Molla Nasrəddin Yazıları

Məktəb

By February 12, 2020 No Comments

Molla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı.

Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt…

Allah baisin evin yıxsın ki, mənim evimi yıxdı, uşaqcığım xarab oldu. Çarəm kəsilib dedim şkolaya-zada getmə, sözümə baxmır. Neyləyək, dünən arvad gedib Çənbərəkəndə mollaya baxdırıb, zahm oğlu elə deyəsən yanında, deyib ki, ay arvad, senin oğluna cadu eləyiblər. Bir neçə dualar yazıb verib ve tapşırıb ki, hər həftədə bir dəfə gel ona dua yazım apar, əgər sağalmasa bir-iki aydan sonra apar Nuxaya “Babaratma” pirinə: ne cür dəli olsa, orda sağalar. Bir de bərk-bərk tapşırıb şkolaya qoymayım. Hə, deyirəm ki, getmə o xarabaya, qulaq asmır. Sen, deyirlər, dua yazmaq bilirsən, nə olar bircə dua yazıb göndərəsən ki, oğlum şkoladan əl çəkə. İnşallah yolun quru qalmaz.

Dərdmənd

“Molla Nasreddin”, 6 yanlar 1907, №.1