Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!

Nə gözəlsən, ey Bakı dəryası!

Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda ürəyim tab eləmir, hövsələm daralır, ovqatım təlx olur və dəli-divanə kimi düşürəm yola və Tiflisdən birbaşa gəlirəm sənin tamaşana. Nə səfalısan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bir tikə səndə etina görmürəm: lodkaların bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırpır, amma məndən heç bir xəbərin olmur! Xəbərin olmur ki, Məcnun kimi gəlib durmuşam astanada və sənə tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəbərin olmur ki, gəlib durmuşam “Goburnat” bağında və İran qəribləri kimi boynumu burub mat və heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm!

Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası. Mən dururam“Goburnat” bağında, sənə tamaşa eləyirəm, amma məndən savayı da “Daş körpü”nün üstündə çox adam durur. Bunların çoxu əlli-altmış yaşında qırmızısaqqal kərbəlayı və hacılardır.

Ey dəryaların seçilmişi Bakı dəryası, mən də “Goburnat” bağından tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən tamaşa edirlər.

Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm, həmin məşədi və hacılar da tamaşa edirlər.

Amma tək mənəm sənə aşiq, Ey Bakı dəryası, tək mən sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram.

Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına dolanan!

Xeyr, xeyr, Hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək bircə mənəm sənə tamaşa edən, ey səfalı Bakı dəryası.

Bəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər?

Dəryanın kənarında urus balaları çimir!..

Nə səfalısan, ey Bakı dəryası! Nə gözəlsən, ey dəryaların pad-
şahı…

Dəli

“Molla Nəsrəddin”, 29 iyul 1907, № 28