(Kiçik hekayə)
Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.
Bir az sonra qulağıma dəyən azan səsi xəyalımı dəyişdirdi. Bu gün gəmikləri belə çürüyən anamı, onun hər gün bu vaxtlarda qıldığı namazını, imanına oxşatmağa çalışdığı əməlini, yaşayışını, gözəl əxlaqını düşünməyim çox uzun çəkmədi. Lakin kravatımın yanına asdığım səccadəsi gözümün qabağına dikilib məni daha acı düşüncələrə saldı.
Düşündüm: əski qadınların bilik və bacarıqları az idisə, heç olmazsa, sağlam bir imanları, bir fikirləri, bir imana uyğun tərbiyeyi-əxlaqları, çalışqanlıqları, qənaətləri vardı…
Lakin indikilərdən nə əski etiqad və iman var, nə də lazımınca tazə mərifət və əxlaq! Böylə gedərsə, halımız nə olacaq?..
Görünür, bu son fikir və düşüncəm çürük və təməlsiz idi ki, vicdan mühakiməsi qarşısında bir az da olsa dayanmadı. Dayanmaq bir yana, hələ bərk də töhmətləndi: Siz özünüz nəsiniz ki… Qadınların mərifətli, əxlaqlı olmalarını istərsiniz, qabaqca siz özünüz mərifətli, əxlaqlı olun! Qadınlar bir millətin ayinəsi isə, kişilər də o ayinəni vücuda gətirən ustalardır. Ustalar ayinələrə nə çeşid abginə vurub meydana gətirirlərsə, ayinlər də o çeşid göstərirlər…
Bu açıq həqqə qarşı daha sözüm qalmadı. İstədim bir az yuxuluyum, lakin xəyal qoyarmı?
Sübh namazı xeyli keçmişdi, dişarı çıxdım. Ətrafa baxdım. Hər yan qar, hava ayaz, ortalıq sakit, yel yox, oba yatırdı. Sübh namazı qılman evlərin buxarılarından çıxan tüstülər dümdüz havaya qalxırdı. Yer, bu bağrı odlu ana gecəleyn ağ üzünə çəkdiyi qara tülündən aşağıdakı ucunu bütün-bütün qaldırmış, dan yeri işıqlanmışdı. Topraqlı evlərin bacalarında köylülər tək-tək görünürdü. İtlər ot yığınlarının diblərindəki yerlərində büzülüb yatırlardı. Arabir axurlardan eşidilən ma… mö… böyürğüləri ortalığın durğunluğunu bir o qədər pozamıyordu. Buraların canlı saatları olan xoruzlar isə saat doqquzu, onu çalıb susmuşlardı.
Dişarıda üşüdüm, evə – ocaq başına qayıtmaq istədim. Uzaqda Dursungil tərəfdə bir çox köylülərin yığışdıqları birdən gözümə sataşdı. Oraya doğru baxarkən ögümdəki yoldan keçən qonşu Həsən dada ilə Gülpərinin ağlaya-ağlaya getdiklərini gördüm. Bunların da Dursungilə doğru getdiklərini görüncə marağım artdı. Mən də gedəyimmi, getmiyəyimmi? – deyə düşüncəyə başladım. Birdən yanımdan Xəzri xala ilə Nunuş nənə də tələsik keçdilər.
— Xanım xala, xanım xala! Xeyir ola belə, səhərdən, nə xəbər, — deyə səslədim, lakin eşitməmiş olmalı ki, heç çevrilmədən getdilər.
Böylə bir vaxtda köylülərin bir yerə yığışmaları, qadınların böylə erkəndən dişarı çıxmaları səbəbsiz deyildi. Bu qayğılı gecənin bir qara xəbər doğurduğunu sezən kimi oldum; daha yerimdə durmadım.
İrəliləməyə başladım. Gördüm, Dursungilin eşikləri adamla dolmuş. Qulağıma çatan ağlama səsləri bir qara xəbərin varlığına daha şəkk qoymadı. Mən yaxlaşdıqca ağlaşmadan qopan acı da ürəyimə yaxlaşır, onsuz da cansız olan dizlərimin gücünü azaldırdı. Artıq ayaqda duramadım. Yolun qırağındakı odunun qarını ayağımla paklayıb oturdum. Bildim ki, bu səhər Dursungilə hər kəsdən qabaq Əzrail soxulmuş, lakin pəncəsini kimin ürəyinə atmış, bilmədim. Bu biləməzlik isə mənim də ürəyimi bir cür əzməyə başladı. İki dəqiqədən artıq oturamadım, qalxdım irəlilədim. Lap yaxınlaşdım. Nədənsə ziyada qapının üstündən havaya qalxan tüstüyə diqqət etdim. Bildim ki, bu içəridəki qadınların vücudlarındakı ocaqlardan – o yanıq cigərlərdən çıxan ahu-zarların eşikdə oturub ağlayan kişilərin ağızlarından püflənən buğlarla qarışıb meydana gəldiyi tüstü sütunudur. Sonra boğuq-boğuq çıxan səslərə qulaq verdim.
– Gülsüm can! Gülsüm can! Sən ölməməliydin, Gülsüm can!..
– Fəryadı çoxdan bəri beynimi alt-üst edən qara xəbərin nə olduğunu bildirdi.
Gülsüm? Bəli, Gülsüm ölmüş!
Gülsümü mən də tanırdım. Çox vaxt bizə gələr, bacımla bağçalara gedərlərdi.
Gülsüm ucaboylu, igid yapılı, alagözlü, qobu sarı rəngli, 17-18-ci baharına çatmış sevimli bir qız idi.
Gülsümün gözəl üzündən daha gözəl olan insanlığı, mülayim xasiyyəti, dadlı sözü, hünəri piçiş-tikişi, çalışqanlığı idi. Hələ ən artığı türk, müsəlman qızına məxsus olan gözəl əxlaqı idi.
Gülsüm sağlam əxlaqı ilə bərabər sağlam da vücudlu idi. Xəstəlik bilməzdi. Doğrusu, Gülsümün belə cavan çağında ölümünə qohumları ilə bərabər mən də yandım. Daha Dursungilin qapısında dayana bilmədim, evə döndüm. Yolda bibim Təravətgilə dəydim. O da məgər oraya getməyə hazırlaşırdı. Bibim məni görən kimi:
– Oğul, ordanmı gəlirsən? – deyə ağlayaraq soruşdu.
– Bəli! Lakin bu nə cür ölüm, qanmadım.
Bibim bir ah çəkib başladı:
– Mən də çaşmışam. Heç inanmam ki, Gülsüm ölmüş ola! Canım oğul, daha bu gecə bizimkilərlə bərabər həp Gülsümgildə idik. Gecə vaxta qədər də oturduq. Xəzri xalanın dadlı hekayələrini dinləyib gülürdük. Gülsüm arxada yüksəkdə oturmuşdu. Qabaqda Gülpəri bacı, Həsən dada, sağında Xəzri xala, Nunuş nənə, solunda mən, aramızda da dayısı Bayram dayı ilə kiçik qardaşı Əşrəf bala oturmuşduq… Qabaqca Gülpəri, Həsən dada, sonra da Xəzri xala, Nunuş nənə durub getdilər. Hətta bunlar gedəndə igid yapılı Gülsüm ayaqda dayanıb bunların bir az daha səbir etməyib getmələrinə inciyirdi. Gecəleyn yatanda da lap sağlam yatmışdı. Kim deyərdi ki, bu qız böylə əmədəndən (qəflətən) öz əcəli ilə ölər. Bax, sən bəklə! Gülsüm öz əcəli ilə ölməmişdir. Onu ya pəri çarımış, ya cin vurmuş olmalıdır.
Təravət bibi göz yaşlarını qolu ilə silə-silə sözünü yarımçıq kəsdi, başına ehramını (çarşabını) salıb salamatlaşdı.
Mən də çıxdım ki, evə gedəm, yolda rast gəldiyim tanışların çoxu Gülsümün ölümünə inanmırdı. Bununla bərabər onun qohumlarına dərin bir dərd, unudulmaz bir acı olduğu sezilirdi.
Bir neçə saat sonra minarədən oxunan “səlat” səsləri Gülsümün ölümünü artıq hər kəsə elan edirdi.
Of! Bu səslər, “səlat” səsləri deyil, bəlkə Gülsümü tanıyanların ürəyinə saplanmaq üçün havanı yarıb keçən oxların vızıltıları idi.
Gülsümün ölümünə sevinənlər də vardı. Hələ köydəki baqqalın sevinci həddəq artıq idi. Səbəb də vardır. Bəlkə də haqlı idi. O, çoxdan bəri Gülsümü istəyirdi. Onun üçün yanıb yaxılırdı. Bir çox pullar, elçilər göndərdi, onu ələ gətirməyə yüz dürlü hiylələr qurdu, bütün ömrünü o uğurda keçirdi. Maldan, candan oldu. Lakin igid yapılı, mələk xasiyyətli, uca ürəkli, comərd təbiətli Gülsüm öylə şeytana, xain, pul bəndəsi bir alçağa heç gedərdimi?
Bahar gəldi, vücudları, beyinləri qaraldan ağ qarlar əridi. Qışın sıxıntılı, uzun, qayğılı gecələri azalmağa başladı. Az da olsa ürəklərə şadlıq gəldi. Çiçəklərin açılması, ağacların yaşıllanması, havanın saflığı, ətrafın gözəlliyi uzun müddət dərdlənib şişən başlara özgə bir sərinlik, başqa bir fərəhlik verdi.
Of! Təprənən gölgələr — yellər, gələn quşlar bu baharın uğurlu bahar, bu yayın qədəmli, bərəkətli yay olacağını lətif əsmələrlə, can verən nəğmələrlə deyəsən bizi müjdələyir, muştuluq verirlərdi.
Bu muştuluqlar (müjdələr) yalnız Gülsümün dərdmənd anasını fərəhləndirmiyordu. Onun üçün həmişəlik qış gəlmişdi. Onu artıq heç bir bahar güldürməz idi. Onun baharı olsa-olsa Gülsümün dirilib də yenidən dünyaya gəlməsi ilə hasil ola bilərdi. Bu isə qeyri-mümkün idi…
İkindi çağı idi… İştə bu “qeyri-mümkün’’lüyün verdiyi ağır təsirlə Gülpəri Kürün qırağında oturub məğrib tərəfin al rənglərə boyanmasına tamaşa edirdi. Qabaqca yağış yağdığından hava bir az çisəli idi. Şərq tərəfində birdən gözünə sataşan “Yaşıl qurşaq” havanın açılacağından artıq sanki ürəyinin açılacağını xəbər verdi. Qulağına dəyən səsə diqqət etdi.
-Nə? Gülsüm… e… Aman! Bu nə səs… Ha diqqət, bir az daha
diqqət… Xeyr, odur, odur… düz eşidirəm, – dedi.
Səs getdikcə yaqlaşdı. Gülpəri əllərini də qulaqlarına yardıma verdi, dinlədi: “Bəli, bəli düzdür” – deyə öz-özünə söyləndi, yerindən qalxdı, zavallı böyürərək bağırıyordu:
– Gülsüm xortdamış!
Ömər Faiq
“Açıq söz” qəzeti, 11 may 1916, №l82