
Müharibə münasibətilə Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axısxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Fəlakət təsəvvür etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha çəkərsuzdur.
Fəlakət və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır.
Yerlərin böyüklüyünə, fəlakətdidələrin çoxluğuna baxıb güman etməyiniz ki, müharibə münasibətilə az-çox zərər görənləri “yardıma möhtac” hesab edirəm. Xeyr… xeyr…
Əgər bu saydığım yerlərin sahibsiz, kişisiz qalmış yüz minlərcə arvad-uşaqlarının, qoca və zəiflərinin fəryad və əninlərinə çatmaqda “ehmal” edərsək bunların az vaxtda tələf olduqlarını eşidəcəyiz. Hazırda bu yerlərin hər guşəsindən “imdad, Allah eşqinə imdad” fəryadları göylərə çıxmaqdadır.
Bakıya, Gəncəyə əvvəlcə qaça bilən 40-50 evin hallarını nəzərə alıb müsəlmanlara lazım olan yardımın azlığına aldanmayınız. Aldanmayınız, çünki yardıma möhtac olanlarımız özgə millətlərinkindən çox-çox ağır və naçar halındadırlar. Özgə millətdən qaçanların çoxu öz oğul-uşaqlarının əllərindən tutub pullarını, kimi yüngül qiymətli əşyalarını da alıb bərabər götürmüşlər; və gəldikləri yerlərdə millətdaşlarının mərhəmət qucaqlarına tələsik atılmışlar.
Lakin müsəlmanlar! Müsəlmanlar böylə deyil, ürək yandıran, ciyər parçalayan bədbəxtlərin çoxu heç bir yana qaça bilməyən və yaxın yerlərdə gizlənib sonradan meydana çıxan hədsiz-hesabsız arvad-uşaq, qoca və xəstələrdir.
Bunlardır ki, talan edilmiş yurdlarında sahibsiz, köməksiz, çörəksiz, susuz, amansız bir haldadır.
Bunlardır ki, bir loğma çörək üçün gözlərini qapıya tikib “İmdad, Allah eşqinə, imdad” – deyə bağırırlar.
Hələ Ərdəhan fəlakətzadələrinin hallarına baxınız ki, yerlərində quru çörək olsun, tapa bilmədiklərindən yürüməyə gücü çatanlar 40-50 verstlik yolları, uca qarlı dağları aşıb, Axısxa kəndlərinə can atırlar. Deyirlər ki, gələn zəiflərin bir qismi yolda 30-40 dərəcə soyuğa dayana bilməyib təbiətin ağ, yumşaq kəfənlərinə, qalın qarlarına bürünüb oradaca qalmışlar.
Əcəba, o soyuq, qorxunc dağları aşmağa gücü çatmayan yüz minlərcə insanlar – müsəlmanlar amansız aclığın, soyuğun qarşısında nə yaparlar?
İştə Qars qubernatorunun “Ehtiyac və səfalət qorxuncdur” – deyə işarə elədiyi səfalət oralardadır. Oralarda indi kim bilir aclıqdan, köməksizlikdən can verirlər.
Ümid edirik, Bakı cəmiyyəti-xeyriyyəsi, Bakı ərbabi-həmiyyəti fəlakətin böyüklüyünü, vaxtın darlığını, köməyin əcələliyini nəzərə alıb ianə yığmaq zəhmətini tezliklə alar.
Biz ianə yığmağa məşğul olanda ianə komissiyası üzvləri də tələsik fəlakət yerlərinə, o dörd okruqa gedib bədbəxtliyin ürək par- çalayan halətini öz gözləri ilə görüb bildirərlər.
Sanıram ki, iş rəsmi rüsxətdə və başçılarımızın həmiyyət göstərmələrindədir.
İanəyə gəlincə: ümidli və arxayınam ki, böylə bir “milli vəzifə qarşısın”da heç kəs əlindən gələni əsirgəməz. Ancaq bu qədər lazım ki, ianə yığanlarımızda bir az fəaliyyət, əmniyyət və həmiyyət olsun.
Camaatımız öz milli adət və təbiətləri, dini əmrləri mücibincə möhtac olanlara yardım etməyə hər vaxt hazırdır. Bilxassə ki, böyük yardımlara böyüklərimiz, nüfuzlularımız, bəylərimiz, axund, əfəndi və hacılarımız da başçılıq edərlər. Camaatımızın itaətinə kiçik bir misal örnək gətirəyim:
Axısxa uyezdində Azqur kəndi fəqir bir yerdir. Bu fəqirliklə bərabər beş ayın içində beş-altı dəfə ianə vermişdir. Qazının, naçalnikin, pristavın, mollanın və yerli camaatın ianə istəməklərini üz açıqlığı ilə qəbul etmişdir. Hətta bunları da az görüb hər ay iki yüz manat xərc ilə yaralılara məxsus bir kiçik xəstəxana da açmışdır. Vətəndaşları uğrunda bu qədər həmiyyət göstərənlər xəyala gelə bilərmi ki, aclıqlarından həlak olmaq dərəcəsinə gəlmiş yüz minlərcə millət bacı-qardaşlarının suzişli iniltilərinə, qanlı göz yaşlarına qulaq verməsinlər.
Zənn edirəm ki, ən böyük müzəffəriyyət fəlakətzədələrin qəlblərini fəth etməkdir. İnanıram ki, bu qəlb müzəffəriyyətinin şəhərlər, məmləkətlər fəth edən müzəffəriyyətlərlə də münasibəti vardır.
Öz bədbəxtlərinin göz yaşlarını kəsmək qüvvəti olmayanlar öz gözlərinin qüvvətliliyini güman etməsinlər, öz həmcinslərinin fəlakətlərinə çata bilməyənlər şəksiz ki, insaniyyətə hələ çatmamışlardır. Möhtac və zəiflərin iniltilərini yüngüllədə bilməyənlər öz vicdanlarının möhnəti ağırlığından qurtara bilməzlər. Fəlakətdidələrin ehtiyaclarına qarşı ciddi addım atmıyanlar əsil həqiqi mədəniyyətə, ərşi-ürfana hənuz addım atmamışlardır. Pərişan olanların ürəklərini yapmıyıb da Kəbəyi yapmağa çalışanlar Allahı, peyğəmbəri və onların əmrlərini əsla qanmamışlardır.’
Ömər Faiq Nemanzadə
“İqbal” qəzeti, 19 yanvar 1915, №842