Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.

Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.

Mərhumun xəncərlər ilə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən məlunə aparıblar.

Əziz Məhəmmədoğlu qəssab idi. İşini namus və halal ilə görməklə bərabər camaat işinə də əl qatıb füqəraya kömək edərdi. Savad və elmsizliyi ilə bərabər qayət həmiyyətli, qanacaqlı, fəqir və kasıblar üçün fədakaranə çalışan igid bir cavan idi. Öz məsləki olan sosial-demokratlıq yolunda həqq ilə çalışıb, özlərini hamı Tiflis camaatına tanıtmış, şəci, riyasız, qorxusuz, doğruçu, insaniyyətli nadir bir vücu idi.

Mərhum axır vaxtlarda Tiflis hamamlarında çalışan fəqir və kasıbların məvaciblərini artırıb bir qədər insanca məişət etmələrinə artıq mərtəbədə kömək edirdi. Və qoymurdu ki, özgələrin alın təri ilə keçinməyə öyrənən müftəxor xozeynlər əmələ və fəqirlərə zülm etsin.

Rəvayət və mühakiməyə görə mərhumun öldürülməsi ilə hamamlar məsələsi arasında böyük bir rabitə varmış.

Mərhumun cənazəsini avqustun 8-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb müsəlman qəbiristanına götürdülər. Cənazə alayı Voronsov küçəsindən keçib soldat və erməni bazarları ilə gətirildi. Cənazə keçən dəmlərdə bir çox gürcü və ermənilər də dükanlarını tamamilə bağlayıb cənazə alayına qoşulurlardı. Alayın keçdiyi küçələrdə dükanların çoxu bağlanmışdı.

Mərhumu xəstəxanadan qəbrədək əl üstündə götürdülər. Tabutun üstünə çoxlu çiçək dəstələri qoyulmuşdu. Cənazə alayının keçdiyi küçələrdə tərəddüd bilmərrə kəsilmişdi. Cənazəni ancaq saat 2-də müsəlman qəbiristanına gətirə bildilər.

Heyif, min kərə heyif! Böylə möhtərəm bir cənazə alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Hələ oxumuş və tacir qismindən ancaq dörd-beş həmiyyətli gəlmişdi. O gün cümə olmağa görə müsəlmanların dükanları qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi traktir və çayxanaları da qapayıb cəmiyyət təşyi-cənazəyə getməli idilər. Heyif ki, müsəlmana yaraşan tövrdə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfn gözləməyib qayıtdılar. Amma hər işin, hər vaxtın yolunu, səmtini bilən qədirşünas qonşu xristianlar ta dəfnin axırına qədər qəbiristanda səbir edib öz hörmət və insaniyyətlərini həqq ilə göstərdilər. 

Qəbiristana qədər gəlib insanlıq borcunu əda edənlərin içində bir çoxlu möhtərəm xristian yazıçıları, damaları, camaat və şəhər vəkilləri, xanım qızları da vardı.

Dəfn edilən vaxtda türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər oxundu. Oxunan nitqlərin müxtəsər məzmunu böylədir: Əziz elm, pul və mənsəbcə böyük bir adam deyildi. Amma məsləki yolundakı qeyrət və sədaqətinə görə ən böyük adamlardan biri idi.

Əziz ölmədi, müqəddəs məsləki yolunda yaşamaq üçün vücudi-zahirəsi aramızdan getdi.

Əzizin adı, Əzizin ruhu həmişə xatirədə qalacaqdır, yaşayacaqdır.

Əziz bir gün öləcək idi. Amma bugünkü kimi şan və şöhrət görüb həmişə diri qalacaqdır.

Yoldaşlar! Əziz üçün ağlamayın. Çünki Əziz ölmədi. Əziz adi adamlar kimi torpağa basdırılmadı. Əziz camaatın qəlbinə məhəbbətlə girib orada basdırıldı, orada məkan tutdu.

Əzizin ruhunu şad etmək istəyənlər ağlamasın, bəlkə Əzizin fəda olduğu məsləki yarıda qoymuyub onu itmamə çalışsınlar.

Əzizin ruhunu biz o vaxt şad etmiş oluruq ki, əməlini, fikrini mühafizə edib davam etdirək.

Əziz müsəlmanların içində, bu müqəddəs yolda birinci qurbandır. Müsəlmanlar belə əziz və şanlı qurbanlar ilə doğrudan fəxr edə bilərlər.

Biz bu əziz qurban ilə daha ziyada anladıq ki, müsəlmanlar bu maarifsizlikləri ilə bərabər elmi-insaniyyətə, demokratlıq yoluna daha çox qurban verməyə hazır insaniyyət və füqərapərəst alicənab bir millətdir.

Ümid

“İrşad” qəzeti, 12 sentyabr 1906, №214