Qəzet Publisistika

Cavab

By November 16, 2020 No Comments

“Həyat”ın 86-cı nömrəsində “Şeyxzadə” imzası ilə Axısxadan yazılmış məktubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda bəradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə kimi məlumatlı görülən mollalarımız “Hümməti-əhli-vicdan ilə sui-idarəyə “xitam” verilib, bir dövri-cədid “Həqqaniyyətipədid” elan edildi…” kimi çürük və axmaq aldadan sözləri qəzet sütunlarında təkrar-təkrar yazmaqda ayə qəsdləri nədir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaatı aldadıb, gah hökuməti çaşdırıb yüz minlərcə fədakarani-hürriyyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte və Dumovlara layiq olan sözləri bəradərim cənab Şeyxzadenin yazmağındakı dərin hikmət nədir? Cənab Şeyxzadə mənim: “Havaxt hümmət əhli vicdan ilə sui-idarəyə “xitam” verildi?” – sualıma cavab olaraq deyir “Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər… Hələ bizə nə oldu?”

Çox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə “səbir həblərini” uddurmaq istəyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hüriyyətə hənuz düxul üçün fəryadlar qopar-mayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfaları hürriyyət üçün mal və canlarını fəda etdikləri halda “bizlər” bıçaq ağzı qədər açılan hürriyyət qapılarına şükr və səna ilə vaxt keçirək? Hürriyyət üçün “Dəccal”ların zühu-runu, “çaqqal”ların evlərimizə qədər girmələrini gözləyək! Məgər bos deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsiniz, biz yata-yata, kef çəkə-çəkəmi özgələr bizim üçün çalışıb hürriyyət loğmasını ağzımıza versinlər?! Nədər ötrü öz hürriyyətimiz, öz xeyrimiz üçün özümüz çalışmayaq? Əgər sizin dediyiniz kimi, bıçaq ağzı qədər verilən hürriyyət ilə kifayətlənib şükr-səna ilə məşğul olsaq o cür hürriyyəti tez əlimizdən alarlar, nə tövr ki, aldılar, alırlar. İstərsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim.

17 Oktyabr fərmanından sonra guya hamı kənd məktəblərində ən çox əhəmiyyət yerli dillərə vəriləcəkdi. Böyük məktəblərdə müsəlman dərsləri artacaqdı. Müsəlman müəllimləri doğrudan insan və müəllim cərgəsinə qoyulub onlara insanca bir məvacib vəriləcəkdi. Senzur, yeni “ağız bağlamaq üsulu” qalxacaqdı. Camaata insanlıq ixtiyarı vəriləcəkdi… Hələlik özgə məsələlər qalsın, çünki çox uzun gedər. Gələk bu yaxındakı əhəmiyyətli bir ədalətsizliyə.

17 Oktyabr fərmanından sonra “mərhəmət-padşahi və hümməti əhli-vicdan ilə” idarəyi-ruhaniyyələrimizin köhnə ixtiyarları da əllərindən alınır. Eşitdiyimə görə beş-altı gün qabaq cənab şeyxülislam, əlində qazılıq şəhadətnaməsi olan bir mollanı idarəyi-ruhaniyyə məktəbinin şəriət müəllimliyinə nəsb etdirmək istəyir. Təsdiq üçün papeçitelə yazır. Qaspadin papeçitel rəsmi kağıza cənab şeyxülislamdan xəbər alır ki, molla rusca bilirmi? Şeyxülislam da cavab vərir ki, bir qədər bilir. Lakin papeçitel “bir qədər bilir” cavabına bərk acıqlanıb əmr edir ki, mollanı mənim yanıma göndər. Molla gedir. Papeçitel mollanı özü imtahan edir. Harda oxudun, kim oxutdu, kimlər ilə gəzib oturubsan suallarını da acıqlı sorur. Sonra şeyxülislama bu cür yazır: “Şəriət müəllimi olacaq mollalar laəqəl hansı məktəbdə müəllim olacaqlarsa, o məktəbin rusca təhsilini qurtarmaları şərtdir. Bu mollanın qazılıq şəhadətnaməsi varsa da, rusca şəhadətnaməsi yoxdur”. Bu cür əmmamə ilə şeyxülislamın xahişini şiddətlə rədd edir.

Ey yalançı hürriyyələrə inanan Şeyxzadə! Ey Dumovlara fürsət vərən səbrzadə! Bunlara və bunlar kimi başımıza hər gün gəlməkdə olan istibdad zülmlərinə nə deyəcəksiniz? Şəksiz deyəcəksiniz ki,
idarəyi-ruhaniyyə rəisləri, millət vəkilləri gərək bu cür zülmlərə, haqsızlıqlara riza verməyib hökümət qulluqçularını ədalətlə iş gör məyə məcbur etsinlər. Əlbəttə ki, rəyasəti-ümmət və vəkillik postlarında oturanların borclarıdır ki, öz məqamlarının vəkili olduqları millətin haqq və ixtiyarlarım mühafizə etsinlər. Cümləmiz xahiş edirik ki, bizim vəzaifi-müqəddəsə vəkilləri hökumət qulluqçularından qorxmayıb həm öz böyüklərini saxlasınlar, həm də öz həqiqi böyüklərilə bizi də sərəfraz etsinlər. Ey həqiqəti axtaran bəradər! Siz deyiniz, işlərimizi ümidlərimizin əksinə görəndə nə etməli? Şəksiz, buyuracaqsınız ki, onlarla ittifaq edib iş görməli. Çox əcəb, lakin şikayət məhəlli plov məclisi deyil ki, hamıdan qabaq qaçsınlar. Sonra qulluqdan çıxmaq, sonra qiyamət qoparmaq var, kimdir bunlara döş verən! İştə, mənim keçən məqaləmdə yazdığım bu idi ki, millət rəislərimiz həqiqi rəis və vəkil deyildirlər. Siz mənim bu pak, qorxusuz və Allah rizası üçün olan sözlərimə bərk acıqlanıb buyurubsunuz:
“Ümidvar, həddini bil, sərkeşlik və itaətsizlik göstərmə…” Pəh…pəh… pəh! İdareyi-ruhaniyyələrə xülus çatlatmaq, sədaqəti-əbidanə göstərmək olsa, bu qədər olar. Əlbəttə, bunun da bir hikməti var.
Lakin dediyiniz kimi, sair xüsusiyyətinizi axtarmaq bizim həddimiz deyil. Lakin burasını ərz etməkdən keçməm ki, bizim pərişanlığımızın, bizim əyilməyimizin səbəblərindən bəziləri də böyük qulluqçularımıza yerli-yersiz baş endirmək, həqiqəti gizləmək, kor-koranə itaət etmək, özümüzün, özgələrin qüsurunu saxlamaq, halımızdan razı olub dinməməkdir. Budur ki, zalım hökümət qulluqçuları bizim başımızda istədikləri oyunları oynuyurlar. İstədikləri zülm və cəfanı edirlər. Burası ürək parçalayır ki, ən ziyada zülm və həqarəti görən nəinki yalnız qara, dilsiz camaətimizdir, bəlkə ən böyük rəislərimiz, ruhani atalarımızdır. Burası dəxi yamandır ki, ruhani böyüklərimiz nə qədər çox zülm və həqarət görsələr, o qədər artıq da səbr və təhəmmül edirlər. Nə dərəcə çox qorxudulsalar, otuz dörd manat on yeddi qəpiklik qulluqlarına o qədər bərk yapışırlar.

Üləmadan olan əksər qulluqçularımızın bu cür hallarını bilə-bilə bəradərimiz Şeyxzadə genə deyir: “Üləmaya haqq ilə itaət eləməyi özlərimizə borc bilməliyik. Onlara qarşı sərkeşlik və itaətsizlik etmə-
məliyiz ki, feyzi-ruhanidən məhrum qalırız…” A bəradər! Elə bizim peşəmiz indiyə qədər hər başı sarıqlıya, hər üləma paltarı geyinənə itaət və xidmət etmək, onlara kor-koranə heyvanca boyun əymək deyilmidir ki, bu günlərə, bü zillətlərə qaldıq? Hər mənfəətpərəst, müftəxor üləmanın sözlərinə qulaq asmaq, keyflərinə xidmət etmək deyilmidir ki, zamanın lazım bildiyi hər cür elm və maarifdən, insanlıq haqq və ixtiyarlarından məhrum qalırıq? Bu qədər bəs deyil ki, yenə də istəyirsiniz hər molla paltarındakılara boyun əyib qiyamətə qədər əsir və lal olaq!

Ey oxucu, görürsünüz, bizim üləmanın xahişlərini! Görürsünüz özlərini nə mərtəbə ərşi-əlayə fərman-fərmada tutub biçarə əfradi-milləti nə dərəcədə zillət, əsarət və itaətdə görmək istəyirlər? A cənab bəradər! Bir deyiniz görüm, onlar hansı bir əməli-xeyirdə, qeyrət və həmiyyətdə, hansı fədakarlıqda yaramızı sağaltmaqda oldular ki, biz də əsərlərini görüb itaət edək? Havaxt öz qarınlarının dərdlərini öz maddi mənfəətlərini buraxıb öz ruhani qədrlərini, öz mənsəblərini tanıdılar! Havaxt bizdən ötrü gözyaşı tökdülər; bizdən ötrü elm və maarif yerləri hazırladılar, bizim günümüzə qaldılar ki, biz də qədrlərin bilib nankorluq etməyək?

O ki, qaldı tək-tük əskik olmayan həqiqi alimlərimizə onlara siz öyrətməsəniz də, millət özü hər vaxt itaət edir və həmişə də edəcəkdir. Şəkk yox ki, Allah və camaat rizası üçün çalışan həmiyyətli alimlərimizə nəinki qədr və söz ilə itaət göstərmək, bəlkə camaatımızın mal və can ilə o kimilərə nökər olub itaət etməyi özümüzə namaz kimi borc bilirik. İş alimin həqiqi və rəbbani olmasındadır. Yoxsa camaatımız kimi itaətli, sözə baxan, qoyun sürüsü kimi daldan gələn, ruhani paltarlarındakılara qul olan heç bir camaat yoxdur.

Bizim mədəniyyətimiz, tərəqqimiz və səlamətimiz həqiqi üləma ilə olduğunu və həmişə bu kimi üləmanın ətəklərinə bərk yapışıb ümidvar olmaq lazım olduğunu sizdən çox əvvəl “İrşad”ın 84-85-ci nömrələrində ərz etmişəm.

Cənab Şeyxzadə yazır: “Bu son zamanlarda qələmlərin əksəri süturi-istiqamətdən inhiraf edib bidisərsərə uyub gedirlər…” Niyə? Ondan ötrü ki, hər alim paltarındakı boynuyoğunlara itaət edib, onların çaldıqları ilə oynamırlar. Onların indiyə kimi millətə vurduqlan zərər’ və yaraları duyub işin iç pərdəsini açırlar, həqiqi üləma ilə süni, yəni yalançı üləmaya təfavüt qoyub qələmə vərirlər.

 Ey, Ağayevlər, Hüseynzadələr, Qənizadələr, Nerimanovlar, Şirvanzadələr, nə üçün siz də mənim kimi “süturi-istiqamət”dən inhiraf edirsiz. Bundan sonra sui-zənli sözlər yazmayınız ki, mollalarımız, ağalarımız bərk incinirlər. Cənab Şeyxzadə deyir: “Bizim qərbi qafqazlılar “dəyanət” cəhətilə çoxlarından irəlidə olsalar da, nəçarə ki, qiyami-din və istehkami-islamiyyət şərtləri tərk edilib dala qalıblar…” Bu nə qəribə söz! Madam ki, dəyanət cəhətilə irəlidədirlər, nədən qiyami-din və istehkami islamiyyət şərtlərincə geridə olsunlar? Yox, əgər qiyami-din şərtlərincə geridə isələr, nə cür ola bilər ki, “dəyanət”cə irəlidə olsunlar? Belə məntiqsiz sözlərədəmi boyun eyib itaət göstərmək?

Görünür ki, cənab Şeyxzadə bəradərimiz “dəyanəti” indiki buxaralılar kimi yalnız dəstəmazdan, tez-tez namaz qılmaqdan, cəfəngiyat və əfsanələr ilə binəva camaatın fikirlərini zəhərləndirən nadan mol laların vəzlərində yatıb yuxlamaqdan və sairədən ibarət göstərir. Çünki biz o məmləkətlərdə cahilanə dəyanətdən, kor-koranə ibadətdən, qafilanə yuxulamaqdan savayı bir dəyanət görmürük.

Cənab Şeyxzadə yazır: “Bu məmur və abadan yerlərə maarifsizlikdən, xərabəzar deməkdən qeyri bir ad yapışmaz”. Görürsünüz, bu da bir növ tapmaca! “Molla Nəsrəddin” bu sözləri duysa, mütləq soruşar ki, o hansı məmləkətdir ki, bir vaxtda həm məmur və abadan ola, həm də xərabəzar? Əgər bu tapmacadan məqsəd o məmləkətlərin vaxtı ilə məmur və abadan olduğunu göstərməksə, oralarda heç elə zadlar görünmüyüb. Yox, məmur və abadlıqdan məqsəb Axsxanın, Ağaranın, Entelin, Batumun gözəl məşələri, lətif suları, dilguşa yaşıllıqları isə özgə söz. Amma bundan sonra gərək lüğətləri dəyiş-dirək. Çünki əgər Axısxanın meşələrinə, lətafətli yerlərinə məmur və abadan deyərsək, gərək Amerika vəhşilərinin, Avstraliya bədəvilərinin daha gözəl, daha lətif yerlərinə məmur və abadanlıq anası, mənbəyi deyək, belə adi məhəbbətləri keçək.

Bəradəri-möhtərəmimiz yazır: “Bizlər heç kimsənin zəmair və sərair xüsusiyyətini təcəssus və tehərri etməyə məmur deyiliz. Bizim məmur olduğumuz hüsn-zəndir”. Öz-özlüyündə gözəl sözlər! Əlbət
ki, heç bir kəsin qeyriyə zərəri olmayan gizli və xüsusi işlərinin üstünü açmaq yaxşı sifət deyil. Amma bir kəsin ki, gizli tədbirlərindən, sir lərindən camaata, ya bir kəsə zərər və təhlükə mənzurdur, o kimi sirlərin, tədbirlərin  üstlərini qapamaq, bilə-bilə lal olmaq, onunla şərik olmaq deməkdir ki, ən birinci həmiyyətsizlik, ən böyük əxlaqsızlıqdır. Bəli, bir millətə, bir kimsəyə zərəri olmayan yerlərdə “Hüsn-zən” əxlaqı fazilədəndir deyiblər, amma daha deməyiblər ki, millətinə, camaatına zərər və şəri-məlhuz olan gizli işlərin, xüsusi sirlərin üstünü basdırıb biqeyrət ol! Burasını bilməliyik ki, hər başımıza yurulan yumruqları, hər bizi əzən, ruslaşdıran üsulları, hər bizi yuxuladan sui-niyyətləri, hər zalım qulluqçunun başımızda oynatdıqları gizli tədbirləri “hüsn-zən” etdiyimizdən bu bəlalara, bu qara günlərə düşmüşük. Yersiz, yolsuz “hüsn-zən” mərdlərin, həmiyyətlilərin, vicdanlıların sifəti deyil, bəlkə acizlərin, miskinlərin, qafil və korların, mənfəətpərəst və alçaqların pis sifətidir.

Cənab Şeyxzadə yazır: “Mən “Həyat”dakı məqaləmi Qərbi qafqazlılar üçün yazdım. Ümidvar burasını anlamayıb, nahaq yerə özgə mesələlərdən dəm vurur…

Bu da qəribə sözlərin bir qəribəsidir. Bəradər, siz Qərbi qafqazlıları niyyət edib məşriqlilərdən, canublulardan dəm vurmağınız nə əcəb məqbul oldu da, mənim ümumi sözlərinizə etirazım məntiqsiz düşdü. Mənim qərblilər, şərqlilər və ya zəmairi-xüsusiyyətiniz ilə işim yox. Mən sizin “hümmət əhli-vicdan ilə sui-idarəyə xitam verildi…” kimi ümumi sözlərinizi diqqətə alıb cavab yazmışam. Bəlkə siz o sui-idarəni qəlbinizdə yalnız qərblilərə məxsus edibsiniz. Onda da mən müqəssir deyiləm. Bəradəri-fərasəti-pənahımız Şeyxzadə ən axırda məqaləsini tən və kibr-füruşanə belə bir dualar ilə qurtarır: “Üləmadan istifadələr niyaz edərək bəqayi-cəhl və nadanidən yaxanı qurtarmağa ehtimam eləmək və “ğəbavətə” boğulmayıb əhli-fərasət və əhli-təmyiz olmaq mətlubdur”. Möhtərəm bəradərimin bu tən və bu sözləri məhz öz şəxsimə, öz nəfsimə aid olduğu üçün cavab yazmağı mücadilati-şəxsiyyəden hesab edib, onunla bərabər “Amin  ”deməkdən savayı qeyri bir sözü özümə layiq görmürəm.

Ümidvar

“İrşad” qəzeti, 4, 5 may 1906, № 104, 105