Ən birinci müstəbid və düşməni-hürriyyət olan rus keşişlərinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinanə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlığa dəlalət edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 Oktyabr fərmanı indiyə qəbər olan siyasi və dini təcavüzlərə, zülmlərə, nəhayət vermək vədini təbşir etdi, amma ona da felən əməl olunmadı.

Məktəb rəisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər bizə də ayrıca bir para şirin və yağlı vədlər etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illərdə ana dili ilə oxutmağı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçarə avam camaatı yalançı ümidlər ilə aldadıb yatırtdı, başına yaşdıq verdi… yuxlatdı.

Bu gün o vədlərdən, o şirin sözlərdən əlimizə nə keçdi? Hansı məktəblərdə köhnə qaydalara zərrə qədər təğyir verildi. Hansı zülm və təzyiq üstümüzdən götürüldü? Biləks, Tiflisdə “realnı” məktəbinin müsəlman dərsi müəllimi çıxmağa məcbur edildi, Şəkinin məscid məktəbi camaatın əlindən qəsb edildi. İdarəyi-ruhaniyyələrin təxti nəzarətlərindəki məktəblərin ixtiyaratı təzyiq edildi. Hasili, hər yana baxırsan, yenə köhnə qaraltı, köhnə boyunduruq. Lakin bir o qədər var ki, bu dəhşətli qaraltının, bu ildırım saçan zülmətin içindən arabir zəif işıqlar, ümidli nurlar da görünür ki, onların bir də Tiflisdə birinci gimnaziyada mərhum Mirzə Seyfəddin Seyıdovunehtimamilə bünövrəsi qoyulan məscid otağıdır. Demək, hökümət bu il Tiflisdə birinci gimnaziyada müsəlman şagirdlərinə ibadətgah olmaq üzrə xırda bir “otaq” mərhəmət elədi.

Bəli, mərhəmət elədi. Hərçəndi deyəcəksiniz ki, “bu elə bir böyük mərhəmət və ehsan deyildir, bundan 30-40 il əvvəl verilməli qayət təbii bir həqqi-məşru idi”.

Həqiqətdə də belədir. Bu, bir vaqeyi-əzəmi və mərhəməti-alicənabanə deyildir, bəlkə əlimizdən alınan dəryayi-hüququmuzdan çar-naçar əda edilən bir qətrədir.

Amma… amma hökumətin biz nadanlara, biz sadiqlərə rəva gördüyü məxfi politikasına, heysiyyət və hüquqi-şəkknayi-ədalətsizliyə görə, qayət xırda və adi olan bu mərhəmət bizim üçün görülməyən bir nemət, ruslar üçün əqlə gəlməyən bir müsaidədir.

Daha bu gün belə Smirnovların, Miropiyevlərin, Lisinskilərin milli dilimizə, milli məktəblərimizə, bir sözlə milli mövcudiyyətimizə vurduqları yaraların acısı ilə sızlaya-sızlaya gimnaziyada “ibadətgaha” nail olmağımız əlbəttə ki, xarüqüladə mərhəmətlərdəndir. Daha doğrusu, mərhəmət və ədalətin olmadığı yerdə hər şeydir. Qorxunc və kəsafətli zülmətin bir səmtində peyda olan xəfif bir nöqteyi-ziyadardır. Bu səbəblə miskin və acizliyimizi etiraf edib buna da təşəkkür etməliyik.

Amma əvvəl zəmanəyə və iqdamati-əhraranəyə, ikinci Varantsov-Daşkova təşəkkür etməliyik ki, vətəndaşımız, qonşumuz gürcülərin, ermənilərin xüsusi böyük-böyük milli ruhani məktəblərinə, bəyzadə təlimxanələrinə, yüzlərcə milli kilsə məktəblərinə müsaidə olanda, bizə də gimnaziyanın bir küncündə xırda bir “otağın” ibadətgah olmasına rüsxət buyurdular. Həqiqət, yoxdan yenə yaxşı, dəryadan yenə bir qətrə!..

Birinci gimnaziya müdiri məktəbdə məscidə təhvil edilən bir
otağı dualamaq üçün dekabrın 6-cı günü şəhərin mütəşəxxislərini
məktəbə dəvət elədi.

Dəvət olunanlar saat birdə məktəbə gəldilər. Gələnlərin cümləsindən müfti, şeyxülislam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif müfəttişi, idareyi-ruhaniyyə əzası var idi. Gələnlər yüzdən artıq idi. Əvvəlcə məktəbin zalında bir azca istirahət edilib, sonra dar yollar ilə məscidə təhvil edilən otağa gedildi. Məscid dar, uzun 20-30 adamlıq bir otaqdır. Mədular məscidə daxil olan kimi cənab müfti məqami-minbərə keçib məscidin mübarək olmağı barəsində ərəbcə dua oxudu. Sonra əlindəki basına bir Quranı camaata göstərib məscidə hədiyyə edildiyini elan etdi. Bədəhu cənab şeyxülislam dualadı. Müxtəsər, duaları mütəaqib zala keçildi. Zalda cənab müfti üzünü çevirib imperatorun şəklinə xitabən qayət ixlaskaranə, ən ali mərtəbə sadiqanə, xariquladə calibi-nəzəri diqqət olacaq bir vəzi-mütəvazanə ilə ərzi-təzərrə və bəyani xülüskar elədi.

Müftinin bu nitqində və məscidin bu kimi məktəblərdə lüzumi və buna əlavə olaraq türk dərslərinin artırılmağı barəsində heç bir söz deyilmədi. Nitq başdan-başa ixlas və sədaqətə and idi.

Müftinin nitqinə, ixlasına, dərəceyi-nəhayətdə minnətdarlığına bir sözüm yox. Çünki həqiqətən o sözlərin cümləsi həqiqi və qəlbi idi.

Buna görə əsli olmayan bir fikri-riyakaranəyi və məzmununa əməl olunmayacaq bir nitqi-hürriyyətpərvəranəyi dinləmədən isə əlbəttə ki, qəlbdən gələn sədayi-həqiqətini eşitmək daha xoşdur.

Ayə, bizim millət rəislərinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüsümü hesab edir?

Nə yaman adət, nə dəhşətli uçurum!

Müftidən sonra cənab şeyxülislam məqami-münasib nitq oxudu və müfti əfəndinin hərəkatında iştirak etmədi. Bitərəf hərəkət etdi.

Şeyxdən sonra Minasazov, şəhər rəisi münasib nitq dedilər. Axırda məktəbin türk müəllimi Məhəmmədağa Şahtaxtinski qayət məqbul və intizar edilən bir məzmunda uzun bir nitq oxudu.

Məhəmmədağa dedi: “Vəd edilən hürriyyəti-məzhəbiyyəyə görə belə xırda şeylər bizim üçün qeyri-kifayətdir. Gərək biz də özgə millətlər ilə bərabər tutulub hər gunə haqq və ixtiyaratda müsavi olmalıyıq. Bundan sonra özgə hökumət məktəblərində yerli dillərə daha artıq əhəmiyyət və ixtiyar verilməlidir”.

Oxunan nitqlərdən sonra cümlə əzayi-məclis hazırlanmış cürəbəcürə şirniyyat və məşrubat süfrəsinə oturdular. Qəhvəaltı edib saat 3-də dağıldılar.

Nemanzadə

“İrşad” qəzeti 15 dekabr 1906, №286