Möhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.

Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.

Hüseynzadə cənabları yazır: “Cəm ədatı olan “lər” nə üçün “lar” şəklində yazılır, “məfuli ənə, məfuli fiə ədatları olan “dən”i “dan”, “də”ni “da” şəklində yazmaqda nə məna var? İmla hərfləri türkcə kəlmələrin əslindəki səsləri məna, xüsusən son səsləri göstərmək üçün mühüm bir vəzifə ifa edirlərsə də, sərf qaydalarına məxsus ədatları bunlarla yazmaq caiz olmaz. Biz özgə dillərə qarşı sərf qaydalarındakı ədatlarımızın sadəliyi və birliyi ilə, məntiqə uyğunluq ilə fəxr edirik!”.

Biz deyirik: Heyif ki, ədatlarımızın birsızliyi cənab Hüseynzadənin dediyi fəxrdən bizi məhrum qoyur.

Əgər bizdəki ədatların hamısı və ya çoxu bir cür yazılsaydılar, biz Hüseynzadə cənablarının dediyinə yoldaş olurduq. Amma təəssüf ki, 2-3 ədatdan başqa özgə ədatlarımızm hamısı sözün axır hecasına tabe olub iki cür, bəzisi dörd cür yazılırlar. Demək ki, Hüseynzadə dediyinin tərsinə olaraq gerçəkdən fəxr olunacaq ahəngimizin bir-iki məntiqsiz sərf qaydasına qurban etməmişik.

 

           
                                     
                                                                  
     

 Budur bizim ədatların bir parçası:
 nazik yoğun                 nazik yoğun               
  mə-ma                           gəzmə - yazma
 cək-caq                          gələcək - yazacaq
 sin-sın                           gəzsin - yazsın
  rək-raq                          gəzərək - yazaraq
  kən-qan                         çəkişkən - çalışqan
   gəc-qaç                          süzgəc - dolanqaç
   kin-gun                         yetkin - solğun
    li-lu                               tərli - sulu
    lik-luq                           çiçəklik - otluq
    im-um                           dirim - olum 

Yuxarıdakı yazılardan görünür ki, bizim ədatlar ümumiyyətlə, deyiləcək dərəcədə nazik hecalı sözlərin axırında nazik, yoğun hecaların axırında yoğun yazılırlar.

İndi ümumi qaydamız belə surətdə ikən “lər”, “də”, “dən” ədatlarını nədən ötrü yoğun hecaların axırında “lar”, “da”, “dən” şəklində yazmayaq?

Bıırada bizə deyiləcək ki, osmanlı ədibləri elə yazırlar, biz də gərək elə yazaq. Çox əcəb, amma biz də deyirik ki, osmanlıların əlifbaları, imlaları, sərf qaydaları hələ tamamilə təyin edilib qurtarmamışdır. Daha doğrusu, osmanlıda hələ bir tərzdə imla və sərf qaydaları yoxdur.

Cövdət Paşa, Nəcib Asim, Əhməd Rasim, Monastırlı Rüfətkimi məşhur yazıçıların sərf kitablarında bir-birinə uymayan xeyli qaydalar, qaydasızlıqlar var. Bu xüsusda aşağıda uzun təfsilat veriləcəyi üçün burada gödək keçirik.

Cənab Hüseynzadə buyurur: “Sərf qaydalarımıza məxsus olan ədatlar qayət müəyyən olub, adətən, heroqlif halını almışdır. Əslində Çin tərəfindən gəldiyimizi unutmayaq. Heroqlifə təəccüb etməyiniz!”.

Biz deyirik: Ədatlarımızın o “Heroqlif” halı ehtimal dilimizin ibtidai və hicai vaxtında imiş. Amma vaxtın keçməsi ilə, dilin genişlənməsi ilə ədatlarımız “heroqlif’ halında çoxdan çıxmışlar. Hətta 1200 il əvvəl türk dili ilə yazılan türk əlifbasının vücudunu bizə bil-dirən “Orxon”56 məhkukatında belə, türk ədatları heroqlif halından çıxıb ayrı-ayrı yazılmışdır.

Yəni nazik hecalı sözlərin axırında nazik səsli ədat, yoğun hecalı sözlərin axırında yoğun ədat yazılmışdır.

Orxon yazılarından sonra türk dilində 463-cü ildə yazılan “Kutadqu bilik” adındakı əski türk kitabında və özgə əski türk kitablarında ədatlar həmişə nazik, yoğun olmaq üzrə iki dürlü yazılmışdır. Məsələn, “Kutadqu bilik”də yazılır:

 Qövərmiş yığaclar doğdı yaşıl,
 Bizəndi bütün al-sarılıq, çök, kızıl.
 Tüməndi çiçəklər yazıldı tülə... 

Yuxarıdakı nəzmlərdə “yığac” sözü yoğun olduğu üçün “lar” ilə, “çiçək” sözü nazik olduğu üçün “lər” ilə cəm yazılmışdır.

Bizim zənnimizə görə, ədatlarımızın axır vaxtlarda səssiz hərflər ilə bir növ yazılmağına səbəb ədatlarımızın heroqlif halında olmasından ziyadə ərəb və farsa təqlid bəlası olub.

Türklər nə qədər ki, türklükdən, Türküstandan uzaq düşüb, əsrlərcə ərəb hökuməti və dini, fars ədəbiyyatı nüfuzu altında qaldılar, o qədər türklərini və türk dilini itirdilər.

Hətta demək olar ki, türklər müsəlman olandan bu yana nə qədər əzəmətli türk hökumətləri vücuda gətirdilərsə, bir o qədər də ərəb və fars ədəbiyyatına, dilinə əsir olub, öz dillərini yaddan çıxartdılar. Həmd olsun ki, axır vaxtda Anadolu səlcuqları bir az türkcə yazmağa tənəzzül edib, türk dilini rəsmi dil elədilər. Səlcuq türkləri ərəb hərfləri ilə türkcə yazmağa başlayanda təbii çox zəhmət çəkdilər…

Şəkk yoxdur ki, lap əski türk yazılan özgənin nüfuzuna tabe olmadığı üçün səlcuqların və hətta osmanlıların indiki türk yazılarından daha doğru, daha asan oxunurlar.

Osmanlılar elə ki, səlcuqi hökumətinə varis oldular, elə də yazılarına, ədəbiyyatlarına varis olub ta zəmanəmizə qədər səlcuqi imlasını arayır, cüzi islah ilə təqib edirlər.

Halbuki əski imla ilə sözlərimiz, ədatlarımız yaxşı oxuna bilmirlər. Bu oxunmazlıq səbəbindəndir ki, osmanlının cavan ədib və yazıçıları bir çox isimlərin əski imlasını, yazılışını dəyişdirdiklərindən nasıl qeyri ədatların da əski tərzlərin dəyişdirib yazırdılar. Bəli, dünyada heç şey əski halında qalmır. Türk yazıları da nə qədər ki, doğru oxunmur, nə dərəcədə ki, dəyişilməyə ehtiyac görünür, dəyişəcəkdir.

Hüseynzadə cənabları yazır: “Tərəqqimizin maneələrini əlifbamızda görərək yazımızı, imlamızı islahə qalxışanların rus əlifbasından başqa bir şeyə etibar etdikləri yox. Bunların çoxu firəng, ingilis əlifbasından xəbərsizdirlər. Halbuki ingilislər o əcaib imlaları ilə Avropa və Amerikada, yaponlar o heroqlifləri ilə Asiyada mədəniyyətin ən üst qatına yetişməmişlərmi?”.

Biz deyirik: “Möhtərəm əfəndi, tərəqqimizin maneələrini əlifbada görən, əlifbasından heç xəbərləri olmayan Bakı müəllimləri deyil, bəlkə çox gözəl ingiliscə, fransızca bilən Topalı Helmilər, doktor Şərafəddinlər58, Mirzə Melkümxanlar59, Abdulla Cövdətlər, Qazanlı Maqsudovlar, adları yadımızdan çıxan osmanlı zabitləridir.

Qazanlı Maqsudov Bakı müəllimlərindən daha qabaq sözlərin hamısı hərflərlə yazılan əlifba kitabı nəşr edib məktəblərdə öyrətməyə başlamış, Maqsudov Bakı müəllimlərindən daha cürətli olaraq hamı ərəb sözlərini də səsli hərflərlə yazmış. Tərəqqimizin maneələrini əlifbamızda görənlər yalnız indiki zamanın cavan türkləri deyil, bu fikir osmanlılardan 25-30 il əvvəl başlamış olmalı ki, mərhum Kamal bəy onlara qarşı “sələflərimizin əsərləri atılmaq lazım gələcək? Ola bilməz” demiş. “Ola bilməz” deyən Kamal bəyin bu sözlərindən görünür ki, o da bir cür razı olur. Amma sələflərinin əsərlərinin atılacağından qorxur. Şəkk yox ki, bu böyük məsələ əvvəl vaxtlar və ondan sonra osmanlıda 1-2 “ola bilməz” ilə sönməmişdir. Bəlkə hər işdə olduğu kimi belə bir təzəliyin müzakirə və məşvərətinə yol verilməmişdir. Tərəqqinin maneələrini əlifbada görənlər yalnız türklər olmamışdır. Avropalı qoca pedaqoq Leybnits “Mənə mükəmməl bir əlifba verin, mükəmməl bir dil verim, mükəmməl dil verin, mükəmməl bir mədəniyyət verim” – sözlərilə tərəqqinin maneələrini bir növ əlifbada görür. Biz də qanırıq ki, tərəqqimizin əsil maneəsi yalnız əlifbamız deyil, amma əlifbamız hər halda tərəqqimizin maneələrindən biridir.

Əcəba, mədəniyyətin ən yuxarı qatına çıxan yaponiyalılar, ingilislər əlifbalarından razıdırlarmı? Bir para firəng ədibləri imlalarından, sərf qaydalarından şikayət etmirlərmi? On-on beş il əvvəl Fransa maarif naziri bu barədə cüzi bir təşəbbüsdə olub nümunədə bulunmadımı?

Bu gün yaponlar əlifbalarından, heroqliflərindən narazı olub onu dəyişdirmək istəmirlərmi? Hətta müqəddimə və başlanğıc olaraq latın hərfləri ilə bəzi məcmuələr nəşr etmirlərmi?

Bu ayrılıqlar, bu narazılıqlar göstərmirmi ki, avropalıların, yaponların əlifbaları, imlaları çoxdan islaha möhtacdır. Lakin bu islah, bu təbəddüd məşrutə inqilabları kimi asan deyil. İş o qədər kökləşmiş, o dərəcə adət edilmiş, o mərtəbə yayılmış ki, o köhnə, lakin o imla istibdadını pozub, yerinə təzəsini qoymaq hər fədakarın, hər mücəddidin işi deyil!

Avropada, o hürriyyət aləmində əskikliklər, islah olunacaq şeylər məgər azmı? Buna təəccüb edib o hürr, o mədəniyyətli Avropa qüsurlarını görə-görə belə, necə, düzəldə bilmirmi deyirsiz? Bəli, düzəldə bilmir. Çünki bu gün görünən o qüsurlar vaxtilə azad, lakin yanlış bir surətdə hər kəsin qanına girmiş adətlərin, hər kəsin ruhunu əsir edən əqidələrin nəticəsidir. Avropada bu gün hər saat görülən əmələ qarışıqlığı, məişət darlığı, sinif davaları, parlament münaziələri, intixab vuruşmaları vaxtı ilə qoyulan və azadlıqla adət edilən ictimai-iqtisadi müsavatsızlıqların, ədalətsiz qanunların bəlasıdır.

Bir çox fədakarlar gecə-gündüz çalışıb bu müsavatsızlığın, bu ədalətsiz məişətin islahına çalışırlar. Lakin azadlıqla köklənmiş olan o adətlər tezliklə dəf oluna bilərmi?

Halbuki bizdə iş belə deyildir. Bizim əskikliklərimiz bizim üçün xeyirdir. Bizdə hələ məşrutə adı ilə sinif müsavatsızlığı, azadlıq naminə qanuni ədalətsizliklər yoxdur.

Yazımız, imlamız bir müəyyən üsul ilə ümumiləşmiş, maarifimiz yüzdən 4-5 adamdan o yana keçməmiş, daha doğrusu, yalnız müsəlman türkləri deyil, bütün islam aləmi yazıdan, imladan xəbərsiz yatır. Buna görə bizdə davamlı böyük bir qeyrət ilə xeyli işləri dəyişdirmək olar.

İngilislər imlalarını dəyişdirə bilmirlər. Çünki köhnə əlifba ilə yazılmış neçə yüz milyon kitabların birdən atılmaq, neçə milyon ingiliscə danışanların birdən böyük zərər çəkmək, neçə min mətbəələrin birdən dayanmaq müzərrəti var.

Lakin bizdə beləmi? Ciddi oxutmağa layiq neçə türkcə kitablarımız var, neçə cift mətbəəmiz işləyir, yüzdə neçəmiz indiki yazımızı bilirik?

Burda bizdən sual ediləcək ki, əlifbamızı dəyişdirsək, sonra köhnə əlifba ilə yazılmış ərəbi və farsi kitablardan nə cür istifadə edə biləcəyiz?.. Ərəb kitablarını və ərəbcəyə yaxın yazılmış əski kitablarını onsuz da anlamırıq. Əlifbamız dəyişməsə belə, o cür faydalı kitablar gərək yenidən türkcəyə tərcümə edilərlər ki, anlaşılsınlar. Ol vaxt yaxşı olmazmı ki, o zəhməti təzə əlifbamız ilə görək.

Bir də biz keçmişi deyil, gərək gələcəyi düşünək, neçə yüz xasın faidəsini deyil, milyonlarca avamın xeyrini insafa alaq.

Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilə öyrənmək istəyib böyük zərərlərə, fəlakətlərə düçar oldular. “Düşün, sonra iman gətir” qaydasını buraxıb “gözünü, beynini yum, ərəb dili ilə ərəbə müqəllidlik ilə iman gətir” – üsulunu təqib etdilər. Bu yol ilə həm özlərini, həm də bizi bədbəxt etdilər. Elə bilirəm ki, dəxi keçmişlərdən, keçmiş zərərlərimizdən, Avropanın bu gün narazı olub asanlıqla düzəldə bilmədiyi qüsurlarından ibrət almaq vaxtıdır. Bil-mədiyimiz Avropanın bu gün narazı qaldığı əskikliklərdir ki, onu da oradan öyrənib hər iki qüsurun bundan sonra bizdə kökləşməməsinə dörd əl ilə çalışmalıyıq.

Heç bir ağıllı türk bulunmaz ki, keçmiş qüsurlarımızı, Avropada bu gün görülən rahatsızlıqları bilə-bilə onların gələcəkdə bizdə də təkrar olunmasına razı olsun.

Təkrar edirəm: Biz əskikliklərimizi qənimət bilib indidən idarəmizə, qanunumuza, imlamıza, ədəbiyyatımıza elə əsaslar qoyaq ki, gələcəkdə peşman olmayaq. Buna görə biz heç vaxt deməməliyik ki, ingilislər, yaponlar qarışıq və heroqlif xətləri ilə tərəqqi etdilər. Biz də gərək başımızı qıra-qıra onlar kimi tərəqqi edək.

A canım, ingilislərin, yaponların əlində vaxtı ilə mükəmməl bir əlifba olsa idi, bu gün daha ziyadə tərəqqi etməzlərmidı və o çətin imlalarına, o heroqlif yazılarına sərf etdikləri vaxtlarını özgə bir işə sərf etsəydilər, daha çox qazanmazlarmıdı?

Demək olmaz ki, ingilislərin, yaponların zərərini bu gün anlayıb narazı olduqları mətləblərdən, əqidələrdən ibrət alıb biz də bu gündən özümüzü düzəltməyə çalışa bilmərik. Mədəniyyətsiz məmləkətimizə elektrik maşınası, tozlu yollarımıza avtomobil gətirə bilmərik. Gərək biz də yüzlərcə il öküz arabası ilə çalışıb yavaş-yavaş onların dərəcəsinə çıxaq ki, ol vaxt öküz arabasını buraxıb elektrik maşını işlətməyə haqqımız olsun.

Cənab Hüseynzadə deyir “Ruslar qarmaqarışıq ədatlarını hərəkə ilə göstərməyə çalışırlar deyə, onları təqlidə biz də borclumuyuz?”. Biz elə bilirik ki, mərsiyəxanalara yaraşan o cür təqliddən “İkinci il”i yazanlar çox uzaqdırlar.

A canım, rus, ərəb, firəng – cəminin qarışıqlığı bizə nə yol ilə örnək ola bilər ki, elə bir təqlidə hacət görülsün. Biz lap bu fikrin tərsinə olaraq deyirik ki, Bakı müəllimləri rus imlasının çətinliyindən, məntiqsizliyindən ibrət alıb çalışmışlar ki, bizim imlamız, sözlərimizin çətin oxunmaqlıqlarını elə bir məntiqsizlikdən qurtarsınlar. Çalışmışlar ki, bizim imlamız məntiqsiz imlalara bənzəməsin.

Bir də ədatlarımızı ən əvvəl səsli hərflər ilə yazanlar sizin təbirinizcə firəngcədən bixəbər, yalnız rusları təqlid edən Bakı müəllimləri deyil, bəlkə ruscadan bixəbər, firəngləri təqlid edən osmanlı yazıçıları olmuşlar. Bununla bərabər, bu işdə heç təqlid-zad lazım deyil, hər pedaqoq, hər bilikli-bəmiyyətli müəllim öz dilinin, öz imlasının qeydinə qalmağa borcludur.

Hüseynzadə buyurur: “Tənin”, “Yeni qəzetə”, “Sabah”, “İqdam”, “Sərvət fünun” kimi ən tərəqqipərvər qəzetlər əsrlərdən bəri təyin etmiş imla tərzindən ayrılmayır. Kamalların, Hamidlərin, Əkrəmlərin, Əhməd Müdhətlərin, Fikrətlərin, Üşşağzadələrin, Əhməd Rasimlərin, Fatma Aliyyələrin əsərləri həp o imlayı təqib edir”.

Biz deyirik: Əgər sizin dediyiniz imladan məqsəd yalnız “lər”, “də”, “ə” ədatlarının imlası isə çox doğru, yox, hamı sözlərin, hamı ədatların imlası isə uca səslə deyirik ki, çox nahaq. İmla xüsusunda dünya üzərində elə bilirəm ki, bizdən bədbəxt, bizdən uyğunsuz heç bir millət yoxdur: İngilis, firəng ədibləri hələ o yana dursun, heç bir çini-maçinli, siyamlı bir ədib düşünməz ki, bir sözün, ədatın imlasını iki-üç cür yazsın. Amma gəlib bizim ədiblərə baxın. Bir sözü biri “anlaməzsən”, o biri “anlaməzson”, daha o biri “anlaməzsin”, dördüncüsü “anlamazsın” yazır. İki-üç cür yazılan minlərcə sözlərdən mən nümunə üçün bir neçəsini yazıram: “Nəsl”- “nasıl”; “qəzğan” – “qəzan” – “qazan”, “istəyür – istiyor – istəyir”; “ancəq” – “ancağ”; “demir” – “dəmir” – “dəmur”; “bəşqə” – “başqa”; “anlaşılsun” – “anlaşılsın” – “anlaşilsin”; “doqri” – “doğru”; “gəlmisün” -“gəlmisin” – “gəlməsün” – “gəlməsən” və qeyrə. Bu barədə uzun misallar gətirməyə hacət də yoxdur. Kimdə türk professoru Şəmsəddin Sami bəyin “Qamusi-türkü”sü varsa, zəhmət çəkib açıb baxsın. Orada görüləcəkdir ki, bir çox türk sözlərinin imlası 2-3 cürə yazılıb.

Mən yuxarıdakı misalları, o müxtəlif imlaları adsız yazıçıların əsərlərindən deyil, Hüseynzadənin göstərdiyi adlı ədiblərin əsərlərindən tapıb yazdım. Əgər inanılmazsa, bir-bir göstərməyə hazıram.

Osmanlı ədibləri imlalarını 25-30 ildən bəri çox fərqli bir surətdə dəyişdirməyə başladılar. Bu dəyişdirmək getdikcə genişlənməkdədir. Hətta bundan sonra yeni fikirlər, düşüncələr əsirlikdən qurtardıqdan  o yana bu dəyişdirmələr div addımı ilə böyüyəcəkdir. Osmanlıların başlarında hələ o qədər ağır siyasi-ictimai yüklər var ki, onları buraxıb imla məsələsi ilə məşğul olmağa vaxtları yoxdur. Amma arxayınam ki, çox çəkməz, imla davası qopacaqdır.

Bolqarıstanda çıxan “Günəş” qəzetinin yazmağına görə hələ indidən belə ‘‘bəzi bilikli osmanlı zabitləri bu fikirdədirlər ki, hərflərimizin tək-tək “biliyor” sözünü “bilir” kimi yazmaq təklifini meydana qoysunlar. Heç şəkkim yox ki, osmanlılar tərəqqi etdikcə əski imla tərzlərini saxlamayacaqlar.

Türkcə şeir yazmaq da şöhrət tapmış iqtidarlı şair Məmmədəmin bəy “Rəsmli kitab” adındakı məcmuədə yazdığı şerin adı belədir: “Hər nerəyə basmış olsan, orada yüz min can yatır” misrası ilə “Hər kəs kəndi ölüsünə ağlamağa qoşmada” misrasındakı “olsan” ilə “ağlamaya” sözlərinə diqqət ediniz. O qüdrətli osmanlı şairi də “sə” ədatını “rusları təqlid” edən Bakı müəllimləri kimi “sa” tərzində yazır. Hamid bəyin “yüksək-yüksəlt” tərzində yazdığı sözü Əkrəm bəy “yüksəld ədayi nəğmeyi-riqqət füzuduni” misrasında “yüksəld” şəklində yazır. Özgə ədiblərin “bilməzsən” şəklində yazdıqları feli Əkrəm bəy “bilməzsin ah dəqdəqeyi-inkisarımi” misrasında olan kimi “bilməzsin” şəklində yazır. Çoxunun “xeyir” şəklində yazdığı sözü Fikrət bəy “xayr” şəklində yazır.

Bu imla ayrılığı təzə fikirlərdə, təzə yazıçılarda daha artıq görünür, hələ bundan sonra daha çox görünəcəkdir…

Yuxarıdakı misallardan anlaşılacağı üzrə nə osmanlının böyük ədibləri bir tərzdə yazırlar və nə də onları təqlid edəcək olan təzələr. Bunlardan anlaşılır ki, türk imlası hələ müəyyən deyil; hələ ümumən bir imla tərzi qəbul edilməmişdir ki, bu qədər müxtəlif yazılırlar. Ehtimal burada bizə deyə bilərlər ki, bu ayrılıqlar kiçik-kiçik əhəmiyyətsiz fərqlərdir. Lakin elə deyil. Bu fərqlər biz qafqazlılar üçün əhəmiyyətsiz olsa da, sərfi, imlası müəyyən iddia edilən osmanlılar üçün çox əhəmiyyətli olmalıdır. Firənglər o yanda dursun, heç bir erməni, gürcü ədibi bir sözün, xüsusən bir felin imlasını iki-üç cür yazmaz.

Bizdə imla qarışıqlığı ondan ötrü elə olub ki, biz türk ləhcəsinə, türk dilinin qanununa tabe olmaqdan ziyadə ərəb və fars imlasına təqlid etdiyimiz kimi, dilimiz, imlamız da ərəblərdən almağa, özümüzü itirib ərəbləşməyə çalışmışıq. Min illərdən qalan türk adlarımızı, türk ləğəblərimizi, türk sözlərimizi həqarətlə çürüdüb dilimizə heç yaraşmayan adları tapmışıq. Hətta o dərəcəyə varmışıq ki, əsil türkcə olan “toğrul” sözünü ərəblərin yazdığı kimi götürüb “tuğra” şəklində yazırıq və hətta ərəb sözü kimi “tuğrani-həmayün” tərkibində eləyirik.

Şükür ki, Qazan Orenburq türkləri öz dillərini, öz imlalarını ərəblərin nüfuzundan bir dərəcəyə qədər qurtarmışlar. Qazan yazıları içərisində çətin oxunan sözlər varsa, ancaq ərəbcə sözlərdir; türk sözləri osmanlı sözlərindən çox açıq, çox düz oxunurlar.

Hüseynzadə cənabları yazır: “Əlişir Nəvainin, Füzulinin əsərləri yenidən nəşr edildikcə yenə o imlaya, yəni osmanlı imlasına tabe tutulur”.

Biz deyirik: Əgər bu əsərlərdəki əski türk sözləri indiki osmanlı türkcəsinə tərcümə edilsələr, mümkün, yox yenə əski sözlər ilə yazılarsa, mümkün deyil. Çünki ol vəqt əski türk sözlərilə yazılan qafiyələrin pozulması lazım gəlir. Elə köhnə türk sözləri ərəb sözləri ilə qafiyə edilib ki, indiki imla tərzi ilə yazsaq heçdən də heç olar.

Bizdə əski şairimizin yazdığı imlanı dəyişdirmək insafsızlıqdır. Bundan başqa əski imla tərzi şairin vaxtında danışılan ləhcəni bir dərəcəyə qədər bildirdiyi üçün o dəyişilsə, o vaxtın ləhcəsini hansı əsərlər ilə biləcəyik?

Bax bu ola bilər və olmalıdır ki, əski şairlərimizin əsərlərini nə cür ki, özləri yazmışlar, o imla ilə çap etdirməklə bərabər həmin əsərlərin məzmununu öz türkcəmiz ilə yazıb çoxlu nəşr eləyək.

Hüseynzadə cənabları deyir: “Uşaqlar “dən”, “dan”, “lər” və “lar”ı öyrəndikdən sonra bir də bunları unudub “dən” “lər”ə alışmaq üçün yeni bir zəhmət davamı çəksinlər?..”

Biz deyirik: Uşaqlarımız yazımızı səsli hərflər ilə tezcə öyrəndikdən sonra “dən” “lər”i yenidən öyrənməyə heç zəhmət çekməzlər. Kaş ki, yazımızı öyrətmək üçün uşaqlarımızın zəhməti bu olaydı.

Hüseynzadə yazır: “Abdulla Cövdət “bana”, “sana” yazırsa, tatarlar da “bənğa”, “sənğa” yazırlar, biz də “bənə”, “sənə” yazırıq… İştə ittihad da, dil və imla ittihadı da o zaman pozulur gedir”.

A canım, nə var ki, nə pozulsun. İttihad bircə “bənə”, “sənə” yazmaqla ola bilməz.

Bir-birilərinin gözünü çıxaran, bir-birinin kökünü kəsən, bir-birilərini yox eləyən türk hökumətləri həp “bəna”, “səna” yazırlardı.

Bir-birilərinin gözünü çıxaran, bir-birinin, bir qövmin ittihadı üçün ən əvvəl hər tayifə öz ləhcəsinə “mənğə-sənğə”, “mənə-sənə” yazmaqla bilgi və fənn öyrənməlidir. Xüsusən Türküstan, Tatarıstan, Osmanıstan kimi bir-birilərindən uzaq, ləhcəcə xeyli ayrı “turanlılar” mütləq öz ləhcələri ilə, öz imlaları ilə oxumağa, tərəqqiyə başlamalıdır. Öz ləhcələrilə, öz imlaları ilə tərəqqi edib millət, ittihad, azadlıq tədrini, insanca yaşamağı, əsirlik alçaqlığını, ayrılıq zərərini yaxşıca biləndən sonra millət ittihadı da olar, gücü də.

Hüseynzadə cənabları yazır: “Müsəlman türkcəsi, farsı, ərəbi özünə birər məxəz ittixaz etməklə və bunlardan ən mənalı, ən lətif sözləri seçib almaqla hər iki dil qədər vüsət və lətafət peyda edib, mədəniyyətin tazə ehtiyaclarına ən əlverişli bir hala gəlmişdir. Bu gün sözlərimizin yarısı haman farsca və ərəbcədir”.

Biz deyirik: Çox heyiflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar.

Bəli, tərəqqi etmək istəyən millətlərin özlərindən daha mədəni millətlərdən bir çox sözlər alıb dillərini genişlətdiklərini və bu dünyada təbii bir qanun olduğunu indiki məktəb uşaqlarımız da bilirlər. Biz nəinki ərəb və farslardan, firəng, yunan və italyan sözlərindən bir çox sözlər almışıq. Bizim kimi hər millət də bir-birindən yüz minlərcə sözlər alıb dillərini genişlətmişlər. Buna kimin nə sözü?

Lakin dərd bundadır ki, bizim almağımız ilə özgələrinin almağı arasında dağlar qədər fərq var. Biz özgələrdən söz almaqla öz dilimizi həqir və bərbad etmişik. Amma özgələr dillərini məntiq dairəsində genişlətmişlər. Özgədən söz almaq bizə böyük bəla olmuş, amma başqalara səfa. Özgələr ehtiyac gördüklərini, özlərində olmayan sözləri almışlar. Özlərində olan bəzi sözləri almışlarsa da, çox az. Özgələr aldıqları yad sözlərini özlərinə mal edib öz ləhcələrinə uydurmuşlar. Öz sərflərinə, öz qaydalarına tabe etmişlər. Lakin öz dillərinin qanununa zidd olan yad sərf qaydalarını heç vaxt qəbul edib, öz dillərini bərbad etməmişlər. Öz sərflərini Bakının Quba meydanı, Tiflisin Şeytanbazarı halına qoymamışlar. Amma biz, biz bədbəxtlər nə qayırmışıq, bilirmisiz. Biz, bizə lazım olan elm, fənn istilahlarını qəbul etməklə bərabər, min illərcə işlətdiyimiz sadə türk sözlərimizi, beşikdəki nənnilərimizi də buraxıb yerinə ərəb və fars sözləri almışıq. Və onları böyük bir həvəslə yazımızda, ədəbiyyatımızda işlədib avamlardan ayrılmaq, “alim” görünmək bədbəxtliyinə düşmüşük. Məsələn: Tanrı, ana, ata, qardaş, yoldaş, çörək, su, duz, ot, göy, yer, ev, eşik, sevgi, istəmək, yaşıl, qırmızı… bu cür üç-dörd yaşındakı balalarımızın da bildiyi minlərcə türk sözlərimiz ola-ola, onları buraxıb yerinə, Həqqi-təala, pədər, madər, rəfiq, həmşirə, pak, maəşir, səma, zəmin, astanə, məhəbbət, səbz, xüzrə, sürx sözlərini işlədirik və çoxlu yazırıq və hətta onlar ilə yazmağı özümüzə bir “hünər-sərəfrazlıq” güman edirik.

İndi insaf ediniz, bir millət ki, ata, ana, su, çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. Dəxi nə hala deyə bilərik ki, mənim də dilim və vücudum vardır?

Dünyada heç bir millət özgələrin sərf qaydalarını nə cürə ki, var, eləcə qəbul edib, öz dilinə doldurmamışdır. Ancaq dünyada bircə biz hamıdan “ağıllı”, “qanacaqlı” çıxıb özgələrin başlarındakı sarıqları ilə bərabər ayaqlarının tozlarını da qəbul edib gözlərimizə sürmə eləmişik.

Bir türk doğru bir ibarə yazmaq üçün əvvəl sərf və nəhvdən başqa ərəb və farsın da sərfini mütləq çox yaxşı bilməlidir…

Rus darülfünunu qurtarıb öz dilində danışmağını, yazmasını yaxşı bilən bir türk gərək ərəbi, farsı qaydaları da yaxşı bilə ki, “savadsız” töhmətindən xilas ola.

Sözü çox uzatmayaq. İndi deyilsin görək, ərəbin, farsın bir çox sözlərini möhtac olub almışıq, buna heç söz yox, amma onların sərf qaydalarını almağa nə ehtiyac görülmüş? Tərifat, dərəcat, kütüb, qılman, sur, həqaiq, məkatib, müslimeyn, bəndəkan, şagirdan və qeyri bu kimi sözləri ərəb və fars qaydası ilə yazmağa nədən möhtacıq? Əcəba, bunlar türk qaydası ilə təriflər, dərəcələr, kitablar, qulamlar, surətlər, həqiqətlər, məktəblər, müsəlmanlar, bəndələr, şagirdlər yazılsa idi, bunları bir dərəcəyə qədər avamımız da qansa idi, nə olardı?

Möhtərəm ustadımız Hüseynzadə cənabları “lər” və “lar” dərdinə qalıb uşaqlarımızın zəhmətini “lər” ilə “lar”ın ayrı-ayrı yazılmağında görəcəyi yerdə dilimizə hücum edib “lər” ədatımızm kökünü kəsməyə çalışan o bir sürü ərəb və fars cəmlərinin ədatlarını dilimizdən qovmaq dərdinə qalsa idi, daha yaxşı, daha səvab, daha məntiqli olmazmı idi?!

Əcəba, uşaqlarımızın zəhmətinə heyifləri gəlib cəm ədatı “lər”in iki cür yazılmasına razı olmayan möhtərəm ədiblərimiz bilmirəm necə olur da iyirmi və daha çox ərəb cəm qaydalarının dilimizdə işlənməyinə razı olurlar.

Doğrudur, biz ərəb və farsdan minlərcə söz almışıq. Bundan sonra da ehtiyac gördükcə alacağız və almalıyıq. Lakin o aldığımız sözləri özümüzə mal edib, onları öz türk sərfimizə tabe etməliyik. Onları türk sözü kimi işlətməliyik. Ərəbin, farsın hamı sərf qaydalarını dilimizdən qovmalıyıq. Öz türk dilimizin aləmində yalnız türk sərfini hakim etməliyik.

Bundan özgə dilimizə ehtiyatsız keçən bir çox ərəb və fars sözlərinin qarşılıqları bizdə ola-ola onları mümkün mərtəbə işlətməməliyik. Məsələn, ata, ana, su, yer dəyişdirmək və bunlar kimi minlərcə türk sözlərimiz ola-ola bunların yerinə pədər, madər, ab, zəmin? şikəst, tədbir kimi yad sözləri işlətməməliyik.

Bizdə heç gərək olmayan ərəb və fars sözlərini dilimizdə ən ziyadə işlədən “zəhmətsiz qafiyə” tapmaq istəyən şairlərimizdir. Şairlərimiz doğrudan qafiyə bəlasından şeirlərini yersiz-gərəksiz ərəb və fars sözləri ilə doldururlar. Bununla bərabər bu hala haqsız da olsa, bir məna vermək olar.

Amma qafiyəyə-zada məcbur olmaya-olmaya “nəsrlərini” ərəb və fars sözləri ilə dolduranlara nə deməli? Burada bir çox ədiblərin əsərlərindən birər nümunə gətirib göstərməyə hacət yoxdur. Çünki burasını hamı oxumuşlarımız bilirlər.

Bizdə elm və mərifətin camaatımız arasında yayılmamasının ən böyük səbəblərindən birisi də dilimizdir, daha doğrusu dilsizliyimizdir.

Ədiblərimiz, şairlərimiz yazıçılarımız və qəzetçilərimiz yazılarını ən ziyada “avam” üçün deyil, “xas” üçün yazırlar. Halbuki bir millətdə hakim “xas”ın fikri deyil, “ümum”un fikridir. Buna görə hamıdan ziyada ümumun fikrinin açılmasına çalışmalıyıq. Bunun üçün də bir dərəcəyə qədər hamının və heç olmazsa, çoxunun anlayacağı bir dil ilə yazmalıyıq. Millətin çoxuna xidmət etmək istəyənlər çoxunun anlayacağı bir dildə yazmalıdır. Açıq türkcə yazılara avam dili deyib gülməməli, ərəb və fars sözləri ilə dolmuş yazılara da guya yanlış olaraq ədəbiyyat dili deyib fəxr etməməliyik.

Bu gün bizim işlətdiyimiz dil, ədəbiyyat dili deyil, oğurlanmış, çirkin bir dildir. Ərəb və fars sözləri ilə yazılan uyğunsuz yazılara ədəbiyyat dili demək ədəbiyyatın nə olduğunu bilməməkdir. Camaatımızı bu fikirdən daşındırmaq çağıdır. Dilimizin qədrini bilmək çağıdır.

Əgər bu yanlış fikirlə gedərsək, bizdə hamı camaatın oxumuş, bilikli olması ya Mehdinin çıxmasına və ya İsanın enməsinə qalmış deməkdir.

Dəxi vaxtdır ki, “xas” dilin “avam” dilinə yaxınlaşdıraq. Dəxi vaxtdır ki, mümkün mərtəbə açıq yazıb camaatı oxumağa həvəsləndirək. “Camaatımız oxumur, oxumaq istəmir” – demək doğru deyildir. Hansı açıq dililə əsərlər yazıb camaatı oxumağa alışdırdıq ki, camaatdan şikayət eləyək, onlara nə verdik ki, nə istəyək? İnsafla düşünülürsə, bu gün camaatımızın belə kor və cahil qalmağına beş-on dilənçi mərsiyəxanın, bir para lotu mollaların əlində oyun-oyuncaq olmağına səbəb olanların bir qismi də ediblərimiz, şairlərimiz, yazıçılarımız, qəzet yaranlarımızdır. Bu cənablarımız ha qışqırırlar ki, ay qoymayın, millət geri qaldı! Lakin millətin əsil geri qalmağına səbəb olan yazımızın, dilimizin islahı üçün, türkcəmizin işləməsi üçün heç çalışdılarmı? Əgər açıq bura türkcəsi ilə yazarsaq, İstanbula gedən beş-on qəzetimiz anlaşılmayacaqmış, canları çıxsın anlamasınlar. Bizə beş-on istanbullunun anlaması lazım deyil, üç-dörd milyon qafqazlının anlaması lazımdır. Biz indilik öz ləhcəmizlə, öz sözlərimizilə oxuyub yazmaq öyrənsək, sonra osmanlıları da tanıyarıq, türküstanlıları da bilərik, ittihad da eylərik.

Yuxarıdakı sözlərimi oxuyub mənə deyə bilərlər ki, avam dil ilə nə cür yazılsın ki, avam dili “ədəbi” dil deyil. A canım, nə ədəbi-mədəni bəhanəsidir. Məgər “ədəbi” dil olur ki, ərəb və fars sözlərini, qaydalarını, bir-birinin dalına, peşinə düzüb axırını türkcə “oldu, bitdi” ilə qurtarasan.

Bu sözlərimdən “ərəb və fars sözləri heç işlənməsin” mənası çıxarılmasın. Biz ərəb və farsdan, hətta firəngcədən bir çox lazım olan istilahları almışıq, alırıq və almalıyıq. Buna kimsənin sözü yox. Bunları az bilikli oxumuşlarımız təkrar edə-edə öyrənirlər. Onsuz da bunlar müəyyəndir, azdır (…) Yenə deyirəm, qəsdim o deyil ki, ərəbcə sözləri heç işlətməyək. Xeyr, bunları həla ata bilmirsən, heç olmazsa, bunların ərəbcə cəmlərini, dilimizdə az işlənən ismi-fail və qeyrilərini, tərkiblərini işlətməyək Bunları bir dərəcəyə qədər camaatımızın anlayacağı halda işlədək. Elə bilirəm ki, həmin ərəb sözlərinin özlərini türk qaydası ilə işlətsək, oxuyanlarımızın çoxu başa düşər (…)

Bu gün yazı yazmağa başlayan bəzi cavanlarımızın ərəb və fars sözləri yazmaq istəmələri, onun üçün dəli olmaları dilimizin gələcəyi üçün xeyir əlaməti deyildir. Məsələn, bu gün “Tərəqqi”də oxudum ki, osmanlıdan bir əsəri Azərbaycan dilinə “çevirən” iranlı cənab Mir Abbas kitabın üstündə “Mübəddili Mir Abbas” yazır. A canım, əgər osmanlı türkcəsi buradan anlaşılmadığından ötrü əsərin dilini çevirdiksə, ən əvvəl gərək “Mübəddili” əvəzinə “çevirən” və ya heç olmasa “təbdil edən” yazaydıq (…)

Hüseynzadə cənabları deyir: “Bana-sana şəxsi-zəmirlərimizə müştərək bir əlamət olub dəyişməyən bir heroqlif kimi hamı türklərin qolay anladığı bir şeydir”.

Biz deyirik: “Bizim yazımız heroqlif yazısı olmaya-olmaya bir-iki heroqlifin yazımızda bulunması məntiqsiz və mənasızdır. Madam ki, sözlərimiz ümumiyyətlə, danışıldığı kimi və ya ona yaxın yazılır, nədən ötrü bana-sana və başqa bir neçə sözü heroqlif halında saxlayaq. Bir də bana-sana sözləri vaxtilə gənizdən oxunduqları üçün bana-sana şəklində yazılıb nəinki heroqliflərdən ötrü…

Bir para osmanlı ədibləri vaxtilə tişəri, tavuq, ata, balta, tor, torba, top və özgə tərzində yazılan sözləri indi dişarı, tovuq, ada, torba şəklində yazırlar. Amma heç kəs demir kı, buxaralılar, altaylılar o sözləri köhnə imlaları ilə qolay anlarlar, gərək dəyişilməsin.

Əgər biz bu fikirdə olsaq ki, köhnə imlalarımızı, köhnə imla tərzini hamı türklər qolay anladıqları üçün dəyişməyək, bunu gərək ən qabaq osmanlı ədiblərinə deyəsən, nəinki Bakı müəllimlərinə.

Hüseynzadə buyurur: “İkinci il”i yazanlar balalara dilin yarısını bir imla ilə, yarısını digər imla ilə öyrədərək dənizi-dəniz, cəmdəyi cəmdək, zəngi-zəng, dərini-dəri, dəni-dən yazmaqda nə asanlıq ola bilər?”

Biz deyirik: Çox asanlıq vardır. Osmanlıda bir möhtərəm şəxs ən qabaq özbaşına vavkafin üstünə birər əlamət qoyub bir dürlü yazılan vavı beş cür, kafi dörd cür yazmağa başladı və təzə əlamətli hərflərlə ilk dəfə bir—iki qiraət kitabı çap olunub məktəblərdə oxun- mağa başladı. Bununla bərabər bir çox sözlərin köhnə imlaları dəyişdirilib təzə tərzdə yazıldı. O təzə tərzdə yazılan qiraət kitabları ilk dəfə bir neçə məktəblərdə oxunub yavaş-yavaş bir dərəcəyə qədər ümumiləşmək halına gəldi. Amma ilk vaxtda heç kəs demədi ki, biz balalarımızı məktəbə köhnə imlanı öyrənmək üçün göndəririk, əski əsərləri oxuyub faydalansınlar. Heç bir ədib demədi ki, gərək biz işi qolaylığına, gələcəyin istəyəcəyinə görə iş görməyib keçmişə doğru qayıdaq. Əski əsərlərin imlaları xatirinə təzə bir şey eləmiyək.

“İkinci il”i yazanlara gəlincə bunlar təzə bir hərf çıxarmadılar, əlifbamızı dəyişmədilər. Cövdəti Cəvdət yazmadılar və bu cür böyük işlərə əl vura bilmədilər. Bunlar osmanlılardan ancaq bir az daha irəli gedib danışıqda olan aə səslərini yazıda göstərdilər. Dərini dəri, dəlini dəli, baltam balta şəklində yazdılar ki, qolay oxunsunlar. Bundan ötrü onları töhmət deyil, təbrik etməliyik.

Qaldı Hüseynzadə cənablarının qorxduğu “iki cür imla”: lar-lər, dan-dən yazmaq təzə meydana çıxmır. İki cür imla bizdə türklərin ərəb hərfləri ilə yazmağa başlamalarından bəri (əcəba bu “bəri” sözünü “bərimi” oxuyaq, “birimi?”) vardır. Bu, təzə bir iş deyil. Baxınız biz ərəbcə, farsca sözləri (məsələn, mütəhəmmil, ərrəhman, dərdimənd… kimi hərəkəsiz yazırıq, amma türkcə sözlərimizi səsli hərflər ilə) məsələn, istəmək, öyrədə bilmədi, bazar ertəsi… yazırıq. Demək ki, bizdə iki cur imla min ildən artıqdır ki, vardır. Əgər bu, günah isə biçarə Bakı müəllimlərinin boynuna yox, ata-babalarımızın, əski böyük ədiblərimizin boynuna qoymalıyıq.

Əgər bizlər silməmək, vura bilmədi sözlərini necə yazırıqsa, şəksiz-şübhəsiz diri-cəmdək sözlərini də elə yazmalıyıq. Yox, madam ki, sözlərin ən çoxunu səsli hərflərlə yazırıq, bır neçə sözü əski ərəb imlasının xatiri üçün ümumi qaydadan, türk ahəngindən ayırmaq nə üçündür? Bu hal işin qolaylığına baxmayıb, məhz köhnə tərzi saxlamaq demək deyilmidir? Dirini səsli hərflərlə yazdığımız halda dərini başqa cür yazmağımız əsil məntiqsizlik, mənasızlıq deyilmi?

Ərəb və fars sözlərini hələ özümüzə mal edib öz sərfimizə, öz ahəngimizə tabe edə bilməməyimiz az bəlamı ki, bir də türk sözlərimizi ərəb və fars sözləri halına qoyaq.

Burada bizə deyə bilərlər ki, hər dildə ümumi qaydadan dişarı oxunan yüz cür misal var. Məsələn, ruslar o-nu bəzən a oxuyurlar, firənglər e yazırlar, a oxuyurlar, s yazırlar, ka oxuyurlar, t yazırlar soxuyurlar; ingilislər də a hərfini beş cür oxuyurlar. Bu barədə yuxarıda imla bəhsində cavab verildiyi üçün burada təkrara hacət yoxdur.

Hüseynzadə yazır: “İngilislərdə hər bir səsli hərfin dörd-beş dürlü sədası vardır”. Biz deyirik: burasını bilmək lazım ki, ingilislərin bir para alimləri bu gün öz imlalarından şikayət edirlərmi, etmirlərmi? Madam ki, edirlər, dəxi onların qüsurları bizə nədən ötrü örnək ola bilsin.

Qaldı ki, ingilislərin sözlərində yenə bir hərf var ki, dörd-beş cür oxunur. Lakin biz bədbəxtlərin yazılarında hansı səsli hərf var ki, onunla kl sözünün gül, göl, kül, gil, gəl oxunacaqlarını bilək.

Təəccüb ki, ingilislərin qüsurları bol-bol göstərilir, amma heroqlifdən çətin, ərəb saçından daha qarışıq olan yazımız, qüsurlarımız heç dilə alınmır.

Hüseynzadə deyir: “İkinci il”i yazanlar nədənsə ə-nin qalın və incə olaraq iki səsə məxsus olduğunu bilmirlər. Bilmədikləri üçün də bir çox hecaların, məsələn, məfulun fiə ədatı olan qalın səsli də-ni da şəklində yazmağa qalxışırlar. Halbuki da-nın səsi başqa, -nin səsi başqa. Bizdə a hərfinin üç dürlü səsi var”.

Biz deyirik: Güman etmirik ki, “İkinci il”i yazanlar ə-nin iki cür olduğunu bilməmiş olsunlar. Əgər belə şeylərlə güman etmək olsa, bizim daha artıq haqqımız var güman etməyə və deməyə ki, türk sərfi yazan osmanlı alimlərinin çoxu bizdə neçə hərəkə olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəmizi, yəni səsli hərflərimizi səkkizdən yuxarı çıxarmamışlar.

Doğrudan da, türk sərfi yazanların çoxu hərəkələrimizi tamamilə anlatmaqda, onları ayrı-ayrı birər işarə ilə bildirməkdə və bu yolda oxuyanlara asanlıq olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəsini biri yoğun, digəri incə olmaq üzrə həmişə iki cür göstərmişlər və bunları da məsələn, alma, baş, balta, əl, təpə misalları ilə bildirmişlərdir. Halbuki bizdə fəthə hərəkəsi dörd və bəlkə beş dürlüdür: ahu. armud, tas, getmək, dərə misallarında olduğu kimi.

Hüseynzadə cənabları deyir ki, bizdə a hərfinin üç növ səsi vardır: al, başəl misallarında olan kimi. Amma biz deyirik ki, bizdə a hərfi üç cür deyil, bəlkə altı və yeddi cür oxunur: ahu, at, tas, əl, İskəndər, məmur misallarında olan kimi.

Hələ bir az daha cürət edib irəli getsək, deyə bilərik ki, İran, işıq, iş, üç, üz, od, uzun sözlərinin birinci hərfləri də eynidir. Burada bizə deyə bilərlər ki, xeyr, bu sözlərdəki hərəkə məhz yv səsli hərflərinə yoldaşlıq üçün yazılmışdır. Çünki başda hərəkə tək başına yazıla bilməz. Çox əcəb, ol vaxt biz də deyərik ki, əlƏsəd sözlərindəki ə-yə eyni ə demək olmaz. Çünki ərəbdən qəbul etdiyimiz qaydaya görə r, v hərəkələri sözlərin başında tək yazıla bilməyə-cəklərindən onların yazılmaq xatiri üçün artıq olaraq yazılmaqdadır. Əsəd, İskəndər, ustad yazdığımız kimi. Bu halda deyə bilərik ki, əl Əsəd sözlərindəki əlif heç vaxt a deyildir, bəlkə e-dir (…)

“İkinci il”i yazanlara yenə şükr eləyək ki, qüsurlu da olsa et, yap sözlərini həmzə işarəsi ilə yazıb, it, köpək sözlərindən ayırmışlardır. Şəkk yox ki, əgər bizim Qafqaz çapxanalarında v-nın səsli hərflərə məxsus olanları da olsa idi, onları da işlədərlərdi (…)

Hüseynzadə deyir: “X” hərfinin məxrəci q-nın məxrəcinə yaxın olub x q-yə və q x-yə qəlb olunur. Bununla bərabər osmanlılar bir neçə təqlidi sözlər müstəsna olaraq türkcədən x hərfini bütün-bütün çıxarıb atmışlar. Çünki əvvəla x qaba və lətafətsiz bir hərfdir. Buna görə “İkinci il” də bu x-lardan əl çəksə yaman olmaz” (…)

Bir də x hərfi istanbullularca qaba və lətafətsiz isə bizcə xoş və lətafətlidir, çünki ana qucağından bəri x ilə danışırıq; çirkin və eyibli də olsa, balamızdır. Onu asanlıqla ata bilmərik. Hələ istanbullular, xanım, xoş, xalta, xoruz, xaşılamaq kimi bir çox sözlərdə x hərfini saxlaya-saxlaya biz nə cür birdən buraxa bilərik. Hüseynzadə cənabları yazır: “İkinci il” baxalım yazır. Bu “baxalım” nədir və necədir? Azərbaycanca baxax olmalı, osmanlıca isə baxalım. Bizim belə qələtlərimiz çoxdur. Osmanlı üsulu ilə ibarətpərdazlığa qalxışırıq. İstanbulca nisbi zəmirin mütəkəllim cəmi bizim qk yerinə z ilə gələr. Biz isə fərqinə varmayaraq mazi şühudilərin mütəxəllim cəmini də z ilə uydurub bildik, yazdıq yerinə bildiz, yazdız yazırıq.

Biz deyirik: Hüseynzadənin bu barədə yerdən göyə qədər haqqı vardır. Bu yaxarıdakı sözlərin hamısına ürəkdən yoldaşıq.

Hüseynzadə yazır: “Dostlarımdan yerli bir şair bir yerdə “kibi bilər, kibi bilməz” yazmışdır. Zənn etmişdir ki, mən yerinə bən deyildiyi kimi, hər m da b-ya qəlb olunur. Məgər dostum “kimi bilər, kimi bilməz” demək istəyirmiş”.

Biz deyirik: İndiki yerli şairlərimizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tək-tük sözlər ilə qurtarsa idi, canları cənnət! Lakin indiki bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlılara təqlid edib, öz dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş, şirin ruhlu şeirlərini indikilərdə görə bilmirik.

Əgər bu cahilcə müqəllidlik, əgər bu saxta şairlik belə gedərsə, bundan sonra şairlərimizin əsərlərində qafqazlıların məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, indidən görülmür.

Hüseynzadə deyir: “İndi “İkinci il” kimi yazsaq ki, “Meyvə dəgməz hər…” Bunun -sini ədat zənn edib meyvəyə ətf z ilə hər də bir söz ola biləcəyindən, uşaqlar bu cümləni “meyvədəki zəhər kimin üçündür” məzmununda oxumağa haqlı olmazlarmı?”

Biz təəccüb edirik ki, Hüseynzadə cənabları yazımızın belə qəribə hallarına təəccüb edir və bu qəribə halı haqsız olaraq dəgməz-i dəgəməz yazmaqda görür. Halbuki “meyvə dəgəməz hər…” cümləsinin “meyvədəki zəhər kimin üçündür” oxumağına heç münasibəti yoxdur.

Haydı, Hüseynzadənin dediyi kimi, düz yazaq, görək sözləri bir-birinə yaxınlaşdıranda yazımızda yenə o qəribə hallar, özgə mənalar çıxmırmı? Məsələn, “O düz yerdə idi” cümləsindəki sözləri, hərfləri biz Hüseynzadə kimi dəyişdirməyək, ancaq sözləri bir-birinə yaxın yazaq. Ol vaxt “Od vəzirdə idi” mənası çıxmazmı? A canım, yazımızın bu cür xasiyyətini kim bilmir?

Hüseynzadə öz yazdığı cümləsi ilə əlifbamızın, yazımızın nə qədər uyğunsuz olduğunu, nə mərtəbə bizi yanlışlıqlara salıb, avara eylədiyini özləri isbat etmiş olurlar.

Hüseynzadə yazır: “Türk feillərinin bütün məziyyətləri heroqlif halını alan ədatlardadır. Bunlar qısa-qısa işarələrdir ki, mühüm mənalara dəlalət edirlər”.

Əcəba, o işarələr bir az uzun-uzun olsalar, o mühüm mənalara dəlalət etməyə utanarlarmı? Məsələn, “yazdırəcəkmiş” sözünü “yazdıracaqmış” tərzində yazsaq o, mühüm mənasını itirirmi? Halbuki bunda o mühüm mənası ilə bərabər, hamısının daha asan oxumaq mümkünlüyü də var.

Oxuyanları inandırıram ki yaponların heroqlif yazılan belə, bizimkindən asan və müəyyən oxunur. Çünki heç olmazsa hər bir felin, ismin, zamanın müəyyən bir şəkli var. Amma biz bədbəxtlər hansı işarə ilə məsələn, bir şəkildə yazılan sirri seyr-dən ayıra bilək. Hələ bizdəki nöqtələrin nə bəla olduğu məlum. Əlifba barəsində sonra yazacağam.

Faiq Nemanzadə

“Tərəqqi” qəzeti, 20, 22, 26 fevral, 3, 12, 15,
16 mart 1909, №41, 42, 44, 49, 52, 53, 55