Millətinin mövhumatçılıq və ya xurafatçılıq girdabından çıxma yolunu mətbuatda görən və axtaran maarifçi mollanəsrəddinçilərdən biri də Ömər Faiq Nemanzadə olmuşdur.
Mollanəsrəddinçi Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycanda yeni əxlaq, zəhmətkeşlərin azadlıq və tərəqqisinə xidmət edən mənəviyyat uğrunda mübarizənin ön sıralarında getmişdir. O, yeni əxlaq və mənəviyyat uğrunda mübarizənin çarizmə, bəy, xan, mülkədar və Şura hökumətində münasibətlərə qarşı mübarizənin mühüm tərkib hissəsi hesab edir və aydın görürdü ki, zəhmətkeş kütlələri öz azadlığı uğrunda mübarizəyə hazırlamaq üçün yalnız mövcud ictimai münasibətləri deyil, həm də bu münasibətlərin doğurduğu mənəvi pozğunluğu, hər cür zülmə, haqsızlığa bəraət qazandıran uydurma dini xurafatçılığı ifşa etmək, yaramaz əxlaqın insan şəxsiyyətini, şərəf və ləyaqətini amansızcasına tapdalandığını açıb göstərməkdən ibarət olmalıdır. Ömər Faiq Nemanzadə vurğulayır ki, əxlaq insanlarda acizlik, mütilik, köləlik psixologiyası, ictimai ədalətsizliyə və zülmə dözmək əhvali-ruhiyyəsi deyil, xalqın azadlığı, vətənin tərəqqisi və səadəti işinə xidmət edən nəcib sifətlər aşılamalıdır. Əxlaq insanı yüksəltməli, onun həyati tələbatına, əsil insani zövqünə uyğun olmalıdır.
Ömər Faiq Nemanzadə xurafatı, mövhumatı, mistik əqidələri tənqid etməklə yanaşı, ayrı-ayrı nüfuzlu, ancaq yalançı din xadimlərini, avam camaatın müqəddəs sandığı axund, şeyx və seyidlərin də rəzil və iyrənc simasını açıb göstərir.
Mövhumatçılığa daha çox meylli olan və “Molla Nəsrəddin” jurnalını baykot etməyə çalışanlardan biri də Tiflis mollası Mir Bağır Mirheydərzadə olmuşdur. Mir Bağır və onun dostları mistik inanclardan, çadradan yazan, qadına hüquq və təhsil verilməsini tələb edən “Molla Nəsrəddin”i “müqəddəs quranın, gözəl şəriətin” düşməni adlandırırdılar. Onlar jurnalın nəşrini dayandırmaq, bu mümkün olmadığı təqdirdə isə onu əqidə və məsləkindən döndərmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Lakin baykot jurnalın əməkdaşlarını vahiməyə salmır, onları öz mövqelərindən döndərə bilmirdi. Çünki “Molla Nəsrəddin” mübarizədə tək deyildi. Şeytanbazarlıların içərisindəki sağlam qüvvələr, bütövlükdə Tiflis ədəbi mühiti jurnalın mövqeyində dayanır, Mirbağırlara qarşı mübarizə aparırdılar. S.Ağamalıoğlu, F.Köçərli, E.Sultanov, H.Minasazov, Ö.F.Nemanzadə və başqaları mübahisələrdə iştirak edir, məqalə və məktubları ilə jurnalın əleyhdarlarına zərbə endirirdilər.
1907-ci il mayın 23-də Mir Bağır Tiflis məscidində öz dostlarının köməyi ilə “Molla Nəsrəddin”i baykot etmək üçün izdihamlı yığıncaq keçirməyi qərara alır. Lakin sənət və maarif adamları yığıncağı açıq müzakirəyə çevirirlər. Məsciddə toplaşanlar “Molla Nəsrəddin”in qaldırdığı “Azərbaycan qadınının şəriətə görə çadrasız gəzməyə və təhsil almağa hüququ varmı” – problemini müzakirə edirlər.
Əvvəlcə çıxış edən Mir Bağır “Molla Nəsrəddin” jurnalının qadın azadlığı məsələsinə münasibətini pisləyir, mollanəsrəddinçiləri şəriəti, quranı saxtalaşdırmaqda ittiham edir. Din başçısı müzakirə iştirakçılarını inandırmağa çalışır ki, quranla çadra əkizdir, qadını örtüksüz təsəvvür etmək qeyri mümkündür. Quran çadranı qadının bəzəyi, incisi hesab edir [“Zaqavqazye” qəzeti, 1907, 22 may].
Maarifpərvərlərin, jurnal əməkdaşlarının adından danışmaq istəyən Ömər Faiq Nemanzadəyə Mir Bağır minbərdən çıxış etməyə icazə vermək istəmir, lakin xalqın tələb və təkidi mollanın iradəsini qırır, onun minbərini mollanəsrəddinçinin xitabət kürsüsünə çevirir.
Müzakirə Mir Bağırın gözlədiyi nəticəni vermir; Ö.F.Nemanzadənin çıxışı “müsəlmanları hərəkətə gətirir”, onlara “böyük təsir bağışlayır” (“Zaqavqazye” qəzeti, 1907, 26 may). Müzakirədə məğlub olan, Ö.F.Nemanzadənin dəlilləri qarşısında diz çökən Mir Bağır bir neçə gün sonra, mayın 29-da H.Minasazovun “Müzakirə” məqaləsinə – “Zaqavqazye” qəzetinə cavab yazmalı olur. Molla bu cavabında “Molla Nəsrəddin”ə “güzəştə getməyə”, mövqeyini “yumşaltmağa”, məsciddəki çıxışının, ondan əvvəlki fəaliyyətinin üzərinə pərdə çəkməyə məcbur olmuş, özünü xeyirxah və səmimi adam kimi qələmə verməyə çalışmışdır. Həm də molla riyakarlıq edərək məsələni belə qələmə verməyə çalışır ki, guya məsciddəki yığıncağı “Molla Nəsrəddin” əməkdaşlarını qırmağa toplaşan müsəlmanların qarşısını almaq məqsədi ilə keçirmişdir. Molla Mir Bağır, eyni zamanda hiyləgərliklə “Molla Nəsrəddin”i “təkzib yazmağa… və ya səhvinə görə oxuculardan üzr istəməyə” çağırırdı. Bu kimi baş verən xoşagəlməz hadisələrə sonralar Nemanzadə yenidən münasibət bildirərək yazırdı ki, mövhumatçılığın tüğyan etməsinə “yalnız sultanlar, çarlar, şahlar, xanlar, bəylər, ruhanilər, dövlətlilər, mədrəsələr, məscidlər, kilsələr, təkiyələr deyil, çox heyif ki, bir çox ədib və şairlər də, elm ocağı olan məktəblər də kömək etdi” [“Yeni məktəb” jurnalı, 1926, №3].
Hadisələrin gedişi mütərəqqi adamlardan fikirlərini açıq söyləməyi tələb edirdi. Bir qədər sonra müzakirənin mütərəqqi cəbhəsinə ilk dəfə otuz iki tiflisli qadın səs verdi. Onların “Zaqavqazye” qəzetinə yazdıqları məktub öz siyasi kəskinliyi, tərbiyəvi əhəmiyyəti ilə başqa məqalələrdən fərqlənirdi. Müəlliflər təkcə öz adlarından deyil, əsrlərlə zülm altında inləyən Şərq qadınları adından danışırdılar. Onlar inamla bildirirdilər ki, “Molla Nəsrəddin”ə, onun müdafiə etdiyi qadınların arzu və ideallarına heç bir qüvvə mane ola bilməyəcəkdir. Çünki qadınları artıq təkcə “Molla Nəsrəddin” deyil, bütövlükdə Tiflis ədəbi mühiti, yeni fikirli tərəqqipərvər rus, gürcü ziyalıları müdafiə edirlər. Buna görə də, həmin qadınlar cəhalət dünyasının tör-töküntülərinə “yolumuzdan çəkilin” – deyirdilər [“Zaqavqazye” qəzeti, 1907, 22 may].
Ömər Faiq Nemanzadə bəşəriyyətin əfəndisi sayılan Məhəmməd Peyğəmbərin bu kəlamını əsas götürərək yazırdı ki, hər yanda olduğu kimi, Şəkidə də qadının hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər. Həqiqət belə olduğu halda islam məmləkətlərinin hər yerində söyləyib eşidildiyi kimi, bura əfəndiləri də “İslam şəriətində qadınlara böyük haqq və ixtiyar verilmiş” deyib dururlardı. Halbuki, bunlar üçün nə bir məktəb, nə də bir cəmiyyət vardı. Qadınların həyatları ancaq yüksək divarlarla çevrələnmiş həyətlər içərisində keçirdi. Meydançalarda, bağlarda, küçələrdə, hətta məscidlərdə də belə görünməzlərdi. Şirin bir söz olmaq üzrə “Cənnət qadınların ayaqları altındadır” buyuran şəriətmədar, döyülüb-söyüldüyündən ötrü ərindən boşanmaq istəyən qadına şəri rüsxət verməməklə onu və onun cənnətini ərinin ayaqları altına, cəhənnəmin dibinə buraxdığını ya öküzlüyündən heç anlamırdı və ya bilə-bilə ikiüzlülük, şeytanlıq edirdi. Bu halda, hankı cənnət qadınların ayaqları altındadır bilmirəm. Sözün doğrusunu söyləmək lazım gəlirsə indiki həyatda bütün huri qılmanlar ilə bərabər cənnət kişilərin, cəhənnəm də qadınların ayaqları altındadır deyərək yazırdı: “Dinin guya qadınlar əleyhinə söylədiyi, qadınların indiyə qədər olan halları göstərirdi ki, bu kimi yıldızlı cümlələr, onları yuxuladan lay-laydan başqa bir şey deyildi. Bu kimi laylalar bir deyil, on deyil, istərsə yüzlərcə olsun, madam ki, o laylaları deyənlərin özləri o kimi laylalara uşaqcasına alışmış, onları bir din əmri, bir ənənə, bir adət”, bir üsul sanmış, bunların dəyişdirilməsi, aradan çıxarılması çox çətin. Bunların dəyişdirilməsi isə, ancaq bunları yaradan beyinlərin dəyişdirilməsinə bağlı. Buna görə demək olar ki, qadınlar onlara qarşı edilən zülmləri, onların başına gətirilən bəlaları dini bir müqəddəmat (alın yazısı – H.H.) hesab etdikcə çəkdikləri əzab və əziyyətlərdən heç vaxt qurtula bilməzlər. Və bu qurtuluşu da özgələrdən – kişilərdən yox, ancaq özlərindən gözləməlidirlər. Bu da ancaq ictimai bir inqilab və ümumi maarif sayəsində ola bilər… Qadınlar əl-əyaqlarını bağlayıb özlərini satlıq bir mal və mətah mənziləsinə endirən bu kimi hökmləri, din və mövhumat zəncirlərini qırıb xilas olmalarını özgələrdən yox, yalnız özlərindən gözləməlidirlər” [1, 417].
Qeyd etdiyimiz kimi, Ömər Faiq Nemanzadə xurafatçılıqdan yaxa qurtarmağın yolunu elmdə, təhsildə, xalqın savadlanmasında görürdü. Elmdən, təhsildən, xalqın savadlanmasından danışarkən isə məktəbə böyük əhəmiyyət verirdi. Xalqın savadlanması üçün dünyəvi məktəbləri, əsil mənada həqiqi elm verən məktəblərin sayını artırmaq lazım idi. Ömər Faiq yeni məktəbləri köhnə molla məktəbləri ilə müqayisə edir və həmçinin, yeni tipdə açılmış məktəblərə üstünlük verirdi. Çünki burada dünyəvi dərslər tədris edilir. Pedaqoji təhsil almış, savadlı müəllimlər dərs verir. Biz bu münasibətlə Ö.F.Nemanzadənin “Dərdmənd” imzası ilə yazdığı “Qız məktəbi” felyetonunda oxuyuruq: “Biz müsəlmana fərzdir, nəinki oğlan məktəbi, xeyir, bizlərə vacibdir ünas (qız məktəbi), çünki bizim balalarımızın tərbiyəsi anaların əlindədir… Bunlar hamısı biş sözlərdir… Bizim arvadlara nə olub, arvadların nəyinə lazımdır oxumaq?.. Bəli, bir Kənan kimi də laməzhəb xanım gətirin, bu da qızları yoldan-dindən çıxartsın. Kənan əgər müəllimdir, niyə küsuf-xüsuf ya səhviyyat və ya təharətdən bir şey uşaqlara öyrətmir? A molla dayı, bizim başımıza lap daş düşüb. Kənan öyrədib ki, dünya neçə qitədir, filan dəniz, filan şəhər nərədədir?. Nə bilim, keçmiş padşahlar nə iş görüb… insana nə lazımdı… Belə-belə gic sözlər…” [2, 1909, №28].
Yuxarıda qeyd etdik ki, Nemanzadə mövhumatçılığın tüğyan etməsinə çox heyif ki, bir çox ədib və şairlər də, elm ocağı olan məktəblər də kömək etdi” – deyirdi. Ö.F.Nemanzadə xalqın tərəqqisini müəllimlərin fəaliyyətində görürdü. “Şərqi-rus”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Qardaş köməyi” və başqa mətbuat orqanlarında “Ömər Faiq” “Ö.F.Nemanzadə”, “Dərdli”, “Ümid var”, “Ümid”, “Naməyus”; “Molla Nəsrəddin” jurnalında isə “Mozalan”, “Lağlağı”, “Molla Nəsrəddin”, “Molla Qulu”, “Məşrutəçi”, “Mömün”, “Kötəkçi” və s. imzalar ilə, bəzən də imzasız çıxış edərək müəllimləri ömrünü xalq yolunda, zəhmətkeş balalarının təlim və tərbiyəsi uğrunda fəaliyyət göstərməyə sərf etmiş pedaqoqlar kimi (Yan Amos Komenski, Tomas Mor, Con Belleres, J.J.Russo, H.Pestalossi və b.) hərəkət etməyə çağırırdı.
Yekun olaraq qeyd edək ki, Ömər Faiq Nemanzadə nakam ömrünün sonuna kimi mübarizə apararaq Azərbaycanın kənd və şəhərlərində dünyəvi məktəblərin böyük şəbəkəsini yaratmaq arzusuna çatmışdır. Nemanzadə yaradıcılığında mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliğini, qadına olan münasibət məsələlərini ən müasir mənada ictimai hüquq bərabərliyi mövqeyindən təhlil və təsvir etmiş, ictimai həyat haqqındakı fikirləri Azərbaycan və ümumən Şərqdə yeni bir cığır salmışdır.
ƏDƏBİYYAT
- Nemanzadə Ö.F. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 536 s.
- “Molla Nəsrəddin” jurnalı (1906-1931).
Həsən Hüseynov
Müəllimlər İnstititunun müəllimi