Bakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir.

Şükür, buna da şükür!

Nə etməli, bu tənbəllik həpimizdə var. Ümumi işlərimizə yavaş yapışmamız, qeydsizliyimiz cümləmizdə olan bir naxoşluqdur. Buna görə böyük ümidlər, ciddi təşəbbüslər, özgələrə nümunə olacaq həmiyyət və xidmətlər gözlədiyimiz Bakı cəmiyyətindən, daha doğrusu, Bakı camaatından artıq şikayətə haqq bulamıyoram. Ancaq ora dövlətlilərinin ehtiyaclarımıza nisbət bir zad vermədiklərini və o kimilərin Bakıda olmalarına və Bakı ilə dövlət qazanmalarına görə gələcək tariximiz, gələcək milli intibahımız Bakı üçün böyük bir töhmət, ictimai bir intiqam hazırlasa yeri var.

Gələlim əsas məqsədə.

Mənim düşüncəmə görə, Qars və Ərdəhan tərəfində qalan arvad və uşaqları Bakıya gətirməməliyiz. Bunu bir neçə cəhətə görə deyirəm:

1. Bakı ilə Qarsın havası, məişəti tamamilə ziddir.

2. Bakıda xərc iki-üç qat artıq olur.

3. Gələcəkdə yolların çətinliyi və özgə maneələr təsəvvür olunduğundan Bakıda olacaq arvad və qoca kişilər lazımi vaxtda öz yerlərinə qayıda bilməzlər.

4. Bakıda qalacaq arvadların bir qismi bəzi səbəblərə görə bəlkə orada qalıb qayıtmayalar. Bu isə Ərdəhan tərəfində boş qalan yerlərimizi özgələrə qapdırmaya səbəb olur.

Öylə güman edirəm ki, Qars və Ərdəhan tərəflərində qadan bədbəxtləri o yerlərə bitişik və sərhəd olan Axalsix uyezdində saxlasaq həm saydığım müşküllərdən qurtulmuş, həm də bu böyük işimizi yüngül və tez bir yolla başa gətirmiş oluruz.

Qars tərəflərində qalan yetim uşaqların Bakıya gətirilib saxlanacağı və birər, ikişər paylanacağı zikr edilir.

Öylə sanıram ki, tapılacaq uşaqların hamısı Bakı və Gəncəyə gətirilib bir yerdə, bir pansionda saxlanmalıdır. Yetim uşaqları öz himayələrinə almaq istəyənlər pansionun illik xərcini verməklə izhari-həmiyyət elərlər.

Arxayınam ki, millətpərəstliyin ən sağlam üsulu olan bu yol ilə birər, ikişər, beşər uşağın illik xərcini verəcək həmiyyətlilərimiz içimizdə əskik deyil.

Oğulluğa qəbul ediləcək uşaqların verilməsinə sözüm yox. Amma burası var ki, bunda qayəti-ehtiyat lazım. Yoxsa tərbiyə və himayə yerinə nökərçiliyə yol açmış oluruz.

Bizim milli qayəmiz isə həmin yetim türk balalarını oxudub öz yerlərinə göndərmək, öz yerlərinə sahib etmək və oralarda əskilən nüfuz və nüfuzu-milliyəmizi doldurmaqdır. Əksinə, həmin uşaqları tək-tək dağıtmaq isə əməl və müqəddəs fikrimizə öz əlimizlə zərbə endirməkdir.

Etiqadım bunadır ki, cəmiyyəti-xeyriyyəmiz bu cəhətə artıq diqqət yetirər.

Əgər uşaq çox tapılsa, pansionun biri Qafqazda, digəri Şimali Rusiyada ora türk qardaşlarımızın münasib gördükləri bir yerdə vücuda gətirilməlidir.

Çox qayğu və acı ilə bildirirəm ki, rəisi-ruhaniyyəmiz sayılan müfti və şeyxin etinasızlığından, çoxumuzun qorxaq və həmiyyət-sizliyindən uşaqların əksəri aclıqdan və naxoşluqdan tələf oldu. Bir qismi suya çəkilib xristian edildi, içəri Rusiyaya aparıldı. Qalanı çox az olsa gərək.


Həkim Xosrov bəy Sultanov cənabları – “Ərdəhan tərəflərdə kimsə qalmamış, onlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir” – deyir. Bəli, o bədbəxtlərin çoxu canlarını bir cür əziyyətdən qurtarmaq üçün dərələr boylarında, kəndlər ətrafında, torpaqlar altında bir-biri üstə düzülüb uzanmışlar, rahətə varmışlardır.

Ancaq azı, çox azı, yəni iki minə yaxın arvad-uşaq canlarını qurtarıb və özlərini Pusxov tərəflərinə atmışlardır. Pusxov uçastkası Ərdəhan ilə Axısxa arasındadır, Qars oblastına tabedir. Camaatı tamamilə müsəlmandır. Yerləri meşəlik, qayalar, dağlıq və şəhərlərdən uzaq olmasına görə camaatı çox fəqirdir. Öylə ki, bunlar hər il bahar vaxtında özləri üçün ayrı yerlərdən yeyəcək tədarük etmək məcburiyyətindədirlər. İştə böylə fəqir bir camaat 4-5 aydan artıqdır ki, özlərinə can atan minlərcə din qardaşlarını evlərində saxlayıb yeyəcəklərini yan bölürlər. Bundan sonra isə özləri də yeyəcəkdə çətinlik görəcəklərdir. Buna görə oraların halı çox yaman olacaq.

İnsafdırmı Pusxovun kasıb camaatı olunca yeyəcəyini yarı bölsün, bizlər bir kərəlik bir neçə şahı, bir qaç manat verməklə milli və insanlıq vəzifəmizi qurtarmış hesab edəlim…

Bakı cəmiyyəti-xeyriyyəsinin o tərəflərə ianə göndərməsi xüsusunda nəzəri-diqqətini cəlb edərim: Pusxov uçastkası davadan uzaq sakit bir yer olduğundan ianə göndərilməsinə heç bir maneə yoxdur.

Bakıdan un göndərmək lazım deyil. Axalsix tərəflərdə 140-160 qəpiyə taxıl alıb üyütmək olur. Nə qədər taxıl olsa, bizim dəyirman pulsuz üyütməyə hər vaxt hazırdır.

Hörmətli xadimlərimiz Xosrov bəy Sultanov cənabları Qarsdan böylə yazırlar: “Ərdəhan kəndlərinin heç birində adam yox. Bunlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir. Yalnız bir-iki yerdə 500-600 arvad-uşaq var”.

Bu xəbəri daha artıq bir təfsilatla dörd ay əvvəl yazıb həqiqəti-halidən camaatımızı xəbərdar etmək istədim. Mən bu xəbəri Ərdəhanın geniş ağ düzləri qızıl rəngə çevrildiyi və bu qızıllığın hənuz səmayə əks etdiyi vaxt dərələrin uçurumlarından, qayaların oyuqlarından, kəndlərin izsiz bucaqlarından, meşələrin dərinliklərindən qopan fəryadlar və sədayi-istimdadlar ətraflarındakı qayalardan hənuz cavab aldıqları zaman duyub bən də fəryad qoparmışdım. Heyif ki, nikbinlərimiz yazdıqlarımı “mübaliğə” güman edib bu işə soyuq qanla baxdılar. Hətta bəzi mötəbər şəxslər bizzat özümə müraciət edib camaatımızın ürəyini eylə acı və mübaliğəli xəbərlərlə dırmalayıb yandırmamağımı, həyəcana gətirməyimi təvəqqe etdilər.

İndi düşünürəm və sual edirəm ki, ürəkləri yanan ağalar bu dörd-beş ayda ürək yanğılarını əcəba nə ilə göstərdilər?

Kasıb-kusublarımızın verdikləri ianələri çıxmaq olsaq ağaların, dövlətlilərin verdikləri beş-on min manatı keçmir: millətin, qara camaatın kömək və zəhməti ilə qazanılan dövlətin böylə bir gündə öz millətinə layiq gördüyü, öz millətinin ölüm halında olan aclarına qıydığı, ehsan etdiyi bumudur? Bizdən 25 kərə az olan qonşumuz öz möhtaclarına 800000 manat yığdılar, yenə də yığırlar, yığacaqlar.

Bizim Boxçalı, Qazax, Zəngəzur, Cavanşir… və qeyri və qeyri yerlərin bəyləri, hacıları, dövlətliləri hələ özgələrə təməllüq ilə məşğuldur.

Hələ bəzi şirindilli, məhəbbətpərvər görkəmlilər deyirlər: təki muradımız başa gəlsin, yəni təki millətin istiqbalını görüm, vallah-billah, bu qədər yüz qurban və nəzir hazırdır. Biçarələr eylə güman edirlər ki, böylə mənasız sözlərlə özgələrini inandırırlar. Daha bilmirlər ki, böylə ən zəruri vaxtımızda beşcə qurban verməyənin gələcəkdə yüz deyil, bircə də vermiyəcəyini və versə də məqbula keçmiyəcəyini uşaqlar da bilirlər.

Ömər Faiq

“İqbal” qəzeti. 19 aprel 1915, № 916