Molla Nasrəddin Yazıları

Fatma Xala

By February 6, 2020 No Comments

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə. Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmiryolda gedən zaman pilləkanları enib-çıxanda düşdü ve yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma, başmağım düşdü” çığırtısı düşər yadıma.

Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ile bircə dəfə de nəinki səfərə, bəlkə, həyətdən küçəyə də çıxmamışam.

Soruşuram niyə, deyir – mehz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra: “A kişi, qoyma, başmağım düşdü”.

Xülasə, dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdı düşdü, deyərsən “A kişi, qoyma, başmağım düşdü”, kişi də fayton olsa faytonu şaxlar, dəmiryol qatan olsa dəmiryol qatarını saxlar (hərçənd bu evi xarab dəmiryolu sürənlər heç sözə baxan adam deyillər).

Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallah-illah başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, ne qədər ki, Fatma xalanın başına gəlib.

Fatma xalanın əri Qatır ürküdən şəhərin sakini Kərbəlayı Xalıqverdi Təzekli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi tezə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəldidən atı gətirərdi evinə.

Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür, at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi ki, ay arvad, sən allah əl çək, amma axırda razı oldu.

Qatırlı şəhəri ile Heydərli pirinin arası iki saatlıq yoldur.

Şəhərdən çıxanda Qurbağalı çayma kimi Təzekli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır.

Heydərli piri çox kəramətli pindi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq.

Kerbəlayi Xalıqverdi atı çekdi küçəyə ve arvadı Fatma xalanı tərkinə alıb düşdü yola.

Ər və övrət söhbet edə-edə gedirdilər. Ər məsələn belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb.

Övrət belə söhbet edirdi: a kişi, sən allah, bir mənə de görüm, bu başıdaşlı naldendlər necə qorxmuyur atın qıçlarına mıx vururlar, bəlkə, birdən at təpik atdı?

Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa adama heç zad olmaz. Bir qədər bu cür söhbət edə-edə getmədə idilər ki, birdən naqafil Fatma çığırdı: a kişi, qoyma, başmağım düşdü. Kərbelayi Xalıqverdı atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yetə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım.

Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox, başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!” At bir qədəm de götürdü. Fatma xala qışqırdı: “Ay aman”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət etməyə. Bir az da keçəndən sonra Kərbelayi Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı.

Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxan qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi. At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə.

Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər.

Molla Qurbanqulu belədanışırdı:

– Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə. Kəndlilərin biri üzünü Molla Quıbanquluya tutub dedi: a molla, and olsun bizi yaradan məxluqa, mən bircə dəfə de, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam. O biri kəndlilər de and içdilər ki, bir belə günah iş görməyiblər.

Molla Qurbanqulu başladı:

Ovrətinki odur ki, qatasan evə, qapısını qıfıllasyasan. Məşədi Nurəli üzünü tutdu mollaya və dedi: “A molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfillayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn gedib su gətirsin”.

Molla Qurbanqulu ucadan cavab verdi: peh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su getirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə?Övrətinki odur ki, qatasan dama, qapısına qıfil vurub açarını qoyasan cibinə.

Bir qədər də söhbetdən sonra Molla Qurbanqulu Məşədi Nurəliden soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülltüdenli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xahqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə:

– Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdidir. Men o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayi Xalıqverdiyə qonaq olaram. Kişi, doğrudan da, Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görüm. Ay Məşədi Nurəli, halal olsun, o atı ki, Kərbəlayi Xalıqverdiyə satıbsan.

Mollanın bu sözlərini Məşədi Nurəli de təsdiq elədi ve dedi ki, vaqiən Kərbəlayi Xalıqverdi çox dindar ve namuslu adamdır.

Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nehlet senə kor şeytan”. Molla Qurbanqulu dedi: “Əstəğfürullah”.

Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxaqorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mollanın üzünə.

At, Məşədi Nurelinin qapısına yetişib özünü soxdu heyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxıb bir tüpürdü yerə və sonra dedi: Allah sizə lənət eləsin, ay Övrətləri Sizin səbəbinizə dünyadan xeyir bərəkət də götürüləcək.

Qeyri kəndlilər də Fatma xalaya lənət oxuyub dağıldılar. At həyətə girib getdi başım soxdu çardağın altındakı öz axuruna və daraşdı ot və saman çöplərini axtarıb yeməyə.

Sonra Məşədi Nurelinin övrəti ve bir neçə sair övrətlərdən yığışıb bir tövr Fatma xalanı atdan yendirdiler. Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı.

Yazıq Fatma xala!!!

Lağlağı

Molla Nəsrəddin, 29 sentyabr, 6 oktyabr 1906, №. 26, 27