Ömər Faiq Nemanzadənin ictimai-siyasi fəaliyyətləri

1917-1922-ci illər Ömər Faiq Nemanzadənin ictimai-siyasi fəaliyyətinin ən aktiv dövrü hesab olunur ve ayrı bir araşdırma sahəsini təşkil edə bilər. Bu dövr haqqında ümumi məlumatı xronoloji ardıcılıqla mənbələri də göstərərək təqdim edirik.


1917-ci ilin oktyabrında Çar rejiminin devrilməsindən sonra bir çox ölkə kimi Gürcüstan da müstəqilliyini elan etdi. Lakin ölkədə Bolşeviklərlə Menşeviklər arasındakı mübarizı hələ də davam etməkdə idi. Bu mücadilə Menşeviklərin qələbəsiylə nəticələnmiş və ölkə bir müddət onların idarəçiliyi altında olmuşdu. Bu illər Qafqazda yaşayan Müsəlman Türkləri üçün də çətin keçirdi. Osmanlı Dövlətinin I Dünya Müharibəsindən sonra Qafqazdan geri çəkilməsi bölgədəki Müsəlman-Türk əhalinin öz taleyi ilə baş-başa qalması demək idi. Bundan əvvəl Rus, Gürcü, Erməni soyqrımı və zülmlərinə məruz qalmış bölgədəki Müsəlman-Türk əhali azadlıqlarını itirməmək üçün hərəkətə keçdilər. Buna uyğun olaraq 28 oktyabr 1918-ci ildə Ahıska Müvəqqəti Höküməti, 3 noyabrda Araz Türk Höküməti, 5 noyabrda isə Qars İslam Şurası qurulmuşdur.[1]

Ahıska Müvəqqəti Hökümətinə lider kimi Ömər Faiq seçilmişdi. Ömər Faiq bu vəzifəyə gəldikdən sonra Osmanlı hərbi qüvvələrinə müraciət edərək Osmanlı ordusunun bu bölgədən geri çəkilməməsini və qurduqları höküməti Gürcüləri müdafiə etmək üçün dəstək vermələrini istəmişdi[2]. Ömər Faiqin Osmanlı Dövlətinə birləşmək üçün hökümət qurulmamışdan öncə 1918-ci ilin dekabrında İstanbula gələrək Talat Paşa, Ənvər Paşa və Xəlil Bəy ilə şəxsən görüşdüyünü Naki Keykurun xatirələrindən öyrənirik.[3]

Bütün cəhdlərə və mübarizələrə baxmayaraq Ahıska bölgəsinin Osmanlı Dövlətinə birləşməsi istəyi reallaşmamışdı. [4]Buna görə Ömər Faiq bölgənin ən azından müstəqil bir status alması üçün çalışmışdı, bunu onun o dövrdəki yazılarından başa düşürük. Onun bu istiqamətdəki tələb və mübarizəsi dövrün Gürcü höküməti tərəfindən özlərinə qarşı bir təhdid kimi qəbul edilirdi. [5]23 Aprel 1919-cu il tarixli Azərbaycan qəzetində çıxan bir xəbərdə belə yazılmışdı: “Gürcü hökümətinin ən böyük qorxusu Ömər Faiqdir, axı kənd camaatının gözündə onun böyük hörməti var.”[6]

Bundan başqa Ömər Faiqin gördüyü bu işlər onun  dövrün hökümət meyilli mətbuat orqanları tərəfindən Türkiyəyə cəsusluq etmək və Türkləri hökümət əleyhinə üsyana təşviq etmək təqsiri ilə günahlandırılmasına gətirib çıxarmışdı[7]. Bu və buna bənzər uydurma iftiralara məruz qalan Ömər Faiq 1919-cu il dekabrda Gürcü höküməti tərəfindən həbsə atılaraq burada ağır işgəncələrə məruz qalmışdı.[8]

Ömər Faiq bir neçə ay həbsdə qaldıqdan sonra azadlığa çıxmış və 1919-cu ilin ortalarında Azərbaycana gəlmişdi. Burada yenicə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinində əmək müfəttişi vəzifəsində çalışmışdı. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cumhuriyyəti Sovetlər birliyi tərəfindən işğal edildikdən sonra yaradılan İşçi və Əkincçi Xalq Komissarlığı birliyində fəaliyyətinə davam etmişdi.[9]

Ömər Faiq Azərbaycanda qaldığı illərdə Gürcüstandakı Menşevik iqtidarı devrilmiş və Sovet Hakimiyyəti qurulmuşdur. Gürcüstandakı bu dəyişiklikdən sonra yenidən buraya qayıdan Ömər Faiq Gürcüstan İnqilab Komitəsinin on nəfərdən ibarət üzvlüyünə seçilmişdir. 1921-ci il avqustda eyni komitəyə bağlı olaraq yaradılan Müsəlman Əhalisi Şurasına lider olaraq seçilmişdi. [10]

Ömər Faiq ona verilən geniş səlahiyyətlərə uyğun olaraq Müsəlman əhalisinin yaşadığı Axalsıx, Acarıstan və Borçalını qarış-qarış gəzmişdi. Xalqı dinləmiş və onların öz şəraitindən məmnun olmadığını görmüşdü. Buralarda Müsəlmanların yaşadığı nəzərə alınmırdı. Bu bölgələrdə məhəlli idarəçilik tamamilə qeyri-müsəlmanların əlində idi. Müsəlmanlar həbs olunur, evləri axtarılır, malları müsadirə edilirdi. Ömər Faiq xalqın keçmiş Menşevik rejimi ilə populist bir şəkildə hakimiyyəti ələ keçirən yeni Sovet idarəçiliyi arasında fərq görmədiyini bildirirdi. O, hazırladığı məruzələrdə Müsəlman xalqının təhsil, torpaq məsələsi, inzibati işlər və ümumi olaraq siyasi vəziyyəti ilə bağlı geniş məruzələr hazırlamış və İnqilab Komitəsinə təqdim etmişdir. Bu məruzələrdə qızıl ordunun xalqa etdiyi zülmlər də dilə gətirilirdi. Məruzəyə görə əsgərlər Müsəlman xalqına düşmənçilik münasibəti göstərir, xalqın dini dəyərlərini məsxərəyə salır, əllərindəki mallara əl qoyurdular.[11]

1922-ci ilin payızında Ömər Faiqin yaşlandığı və xəstələndiyini bəhanə edilərək vəzifəsindən uzaqlaşdırılıb Tiflisdə nəşr olunmağa başlayan Yeni Fikir qəzetinin yayın heyətinə təyin edilmişdir.[12] 1924-cü ildə isə Azərbaycanın ən vacib şəhərlərindən olan Gəncədəki Ziraət Texniki Məktəbində direktor vəzifəsinə başlayaraq 1927-ci ilə qədər bu vəzifədə çalışmışdı. O, bu vəzifəsi dövründə eyni zamanda Darülmüəllimin məktəbində də ədəbiyyat dərslərini demişdi. 1927-ci ildə Darülmüallimindən məzun olan Səfər İbrahimov xatirələrində Ömər Faiqin maarifçilik və idarəçilik bacarıqları ilə bağlı tərif dolu ifadələr işlətmişdir.[13]

Ömər Faiq 1927-ci ildə təqaüdə çıxaraq dövlət işlərindən uzaqlaşmışdı. Həmin il H. Sanılı və H.Axundovla birlikdə məktəblər üçün Üçüncü il adlı dərsliklər hazırlamışdı. Bu kitablar 1927, 1928 və 1930-cu illərdə dörd dəfə nəşr olunmuşdu.

Ömər Faiqin mübarizə və çətinliklərlə keçən həyat yolu təqaüdə çıxdıqdan sonra da davam etmişdi. Bu illər Sovetlər İttifaqında Stalinin, xüsusilə Müsəlman siyasi, fikir, din adamlarına qarşı təzyiq, sürgün və repressiya siyasətinin başladığı illər idi. Stalinin bu siyasəti çərçivəsində Gürcüstandakı Türklər arasında rejim baxımından təhdid olunan insanlardan biri də Ömər Faiq idi. Daha əvvəl 1907, 1918, 1919-cu illərdə bir neçə dəfə həbsə girmiş Ömər Faiq yenə eyni taleyin davamı olaraq 1937-ci ilin iyulunda Ahıska Dairəsi hakimi Erməni əsilli Odabaşyanın qərarı ilə dairə Milis Təşkilatı Rəisi İnasaridze, onun Sovet Höküməti əleyhinə Sovet rəqibi milliyyətçi təşkilatın qurucusu təqsiri ilə həbsə atmışdı.[14] Göz altına alındıqdan sonra üç ay boyunca ağır işgəncə[15] və sorğulamalara məruz qalmış Ömər Faiq 1937-ci ilin Oktyabr ayında 17557 nömrəli məhkum kimi güllələnmişdir. 1958-ci ilin Aprel ayında Gürcüstan Sovet Sosialist Respublikası Məhkəməsi Ömər Faiq haqqında verilmiş edam qərarını  ləğv etmiş və ona bəraət vermişdir.[16]


[1] Əhməd Ender Göydəmir – Cənub-Qərbi Qafqaz Höküməti, Türk Mədəniyyəti Araşdırma İnsitutu Nəşr evi, Ankara, 1989, s.35

[2] Bu müraciət mətninə tam baxmaq üçün Əhməd Ender Göydəmirin eyni adlı kitabının 38-ci səhifəsinə baxın.

[3] Naki Keykurun – Azərbaycan İstiqlal Mübarizəsinin Xatirələri, İstanbul Ekspress Mətbəəsi, İstanbul, 1964, s 68

[4] 1921-ci il, 16 martda imzalanan Moskva Anlaşması ilə Osmanlı Dövləti bu bölgədən tamamilə çəkilmiş və bölgə Gürcüstanın bir müddət sonra da Sovetlər Birliyinin hakimiyyəti altına keçmişdir.

[5] Ömər Faiq “Ömər Faiq Əfəndininin Ruhadzenin Teleqramına Cavabı, Azərbaycan, No: 132, 9 mart, 1919

[6] Akt: Şamil Qurbanov

[7] Şamil Qurbanov, e.a.k, s 120

[8] Ömər Faiqin o dövrdə məruz qaldığı təzyiq və həbsxanadakı işgəncələri ilə bağlı dövrün qəzetlərindəki bu yazılara baxmaq olar: 1. Muxtar Əfəndizadə “Faik Əfəndinin Həbsi”, Azərbaycan Qəzeti, N: 99, 28 yanvar 1919, 2. Cavad “Ömər Faiqin Başına Gələnlər”, Azərbaycan Qəzeti, No: 159, 17 aprel 1919, 3 Tiflisli “Ömər Faiq Əfəndi üçüncü dəfə həbsdə” Azərbaycan Qəzeti, No: 159, 17 aprel 1919

[9] Şamil Qurbanov, e.a.k s 143

[10] Şamil Qurbanov e.a.k s 154

[11] Ömər Faiqin vəzifəsi dövründə hazırladığı məruzələrin bir neçəsinə baxmaq burada bax “Ömər Faiq Nemanzadə – Seçilmiş Əsərləri” Hazırladı: Şamil Qurbanov, Yazıçı Yayın evi, Bakı 1992, s 314-369

[12] Şamil Qurbanov e.a.k s 168

[13] E.a. k s 166

[14] E.a.k, s 188 189

[15] Ömər Faiqin qızı Kamilə Nemanzadə bu gözaltı müddətində onun məruz qaldığı işgəncələri bu cür təsvir edir: “Həbsxanadakı atamanın paltarlarını evə gətirib yuyarkən dəhşətə gəlirdik. Paltarları qana bulaşmış və alt paltarlarına yemək qaşığı boyda dərilər yapışmışdı.” Seyfeddin Buntürk “Rus Türk Mübarizəsində Ahiska Türkləri” Berikan Yayınları, Ankara 2007, s 194

[16] Şamil Qurbanov e.a.k, s 196. Ömər Faiqin ölüm tarixiylə bağlı bəzi tədqiqatçılar 1938 və 1941 kimi fərqli tarixləri göstərirlər. Muxtar Qasımov adı çəkilən məqaləsində ölüm tarixini 1938-ci il olaraq göstərərkən, Fazil Vahidov 1971-ci ildə yazdığı tezisində Ömər Faiqin böyük qızı Kamilə Numanzadəyə dövlət tərəfindən verilən rəsmi ölüm sənədinə əsaslanaraq 1941-ci il tarixini göstərmişdir. (Fazil Vahidov e.a.k 80) Lakin KQB arxivlərinin açılmasından sonra ölüm tarixinin 1937-ci il olduğu Şamil Qurbanovun araşdırmalarıyla ortaya çıxarılmışdı.