
Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin26 on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər.
Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı…
Lakin mənim də əlimdəki qələm titrəməyə, gözlərim yaşarmağa başladı. Uf, nə üçün bu qədər xəfif ürəkliyəm? Ah, nə üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürəkli, aslan qüvvətli olmaq lazımdır. Bəli, bəli iş vaxtında acizə arvadlar kimi əl titrətməkdən, yaş axıtmaqdan nə fayda? Qorxusuz söz, ciddi iş lazımdır.
Bəli, idareyi-ruhaniyyələrimizin rəisləri, üzvləri, üzvlərinin üzvləri müşavirəyə yığışıb qərardadi-ruhaniyyə islahəsini müzakirə etməyə başladılar. Ruhanilərin nişan və medal almağı barəsində danışdılar.Bu barədə müfti əfəndi həzrətləri hökümətə “hüsn-xidmətindən ötrü” nə üçün ruhanilər medal nemətindən məhrum qalsınlar? Ədalət və insafə müvafiqmidir ki, “medal” alan ilə almayana təfavüt qoyulmasın? Əlbəttə ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər… Mən ruhanilərimizin hüsn-xidmətlərinə müqabil döşlərinin “medal” ilə təzyin olmağını şiddətlə arzu edərəm…” məzmununda boy ani-mütaliə buyurdular.
Sonra qərardadi-ruhaniyyənin babi-əvvəlinin 12-ci maddəsi müşavirəyə alındı. Bu maddənin birinci şərti ki, ruhanilərin rus təbəsindən olmağı labüddür, zəmanənin ehtiyacına görə müvafiq ədalət görülməyib. Sentyabrda təşkil olunan birinci komissiya tərəfindən bütün-bütün fəsx edilmişdi. Bu fəsx eynən savab, eynən hikmət idi. Lakin indiki xüsusi müşavirələr bu fəsxi Rusiya hökumətinin indiki cəlal ve əzəmətinə layiq görmədilər. 17 Oktyabr hürriyyətinin üstə sonradan qara pərdələr, zəhərli qələmlər çəkilib peşman olduğu kimi, birinci komissiyanın o vaxtdakı bəzi gözəl islahları da indi məsləhət görülməyib təməllüq və “hüsn zənlər” ilə örtülməkdədir.
Demək ki, bizim ruhanilər Rusiyanın köhnə istibdadına, köhnə zülmünə əllərindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyət-pərvərlər arzularına nail olub köhnə idareyi-zaliməni dəyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razı olmayacaqlardır.
Bundan sonra qərardadi-ruhaniyyənin əllinci maddəsinə baxıldı. Bu maddə: xaric sərhəddə göndərmək üçün pul cəm etmək və göndərmək idareyi-ruhaniyyənin rizası, sərdarın icazatı olmamış qadağandır. Hər nəfər ki, bu maddəni sındırsa idreyi-ruhaniyyələr borcludur ki, keyfiyyəti hökümətə əxbar etsinlər… və s.
Ey binəva camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Heç kəs belə xidmətin vəzaifi-idarəyə aid olmadığını söyləmir. İndiyə qədər olanlar oldu. Edilən zülmlər keçdi. Laməhalə bele bir vaxtda lazım deyilmidir ki, qollarımıza vurulan bu kimi zülm zəncirlərini qoparıb tullayaq? Eyb deyilmidir ki, idarələrimizin casusluq, xəbərçilik (şipyonluq) etməklərinə razı olub belə bir alçaq işi qanun surətində saxlayaq? Tiflisin divanxanaları məyər casusluq ilə az doludur ki, müqəddəs idarələrimizi də casusluğa məcbur edək? Mən elə zənn edirəm ki, bu kimi biqayda qərardadlar ilə idarələrimizin hümmət əlləri bağlandığından millətə haqq ilə bir iş görə bilməyirlər. Məyər bu barədə çox aldanmışam? Məyər idarələr üçün bu qanun və qərar-dadları əvəz edən yalnız hökümət deyil imiş? Bəlkə bizim müqəddəs idarələrin öz xahişləri də o qanuna, o yumruqlara böyük səbəb olmuşdur? Burasını birinci komissiyada bir cüzi anladığım bu xüsusi şurada lap aşkar göründü. Müfti əfəndi və tərəfdarları bu maddəni bütün-bütün qaldırmaq caiz ola biləcəyini sazişli bir surətdə bəyan etdilər. Demək ki, əfradi-millətin heç kəsə zərəri olmayan xüsusi işlərini, arzu və vicdanlarını axtarması, daha türkcəsi, indiki polisin alçaq xidmətini üstlərinə götürməyi millətin intizar etdiyi əsil vəzifeyi-müqəddəslərinə tərcih etdilər. Anlaşıldı ki, camaatın boynuna vurulan əsarət zəncirlərinə səbəb yalnız hökumət deyilmiş, bəlkə bəzi vəreseyil-manbiya postlarındakı öz ruhani atalarımızda da iş varmış.
Ey mehbani-millət! Ey aşiqani-insaniyyət! Bu günlərdə qulaqlara gələn səslərə diqqət ediniz, diqqət ediniz ki, hər tərəfdən nə cürhürriyyətimiz, nicatəngiz avazlar gəlir. Bir baxın ki, bir vaxt hürriyyətin dünyada ən birinci düşməni olan xristiyan keşişləri bu gün hürriyyət və haqq uğrunda nə fəryad qoparırlar. Hər yandan, hər camaatdan millət məclisini təbrik üçün bihəand teleqraflar yağır, lakin belə günlərdə, belə ümidli zamanlarda bizim bəzi ruhani atalarımız bir baxınnə iş görürlər! Erməni katalikosunun millət məclisinə göndərdiyi uzun teleqrafına müqabil bizim rəislərimiz bir baxın nə puç şeylər ilə məşğuldurlar?
Hər kəs camaatın qüvvətinə ümid tutduğu, hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükləri halda, bir baxın bizim camaat rəhbərləri nə cür cəfəng, müstəbid, zülmlü qərardadlar
ilə camaatın hürriyyətinə mane olmaq istəyirlər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yədullahü məəl-cəmaəte” hikmətini bizə minlərcə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqeti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirə-cəkləri yerinə, məqami-rəyasətden bizə belə misginanə vəz edirlər:
“Ey mömün qardaşlarım! Cahil və təcrübəsizlərin sözlərinə aldanmayın, uşaq rəftarlarına inanıb arxayın olmayın! Mənim əziz qardaşlarım! Neçə yüz illərdən bəri davam edən bu əzəmətli hökumətimizin idareyi-müstəqilləsini zənn etməyin ki, dəyişir. Biliniz ki, hökumətimiz hər nə cür olsa da, yenə öz köhnə istiqlalını, əzəmətini itirməyəcəkdir. Mən təəccüb edirəm ki, nə üçün buralarını fikir etmirsiniz, ixtiyarınızı nə dəlil ilə zəif, aciz, kor, şil, keçəl-küçəl camaatın əlinə buraxırsınız. Bu fağır, aciz biqüvvət camaat nə bacara bilər, nə verəbilər ki, ruhani idarələrin ixtiyarını camaatın əlinə buraxıb öz əliniz ilə özünüzü boğmaq istəyirsiniz..?’
İştə budur, bu günlərdə bizim rəhbərlərin vəzləri! Budur ümidvar olduğumuz böyüklərimizin, ruhanilərimizin məsləkləri, budur katalikos əvəzindəkı bizim müqəddəslərin millətlərinə nəsihətləri!
Ey qare! Daha nə yazım, daha nə ağlayım? Hərçənd bu barədə yazılan sözlər, ediləcək tənlər bütün-bütün. Amma kimə? İndi ey camaat! Mayın 24-də olacaq məclisin müqəddəsəsin belə olarsa, nəticəsi nə cür olacağını siz qiyas edin.
Amma ey Ümidvar! Sən də adını “Ümidvar” qoyub bu qədər biümid olma! Dünya əsil həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixti-yara malik ola biləcəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdi-zülmlər bilmirlərsə, alimi rəbbanilərdəmi bilməyəcəklər? Yox, yox bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürəfamıza çox-çoxdur.
Ümidvar
“İrşad”qəzeti, 13 may 1906, № 113

