Bu il məktəblərdə imtahan olmayacaq. Hələ istiyorlar ki, il imtahanını həmişəlik qaldırsınlar, şagirdlər il boyu dərs vaxtlarında nədərəcə oxumuşlarsa ona görə imtahan nömrü versinlər. Hər vaxt yaxşı oxuyanlar keçsin, tənbəllər qalsın.

Bugünkü Cahan müharibəsi də eynilə məktəblər imtahanına bənziyor. Ancaq bu imtahan yalnız şagirdlərin deyil, ümumcahan millətlərinindir. Amma bu cahan imtahanı o qədər qorxunc, o qədər fəlakətlidir ki, indidən: əcəba bu cahan imtahanında kim qazanacaq, kim itirəcək? – sualı hər kəsi rahatsız etmədə, hər kəsin ağzında dolaşmadadır. Hər kəs bu imtahanın axırını səbirsizliklə gözləməkdədir.

Ən rahat və sakit vaxtımız olan səhər çaylarında belə bəzən Visla, Reyn və Araz çaylarının rəngi, haləti yada düşmədə, hər kəs hər dəqiqə təzə bir xəbərin, yalan da olsa, ümidini oxşar bir həvadisin intizarındadır. Ancaq bu qədər intizar və həyəcanların arasında bircə təcrübəli, böyük müəllimlərin, dürbin pedaqoqların soyuqqanla sakit oturduqları görünüyor. Əcəba, bunlar niyə böylə? Bir az diqqət etsəniz bizim bu təlaş və ürək döyməmizə qarşı bunların bığaltı güldükləri də bəlli olur.

Bu daha qərib! Görünür, bu gülmələr boş deyil. Şübhəsiz, bunların bildikləri var. Görünür ki, bunlar şagirdlərinə əvvəlcə çalışdıqlarına görə imtahan nömrəsi (bal) verdikləri kimi, müharibə edən millətlərin kəsb etdikləri elm və tərəqqilərinə görə də qalibiyyət və məğlubiyyət nömrələrini indidən verib qurtarmışlar.

Bu isə daha təəccüblü, daha maraqlı! Əcəba, bu alimlərin qərarimizanı nə guna! Əcəba, bu milləti müzəffəriyyətə nail edən elm və tərbiyə nə sayaqdır?

Madam ki, bunlar əllərindəki mizan və hesab ilə istər müharib, istər qeyri müharib millətlərin gələcək bəxtlərini biliblər, daha niyə ürəklərimizi əzib duralım? Sükutla bu pedaqoqlara, alimlərə qulaq verəlim.

Baxınız nə deyirlər? Deyirlər ki, hansı millət ki, yalnız halidə deyil, gələcəkdə ehtiyacını fikr edib hər bir surətdə elm və fənn tərəqqisinə çalışmış, əfradının sağlam ruh, vücudlu olaraq artmasını düşünmüş, tərəqqiyə ana qucağından başlayıb müəyyən bir məzhəbə imanvə etiqad, müəyyən bir əmələ, bir əməli-milliyəyə təkyə edib elm ilə tərbiyə-milliyyə və məshəbiyyəyi birlikdə irəlilətmiş isə, o millət cahan imtahanında qazanacaq, faiq olacaqdır.

Bu nöqtə və xüsusları başa düşüb az-çox çalışanlar belə dərəcələrinə görə cahanın bu qan sellərindən, bu atəş tüğyanından ya fayda götürəcək və ya az zərər ilə xilas olacaqdır.

Ancaq vay o millətin başına olacaq ki, tərbiyə ilə sükut və tənbəlliyi, din ilə cəfəngiyatı, elm ilə ərəbcə bilməyi, fənn ilə sehr və nüsxəbazlığı, yaxşı ilə yamanı bir-birinə qatışdırıb dünyada qafil yatıb qalmışdır. Milli ruh və tərbiyə ilə elm və fənni məzc edib qüdrətli, təəccüblü işlər görən böyük millətləri buraxalım, yüngül və anlaşıqlı olmaq üçün kiçik millətləri, daha yaxşısı qonşumuz ermənilər, gürcülər ilə özümüzün mədəni dərəcəmizi hesaba alalım. Və bu hesabla keçirdiyimiz cahan imtahanında nə hala düşəcəyimizi fikr edəlim. Fikr edərsək, görəsiz ki, ermənilər daha 50-60 il əvvəldən millətlərin səlamətliyini milli tərbiyə və təlimdə qurmuşlar. Və həman o zamandan hər yerdə milli məktəblər, milli ruhani idarələri, millicəmiyyətlər, milli mətbuat, milli sənətxanələr, milli ziraət idarələri, milli tarix və coğrafiya heyətləri və milli müəssisələr vücuda gətirməyə çalışmışlardı. Bu çalışmaqlarla ermənilərin bu gün hər şəhərdə mükəmməl milli ibtidai məktəbləri var. Tiflisdə əzəmətli ruhani seminariyaları mövcuddur, Eçmədzindəki darülfünunları isə erməniliyin ruhani mərkəzini təşkil etməkdədir.

İştə ermənilərin bu gün bizdən hər xüsusda irəlidə olmaları, başlarında həmiyyətli xadimlər bulundurmaları, millətlərinin ehtiyacına, fəlakətinə bizdən milyon kərə artıq kömək etmələri, lazımı vaxtda öz hüquq və mövcudiyyətlərini mühafizəyə qalxışmaları ancaq bu milli tərbiyə və təlimlərin sayəsindədir.

Gürcülər ermənilər dərəcəsində deyilsələr də, hər halda bizdən artıqdırlar. Çünki onlar da bizdən əvvəl milli tərbiyənin gücünü qanıb mətbuat, milli ibtidai məktəblər, bir danə də olsa bəyzadələr gimna-ziyası vücuda gətirmişlər və bu vasitələr ilə özlərini saxlayırlar.

Amma bizim, ruslardan sonra Rusiyada ən böyük millət olan biz türklərin nəyimiz var? Heç… heç!

Tərbiyəmiz, elmimiz heç olduğundan, demək, özümüz də heçiz. Bu həqiqəti, yəni bu heçliyimizi yalnız mən demirəm. Məndən əvvəl də çoxları demişlər, göstərmişlər. Lakin bugünkü Cahan müharibəsinin, millətlər imtahanının göstərdiyi qədər heç bir dahi göstərə bilməmişdir.

Bu imtahan hər bir millətin var-yoxunu meydana qoydu; dərəceyi-qeyrət və namusunu, mərtəbeyi-qüdrət və mədəniyyətini aşkar etdi. Bu imtahan mədəni həyat səhnəsində insanca yaşamağa layiq olmadığımızı aləmə bildirdi. Bu imtahan bizim imam görünən dövlətlilərimizin imansızlıqlarını rusca bilən ziyalılarımızın qaranlıqlarını, ruhani başçılarımızın ruhsuzluqlarını, milli tərbiyə görənlərimizin əskikliklərini, camaatımızın naxoşluqlarını üzümüzə çırpdı.

Xülasə, bu imtahan həyati-milliyə mübarizəsinə əsla hazır olmadığımızı və bu gedişlə kimimiz özgə mədəni millətlərin ayaqları altında əziləcəyimizi, kimimiz-özgələrin nüfuzu təsiri ilə bədənə və ruha sıxılıb çevriləcəyimizi, udulacağımızı göstərdi. Göstərdi ki, millət uğrunda fədayi-mal və can bir yana dursun, üç aydan bəri aclarından qırılan möhtaclarımıza bir loğma ətmək yedirtməyə qüdrətimiz yoxdur.

Göstərdi ki, millətimizin türklük qanı xarab olmuş, müsəlmanlıq ruhu, imanı sönüb bitmiş.

Göstərdi ki, bizdə cürət, təşəbbüs, səbat, mərdanəlik, qardaşlıq və ittihad hissi batıb getmişdir.

Göstərdi ki, ruhanilərimizin bildikləri elm və tərbiyə milləti deyil, özlərini saxlamaqdan acizdir və bu acizlik ilə bu sinif böylə qalırsa özləri ilə bərabər bizi də sürükləyib cəhənnəmin dibinə ataçaqdır.

Göstərdi ki, yalnız rəsmi məktəblərin özgə tərbiyə və hissiyyatı ilə böyüdüyü millət ziyalıları bizə haqq ilə ziya verə bilməyəcəklərdir.

Göstərdi ki, bugünkü tərbiyə və təlimlə biz hamımız insan yığınının naqis bir qismi, mədəniyyət vücudunun azarlı bir üzvüyüz.

Niyə erməni ruhanisi, Yepiskopu teyfli dərələrin arasından, qorxunc qarlı dağların başından aşıb ən təhlükəli yerlərə qədər soxulub oralarda yaralanan, xəstə yatan öz millətdaşının əlindən tutub, ruhunu oxşuyur? Niyə erməni intelligenti millətinə gələn hər cür hücuma qarşı köks veriyor, təhəmmül ediyor? Niyə erməni hər gunə fədakarlığa, hətta öz milli əməli üçün canını verməyə müzayiqə etmiyor? Amma bizim millətimiz üçün can deyil, bir loğma ətmək verməyə canımız çıxır. Bəlkə bizdə ruhanilər, əfəndilər, intelligentlər azdır?
Lakin ətrafa baxıyorum, ruhani istiyirsiniz? – Yığın-yığın!

İntelligentmi deyirsiniz – Dəstə-dəstə! Ya, onlar niyə öylə, bunlar niyə böylə?

Dedim ki, bugünkü Cahan müharibəsi millətlərin elm və tərbiyə imtahanıdır. Bu imtahan bizə açıq göstərdi ki, həyat və mədəniyyət mübarizəsində millətimiz çürük bir vücuddur, heçdir.

Bu imtahan göstərdi ki, millətin salamat və qüdrəti ancaq yenə millətin öz məktəbi, öz tərbiyəsi, öz ruhu, öz mədəni təsisatı ilə olur. Madam ki, bizdə hələ bunlar yoxdur, bunların doğurduğu, yetişdirdiyi səbat, qüdrət, əzəmət və müvəffəqiyyəti də bizdə gözləmək əbəsdir.

Demək ki, bu cahan imtahanında bizə qalan qanlı müsibət mənzərələri, göz yaşları, ürək açılarıdır. Əcəba bu ürək acısı bizə çəkdiyimiz bunca fəlakətlər, zülmlər, əziyyətlər və həqarətlərdən sonra da olsa bircəsi öyrətmiyəcəkmi?

Əcəba, öyrətmiyəcəkmi ki, fəlakət yaşamaq istəyən millət üçün bir dərsi-ibrətdir.

Əcəba, bu qədər yenə də olsun, öyrənmiyəcək qədər olmuşmuyuz?

Əcəba, bugünkü qanlı, bəlalı, faciəli imtahan ilə öz nöqsanlarımızın, öz fəlakətlərimizin, öz çürüklüyümüzün “səbəb”lərini qanıb gələcək üçün hazırlana biləcəkmiyiz?

Əcəba, qanıb çalışmışmıyız ki, biz türklər Rusiyada mövcudiyyəti-milliyəmizi ancaq milli mədəniyyət və milli müsavat ilə saxlaya biləcəyiz. Burasını da qanacaqmıyız ki, əgər bir neçə milli orta və ali məktəblərimiz olsa, rəsmi məktəblərdə oxuyanlarımız belə millətin ümumi ruh və tərbiyəsinə, əməl və arzusuna boyun əyməyə məcbur olacaq və bugünkü kimi yalnız öz canlarını səlamət saxlamaq adili-yində bulunmayacaqlardır.

Qanacaqmıyız ki, milli mədrəseyi-ruhaniyəmizdən çıxacaq ruhani başçılarımız bugünkü kimi… ə səcdə etməyəcək, dinini satmayacaq, millətinə xainlik, pula iman etməyəcəklərdir?

Əgər bugünkü imtahan ilə dərsliyimizi qanıb gələcəyimizə hazırlana bilsək çəkdiyimiz fəlakətlər, həqarətlər, acılar qoy millətin istiqbalına qurban olsun. Doğrudur, bugünkü halımıza baxanda istər intelligent, istərsə ruhani olsun, millət başçılarımızdan naümidəm. Amma millətin, camaatın gələcəyinə inamın qəvidir. Əgər camaatın başına xüluslu, həmiyyətli, davamlı, məlumatlı xadimlər keçsələr az vaxtda diriləcəyinə ümidvaram.

Hökumətimiz də bizə müsaidə edəcəyinə əminəm. Çünki hökumətimiz özünün dediyi kimi, bu böyük qanlı müharibəni ancaq kiçik millətlərin səlamət və hürriyyəti üçün eliyor. Bu surətdə özü ilə bərabər bu müqəddəs və ülvi əmələ 7-8 min can ilə kömək elən biz Rusiya türklərinə nədən özgələrə verəcəyi hürriyyət və ədaləti əsirgəsin.

Ancaq bu imtahanın bizə göstərdiyi nöqsanları nəzərə alıb hökumətdən tələb yolunu bilməliyiz.

Burası da var ki, bu arzu və tələblərimizi bilməklə bərabər bu gün çəkməkdə olduğumuz müsibət və səfalətləri yüngülləşdirmək, acından ölənlərimizi qurtarmaq, hər şeydən əvvəl hamımıza lazım olan fərzdir.

Əgər yaşamaq istəyirsək, yaşamağa layiq olduğumuzu çüzi hərəkətimizlə də olsa, gözliyəlim. Bugünkü imtahan bizi yenə hərəkətə getirməyəcəkmi?

Ömər Faiq

İqbal” qəzeti, 24 mart 1915, №894