi olaraq verdikləri “imanlıq xərc”in bundan sonra məzbut və nizami üsul ilə verilib o millət başçılarının məişətlərinin rus, gürcü, erməni ruhaniləri kimi – vaxt ilə təmin etmək üçün mühəllinə təvəsüt etməliyiz. Cəmaətin kefinə, mərhəmət və insafına qalacaq zaman deyil. Məişət darlaşdı. Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik. Yoxsa irəlidə qura namaz qıldıran da tapılmayacaqdır.
Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkə böyük bir hissəsibi biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki camaatımızın göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millət balalarımızın rus məktəblərinə girmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir.
Balalarımızı bir tərəfdən rus məktəblərinə göndərməklə bərabər buralara gedemiyenler üçün də hər şəhərdə, her böyük kənddə xüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız. Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir. Ancaq o qanunu bilib ona görə çalışmalıyız. Bu kimi işlərimizə şayət – (olmaz ya) mane olan nizamdan bixəbər kiçik məmurlar bulunursa böyüklərə müraciət etməli.
Hər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, göydə ildızlar, ‘fin xuançin”dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza – fürsətdən vaxtında istifadə edib – çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?
Nemanzadə
Şərqi-Rus qəzeti, 5 may 1904, No. 52