Akademik Tədqiqat və MəqalələrMəqalələr

Ömər Faiqin “Molla Nəsrəddin” dünyası. 1-ci Hissə.

By April 7, 2020 No Comments

Professor Şamil Qurbanovun kitabı əsasında “Ömər Faiq Nemanzadə”, Baki, Gençlik 1992

Qeyrət nəşriyyatı və “Molla Nəsrəddin” jurnalının yaranması

Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə göstərir ki, “Molla Nəsrəddin” məcmuəsi Azərbaycan məzacının xəlq etdiyi bir şah əsərdir. Həqiqətən bu jurnal bizim mədəni nailiyyətlərimizin şah əsəri, Azərbaycan xalqının tarixində zəngin bir xəzinədir. Amma bu zəngin xəzinənin qapıları hələ taybatay açılmadığından biçilməmiş zəmini xatırladır.Ona görə yox ki, o, indiyə qədər az öyrənilmişdir. Ə.Nazim, M. İbrahimov, M. Qaımov, Ə. Mirəhmədov, Ə.Şərif, M. Cəfər, A. Zamanov, Q. Məmmədli və başqa görkəmli alimlərimiz bu jurnalın nəşri tarixi, ideya istiqaməti, təsir və nüfuz dairəsi, fəlsəfi mahiyyəti, mühərirləri haqqında sanballı tədqiqat əsərləri yazmış, ictimai elmimizin molla nəsrəddinşünaslıq sahəsini yaratmışlar. Onların qiymətli əsərlərinin elmi-tədqiqat dəyərini, əhəmiyyətini zərrə qədər azaltmadan yenə də etiraf etmək lazım gəlir ki, “Molla Nəsrəddin” düyünləri hələ tam şəkildə açılmamış, qiymətli səhifələri, inciləri bütünlüklə tədqiq obyektinə çevrilməmişdir. Onun sirlərinin, eyhamlarının, müəmmalarının çoxu hələ ki, qapı dalındadır, açanını gözləyir. O da məlumdur ki, “Molla Nəsrəddin” jurnalını hərtərəfli tədqiq etmək bir nəfərin işi deyil və buna bir ömür də kifayət etməz.

Biz də qarşımıza onu geniş tədqiq etmək vəzifəsini qoymammışıq. Məqsədimiz ancaq Ömər Faiqin burada iştirakı ilə bağlı bəzi düyünləri açmağa təşəbbüs etməkdən, bir sıra tarixi faktara öz münasibətimizi bildirməkdən ibarətdir.

Qeyrət mətbəəsi geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşdü və əvvəlcə “Torpaq” adlı jurnal çıxarmaq üçün hökümətə müraciət etdi. Ömər Faiq yazır ki, “jurnalın müdirliyi və baş mühərrirliyi Mirzə Cəlilin arzusu və tələbi ilə mənim öhdəmə qoyuldu.” Lakin baş mətbuat idarəsi Ömər Faiqin türkiyədə təhsil aldığını bəhanə edib jurnalın nəşrinə icazə vermədi. Bir az sonra Cəlil Məmmədquluzadənin “Novruz” adında çap etmək istədiyi qəzet də baş tutmadı. Nəhayət hər iki dost 1906-cı ildə məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə nail oldular. “Jurnalın rəsmi redaktoru Cəlil Məmmədquluzadə, məsul katibi isə Ömər Faiq idi. Mirzə Cəlil olmayanda Faiq əfəndi jurnalda “sahibi-ixtiyar” idi; “hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində.”

Molla Nəsrəddin jurnalının nəşri ilə Ömər Faiqin publisistik fəaliyyətinin yeni dövrü başlayır. Daha doğrusu, bu vaxta kimi sözünü ciddi, birbaşa deyən publisist, indi həm də yumorla danışmalı olurdu. Onun ciddi yazıları başqa dövri mətbuatda, yumoristik yazıları isə ancaq “Molla Nəsrəddin”də dərc olunurdu. Bunlar yalnız forma cəhətdən fərqlənirdi, mahiyyət isə bir idi: millətli oyatmaq.O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə, jurnalın əsas aparıcı qüvvəsinə çevrilir. O zaman (1906-cı ilə qədər) Tiflis senzor komitəsində müsəlman mətbuatı üzrə baş senzor işləmiş Mirzə Şərif Mirzəyev 1919-cu ildə yazırdı: “Ömər Faiqi 1906-1910 – cu illərdə daha yaxından tanıdım. Şərq dilləri üzrə senzor kimi xidməti vəzifəmlə əlaqədar olaraq onun leqal və qeyri-leqal bütün yazılarını oxumalı olurdum… O, şüurlu şəkildə həyatını riskə qoymuşdu, deyirdi: “ya ölmək, ya da son məqsədə çatmaq.” O, öz mətbəəsində Azərbaycan dilində inqilabi xarakterli müxtəlif kitablar, intibahnamələr, dəvətlər çap edərək dəfələrlə həbs və sürgün təhlükəsi yaradırdı.

Xüsusən “Molla Nəsrəddin” kimi bir jurnalın bütün materiallarını senzor süzgəcindən keçirən, hətta bəzilərinə göz yuman M.Ş. Mirzəyev Ömər Faiqin xidmətlərinə onu da əlavə edirdi ki, o, “hər şeydən əvvəl Tiflisdə “Qeyrət” mətbəəsi təşkil etmiş, onu avadanlıqla təchiz edib həftəlik illustrasiyalı satirik “Molla Nəsrəddin” jurnalını yaratmışdr. Bütün energiyasını, istedadını, bütün qüvvəsini doğma xalqına xidmətə sərf edərək, həm mətbəənin müdiri, həm də jurnalın rəhbərlərindən biri kimi yorulmaq bilmədən işləyirdi. Ömər Faiqin jurnalistik fəaliyyətinin əhatə etdiyi illərin çətin şəraitində onun gördüyü böyük işləri təsəvvür etmək üçün “Molla Nəsrəddin”in 1906-1907 – ci illərdəki nömrələrini yüngülcə nəzərdən keçirmək kifayətdir…Yalnız onda hiss etmək olar ki, bu inqilabi ideyalar fəadisi özünü necə təhlükələrə düçar edirmiş.

Respublika Əlyazmaları İnstitunda Ömər Faiqin “Molla Nəsrəddin jurnalı nədir?” adlı xatirəsi saxlanılır. Burada jurnalın yaranması, məqsədi, fəaliyyəti, mübarizəsi şərh olunur. Amma iki msəsələ xüsusilə qeyd edilir ki, nədənsə indiyə qədər tədqiqatçılar ona əhəmiyyət verməmişlər. Bunun biri jurnalın adı ilə, ikincisi redaksiyada vəzifə bölgüsü ilə bağlıdır. Bunların hər ikisi jurnalın fəaliyyəti və müvəfəqqiyəti üçün vacib məsələ idi. Ömər Faiqin sözləri ilə desək, “adın özü də bir reklam, bir dəlildir.”

Ad özü də oxucunu, xüsusən hələlik qəflət yuxusunda olan azərbaycanlı oxucunu cəlb etməli, maraqlandırmalı idi. Buna görə naşirlər ad üstündə çox düşünmüş, “bir çox adlar sadalanıb tullandıqdan” sonra “Molla Nəsrəddin” üstündə dayanmışılar. Çünki Ömər Faiqin fikrincə “Molla Nəsrəddin” deyəndə “oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var.”

Xalqın psixologiyasını yaxşı bilən Ömər Faiq məsələni belə qoyurdu:  “kütlədəki dini mövhumat ikinci dərəcəli amildir, onu əsas maraqlandıran gündəlik yaşayış, daha açığı, qarın məsələsidir.” Buna görə xalqda onun gündəlik yaşayışını pozanlara gülmək, ələ salındığını görmək meyli güclüdür və bu, oxucuların ürəyindən xəbər verməli, mübarizə əzmini artırmalıdır.

Vəzifə bölgüsünə gələndə isə, məsələ daha ciddi idi. Ömər Faiq yazır ki, “bu iki yoldaşdan biri Naxçıvan, İrəvan tərəflərini – şiə aləmini, o biri isə Şəki, Şamaxı, Gəncə, Bakı tərəflərini – sünni aləmini (hər iki kursiv mənimdir – Ş.Q) Türkiyə və Rusiya müsəlmanlarını” öyrənmiş və “sırası gəldikdə onları olduğu kimi göstərmişdilər.

Buna görə də “Molla Nəsrəddin” jurnalına fitnəkarlar tərəfindən olan etirazlar sünni-şiə məsələsinə görə yox, ümumən dini ayinləri və dindarları tənqid elədiyinə görə idi.

Daha bir misal: Ömər Faiq yazır ki, onlar jurnalın planını müəyyinləşdirərkən onun “mütləq şəkilli olması qərarına” gəlmişdilər. Çünki yenə də onun fikrincə, xalq öz düşmənlərinin “canlı surətdə, gülməli şəkillərdə” məsxərəyə alındığını, ifşa edildiyini görəndə sevinəcək, “Molla Nəsrəddin”in simasında öz himayəçisini görəcəkdir.Belə də oldu. Ömər Faiqin həmin xatirəsində oxuyuruq: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən, ətək-ətək söyüş,lənət və hədə kağızları alırdıq. Yuxarıdakı təbəqədən lənət, nifrət yağır, əməkçideyilən aşağı təbəqədən isə hörmət qalxırdı. 

Birinin incidiyi, qəmləndiyi nisbətdə o birininin sevincini artırırdı. Göstərilən rəğbət inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi.”

“Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin bütün yükü, ağırlığı Mirzə Cəlillə Ömər Faiqin üzərinə düşmüşdü. Materialların hamısını özləri hazırlamış, şəkillərin mövzularını özləri vermiş, teleqraf xəbərlərini, tapmacaları da bir yerdə tərtib etmişdilər. Birinci nömrədə “Atalar sözləri” bölməsində belə bir cümlə vardır: “At atla boğuşar, hökümətin işi rast gələr.”

Ömər Faiq xatirələrində yazır ki, “mən bu cümləni “İt itlə boğuşar, hökümətin işi rast gələr” surətində yazmışdım. Mirzə Cəlil Şeytanbazar qoçularından ehtiyat edib iti ata çevirməmi rica etdi.”

Bu göstərir ki, materiallar diqqətlə ölçülüb biçilir, hər ikisinin razılığı və iştirakı ilə hazırlanırdı. Ömər Faiq dindarlara və istismarçılara, şərq müstəbidlərinə qarşı münasibətdə çox vaxt çılğınlıq göstərir, kəskinliyə daha çox meyl edir, dostu Mirzə Cəlil də onun xətrinə dəymirdi. Buna görə bəzi mübahisəli və ciddi məsələlərdə Ömər Faiq cavab verməli olur, məsuliyyətə alınırdı. O da “sahibi-ixtiyar” olduğu üçün jurnalın ideya istiqamətinə təsir göstərirdi. İstər onun bədii tərtibatında, istərsə də materialların seçilib hazırlanmasında o, ikinci əsas sima idi.

R. Nəcəfov jurnalın birinci nömrəsindən danışarkən “onun baş məqaləsini,şerləri və yaşqa yazıları Mirzənin özü yazmış” desə də, özü öz fikrinə bir qədər şübhə ilə yanaşır və elə oradaca əlavə edir: “yəni ya özünün qələmindən çıxmış və yaxud idarəyə birinci nömrə üçün göndərilmiş şer və məqalələri dəyişdirib düzəldib o yan-bu yanını rəndələyib məzhəkə jurnalına münasib şəklə salmışdır.”

Baş redaktorun bütün yazılara əl gəzdirməsinə, müəlliflərə müəyyən məsləhətlər verməsinə, əl yazmalarının “o yan-bu yanını düzəltməsinə” heç bir şübhə ola bilməz. Bir redaktor kimi, Mirzə Cəlilin dəsti-xətti çox materialda vardır. Bəs birinci nömrə üçün Ömər Faiq nə yazmışdır? Bu haqda heç bir mənbədə konkret olaraq heç bir şey göstərilmir. 

“Birinci nömrənin bütün zəhməti Mirzə ilə Faiqin üzərinə düşmüşdür” deyə Rzaqulu Nəcəfov yalnız onu bildirir ki, “ şəkillərin mövzusunu Ömər Faiq vermiş, texniki və mətbəə işlərini də yenə o aparmışdır. (“İnqilab və mədəniyyət” 1936, No 4-5). Bunu sübut edən sənədlər yoxdur.

Ömər Faiqin Respublika Əlyazmaları İnstitutunda saxlanan arxivindəki jurnal komponentlərində bəzi karikaturların üstündə onun öz xətti ilə “mənimdir” sözləri yazılmışdır.[1] Məlumdur ki, jurnalın kəkillərini əsasən Şmerlin və Rotter çəkirdi. Lakin şəkillərin mövzusunu, səciyyəsini, kompoziyasını onlara Ömər Faiq və Cəlil Məmmədquluzadənin özü verirdi. Ömər Faiqin xatirələrində belə bir maraqlı izaha da rast gəlirik: “Molla Nəsrəddin”də öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yəni uydurma, bənzətmə şəkil deyil, vaqiənin, şəxslərin, tiplərin özü – bayağı fotoqrafıdır.”

Karikaturaların çoxu felyetonlarının ideyasından doğurdu. Ömər Fiq dinin və onun tədrisini tənqid və ifşa edərkən belə bir fikri aydın nəzərə çarpdırırdı ki, yalnız dini təhsillə kifayətlənmək insanı dünya elmlərindən və adi əxlaqi keyfiyyətlərdən mərhum edir. O deyəndə ki, “idareyi-ruhniyyə məktəblərindən çıxanlar qonka konduktorluğundan savayı bir şeyə yaramayırlar” bu fikri bariz şəkildə karikaturalarda da verirdi. Məsələn, jurnalın 1910-cu il 34-cü nömrəsində iki qapılı bir dini məktəb (Asiya məktəbi) şəkli verilmişdir. Bu qapıdan daxil olan körpə və məsum uşaqlar bir neçə ildən sonra o biri qapıdan meymun, eşşək və öküz şəklində çıxırlar.

Yaxud Ömər Faiqin 1906-cı ildə jurnalın 18-ci nömrəsində dərc etdirdiyi və üstündə “mənimdir” sözünü yazdığı karikaturalardan biri sosial ədalətsizliyə həsr olunmuşdur. “Mülkədar və əkinçi” adlanan bu şəkildə kök bir eşşək və cansız bir əkinçi təsvir olunur. Əkinçi xəlbirdə eşşəyə yem verir, eşşək yeyib qurtardıqdan sonra kəndliyə şıllaq atır. Şəkillərin altında bu sözlər yazılmışdır: “Ay ağa, başına dönüm, daha niyə şıllaq atırsan, mən ki, sənə xörək verirəm.” 

Bunun canlı şahidi olan Ömər Faiq xatirələrində yazır: “Çarizmin zülm və haqsızlıqları altında əzilən əməkçi kütlə jurnalı oxuduğu vaxt…öz bağrını deşən tikanları görür, öz boynuna vurulan zəncirlərin şaqqıltılarını eşidir, öz əl-qollarını sarıyan bağların acısını, öz yaralı ürəyinin sızıltılarını duyurdu. Öz uşaqlarını ac və səfil qoyan səbəbləri görüb ayılırdı.”

Ömər Faiqin “Molla Nəsrəddin”də gedən karikaturaların yaranmasında iştirakını sübut edən başqa sənədlər də vardır. Bir müddət jurnalın müvəqqəti redaktoru olmuş Məmmədli Sidqinin arxivində Ömər Faiqin iki məktubu mühafizə olunur. Hər iki məktub 1911-ci ildə yazılmışdır və hər ikisində jurnal üçün karikatura məsələsindən söhbət gedir. Birinci məktubda Ömər Faiq yazır: “Əzizim Məmmədəli!…şəkil-məkil istəyirsən. Zavodun çarxının şəklini çəkib göndərəcəkdim, onu da bacarmadım.”

Martın 17-də yazılmış ikinci məktubda da şəkil söhbəti vardır: “Əzizim Məmmədəli! İnan bir həftədir soyuq alıb naxoşlamışam, öskürürəm, heç damağım yoxdur. Fikrim vardırki, bir az yazı da yazım. Amma başımın ağrısından halım yoxdur. Qaldı ki, şəkil, mənim üçün çox ağır deyil. Gəzə-gəzə fikirləşib tapıb yazaram, göndərərərm.”

Buradan aydın olur ki, karikaturaların çoxu düşünülmüş, bədii lövhələrdir. Onları jurnalın əsas rəhbərləri hazırlayır, dövrün siyasi hadisələri, mübarizəsi ilə bağlamağa çalışırdılar ki, bu işdə də Ömər Faiqin rolu xüsusilə böyük idi. 

Jurnalın karikaturalarında olduğu kimi, başqa yazılarında da Ömər Faiq ictimai və sinfi ziddiyyətlərə xüsusi fikir verirdi. Yuxarıda deyildiyi kimi, o bütün fəaliyyəti ərzində 40-dan çox gizli imza işlətmişdir ki, onların da çoxu “Molla Nəsrəddin” jurnalının səhifələrində idi. Həmin imzalara və yaxud imzasız o, adi atalar sözündən, tapmacalardan, eyhamlardan, qarğışlardan, andlardan tutmuş felyetonlara, bədii publisist yazılara, şerlərə qədər külli miqdarda əsər yazmış, sözün həqiqi mənasında “ürəyini boşatlmışdır.”

Yazılarından, xatirələrindən, məqalələrdindən açıqca hiss olunur ki, onun fəaliyyətininin ən zəngin dövrü, həyatının ən mənalı illəri və mübarizəsinin ən gərgin və təhlükəli anları “Molla Nəsrəddin”lə bağlıdır.

Vaxtilə jurnalda qardaşı Əliqulu Qəmküsarla birlikdə çox yaından iştirak etmiş Rzaqulu Nəcəfov 1936-cı ildə “Molla Nəsrədin”in 30 illiyi münasibətilə yazdığı xatirələrində göstərirdi ki, “bəzisi bu rəydədir ki, Mirzə Cəlil Həmidə xanımla evlənəndən sonr maddi cəhətdən olunduğu üçün jurnaldan soyuyur və daha əvvəlki kimi ona əhəmiyyət vermir.” (İnqilab və mədəniyyət” 1936, No 4-5)

R.Nəcəfov “bəzilərinin” bu fikrini təkzib etsə də müəyyən dərəcədə onlarla nəinki həmfikir olduğunu bildirir, həm də qəti şəkildə deyirdi ki, “Mirzənin jurnaldan soyuması 1910-cu ilin ikinci yarısından başlayır.”Deməli, hər halda “bəzilərinin” fikirlərində yalan yox, yalnışlıq vardır; Mirzənin jurnaldan soyuma halları olmuşdur. Ömər Faiq özünün əməl dostunun, çətin günlər yoldaşının onu bir müddət meydanda 

tək qoymasının acısını, ağrısını hiss etməli idi ki, 30 il keçəndən sonra R.Nəcəfovun xatirəsinin həmin yerini oxuyarkən öz xətti ilə elə oradaca jurnalın kənarına yazmışdır: “Bu fikirlər düz deyil. Mirzə məişət xatiri üçün “Mollayı” buraxıb pambıq dalınca getdi. Bu işi 1907-ci ildə başlaya bilməzdi. O, bu işə 1909-cu ildə başlayıb 1920-yə qədər davam etmişdir. Pambıq işlərindən başqa kəhriz və dəyirman işləri ilə məşğul idi. (Azərb. EA Əlyazmaları İnsitutu, Arx, s 1, sv 1, səh 27)

Mirzə Cəlil tez-tez Qarabağa Həmidə xanımın malikanəsinə baş çəkməyə getsə də, jurnala qayğısını əsirgəmirdi. Bununla belə yenə də jurnalın bütün ağırlığı, bütün işləri Ömər Faiqin boynunda idi. Bunu müasirləri və o cümlədən, R.Nəcəfovun özü də həmin xatirəsində qeyd edir. Ömər Faiq boynuna düşən tarixi vəzifəsini heç kəsə minnət qoymadan yerinə yetirirdi. Həmin illərdə onun başqa qayğısı yox idi, ancaq jurnalla nəfəs alır, onun xalqa olan müsbət təsirinə, oyatdığı əks-sədaya çox böyük əhəmiyyət verirdi. Hətta 1907-ci ildə din xadimlərinin fitvası ilə jurnal müvəqqəti olaraq bağlananda Ömər Faiq “İrşad” qəzetində yazırdı: “Biçarələr elə güman edirlər ki, “Molla Nəsrəddin” bağlanmaqlaa onların eyibləri örtüləcək. Dəxi bilmirlər ki…içimizdə bir çox molla nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar.”

Hələ 1905-ci ildə çap etdiriyi “Dəvət”kitabında  “ümidsizlik tənbəl işdir” deyən Ömər Faiq millətin potensial gücünü hiss edir, onun yenilməz qüdrətinə böyük ümidlərlə baxırdı. O, xalqı  hər müvəqqəti çətinlikdən qorxmağa çağırır, daim irəliyə, mübarizəyə səsləyirdi. “Yas və kədər zəiflik nişanəsidir” deyirdi. Onu da əlavə edirdi ki, “Sevgili millətimin istibadına, qüdrəti-atiyəsinə mənim ümidim pək çoxdur.” Buna görə də o, qəti əmin idi ki, “Molla Nəsrəddin” kimi bir jurnalı meydana gətirən fikirlər bağlanmayacaq”, onlar getdikcə daha da genişlənəcək, nurlu, parlaq məşələ çevriləcəkdir.

Onu da təəssüflə  qeyd etmək lazımdır ki, O. F. Nemanzadənin publisistik irsi hələ lazımınca öyrənilməmiş, xüsusən onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyəti, demək olar ki, açılmamış, imzaları dəqiqləşdirilməmişdir. Jurnalda dərc olunmuş ayrı-ayrı felyeton və məqalələrin əsl müəllifləri müəyyənləşmədiyindən onların kimin qələmindən çıxdığı hələ ki, sirr olaraq qalmaqdadır. Ə.Mirəhmədovun haqlı olaraq dediyi kimi, “vaxtilə Faiqin “Molla Nəsrəddin” tarixindəki mövqeyi, “Qeyrət”in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi; onun mühüm xidmətlərindən bir qismi dostu Məmmədquluzadənin adına yazılırdı.Tədqiqatçı-filosof F.Vahidov a bu fikirdədir ki, indiyə qədər C.Məmmədquluzadəyə istinad edilən “Zarafat”, “Bir boçka su”, “Bibi Heybət ziyarətgahı” və s. felyetonlar Ömər Faiqindir.”Mərhum Muxtar Qasımov da C.Məmmədquluzadəyə aid edilən bir sıra felyetonların Ömər Faiqə məxsus olduğunu iddia edirdi.Hər halda bu fikirlərdə müəyyən həqiqət vardır və onları təsadüfi hal hesab etmək olmaz. Bizim fikrimizə gəldikdə isə Ömər Faiqin qələmindən çıxmış, lakin indiyə qədər Mirzə Cəlilə aid edilmiş felyetonların sayını daha da artırmaq olar. Biz hələlik onlardan bəziləri haqqında bəhs etməyi lazım bilirik.

Ardı Var. 2-ci hissə.