Həyat həmişəlik bir davadır. Bu davada hər kəsin düşməni isə birdir: zəhmət və məşəqqət – əski ədiblərcə çərxi-fələk.

Kim zəhmət və məşəqqətə tab edib tutduğu işdə səbat göstərirsə, o, çərxi-fələyin qolunu bükmüş, düşmənini həlak etmiş olur. Buna görə böyük-kiçik, zəif-qüvvətli – hər kəs çalışır ki, düşməninə qarşı dursun, onu alt etsin ki, gələcəkdə rahat yaşaya bilsin.

Yaşamaq üçün bu çalışmaq, vuruşmaq və alt etmək keyfiyyəti yalnız əql və elmin bu gün öyrətdiyi yol deyil, bəlkə o, xaliqin məxluquna bəxş etdiyi təbii bir xasiyyət, əzəli və əbədi bir qanundur. Qanuni-həyatdır, şəriət deyimi ilə – sünnəti-ilahiyyədir. İştə bu sünnət və qanuni-ilahiyyə sirrini, elmini kim yaxşı qanıb həyat və məişət meydanında təbiətin kərəm və sərdinə qarşı döş gərib davam edərsə, haqqın qalibiyyət və rahat yaşamaq mükafatı da ona nəsib olacaqdır. Bunda din və millət ayrılığının təsiri yoxdur. Ədalət və mərhəmət ilahiyyə kimi ümumidir. Bunda möminliyin və kafirliyin işi yoxdur. Çünki mömin və kafirlik qanuni-ilahiyyə nəzərində bizim bildiyimiz kimi deyil.

Qanun və sünnəti-ilahiyyəyə arifanə iman edib əməl elən mömin və salehə inanmayıb əsbabə təşbih etməyən və yalnız Allaha “təvəkkül” edən kafir və xasirdir.

Nə mutlu və xoşbəxt o şəxs və ya o millət ki, kitab və sünnəti-ilahiyyənin dərin sirlərini, əmrlərini qanıb ona görə tədbir və əməldə bulunduqdan sonra Allaha “təvəkkül” edə.

Hansı millətin nicat tapacağını uzun düşünməyə hacət yox. Qüvanın təbiyyəyi, adəti-ilahiyyəyi, saməd layi təcyir, baqi bilib “keyfi məyişə”, “kun-fəyəkun” və qeyri bu kimi ayətləri o qüvvənin əmri-tətbiqindən ibarət olduğunu etiqad edən millət “sofə-yəfəlhun” vədi-ilahiyyəsinə məzhər olub fələh və nicat tapacaqdır.

Xoşbəxt o millətə ki, “sirati-müstəqim” üzrə yüyürüb ehtiyacati-həyatiyyə qəvaidi-ictimaiyeyi-mədəniyyəyə kəraməti-qalibiyəyə vaqif olub və gələcəyini “hal”da deyil, “mazi”də düşünmüş, “hal”da isə tətbiqə başlamışdır.

Bir surətdə ki, imdiki şüurlu millətlər babalarımızın “Bir didə ki, nuri-həqiqət ola, eylər ayineyi-əmruzidə fərdayi-tamaşa” hünərinə də razı deyillər. Onlar fəryadi əmruzda deyil, “diruzda” tamaşa etmək istəyirlər.

Bizlərdə isə babalarımızın fəryadi-əmruzidən tamaşa etmək hünəri deyil, bugünkü fəlakətimizi “bu gün” düşünmək də yoxdur. Hələ bizi öz kefimizə buraxsalar, istəyəriz ki, sabahı bu gün deyil, bu günü sabah düşünəlim.

Vaxt olur, birdən başımıza vururlar, əzayi-mayəmizdə bəzisini kəsirlər, mövcudiyyətimizi təhlükəyə alırlar. Əvvəl vaxt bir az ayılırız, tərpəniriz, gələcəyimizi düşünürüz, çabalayırız, əl-ayaq vururuz. Lakin çox keçmədən yoruluruz, əski halımıza qayıdırız, əski adətimizə başlayırız, işlərimizi yenə Allaha tapşırırız.

Halbuki vaxtımız o vaxt deyil. Gələcəkdəki bəlalardan özümüzü nə cür mühafizə edəcəyimizi, sünnəti-ilahiyyəyə nə cür yanaşacağımızı düşünməyimizin ən məcburi vaxtıdır. Biz isə gələcəkdəki bəlalardan qurtulmaq yolunu deyil, bu gün başımıza gəlmiş bəlaları dəf etməkdən aciziz. Odur ki, bugünkü hərbzədələrimizə, o bağrı yanıqlarımıza etməkdə olduğumuz köməyi də belə həmin əski adətimizə, yəni tezdən yorulmağa başlayırız. Halbuki hələ heç bir iş eləməmişiz. Hələ imdi-imdi bir az işə başlamışız.

Beş-on gündür ki, Qars tərəflərinə gedən vəkillərimiz müsibət-zədələrimizi tapıb görə bilmişlərdir. Bir sözlə, işə yeni bismillah demişlərdir. Fədakarlıqlarını heç vaxt unuda bilməyəcəyimiz hörmətli vəkillərimizin təhqiqlərinə görə ehtiyac çox böyükdür. Bizim topladığımız cümlə ianə ancaq bir az vaxt üçün kifayət edər. Kömək isə uzun müddət lazımdır. Bu qanlı müharibənin vurduğu fəlakət hələ-hələ tezdən qurtulası deyil.

Hərb düşgünlərimizə yorulmayaraq, aranı kəsməyərək kömək etmək vacib. Heyif ki, bir çox şəhərlərimiz, bir çoxlarımız birdəfəlik beş-on manat verməklə vəzifeyi-milliyyəmizi qurtarmış, acları tamamilə doyurmuş, hər işi bitmiş hesab ediriz.

Hələ bəzi yerlərdə “bizim öz (?) möhtaclarımız da var, yığılan ianələrin hamısını özgələrə (?) – qarslılara göndərməyə nə hacət, bir azını da özümüzünkülərə verəlim…” səsləri eşidilir.

Hələ heç bir şey eləməyə-eləməyə, ehtiyacımızın mində birini yerinə yetirməyə-yetirməyə həmiyyətimizin daşqınlığından şikayət ediyoruz. Lakin düşünmüyoruz ki, içimizdəki möhtaclarımızın ətrafında bir çox dövlətlilər, qonşular, tanışlar var. Heç mümkün deyil ki, səsləri eşidilib kömək edilməsin.

Amma o bədbəxtlərin ətrafında kimlər var? Onlar yalçın qayalar, yırtıcı itlər, qoxumuş meyitlər, səssiz dərələr, yıxılmış evlər, xunriz simalar, qulyabanilər, qudurmuş insanlardan özgə kimləri görürlər. Ah-vaydan, dərin iniltilərdən, qorxulu ayaq tappıltılarından, ölüm təhdidlərindən, cigərsuz səslərdən başqa nə eşidirlər.

Heç insafdırmı ki, içimizdəki möhtaclar, tənbəllər ilə bir dəqiqədə cahanın ən suzişli zülmünə düçar olmuş o çalışqan möhtaclara, aclıqdan ölüm halına düşmüş o dövlətli fəqirlərə bir göz ilə baxılsın! Of, kaş eşitməsəydim! Bəzən öz qəzetlərimizdə bilməm harda bir hacının və ya bir əfəndinin ianə verməməyi bir yana dursun, verənlərə də mane olduğu yazılır.

Bilməm inanayımmı ki, böylə bir vaxtda, yəni hər kəsin maldan deyil, candan belə keçməyə hazır olduğu bir həngamədə insan qiyafəsində iblislər, ilanlar, müsəlman adlanan məlunlar, kafirlər, Əli nəslindən şümürlər hələ içimizdə yaşıya biliyorlar. İnanayımmı ki, içimizi içimizdən yeyən qurdların hərəkətinə, yaşamasına hələ həmıyyəti-milliyyətimiz yol veriyor. Doğrudur, bir neçə qurd və xain maneəti ümumi gedişə, həmiyyətə bir zad edə bilməz. Öylələri hər zaman hər yerdə buluna bilər – deyirlər. Lakin unudulmasın ki, öylə xəbis vücudları, öylə zərərli tikanları böyüdən şəhərlər də bütün-bütün bigünah deyillər.

Beş-altı milyonluq biz Qafqaz müsəlmanlarının üç-dörd ayda toplaya bildiyimiz beş-on min manat üzümüzü qızardacağı yerinə hələ eşidirəm ki, bəzi cəmiyyətlər, heyətlər “Novruz” teatrı və qeyri vasitələrlə “qarslılar” adı ilə yığdıqları pullardan özləri üçün də pay çıxıyorlar. Barı böylələr öz köməkliklərində davam etsələr yenə söz götürər. Lakin öylə bir dəfə etdikləri köməyin bir payını da özləri alırlarsa, bu “qarslılara” kömək deyil, qarslıları özlərinə köməkçi etməkdir, o bədbəxtlikləri öz bəxtlərinə bəhanə etməkdir.

Həqiqət, gələcəyimiz qorxuludur. Ətrafa baxıram: hər kəs özünün rahatlığı, öz başının salamatlığı fikrindədir. Hər kəs öz bacardığı yol, ibadət və adət ilə öz həyatını qurtarmaq qeydindədir. Abid ibadəti ilə, ruhani fitrə və zəkat yığmaqla, intelligent öz mənfəətinə xidmətlə, dövlətli pul cəm etməklə öz canını, bəli yalnız öz canını xilas etmək fikrindədir.

Bundan anlaşılır ki, millətin hakimi olan əfkari-ümumiyyə bizdə əsla oyanmamış. Öz həyatını millətin həyatına bağlamaq əməli-ülvisi bizdə hələ doğmamış, millətimizə yetişən dərdin öz dərdimiz olduğu hələ hiss edilməmiş.

Millətdən ayrılanın həyati-həqiqiyyəsindən də ayrılacağı bizdə hələ dərk edilməmiş.

Millətinə kömək özünə kömək demək olduğu hələ başlarımıza girməmiş.

Millətinin hüququnu, istiqbalını düşünmək, onun yolunda əldən gələn fədakarlığı göstərmək ibadətlərin ən savablısı, vəzifələrin ən müqəddəsi olduğu həqiqətinə bizdə hələ iman edilməmiş.

Milləti pərişan olanın özü də bir yol ilə bir vaxt pərişan olacağını bildirən sünnəti-ilahiyyəyə bizdə hələ etiqad edilməmişdir.

Bunun üçündür ki, hər işimiz pərişan, hər halımız virandır. İçimizdə çoxları var ki, haqqın əmrlərini, fərzlərini yalnız namaz-oruc ilə həc və zəkatdan ibarət bilir. Yenə çoxları var ki, namaz qılmaqlığı, zəkat verməkliyi mədəniyyətin bir sifəti güman ediyor. Bunların hər ikisi də yanlışdır.

“Xaliqin ən əhsən məxluqu, ən xəlqlisi, yəni yaxşı xasiyyətlisidir” və insanların ən xeyirlisi insana xeyir verəndir” ayət və hədislərinə görə hər bir xeyirli fikrimiz, faydalı hərəkətimiz, nəfli əməlimiz, isbatımız, tədbirimiz, elmimiz köməyimiz və xidmətimiz birər ibadətdir. Buna görə bugünkü ibadətimizin ən birincisi gələcək bəlalardan özümüzü mühafizə etmək tədbirlərinə yapışmaqla bərabər, bugünkü bəlamızı başımızdan dəf etməyə olunca gücümüzlə çalışmaqdır. Bugünkü bəlamız, dərdimiz isə hərbzədə qardaşlarımızın dərdidir. Bu gün ən birinci işimiz onlara kömək olmalıdır.

Birkərəlik beş-on manat verməklə vəzifəmizi qurtarmış hesab etmiyəlim. Hərbzədələrimizin gələcəyi keçmişlərindən daha qorxuludur. Onların bir kərə qarınlarını doyurmaq böyük bir həmiyyət və insanlıq deyil. Ən azından üç-dörd ay köməyimizi əsirgəməməliyiz. Onları, doğrusu, ehtiyacdan qurtarmaq və gələcəkdə boynumuza daha ağır yük olmamaq üçün imdidən həm yemək, toxumluq, həm də cütalət və heyvanları tədarük etmək lazım. Bunun üçün də milyonlar istər.

Bunların həpsini, təbii, biz bacarmarıq. Hökumətin köməyi, həm də çoxlu köməyi lazım. Bu xüsusda Duma vəkillərimizin, iş içindəki başçılarımızın həmiyyəti gərək. Hökumətimiz bu işlər üçün üç mil- yon pul buraxmışdır. Fürsəti fot etməyib istifadə etmək lazımdır.

Bunlarla bərabər hər kəsdən əvvəl cüzi də olsa özümüz özümüzə kömək etməyi bilməliyiz. Burasını da bilməliyiz ki, millətin qədrini, dərdini bilib kömək edənlərə kömək edirlər. Öz köməyimiz az da olsa, həmişə çalışmalıyız. Bu vasitə ilə həm bir zad yığarıq, həm də imdiyə qədər ancaq özünü düşünməyi öyrənənə millətimiz əfradına köməkləşməyi öyrətmiş oluruz.

Hər cahil millətdə olduğu kimi, bizdə də ümumi işlərimizdə tez yorulmağımız var. Budur ki, axır vaxtlarda kömək səsləri kəsilmiş kimi görünüyor. Heç bir şəhərdə ikinci, üçüncü və dördüncü ianə yığmaq xəbəri eşidilmiyor.

İanə dəftərçələri vasitəsilə alışmamış camaatdan kəramətlə pul yığmaq doğrusu çətindir. O halda biz də özgə millətlər kimi cürbəcür vasitələrə müraciət edəlim. Bakı, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Şamaxı, Şəki və qeyri şəhərlərimizdə teatro, musiqi axşamları, qaçqınlar günü tərtib edib bilet və kağız nişanları ilə ianələr cəm edəlim.

İanəmizə möhtac olanlarımız yalnız Qars tərəfdəkilər deyil, Acaradakı gürcü müsəlmanları bizim din qardaşlarımızdır. O tərəflərdə də mütləq öz müsəlman vəkillərimizi göndərib öz əllərimizlə öz köməyimizi göstərməliyiz.

Xristian gürcüləri rəsmi rüsxət alıb köməyi başlamışlardır. Bizdən isə bir hərəkət yox. Bu isə bizim üçün çox böyük töhmətdir, cəhalətdir.

Millətimizin istiqbalı eşqinə, qanuni-həyatın sünnəti-ilahiyyənin, əsil ibadət və mənfəətin nə olduğunu düşünəlim. Düşünəlim də gələcək günlərimiz üçün köməkləşəlim. Heç bir çətinliyi, namümkünlüyü bəhanə etmiyəlim. Çünki:

Ömər Faiq

“İqbal” qəzeti, 17 aprel 1915, №9l5