“Qeyrət” mətbəəsi geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və əvvəlcə “Torpaq” adlı jurnal çıxartmaq üçün hökümətə müraciət etdi. Ömər Faiq yazır ki, “jurnalın müdirliyi və baş mühərrirliyi Mirzə Cəlilin arzusu və tələbi ilə mənim öhdəmə qoyuldu”. Lakin, Baş mətbuat idarəsi Ömər Faiqin Türkiyədə təhsil aldığını bəhanə edib jurnalın nəşrinə icazə vermədi. Bir az sonra C. Məmmədquluzadənin çap etmək istədiyi “Novruz” adlı qəzet də baş tutmadı. Nəhayət, hər iki dost 1906-cı ildə məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə nail oldu. Rəsmi redaktoru Cəlil Məmmədquluzadə, əsas yazanı isə Ömər Faiq idi. Ömər Faiq jurnalın inzibati və maliyyə məsələlərini də idarə edirdi.
Bundan sonra Ömər Faiqin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Respublika Əlyazmaqları institutunda Ömər Faiqin “Molla Nəsrəddin” jurnalı nədir?” adlı xatirəsi saxlanılır. Burada jurnalın yaranması, məqsədi, fəaliyyəti, mübarizəsi şərh olunur. Amma iki məsələ xüsusilə qeyd edilir ki, nədənsə indiyə qədər tədqiqatçılar ona əhəmiyyət verməmişlər. Bunun biri jurnalın adı ilə, ikinci redaksiyada vəzifə bölgüsü ilə bağlıdır. Bunların hər ikisi jurnalın fəaliyyəti və müvəffəqiyyəti üçün vacib məsələ idi. Ömər Faiqin sözləri ilə desək, “adın özü də bir reklam, bir dəlildir”. Hər iki əməl dostu ad üstündə çox düşünmüş, “bir çox adlar sadalanıb tullandıqdan sonra “Molla Nəsrəddin” dayanılmışdır. Çünki Ömər Faiqin fikrincə, “Molla Nəsrəddin” deyəndə “oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var”.


