Molla Nasrəddin Yazıları

Axır Çərşənbə

By February 12, 2020 No Comments

“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.

Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!

Dərdmənd

“Molla Nəsrəddin”, 24 Mart 1907, №.12